“Distant təhsilə,
təhsil forması kimi yox, daha çox təhsil
texnologiyası kimi baxılır”
Dosent İlham Əhmədov:
“Distant təhsil müəyyən səbəblər
üzündən təhsilini artırmaq imkanı olmayan və
ya ikinci ali təhsil almaq arzusunda olan şəxslərə
daha əlverişli imkanlar
yaradır”
Distant
təhsil təhsilin informatlaşmasının zirvəsi olub,
XXI əsrin təhsil innovasiyasıdır. Qlobal təhsil məkanında
son 20 ildə intensiv inkişaf edən bu texnologiya milli təhsilimizdə
hələ də layiqli yerini tutmayıb. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda bu məsələyə
toxunacağıq. Ölkəmizdə distant təhsilin
yaranması və inkişafı problemləri ilə
bağlı suallarımızı Azərbaycan Dövlət
Pedaqoji Universitetinin “İKT, Monitorinq və Qiymətləndirilmə
Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov
cavablandırır:
-
İlham müəllim, distant təhsil problemlərinin
müzakirəsinə keçməmişdən əvvəl
istərdik ki, qlobal təhsil məkanında gedən sürətli
inkişaf fonunda milli təhsilimizin ümumi mənzərəsini
qısa şəkildə təsvir edəsiniz.
- Məmmniyyətlə.
Məlum olduğu kimi, son 10 ildə Azərbaycanda bir çox
sahələrdə dinamik inkişafı müşahidə
edilir . Təhsil sahəsində də, ümumən müəyyən
inkişaf müşahidə edilir. Bununla belə milli təhsilin
inkişafl ilə əlaqədar qarşıda ciddi problemlərimiz
var. Təəssüf ki, bu problemlərin həllində xeyli
vaxt itkisinə yol vermişik. TQDK-nın illik hesabatları,
işəgötürən təşkilatların gənc
kadrların hazırlıq səviyyəsi barədə rəyləri
bunu əyani göstərir. Konkret olaraq TQDK-nın illik
monitorinqləri, o cümlədən buraxılış və
ali məktəblərə qəbul imtahanlarının nəticələri,
müəllimlərin işə qəbulu zamanı
keçirilən imtahanların statistik təhlili (bu pedaqoji
profilli ali məktəblərin fəaliyyətinə şamil
edilsə də, digər ixtisaslarda da vəziyyət az fərqlənir)
ümumi vəziyyətin heç də yaxşı
olmadığını göstərir. Klinik dildə desək,
“təhsilimizin vəziyyəti stabil ağır olaraq qalır,
“şok terapiyası”na ciddi eytihac var” . İlk növbədə
təhsil prioritet maliyyələşmə sahəsi kimi diqqət
mərkəzində olmalıdır. Təhsilimizin bu problemli vəziyyətdən
çıxarılmasına hələ uzun müddət vaxt
lazım olacaqdır. Təhsildə olan problemlərin bir qismi
qlobal xarakterlidir, belə ki, cəmiyyət bir ictimai formasiyadan
(sənaye cəmiyyətindən) digərinə (informasiya cəmiyyətinə)
keçir və təbii olaraq bu zaman yeni formatlı problemlər
ortalığa çıxır. Bu problemlər bir çox
sahələrə, daha çox isə təhsil sektoruna təsir
edir. Bu tip problemlər bir çox ölkələrin təhsil
sistemində də yaranır və vaxtında elmi əsaslarla
öz uğurlu həllini tapır. Problemlərin digər qismi
isə lokal (milli ) xarakterlidir. Bu probemlərin siyahısına
təhsilin zəif maliyyələşməsi (xüsusən də
onun keyfiyyətinə təsir edən amillərin maliyyələşməməsi),
ayrılan vəsaitlərin bəzən səmərəsiz xərclənməsi,
mürəkkəb insani və psixoloji münasibətləri əhatə
edən tədris prosesində insan amilinin nəzərə
alınmaması və nəticə etibarı ilə təhsildə
aparıcı sima olan müəllimlərin aşağı əmək
haqqı alması, müəllim nüfuzunun sürətlə
enməsi, təhsil sistemində kadrların seçilməsi və
yerləşdirilməsində, o cümlədən təhsil
layihələrinə cəlb edilən “təşkilat” və
“ekspertlərin” bir çox hallarda diletantlığı, təhsil
sektorunda strateji düşüncəli kadrların
qıtlığı, innovasion təhsil ideyaları və
layihələrin qrant maliyyələşdirmə sisteminin
ölkəmizdə hələ də yaradılmaması v.s.
aid edilə bilər. Təhsilimizdə belə ciddi problemlərin
olduğu şəraitdə təhsilin innovasiyaların
yaradılması və tətbiqi, təhsilin
informatlaşması (o cümlədən distant təhsilin
yaradılması) xeyli əlavə çətinliklər
yaradır. Son 10 ildə ali təhsilin inkişafı və təhsilin
informatlaşması üzrə qəbul edilmiş dövlət
proqramlarının icrasının uğursuzluğu da bu
problemlər sırasındandır.
-Ali
təhsilimizin real vəziyyətini necə qiymətləndirirsiniz?
- Ali
təhsilimizin real vəziyyəti dünya universitetlərinin
bu ilki reytinq cədvəlində aydın əks edilib.
