Dünyanın
maliyyə mərkəzləri dəyişəcək
Rauf
Binnətov: “Dünyanın siyasi şahmat oyununu yaxşı dəyərləndiririk
və bilirik ki, idmanla yanaşı, mədəniyyət də
ən böyük siyasətdir”
Qars Universitetinin 4-cü kurs tələbəsi, bu universitetin Politologiya fakültəsində təhsil alan azərbaycanlı gənc Rauf Binnətovla olan müsahibəni oxuculara təqdim edirik:
-
Rauf, gənc politoloq kimi Azərbaycanın dünyaya
inteqrasiyası, yürüdülən xarici siyasəti necə
dəyərləndirərdiniz?
-Azərbaycan gənc ölkə olaraq dünya sistemində mövcud dəyişikliklərə uyğun olaraq rasional şəkildə xarici siyasət yürüdür. Ölkəmizdə həmişə, əsrlər boyu müxtəlif xalqların, dinlərin birlikdə, sülh, mehribanlıq şəraitində yaşaması təmin edilib və bu siyasət bu gün də davam edir. Azərbaycan 1918-ci ildə Şərqin ilk demokratik ölkəsi, qadınlara səsvermə hüququ verən ilk dövlət olub. Ölkəmiz 1991-ci ildə müstəqillik qazandıqdan sonra gənc ölkə olmasına baxmayaraq, 24 il ərzində, qısa müddətdə çox böyük uğurlara imza atdı. Azərbaycan çox uğurlu şəkildə dünya sisteminə inteqrasiya etməkdədir. Qafqazın bu inkişaf edən ölkəsi 5 quru, 2 dəniz, ümumi 7 dövlətlə sərhədləri paylaşır. Azərbaycanın, Ermənistan istisna olmaqla, bu qonşu ölkələrlə mədəni, siyasi, sosial, ticari ən əsası isə “qohumluq” əlaqələri var. Ölkəmiz 1994-cü ildən Avropa, Amerika və digər ölkələrin nüfuzlu şirkətləri ilə iri enerji layihələrini həyata keçirir. Son illərin surətli inkişafı və bütün dünya ilə əlaqələrini sıxlaşdıran dövlət kimi tanınan Azərbaycan Sinqapur, Yaponiya, Çin, Pakistan, İsrail, Cənubi Afrika, Hindistan, İndoneziya, Almaniya, Polşa, Macarıstan, Yunanıstan, Serbiya, Monteneqro ilə də aktiv elm, ticarət, mədəni sferada əlaqələr qurub. Bildiyiniz kimi, Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirlikləri açılıb. Azərbaycan Dövlət Neft Şirkəti- SOCAR Çin, Sinqapur, Cənubi Koreyanın qiymətli kağızlar bazarına, dünyanın bir çox ölkəsinə investisiyalar yatırıb və dünyanın bir çox ölkəsində nümayəndəlikləri var. “ASAN xidmət” kimi nadir layihəni biz ilk dəfə reallaşdırdıq. Son üç ildə Azərbaycanın brendinə çevrilən “ASAN xidmət”in uğurlarını çox qeyd etmək olar. Amma daha çox siyasi və təbliğati məqamlar üzərində dayanmaq istərdim. Azərbaycanın xarici siyasəti çoxvektorlu, çoxqütblü dünya sisteminə uyğun şəkildə olmalıdır. Heydər Əliyev Fondunun isə ölkəmizin adının yüksəkliklərə qaldırılmasında xüsusi rolu var. Fond son 10 ildə beynəlxalq aləmdə humanitar sahələrdə çox böyük layihələrin təşəbbüskarı olub. Həmçinin, Azərbaycan müsəlman aləmində də xüsusi çəkiyə sahib olub. İslam dini inancına sahib Şərq ölkəsi olmağımız bizə bir sıra üstünlüklər də verir. Azərbaycan özündə Avropa, Şərq mədəniyyəti dəyərlərini ehtiva edən, çalarlarını daşıya bilən bir ölkədir. Ölkəmiz ilk Avropa Oyunları zamanı uğurlu, möhtəşəm təşkilatçılıqla, isti qonaqpərvərliyi ilə bunu bir daha sübut etdi.
-Avropa Oyunlarının keçirilməsindən
söz açdınız. Bu beynəlxalq idman tədbirinin
əhəmiyyətini yəqin ki, hələ uzun illər hiss
edəcəyik.
