“Azərbaycanda xaricdə təhsil alanlar ordusu yaranıb”

 

Kamal Səlimov: “Bölgələrdə olan istedadlı şagirdlər xaricdə təhsil prosedurları barədə məlumatsızdırlar”

 

Artıq xaricdə təhsil alan gənclər ordusunun sırası o qədər genişlənir ki, kiminsə Avropa və ya Asiyanın, eləcə də Amerikanın məşhur universitetlərindən birində təhsil aldığını eşidəndə təəccüblənmirik və bunu adi qəbul edirik. Halbuki 10-20 il əvvəl dünyanın müxtəlif bölgələrində ali təhsil alan gənclərimizi görəndə onlara həsədlə baxır, qazandığı uğurları böyük fəxrlə hər yerdə qeyd edirdik. Artıq xaricdə təhsil adi hal alıb və istər dövlət xətti, istərsə də müxtəlif kanallarla başqa ölkələrə təhsil üçün gedən gənclərimiz təkcə paytaxtdan deyil, bölgələrdən də çıxır. Özü də bununla bağlı ürəkaçan rəqəmlər var. Belə gənclərdən biri də həmkarlarımızdan biri - jurnalist Kamal Səlimovdur. Kamal haqqında maraqlı bir məqamı qeyd edək ki, o, hələ bir neçə il öncə Türkiyə universitetlərindən birinə qəbul olsa da, təhsilini orada davam etdirə bilməyib. Bir müddət sonra yenidən Türkiyədə universitetə qəbul olunan Kamal artıq bu dəfə heç bir məhdudiyyət və çətinliklərə boyun əyməyib. Kamal Səlimovla olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə məlumat verərdiniz.

- Mən, Səlimov Kamal İlham oğlu 19 avqust 1989-cu ildə Kürdəmir rayonunda anadan olmuşam. Təhsilimə 1996-cı ildə Kürdəmir rayonunda yerləşən T.İsmayılov adına 1 saylı orta məktəbdə başlamışam. Məktəbdə oxuyarkən təkcə təhsillə bağlı deyil, eləcə də ictimai işlərdəki fəallığımla seçilmişəm. Maraq üçün deyə bilərəm ki, məktəb vaxtı keçirilən fənn olimpiadalarının böyük əksəriyyətinin qalibi olmuşam. Məktəbimizdə keçirilən bir sıra tədbirlərin də təşkilatçılığında yaxından iştirak edirdim. İstər sinif nümayəndəsi, istər Şən Hazırcavablar Klubunun üzvü, istərsə də siniflər və məktəblərarası keçirilən bilik yarışlarının komanda kapitanı kimi bir sıra uğurlara da imza atmağı bacarırdım.

Ali təhsilimə isə 2007-ci ildə başlamışam. Qərb Universitetinin Siyasi elmlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasına qəbul olundum. Tələbəlik illərində də ictimai aktivliyimi saxlamaq istəyirdim. Artıq haradansa, necəsə iş fəaliyyətinə də başlamaq lazım idi. Müəyyən yazılar, məqalələr yazırdım, amma bilmirdim, fikirlərimi, məqalələri harada çap etdirim. Düzü, həmişə demişəm ki, paytaxtda böyüyən, yaşayan gəncin ictimai aktivliyi ilə bölgələrdən gələn gənclərin ictimai aktivliyi arasında həmişə fərq olur. Bizim üçün bir qədər çətin olur bu proseslərə başlamaq. Rayondan gəlməyim və ətrafımın o qədər də geniş olmaması bu işlərdə mənə çətinlik törədirdi. Nəhayət qərar verdim ki, baş redaktorlarla özüm birbaşa əlaqə qurmağa çalışım. Beləliklə, bir sıra mətbu orqanlarında yazmağa başladım. Sonradan bir çox saytlarda köşə yazıları ilə çıxış etdim. Nəhayət Media Təqib Mərkəzində redaktor, sonradan Türkiyənin dövlət kanalı olan TRT-də staj keçdim və hazırda "İrfan" jurnalında çalışıram.

-Necə oldu, başqa bir ölkədə ali təhsil almaq qərarı verdiniz? Hazırlıqlar çətin oldumu?