İngiltərənin “Tayms” qəzetinin “Ali Təhsil” üzrə
əlavəsinin hazırladığı bu reytinq cədvəli
təxminən dünyanın 22000 universitetini əhatə edən
sanballı reytinq cədvəli olub, QS və Vebmetrica reytinqi cədvəllərindən
daha dəqiqdir. Bu cədvəldə ilk 10000 universitet
arasında cəmi 2 universitetimiz yer alıb. 4000-5000
aralığında İqtisad Universiteti, 8000-9000
aralığında isə yeni yaradılan universitetlərdən
biri yer alıb, digər 49 ali məktəbimiz isə 10000-22000
aralığında yer alıb (əsasən də 15000 -dən
sonrakı yerlərdə). Başqa ölkələr TOP-100,
TOP-500 və TOP 1500 sıralamalarına can atdığı
halda, biz 10000 universitetin sırasında da yer tuta bilmirik. Təəssüf.
Biz təhsil
ekperti olaraq 2006-2008-ci illərdə bu məsələ ilə
bağlı fərdi qaydada tədqiqat aparmışdıq. Tədqiqatın
nəticəsi bir sıra qəzet və jurnallarda (Azərbaycan,
ingilis və rus dillərində) dərc edildi, beynəlxalq
konfranslarda məruzə edildi. O zaman reytinq cədvəli 20000
universitetin təhlili əsasında aparılırdı, onda nəinki
TOP -500, heç TOP-1500 universitet sırasında da milli
universitetlərimiz yer tutmamışdır. (Şanxay reytinq cədvəli).
Bu reytinq cədvəlləri gündəmə gələnə
qədər, o dövrkü təhsil məmurlarımız
milli universitetlərimizin ən nümunəvi universitet
olduğunu iddia edirdilər, sanki universitetlərimizdə
heç bir problem yoxdur.
Təbii
sual ortaya çıxırdı ki, bəs bizim milli universitetlərimiz
hansı mövqeyə iddialı ola bilərlər? O zaman təhlillərimiz
göstərdi ki, hətta TOP-10000 universitet reytinqlənsəydi
belə, bu sırada bizim milli universitetlərimiz təmsil
olunmayacaqdılar. Amma hesab edirik ki, TOP-500 sırasında ən
azı 1-2 universitetimiz, TOP - 1500- sırasında da isə əlavə
olaraq 2-3 universitetimiz təmsil olunmalıdır. Bu gün belə
bir strateji hədəf seçsək, 2030-cu ilə qədər
bu hədəfə bəlkə də çata bilərik ( təbii
ki, bütün zəruri tədbirləri planlaşdırsaq və
icra etsək).
Belə
bir deyim var: bu gün ölkə universitetləri hansı səviyyədədirsə,
sabah ölkə o səviyyədə olacaq. Bu gün dünya
ölkələrinin nüfuzu və ümumi inkişaf səviyyəsi
elm, təhsil və texnologiyanın inkişafı ilə
müəyyən edilir, başqa meyarlar keçərli deyil .
Biliyə əsaslanan iqtisadiyyat dönəmində “qüvvət
elmdədir, başqa cür heç kəs, heç kəsə
üstünlük eyləyə bilməz” kəlamı nəinki
şəxslərə, həm də dövlətlərə
aiddir. Qeyri-neft sektorunun inkişafı, ölkənin innovasion
inkişafı da məhz elm, təhsil və texnologiyaların
inkişafına əsaslanır.
-Distant təhsil formasının
özəllikləri nədən ibarətdir?
- Biz
artıq informasiya cəmiyyətində yaşayırıq.
İnformasdiya cəmiyyətinin təhsili informasiya təhsil
mühitində, informasiya cəmiyyətinin texnologiyaları ilə
reallaşır. Lakin yeni cəmiyyətin tələblərinə
təhsildə keçid inqilabı üsullarla deyil, təkamül
yolu ilə olmalıdır. Ümummilli lider Heydər
Əliyevin söylədiyi kimi, “…təhsildə inqilab
mümkün deyil, təhsildə islahat yolu ilə irəliləmək
olar”. Son 25 ilin ərzində dünyada İKT sahəsində
çox böyük inkişaf olmuşdur. Xüsusi ilə
internetin yaranması təhsildə çox böyük
imkanlar yaradıb. Bunun bariz nümunəsi onlayn təhsilin
yaranması və sürətli inkişafıdır. Bu
gün dünyada virtual təhsildə çox böyük irəliləyişlər
müşahidə olunur.
Distant
təhsilin inkişafı ilə əlaqədar tarixi ekskurs etsək
görərik ki, distant təhsil vaxtı ilə qiyabi təhsilin
əlavəsi kimi yaranıb, XX əsrin 60-cı illərindən
inkişafa başlayıb. 1969-cu ildə ilk distant təhsil
müəssisəsi kimi London Açıq Universiteti
yaranıb. 70-ci illərdə Türkiyədə Anadolu
Universiteti yaradıldı ( bu gün Anadolu universitetində 2
milyona yaxın dinləyici təhsil alır). Bu mərhələdə
tədris radio, tele verilişlər və məktublaşma
vasitəsi ilə reallaşırdı. İnternetin
yaranmasından sonra isə tələbə və müəllim
arasında bütün əlaqələr internet üzərindən
operativ qaydada həyata keçirilməyə başladı.
Distant təhsil öz texniki və didaktik imkanlarına görə
ənənəvi təhsili bir çox sahələrdə
qabaqlayırdı. Distant təhsil -öyrədən və
öyrənən arasında əlaqəni telekommunikasiya və
kompüter şəbəkələri vasitəsilə müəyyən
məsafədən həyata keçirən təlim sistemidir.
Son illər distant təhsilə, təhsil forması kimi yox,
daha çox təhsil texnologiyası kimi baxılır. Distant
təhsil müəyyən səbəblər üzündən
təhsilini artırmaq imkanı olmayan və ya ikinci ali təhsil
almaq arzusunda olan şəxslərə daha əlverişli
imkanlar yaradır.
Anar Miriyev
Palitra.-2015.-12 avqust.-S.11.