Taras Yaropud: “Çoxdandır Azərbaycana gəlmək arzusunda idim

 

Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur sənətkarlarla yaxından tanış edir. Növbəti illərdə bu musiqi tədbirində iştirak etmək üçün dəvəti səbirsizliklə gözləyəcəyəm. Düşünürəm ki, tamaşaçılar çıxışımdan razı qaldılar. Hər bir ifaçı çıxışı zamanı dinləyici ilə əlaqə yaratmağı bacarmalıdır. Bu, çox vacib məsələdir”.

Bu sözləri Ukraynanın tanınmış violin ifaçısı, "Kiyev solistləri" Dövlət kamera ansamblının "Collegium" simli kvartetinin üzvü, P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının müəllimi deyib. O, festivalın hələ çox gənc olmasına baxmayaraq auditoriyanın klassik musiqiyə qulaq asmağa çox böyük həvəs göstərdiyini bildirib: "Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Bu yaxınlarda mən Qəbələ VII Beynəlxalq Musiqi Festivalında iştirak etmək təklifi aldım məmnuniyyətlə razılaşdım. İlk dəfə Bakıda oldum. Şübhəsiz ki, Bakı gözəl şəhərdir, amma Qəbələdə, gözəl sakit təbiət qoynunda ifa etmək tamamilə başqa hissdir".Ukraynalı musiqiçi deyib: "Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur. Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa, İtaliya, İsrail digər ölkələrin tanınmış musiqiçilərinin ifasında ölməz əsərlər dinləmək imkanı əldə ediblər. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edib. Hər gün keçirilən konsertlərdə biri-birindən gözəl ifalar, dahi bəstəkarların məşhur əsərləri tamaşaçılara unudulmaz anlar bəxş edib. Çıxışlar alqışlarla qarşılanıb. Düşünürəm ki, Qəbələ VII Beynəlxalq Musiqi Festivalı həm Azərbaycan musiqisinin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir. Belə gözəl açıq havada təşkil edilən festival üçün Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır. Gözəl təşəbbüsdür".

 

Tural

 

Palitra.- 2015.- 4 avqust.- S. 15.