- Düzü xaricdə təhsil almaq istəyim Bakıya gəldikdən sonra başladı. Çünki rayon mühitində kifayət qədər istedadlı şagirdlər olsa da, demək olar ki, əksər insanlar xaricdə təhsil prosedurları barədə məlumatsızdırlar. Tələbə vaxtı mən YÖS(Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanını verərək Türkiyənin İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetinə qəbul olmuşdum. Sadəcə, həmin vaxtlar bəzi problemlərlə əlaqədar xaricdə ali təhsil almaq üçün bu ölkəyə gedə bilməmişdim. Nəhayət bu il Türkiyə dövlətinin maliyyə imkanları ilə mən İzmir şəhərində yerləşən Ege Universitetinin Gazetecilik ixtisasına(magistratura) qəbul olundum. Bu proqramın üstünlüyü ondan ibarətdir ki, sizin heç bir xərciniz çıxmadan gedib təhsil ala bilərsiniz. Yəni gediş-gəliş, yol pulunuz, qalacağınız yer , təhsil haqqınız və hətta bütün bunlarla yanaşı, sizə aylıq 850 türk lirəsi-təxminən 300 manat pul da verirlər ki, hər hansı digər xərcləriniz qarşılansın. Mənə bu prosesdən məlumatlı insanlar, tanışlarımın hər biri dəstək oldular. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.

-Oxuyacağınız ali məktəb barədə məlumatlısınızmı? Yəqin Türkiyədə təhsil- tədrisin səviyyəsindən xəbərdarsınız.

-Əlbəttə, hər bir xaricdə təhsil almaq istəyən gənc kimi mən də təhsil üçün seçdiyim ölkə haqqında əvvəlcədən maraqlanmışam. Xüsusən də onun təhsili barəsində. Oxuyacağım ali məktəblə bağlı da kifayət qədər məlumatlıyam. Çünki bunu universitetə qəbul prosesində ilk istəklərim arasında qeyd etmişdim. Nəinki universitet, hətta fakültə dekanım və digər müəllimlərimizi də internetdən araşdırmışam. Bu, bir qədər qəribə səslənə bilər, amma xaricdə təhsil ardınca gedən bütün gənclərimiz bütün detallara önəm verməlidirlər. Çünki ora artıq Azərbaycan olmayacaq! Demək olar, hər birinin akademik məlumatları ilə tanışam artıq. Universitet binası, keçirilən dərslər, dərslərin krediti, hansı fənlər keçiriləcək və s. kimi məsələlərin hər birini tək-tək internetdən araşdırmışam.

-Türk dili Azərbaycan dilindən çox az fərqlənir. Bu üstünlükdür. Digər məqamlara görə sizə bu ölkədə çətin olmayacaq ki?

- Haqlısınız. Məsələn Çinə təhsil ardınca gedən tələbə öncə dil məsələsində axsayır. Amma Türkiyədə ali təhsil almağın üstünlüyü ondadır ki, burada dil ilə bağlı çətinliklər yaşamırsan. Çətin olmaq məsələsinə gəlincə əlbəttə çətinlik olacaq. Mən ora istirahətə getmirəm, məsuliyyətli olub həm təhsil almağa, həm də ölkəmizi bir tələbə kimi təmsil etməyə gedirəm. Amma əlimdən gələni edəcəyəm ki, universiteti yüksək nəticələrlə bitirim.

-Xaricdə təhsil alanların sayı ilbəil artır. Bunu necə dəyərləndirərdiniz?

