700 bal toplayan tələbə: “BANM-ə qəbul olmaq - ən böyük arzum idi

 

İsa Məmmədli: “BANM-in tələbəsi adını qazanmaq mənim üçün çox qürurverici və həyatımın ən unudulmaz anına çevrildi

 

Ölkədə mütəxəssis hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. 2014-2015-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. TQDK-nın məlumatına görə, ötən il ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etmişdi ki, onlardan 6,01 faizi 500-700 bal toplamışdı. Ümumiyyətlə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdi. Cari ildə də ali məktəblərə qəbul imtahanı TQDK tərəfindən uğurla həyata keçirildi. Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edir. 28900 abituriyent Azərbaycan bölməsi üzrə, 3376 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb. Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə 7, 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veribmaksimum nəticə göstərərək 700 bal toplayıb.

2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə – 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb.

Layihə çərçivəsində növbəti müsahibimiz 700 bal toplayaraq tələbə adının qazananixtisas seçimində Bakı Ali Neft Məktəbini seçən İsa Məmmədlidir:

Məmmədli İsa Elişad oğlu 25 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə Bakı şəhəri 163 saylı tam orta məktəbdə alıb və həmin məktəbi əla qiymətlərlə bitirib. Məktəb illəri müddətində müxtəlif tədbirlərdə, bilik yarışmalarında, düşərgələrdə iştirak edib. Bunlarla yanaşı, məktəbdaxili tədbirlərdə aparıcı, iştirakçı, təşkilatçı və tərtibatçı qismində çıxış edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub.

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

-700 ballıq nəticəni əldə etmək üçün ilk öncə iradəli olmaq lazımdı. Qarşına məqsəd qoymalı və bu məqsədə çatmaq üçün çox çalışmalısan. Mən də belə etdim. Əvvəla təhsilimi davam etdirmək üçün qəbul olmaq istədiyim ali məktəbi seçdim. Bir çox araşdırmalardan, sorğulardan sonra qərara gəldim ki, ən düzgün seçim Bakı Ali Neft Məktəbidir (BANM). BANM-ə qəbul olmaq üçün isə mütləq yüksək nəticə göstərməli olduğumu anladım. Bundan sonra mənim üzərimə düşən çoxlu mütaliə etmək və hazırlaşmaq idi. Gündəlik hazırlıqlarda iştirak edib vaxtı-vaxtında dərslərimi oxudum. Hər gün 6-7 saat dərslərimlə məşğul olurdum. İlk sınağımda nəticəm yüksək olsa da, məni tam qane etməmişdi. Bacarıqlarıma əmin idim, ona görə düşünürdüm ki, hələ də kifayət qədər zəhmət çəkməmişəm. Dərslərimə daha çox vaxt ayırmağa çalışırdım. Hətta istirahət vaxtlarımı da dərslərə ayırırdım. Qəbul gününə kimi çox uzun və zəhmətli yol keçdim. Zəhmətimin bəhrəsi olaraq ən yüksək nəticəni əldə edib istədiyim ali təhsil müəssisəsinə qəbul oldum. İstedadla yanaşı əziyyət çəkməyin, səbrli, iradəli və yalnız məqsədə doğru irəliləməyin vacib olduğunu öncədən bilirdim. Müəllimlərim iddialı olduğuma görə mənə daha da çox diqqət yetirməsi, dərslərə olan marağımın daha da çox artmasına səbəb olurdu və mən artıq kifayət qədər bal toplayacağıma əmin idim, amma 700 bal toplaya biləcəyimi əminliklə deyə bilməzdim. Daha çox çalışdıqca, hədəflərim böyüyürdü. Sonda maksimum balı toplayaraq hədəfimə çatdım və BANM-i seçdim.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanından öncə sınaq imtahanlarında iştirak etmişəm. Bir çoxunda 680 bala qədər nəticə əldə edə bilmişəm. Qəbul imtahanı keçirilən günü çox da həyəcanlı deyildim, çünki öz biliklərimə tam güvənirdim. İmtahan müddətində fikrimi sadəcə testlər üzərində cəmlədim. İmtahanın nəticələri elan olunduğunda ən yüksək bal topladığımı öyrəndikdə mən, ailə üzvlərim, müəllimlərim, bir sözlə hər kəs çox sevindi. Qısa müddət ərzində məni nəinki tanıdığım insanlar, hətta tanımadığım insanlar belə təbriklər edirdilər. Ölkədə az sayda 700 bal toplayan tələbələrdən biri oldum. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Lakin artıq məqsədimə çatmaq üçün əsas görülmüşdü.

- Niyə məhz bu ixtisası və BANM-i seçdinbu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Yüksək keyfiyyətli ingilis dilli təhsil, müasir texnologiyaların tətbiqi ilə tədris, işlə təminat, xarici universitet və şirkətlərlə əlaqələr, həmçinin ölkəmizdə neft sənayesində peşəkar mühəndislərə olan tələbat və maraq haqqında məlumat alaraq, ən yaxşı seçimin Bakı Ali Neft Məktəbi olduğuna qərar verdim. Çünki bütün yuxarıda sadalanan şərait və imkanlar məhz BANM-in tələbələri üçün yaradılır ki, onlar gələcəkdə yüksək ixtisaslı mütəxəssis olsunlar. Buranı seçməkdə öz istəyimlə yanaşı, ailə üzvlərimin və müəllimlərim də məsləhətləri məni həvəsləndirdi. Seçimimin doğru olduğunu söylədilər. Seçimdə 15 ixtisas kodu üçün yer verilsə belə, mən sadəcə arzuladığım ali məktəbin yəni BANM-in 3 ixtisas kodunu yazmaqla kifayətləndim.

- Ən böyük arzun nədir?

- BANM-ə qəbul olmaq - ən böyük arzum idi. Artıq ən böyük arzumu reallaşdırmış oldum. BANM-in tələbəsi adını qazanmaq mənim üçün çox qürurverici və həyatımın ən unudulmaz anına çevrildi. Əminəm ki, burada alacağım təhsil məni daha da yüksək zirvələrə aparacaq və Azərbaycanın ən öndə gedən kadrlardan birinə çevirəcək. Bundan sonrakı ən böyük arzum Bakı Ali Neft Məktəbində mükəmməl təhsil alaraq irəlidəki hədəflərimə nail olmaqdır.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Yüksək ixtisaslı kadr kimi yetişmək, işimin peşəkarı və hər zaman ehtiyac duyulan mütəxəssis olmaq, oxuduğum təhsil ocağının adını daim yüksəkdə tutmaq arzusundayam. Gələcəkdə BANM-dən məzun olduğum zaman, özümü beynəlxalq tələblərə cavab verə bilən yüksək səviyyəli, savadlı, müasirdünyagörüşlü peşəkar mütəxəssis kimi görürəm. Gələcəkdə neft-qaz mühəndisi dedikdə isə ilk öncə mənim adımın çəkilməsini, dünyada azərbaycanlı mühəndis kimi tanınaraq, ölkəmi beynəlxalq səviyyədə təmsil etməyi və bununla da peşəmdə ola biləcək ən yüksək zirvəyə çatmağı çox istəyirəm. İnanıram ki, mən bu Ali Məktəbdə təhsil alaraq gələcək üçün olan bütün planlarımı həyata keçirib, ölkəmin ən yaxşı mütəxəssislərindən biri olacağam.

 

Nigar Abdullayeva

Palitra.-2015.-21 avqust.-S.11.