-Əlbəttə. Təxminən dünyanın 145 televiziya kanalı ilə 1 milyarddan çox insan Azərbaycanın böyük, zəngin, qədim tarixi mədəniyyətinin şahidi oldu. Mən bu tədbirin ölkəmizə həvalə edilməsində Prezident İlham Əliyevin rolundan da söz açmaq istərdim. Çünki o, idman ölkəsinə çevrilməyimizdə əvəzsiz rola malik olub. Ümumiyyətlə, ölkənin inkişafında misilsiz xidmətləri olan əsas memarlardan biridir. Prezidentimiz 17 gün boyunca idmançılarımıza çox böyük dəstək olaraq komandamızın əsl mənəvi kapitanına çevrilmişdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Oyunların bağlanışı zamani gözəl vurğulayaraq bildirdi ki, Azərbaycan xalqı və dövləti ilk Avropa Oyunlarını keçirməklə çox böyük tarixi zəfərə imza atdı. Azərbaycanın 2012-ci ildə Avroviziya, 2015-ci ildə isə Avropa Oyunları ilə yanaşı, elmi tədbirləri təşkil etməsini də qeyd etmək lazımdır. Məsələn, Dünya Kimya Olimpiadası, Beynəlxalq Qlobal Foruma Azərbaycan ev sahibliyi edib. 2016-cı ildə “Formula 1” yarışı, Şahmat üzrə Dünya Çempionatı, 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Azərbaycan 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının bir hissəsinə ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın necə təşkilatçılıq qabiliyyətinə sahib olduğunu göstərir.
- İdmanla yanaşı, mədəniyyət də ən
böyük siyasi dividendlər gətirən sahədir. Siz tələbələr
başqa ölkələrdə mədəniyyətimiz
haqqında söz açanda nələri
vurğulayırsınız?
-Vurğulanmalı məqamlar çoxdur. Amma çalışıram bir qədər maraqlı müqayisələr aparam. Həmişə deyirəm ki, Azərbaycan 21-ci əsrdə uğurlu addımlarla irəliləyərək dünyanın yeni, dəyişən şərtlərinə sürətlə adaptasiya olan ölkədir. Dünyanın siyasi şahmat oyununu yaxşı dəyərləndiririk və bilirik ki, idmanla yanaşı, mədəniyyət ən böyük siyasətdir. Dahi şairlərimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin şeirlərində, Qurban Səidin “Əli və Nino” əsərində, Üzeyir Hacıbəyovun yazdığı opera əsərlərində Azərbaycanın tolerant, İslam, Avropa, Şərq-Qərb dəyərlərinin daşıyıcısı olduğu açıq vurğulanıb təsvir edilib. 11-12-ci əsrlərdə Bakı şəhəri hindli tacirlərin və dünyanın digər nöqtəsindən gələn tacirlər üçün əsas məskənlərdən olub. 19 -20 əsrlərdə isə ölkəmiz neft istehsal etdiyi zaman Nobel qardaşları, Simens qardaşları və digər kapitalistlər üçün əsas sənaye mərkəzi idi. 2-ci Dünya müharibəsində SSRİ-nin qalib gəlməsində Bakı neftinin çox böyük rolu oldu. Azərbaycanın 20-ci əsrdə SSRİ kimi ölkənin içərisində qapalı yaşamasına baxmayaraq, incəsənətimiz, mədəniyyətimiz dünyaya səs salmağı bacardı. Rəşid Behbudov dünyanın hər yerində etdiyi qastrol səfərləri nəticəsində hər yerdə tanınan sənətkarlardan biri oldu. Rəşid Behbudovun Hindistanın əfsanəvi sənətkarı Rac Kapurla möhkəm dostluq əlaqələri də olub. Bütün bunları ona görə deyirəm ki, beləcə sadə, anlaşılan dildə gənclərə, əcnəbi tələbələrə hər şeyi izah edə bilirik. Azərbaycan Şərq ölkəsi olduğu üçün həmişə Hindistan filmlərinə maraq böyük olub. Film də böyük təbliğat, mədəniyyətdir. Amma bizdə təəssüf ki, bu gün heç hind filmlərinin səviyyəsində kinolar çəkilmir, nəinki Hollivud və ya Avropa səviyyəsində ola... Keçmiş dövrdə Tahir Salahov və Toğrul Nərimanbəyovun rəsmləri, Qara Qarayevin opera əsərləri, Vaqif Mustafazadənin caz əsərləri dünyada böyük əks-səda doğurmuşdu. 21-ci əsrdə də Azərbaycan müxtəlif sahələrdə inkişaf etməkdə davam edir.
-
Xaricdə təhsil siyasətini necə dəyərləndirərdiniz?
Bu, artıq ölkəmizdə kütləvi hal
alıb.
-Haqlısınız. Artıq xaricdə təhsil kütləviləşib. Bu gün dünya ölkələrinin 242 şəhərində, müxtəlif ali təhsil ocaqlarında 30 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycanın bu gün sahibkarlıq, təhsil, humanitar, sənaye, mühəndislik, tibb, kənd təsərrüfatı, turizm, müasir texnologiyalar, “start up” kimi sahələrinin inkişafına xaricdə oxuyan tələbələrimiz qazandıqları təcrübə ilə böyük töhfə verə bilər. Azərbaycanın xaricdə oxuyan gənclərinin ölkəmizin sənaye, turizm strategiyası, 2015 -2025 Gənclər Strategiyası, 2020- Gələcəyə Baxış kimi məsələlərin uğurlu həyata keçirilməsində böyük dəstəyi, rolu ola bilər.
-Dünyada
gedən siyasi proseslərə təhsil
aldığınız ölkədə baxış necədir?
