“Elmi fəaliyyət maddi gəlir gətirməlidir”

 

Əligül Ağayev: “İstər orta təhsildə, istər ali təhsil sistemində həll olunmalı olan problemli məsələlər var”

 

Azərbaycan gəncləri elm və təhsilə yiyələnməklə yanaşı, ictimai aktivlik də göstərirlər. Müsahibimiz Əligül Ağayev də bu baxımdan seçilən gənclərimizdəndir. Qeyd edək ki, Ə.Ağayev artıq 6 ildir ki, müxtəlif yerli və beynəlxalq layihələrin təşkilatçısı və iştirakçısıdır. Hazırda isə Prezident yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində "Özünü təqdim et: - Mən azərbaycanlıyam" adlı layihəsini icra edir. Bundan əlavə, bu il Azərbaycan Turizm və Menecment Universiteti və Avstriya Krems Tətbiqi Elmlər Universitetinin "Turizm və qonaqpərvərlik menecmenti" ixtisası üzrə magistr pilləsini bitirib. Son il ərzində isə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində işçi qüvvəsi üzrə əməliyyatları departamentində çalışıb. Hal-hazırda “Tbilisi-2015” Avropa Gənclər Olimpiya Festivalında Azərbaycandan qonşu dövlətə dəstək məqsədi ilə göndərilən könüllülər qrupunun tərkibindədir.

-Təhsil aldığınız sahə ilə bağlı hansı yeniliyə ehtiyac var?

-Bakalavr və magistr təhsil istiqamətlərim biri-birindən fərqlənsə də, hər ikisində maksimum dərəcədə öyrənməyə həvəsli olmuşam. Turizm, təbii ki, müasir dünyanın ən əhəmiyyətli iqtisadi sahələrindən biridir. Bəlkə də, XXI əsri, bədii şəkildə desək "turizm əsri" adlandıra bilərik. Bu istiqamətin ən azından hələ bir neçə əsr davam edəcəyi gözləniləndir. Məsafələri qət etmək asanlaşdıqca insanlar görmək arzularını asanlıqla reallaşdırırlar. Azərbaycanda turizm üçün potensial olaraq müxtəlif turizm növlərini inkişaf etdirmək olar. Dövlətimizin son illərdə böyük tədbirlərin ölkəmizdə təşkilinə üstünlük verməsi təbliğat və təqdimat baxımından təqdirəlayiq məqamdır. Turizm üzrə təhsil alan biri olaraq, görmək istədiyim əsas dəyişikliklər özümüzə məxsus olan turizm məhsullarının formalaşdırılmasıdır. Nəzərə alsaq ki, regionlarımızda turizm yalnız ölkədaxilidir, qəti istiqamət hələ ki, yoxdur, bu halda yerli icmaya əsaslanan, ətraf mühitlə daha "mehriban" olan davamlı turizm məhsullarının yaradılması çox uğurlu nəticələr verə bilər. Öz magistr dissertasiyamda Azərbaycan üçün yeni olan bir turizm növü və turizm məhsulunu işləmişəm. "Ədəbi turizm: “Əli və Nino” romanına əsasən" yeni bir ədəbi turizm marşrutunu elmi müstəvidə işlədim. Azərbaycan mühacir ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Məhəmməd Əsəd Bəyin, 30-dan çox dünya dilinə tərcümə edilmiş Qurban Səid təxəllüsü ilə yazdığı "Əli və Nino" romanı XX əsrin ən gözəl eşq hekayəsi kimi qəbul olunan və Qərb dünyasında ən çox satılan əsərlərdən biridir. Əsər Azərbaycan və bütünlükdə Qafqaz mədəniyyətini özündə əks etdirib. Bu göstəricilər əsəri oxuyan minlərlə turistin regiona üz tutmasına və ya öz bal aylarını "Əli və Nino"nun izi ilə getmələrinə səbəb ola bilər. Bu il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın prodüsserliyi ilə "Əli və Nino" filminin çəkilməsi turizm marşrutunun imkanlarını daha da artıracaq. Eyni zamanda yaxın gələcəkdə vətənimizin əsas sərvəti olan neftə əsaslanan "Neft turizmi" məhsullarının yaradılması xüsusi qrup turistləri ölkəmizə gətirə bilər.

-Dövlət tərəfindən elm və təhsilə lazımi dəstək göstərilirmi?