- Bildiyiniz kimi, mən həm də jurnalistəm. Bu mənada dediyiniz məsələlərdən ilk hali olanlardan biri də mən oluram. Doğrudan da statistikaya nəzər saldıqda, bu rəqəmlər ürəkaçandır. Araşdıranda isə məlum olur ki, xaricdə təhsil almaq təkcə kəmiyyət baxımından deyil , keyfiyyət baxımından da bizim xeyrimizədir. Əlbəttə, bu, çox müsbət haldır. Nə qədər artsa yenə azdır. Keyfiyyətli təhsil alıb mütəxəssis kimi vətənə dönən bu şəxslər ölkəmizin inkişafında müsbət rol oynayacaqlar. Bu istiqamətdə görülən işlərin hər birini alqışlamaq lazımdır. 2007-2015-ci illər xaricdə təhsillə bağlı dövlət proqramı qəbul edilənə qədər oxumağa gedənlər bu qədər çox deyildi. Sonradan istər dövlət xətti, istər SOCAR-ın xətti, istərsə də digər vasitələrlə təhsil almağa gedənlər –xaricdə təhsil alanlar ordusu yarandı. Demək olar ki, bu amilə görə də Azərbaycan bir çox ölkələrdən irəlidə gedir. Bütün bunlarla yanaşı istəyərdim ki, bizim öz ali təhsil müəssisələrimiz də özlərini kifayət qədər inkişaf etdirsinlər və bizim ölkəmizə də xaricdən tələbə axını yaşansın. Necə ki, biz fəxrlə deyirik, filan ölkənin filan universitetinə qəbul olunmuşuq, qoy bir neçə il sonra da avropalılar, asiyalılar, eləcə də Amerikadan gələn gənclər də eyni fəxrlə “Qafqazda olan Azərbaycanın hansısa universitetində təhsil alıram” desinlər! Niyə də bu real olmasın? Niyə də əcnəbi tələbələr bizim ölkəni seçməsin və öz ölkələrində deməsin ki, “Azərbaycanın filan universiteti var və o təkcə regionda deyil, artıq dünyada məşhurdur və ora qəbul olundum”. Həyatda mümkün olmayan demək olar ki, heç nə yoxdur.

- Türkiyədə təhsildən sonra nələrisə planlaşdırırsınızmı?

-Əlbəttə, bu barədə söz açmaq bir qədər tezdir. Gələcək planlarım haqqında dəqiq nə isə söyləyə bilməsəm də onu deyə bilərəm ki, ilk hədəfim yüksək nəticələrlə universiteti bitirməkdir. Akademik karyera hədəflədiyim üçün doktoranturaya qəbul olmaq istəyirəm. Bir söz deyim. Düşünürəm ki, jurnalistika ixtisasında peşəkar müəllimlərin sayı kifayət qədər deyil. Bunu öz tələbəlik illərimdə görmüşəm və həmkarlarım da dəfələrlə bu məsələni deyiblər. Şəxsən mən hər zaman bu haldan əziyyət çəkmişəm. Artıq dünya sürətlə inkişaf edir. İnsanlar yeni media vasitələrindən istifadə edirlər. 20-30 il əvvəl təhsil almış bəzi müəllimlər günün tələbini kifayət qədər yerinə yetirə bilmirlər. Lazımınca özümü inkişaf etdirib öz ölkəmə dönüb ixtisaslı peşəkar jurnalistlərin yetişmə prosesində də yaxından iştirak etmək istəyirəm. Hər şeyi zaman göstərəcək.

- Bəs xaricdə təhsil almaq istəyənlərə hansı tövsiyələriniz olardı?

-Xaricdə təhsil almaq istəyən dostlara demək istəyirəm ki, siz düşünməyin ki, əgər maddi imkanınız yaxşı deyilsə, başqa ölkəyə təhsil ardınca gedə bilməyəcəksiniz. Bu, əsla belə deyil. Əgər araşdırsanız, kifayət qədər dünyanın istənilən ölkəsində təqaüd proqramlarının mövcud olduğunu görərsiniz. Sadəcə olaraq, getmək istədiyiniz universitetdən fakültədən və sairdən asılı olaraq müəyyən tələblər var ki, siz o tələbləri yerinə yetirsəniz, sizi əmin edirəm ki, tam pulsuz istədiyiniz ölkədə təhsil ala bilərsiniz. Araşdırın, universitetlərə şəxsən müraciət edin, xaricdən verilən təqaüdləri izləyin, öz dövlətimizin təqaüd imkanlarından da maksimum istifadə etməyə çalışın. Hər birinizə uğurlar arzu edirəm və xaricdə təhsil alan gənclər ordusuna qoşulmağım artıq mənim üçün də fəxrdir!

 

Tural TAĞIYEV

 

Azərbaycan.- 2015.- 4 avqust.- S. 10.