- Mən təkcə oxuduğum ölkədə dünyanı narahat edən proseslərə olan münasibəti deyil, elə öz fərziyə və fikirlərimi də vurğulamaq istərdim. Öncə onu deyim ki, dünyada artıq siyasi, sosial, iqtisadi, mədəni, informasiya, maliyyə, incəsənət sahəsində dəyərlər sistemi get-gedə dəyişir. ABŞ yuxarıda adını çəkdiyim sahələrdə liderlik mövqeyini itirmək üzrədir. “Stratfor” araşdırmalar mərkəzinin rəhbəri George Friedman 2009-cu ildə “Dünyanın növbəti 100 ili” adlı kitabında bu məsələlərə toxunmuşdu. Kitabda ABŞ-ın dünya üzərində liderlik mövqeyini itirmək üzrə olduğu birbaşa etiraf edilib. Friedmanın kitabında dünyada super güc ola biləcək bir neçə ölkənin adı çəkilib. Friedman çoxqütblü dünya sisteminin qaçılmaz olduğunu yazır. Digər amerikalı yazar Tomas Friedman isə 2003-cü ildə yazdığı kitabda İslam ölkələrinin ulduzunun gələcəkdə parlayacağından yazır. Bununla bağlı bir neçə fakt sadalamaq istəyirəm. Dünyanın informasiya məkanı son 10 ildə sürətlə dəyişib. Əvvəllər informasiya məkanı CNN, Foreign Policy, Foreign Affairs Times, BBC The New York Times, The Wasington Post, Vogue, Cosmopolitan, “Amerikanin səsi” radiosu, “Liberty” tərəfindən nəzarət olunurdusa, müvafiq olaraq Qətərin Əl Cəzirə, Birləşmiş Ərəb Əmirliklərinin Əl Ərəbiyyə, Gulf News, Dubai One, Hindistanin NDTV, “The times of India”, “India Today”, Çinin mərkəzi televiziyası, Rusiyanın Russian Today və “Sputnik”, Turkiyənin TRT İranın “Press Tv” kimi xəbər kanal və nəşriyyatları alternativ media olaraq Qərb məkanı səviyyəsinə çatıb. Amerikanın keçmiş dövlət katibi Hillari Klinton 2011-ci ildə Konqresdə, Senatin ictimai xarici əlaqələr palatasında keçirilən dinləmələrdə Amerikanın informasiya məkanında 1989-cu ildə Berlin divarının dağılması, soyuq müharibənin bitməsindən sonra bu ölkədə arxayınlıq yarandığını və 2000-ci illərdə Amerikanın ingilis dilli mediasının digər ölkələrin ingilis dilli informasiya qurumlarına uduzduğunu bildirdi. 2011-ci ildə üzvləri Fars körfəzi, Afrika, Latın Amerikası ölkələrindən ibarət olan neft təşkilatı- OPEK-in illik gəliri 1 trilyon dollara çatmışdı. Çin isə daxili, xarici maliyyə, təhsil, incəsənət, ticarət sahəsində siyasətində aktivliyi ilə seçilir. Çin 2000-ci illərin əvvəllərində Şanxay Əməkdaşlıq Təşkilatını yaratmışdı. 2014 -2015 ildə Çin Asiya İnfrastruktur İnvestisiya Bankı və BRİKS beynəlxalq bankı kimi maliyyə qurumlarının yaradılmasına təşəbbüs göstərdi və bu başa çatdı. Çinin dünyadakı təsiri dövlətin QHT, özəl sektorunun dünyadakı 50 milyonluq diasporunun fəaliyyəti ilə hiss olunmaqdadır. Çinli rəssamların əsərləri dünyada ən çox satılan rəsm əsərlərindən biridir. Çin və Hon-Kong şirkətləri Latın Amerikası, Afrika, Avropa, Asiya ölkələrində layihələr həyata keçirir, sərmayə qoyurlar. Çin mədəniyyəti, dilinin öyrənilməsinə dövlət tərəfindən çox ciddi pullar ayrılır. Davos Forumunun araşdırmasına görə, Çin universitetləri inkişaf etməkdə olan dövlətlər arasında reytinqdə 1-ci yerdədir. Əl Cəzirə kanalında Çinin dünyadakı mövqeyi ilə bağlı bu ölkənin tanınmış məşhur elm xadimləri Zwang Weiwei və Stephen Chan arasındakı debatda Zwang Weiwei Çinin nailiyyətlərinin dövlətin etdiyi reformlar sayəsində əldə olunduğunu bildirmişdi. Stephen Chan bu fikirlə razılaşmayaraq, öz əks arqumentində Çinin uğurlarında özəl sektorun payının daha böyük olduğunu vurğulamışdı. Beləcə əminliklə demək olar ki, gələcəkdə dünyanın əsas maliyyə mərkəzlərinin, ənənəvi şəhərlərinin yerini Bakı, İstanbul, Dubay, Doha, Mumbay, Tehran, Rio De Janeyro, Şanxay, Hon –Kong, Pekin, Quandjou, Sinqapur, Cakarta, Astana, Moskva kimi şəhərlər tutacaq.
Tural
TAĞIYEV
Palitra.- 2015.- 7 avqust.- S. 6.