-Dövlətimizin son illərdə təhsilə göstərdiyi qayğını hamımız görürük. Xaricdə təhsil proqramı, ali məktəblərdə "Sabah" qruplarının yaradılması, ikili diplom proqramları gənc kadrların təhsilə cəlb olunması baxımından yaxşı nümunələrdir. Təbii ki, problemli məqamlar hələ də var, xüsusilə orta təhsili qeyd etmək lazımdır. İndiki dönəm tam fərqlidir, əgər mən 18 il əvvəl məktəbə başlayanda mövcud təhsil sistemi yaxşı hesab olunurdusa, bu gün artıq informasiya texnologiyalarının bu səviyyədə inkişafı istənilən şagirdə dərs mövzusunu daha qısa zamanda və maraqlı formada öyrənməyə imkan verir. Artıq ənənəvi müəllim obrazı və formal təhsil öz əhəmiyyətini itirməkdədir. Bütün bunlar isə təcili islahatı zəruri edir. İstər orta təhsildə, istər ali təhsil sistemində həll olunmalı olan problemli məsələlər vardır. Təhsil sisteminin uğurlu olması millətin gələcək müqəddəratını müəyyən edir, çünki dövlətin sütununda intellekt kapitalından güclü heç nə ola bilməz. Ümid edək ki, bu istiqamətdə aparılan siyasət daha da gücləndiriləcək və gələcəyimizi təbii resurslarımıza arxalanaraq yox, inkişaf etmiş insanımıza və nəticə olaraq da inkişaf etmiş cəmiyyətimizə güvənərək quracağıq.

-Gənc nəslin təhsil şüurunun inkişafını necə qiymətləndirirsiz?

-Ölkəmizdə kifayət qədər təhsilə, elmə meyilli gənclərimiz var, amma təəssüflər olsun ki, günümüzün reallığı, iqtisadi cəhətdən daha yaxşı həyat qurmağa olan tələbat onları bu sahədən digər istiqamətlərə yönəldir. Bunun da səbəblərindən biri hələ ki, ölkəmizdə elmin, "elmi fəaliyyətin" maddi gəlir gətirməməsidir ki, nəticə olaraq elm ölkəmizdə daha çox prestij, göstəriş xarakteri daşıyaraq, elmi fəaliyyət bir növ "lüks" effekti yaradır. Hələ də bizdə diploma görə ali təhsil alan nəsillər vardır, bu tip halların olduğu zaman təhsil şüurundan danışmaq anlamsızdır. Təhsilin milləti formalaşdıran, xarakterini inşa edən bir faktor olduğu məlumdur. Aparılan və aparılacaq islahatların qeyd etdiyimiz problemləri həll edəcəyinə ümid etməklə bərabər, biz də vətəndaş olaraq öz növbəmizdə təhsilə olan önəmin "ictimai şüurda" daha çəkili bir yer tutmasına çalışmalıyıq.

-Gənclərin xarici ölkələrin təqdim etdiyi proqram və layihələrdə fəal iştirakı onların elmi səviyyəsinin artmasına nə dərəcədə kömək olur?

- Uzun illərdir özüm və ətrafımda olan bir çox gənc müxtəlif layihə və proqramlarda ayrı-ayrı formalarda təmsil olunuruq. Bu, kifayət qədər yaxşı haldır, çünki belə olduqda ayrı-ayrı ölkələrdə olan təcrübələri, metodları öyrənmək və bölüşmək imkanımız olur. Orda əldə olunan biliklər istənilən halda müəyyən formada cəmiyyətimizə çatdırılır. Bu məlumatlar əsasında yeni layihələr icra olunur, təkliflər irəli sürülür. Çətin olan məqam bəzən ölkədə bunun üçün şəraitin olmamasıdır, təbii ki burada heç bir maddi məqamdan söhbət belə gedə bilməz. Əsas problem, cəmiyyətin şüurlu olaraq yeniliklərə hazır olması, nəsillərarası dialoqda və daxildən dəyişikliyə hazırlıq səviyyəsidir. Ümumilikdə bu layihələri müsbət qiymətləndirirəm, özümün şəxsi inkişafımda onlara borclu olduğum məqamlar çoxdur.

-Gənclər arasında əməkdaşlıq hansı səviyyədədir və bunun inkişafı üçün xarici ölkələrin təcrübəsindən necə yararlanmaq olar?

-Uzun illərdir ölkəmizdə təşkilatlanmış ictimai birliklər, idman klubları fəaliyyət göstərməkdədir. Xarici təcrübədə də biz eyni modeli görürük, gənclər arasında əməkdaşlıq öz axarındadır. İlk olaraq elmi istiqamətdə fəaliyyət göstərən, cəmiyyətdə çağırışlar edə biləcək, müstəqil mövqeyi olan və cəmiyyəti kübarlığa, sivilləşməyə yönəldə biləcək təşkilatlanmış gənclər qruplarını görmək istəyirəm. Fikrimcə, ən böyük əməkdaşlıq rəqabət olan mühitdə fəaliyyət göstərməkdir. Sağlam rəqabət nə qədər güclü olsa, inkişaf səviyyəsi də buna mütənasib olacaq.

-Siz “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsində də işləyirdiniz. Bu fəaliyyətiniz sizə nə kimi təcrübə qazandırdı?

- Sözsüz, bu iş mənim həyatımda bu günə qədər olan ən böyük təcrübə oldu. Həm Vətənimdə keçirilən ən böyük layihənin tərkib hissəsi oldum, həm də əvəzolunmaz təcrübə qazanaraq 8 ay ərzində işçi qüvvəsi könüllüləri üzrə müsahibəçi vəzifəsində çalışdım. Sözün tam ciddiyyəti ilə deyərdim ki, Azərbaycan tarixinə düşəcək işi bacardıq. Bütün ali təhsil müəssisələrində könüllülük proqramının təbliği, ardınca 18000 nəfərdən çox insanın müsahibəyə cəlb olunması, təqribən bunlardan 1500 nəfəri mənim payıma düşür, çox böyük uğur idi. Vətənpərvər Azərbaycan gəncliyini tanımaq üçün bundan böyük imkan ola bilməzdi. Hər qrupdan, xüsusiyyətdən olan insanları müsahibə etmək, professional həyatımda və eyni zamanda gələcəklə bağlı mənə çox şey öyrədə bildi. Özümə “ilk Avropa Oyunlarında ən böyük töhfəm nə oldu” sualını verəndə, əminliklə deyəcəyim cavab odur ki, əlilliyi olan gənclərin könüllü qismində ilk Avropa Oyunlarına qatılması üçün əlimdən gələni etdim, bu iş mənim üçün qürurverici, təsirli və eyni zamanda çətin oldu. Nəticəsi isə təbii ki, yeni dostlar, ən əsası isə vicdan məmnunluğu idi. Oyunlar zamanı isə Bakı Olimpiya Stadionda işçi qüvvəsi əməliyyatları üzrə menecer müavini vəzifəsində idim. Açılış və bağlanış mərasimlərinin təşkili, eləcə də atletika yarışları çox məsuliyyətli, böyük və maraqlı iş idi. 23 yaşında bir gənc üçün möhtəşəm bir təcrübə idi.

-İkinci ali təhsil pilləsini də bitirdiniz. Növbəti planlarınız nədən ibarətdir?

-Təhsillə bağlı qeyd ediriksə, 5 yaşımdan məktəbə getdiyim üçün öyrənmək həyat tərzimin ən əsas hissəsidir və mən əminliklə deyə bilmərəm ki, bu yaşdan sonra və ya bu elmi dərəcədən sonra təhsillə sağollaşmayacam. Bəlkə də, yaxın zamanda doktorluq işimə başladım, çünki məni maraqlandıran, tədqiqatını aparmaq istədiyim kifayət qədər mövzu var. Belə "həyatı boyu öyrənmə"(ingiliscə LLL -life long learning) kəlməsini eşidəndən bəri bunu bir dəyər olaraq özümə seçdim. İş həyatına gəlincə, mən xarakter etibarı ilə həyatını bir işdə keçirən insan deyiləm. Daima yeniliyə can atıram, istiqamətimi həyatın qarşıma çıxardığı imkanlar və öz marağımın vəhdətində tapıram. Bu il böyük tədbiri təşkil etdik, beynəlxalq təcrübə əldə etməyimiz, bizə gələcəkdə dünyanın istənilən yerində bu tipli layihələrdə işləməyə imkan verir. Azərbaycana bağlılığım istiqamətindən asılı olmayaraq çalışdığım sahədə Vətənə xidmətə əsaslanmalıdır. Öyrənməyi sevdiyim qədər öyrətməyi də sevirəm, akademik mühit mənim sevərək zamanımı keçirə biləcəyim məkandır. Sonda isə mənim üçün ən əhəmiyyətli missiyam insanlara, ətrafıma xoşbəxtlik, rahatlıq verməkdir. Hər bir təbəssüm daha xoşbəxt, harmoniyanın olduğu cəmiyyət deməkdir. Vətənimizin hər bir insanına özlərini təqdim, təsdiq edə biləcəkləri, istədikləri həyatı bütün gözəllikləri ilə yaşaya biləcəkləri gələcək arzu edirəm.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2015.- 4 avqust.- S. 11.