ATU-nun müəllimindən tibb təhsilini seçmiş gənclərə çağırış

 

Aidə Bəndəliyeva: “Tibb sahəsində güzəşt və biganəliyə yer yoxdur, hər kəs yalnız və yalnız öyrənməlidir”

 

Ölkədə tibbi təhsilin inkişafı vacib amildir. Çünki savadsız və düzgün təhsil almayan həkimin müalicəsi insanların həyatını təhlükədə qoya bilər. Məhz buna görə də tibbi kadrların hazırlanmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Elə Azərbaycan Tibb Universitetinin “Əczaçılığın texnologiyası və idarəçiliyi” kafedrasının baş müəllimi Aidə Bəndəliyeva ilə də söhbətimiz bu mövzuda oldu. Nəzərə çatdıraq ki, Aidə Bəndəliyeva Azərbaycan Respublikası Tibb Tarixçilər Birliyinin üzvü, UNESCO-nun Beynəlxalq Müəllimlər Forumunun üzvü, 3 elmi ixtiranın, 2 səmərələşdirici təklifin, bir dərsliyin, bir dərs vəsaitinin, 4 metodiki vəsaitin, 65 elmi məqalənin müəllifidir.

- Dövlət tərəfindən təhsil sahəsində görülən işlər öz effektini verirmi?

-Ölkəmizdə aparılan təhsil islahatı nəticəsində əldə edilən uğurlar bu gün onu deməyə əsas verir ki, respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük işlər görülməkdədir. Mövcud uğurlu inkişaf konsepsiyasının tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri Azərbaycan dövlətinin son illərdə inkişafının bütün mərhələlərində prioritet məsələlərdən biri olub.

Bu gün Azərbaycan təhsilinin yüksək sürətlə inkişafını təhlil edərkən görürük ki, onun inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ümummilli liderimiz Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində, istər respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, ilk nöbvədə, xalqın savadlı gələcəyini düşünüb. “Təhsil millətin gələcəyidir”-deyən ulu öndərimiz Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını əsas amil kimi müəyyən edib, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirib. Müstəqilliyimizin ilk dövrlərində təhsildə mövcud olan bir sıra çatışmazlıqların aradan qaldırılması, müasir tələblərə cavab verən təhsil müəssisələrinin yaradılması, onların müasir elektron avadanlıqlarla, dərs vəsaitlərilə təhciz edilməsi, dərslərin yeni proqramlar əsasında aparılması və bir sıra bu kimi tədbirlərin həyata keçirilməsi hesabına mümkün oldu.

Sevindirici haldır ki, müstəqilliyimizin sonrakı illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf üçün yaradılmış ənənələr, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. Məhz ölkə Prezidentinin elm və təhsilin inkişafı ilə bağlı imzaladığı sərəncamlara əsasən ölkəmizdə bu istiqamətdə mühüm proqramların həyata keçirilməsi, dövlət başçısı tərəfindən ölkəmizdə təhsilə, elmə göstərilən diqqət və qayğının təzahürüdür. Bu proqramlar təhsilimizin, elmimizin inkişafına xidmət etdiyi üçün, onların məzmunu həm təhsilin bu günü, həm də sabahı üçün olduqca vacibdir.

“Təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır" - deyən ulu öndərimiz Heydər Əliyevin bu fikirlərini reallaşdırmaq üçün cəmiyyətin ayrı-ayrı nümayəndələrinin fəaliyyətini də ayrıca qeyd etmək yerinə düşərdi. Bu baxımdan respublikamızda öz fəaliyyətilə hər kəsə örnək ola biləcək Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı, millət vəkili Mehribam xanım Əliyevanın təhsilin inkişafı üçün göstərdiyi fəaliyyət xüsusilə qeyd edilməlidir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana-yeni məktəb" proqramının həyata keçirilməsi nəticəsində respublikanın müxtəlif bölgələrində yeni məktəblərin tikilməsi və onların müasir avadanlıqlarla təchiz edilərək xalqımızın istifadəsinə verilməsi görülən işlərin bariz nümunəsidir.

- Təhsilimizdə beynəlxalq əməkdaşlıq hansı səviyyədədir?

-Azərbaycanda bugünkü təhsilin inkişafının eyni zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində də davam etməsi önəmli məsələdir. Beynəlxalq müqavilələr əsasında tədbirlərin, proqram və müxtəlif layihələrin həyata keçirilməsi buna bariz nümunədir.

- Bu gün təhsil sahəsində daha hansı islahatların aparılmasına ehtiyac var?

-Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Bu isə o deməkdir ki, ölkəmizin inkişaf etmiş dövlətlərlə bir addımlaması üçün cəmiyyətimizin gələcəyi olan gənclərimiz yüksək elm və təhsilə yiyələnməli, hər vəchlə öz intellektual bacarıqlarını artırmalıdırlar. Bu gün ölkəmizdə milli tərəqqini təmin edən başlıca vasitə bütün sahələrdə davamlı inkişafa nail olmaqdır. Davamlı inkişaf üçün təhsil zəruridir. Etiraf etmək lazımdır ki, magistr biliklərimiz müasir və qlobal ekoloji, iqtisadi və sosial problemlərin həlli yollarını tapa bilmir. Hazırkı və gələcək liderlərin bu həlli yollarını tapmaq üçün bu gün daha yüksəkkeyfiyyətli təhsil aparılmalıdır. Sabahın problemlərini bu günün tələbələri həll etməlidir. Həll yolları kitablarda yazılmır, beyinlərdə formalaşır. Nelson Mandelanın sözlərilə desək: “Təhsil bizə dünyanı dəyişmək imkanını verən ən güclü silahdır.”

- Bu gün tibbi təhsil sahəsində hansı yeniliklərin edilməsinə ehtiyac var?

-Hazırda Azərbaycanda tibb təhsili sahəsində gedən uğurlu inkişaf danılmaz bir həqiqətdir. Böyük məsuliyyətlə deməliyəm ki, bu uğurlu təhsili respublikamızda həyata keçirən əsasən Azərbaycan Tibb Universitetidir. Onu da qeyd etməliyəm ki, hər il yüzlərlə gənc tibb kadrları hazırlayan bu universitetin eyni zamanda söykəndiyi zəngin tarixi keçmişi və dəyərli ənənələri vardır. Uzun illər bu qədim tibb ocağı yalnız təcrübi tibb kadrları deyil, həmçinin yüzlərlə alimlər, ixtiraçılar, tibbi pedaqoqlar, professor və akademiklər hazırlayıb. Zəngin elmi və təcrübi biliyə və savada, güclü potensiala malik olan və Tibb Universitetinin vaxtı ilə hazırladığı bu kadrlar indi yeni böyük tələbə ordusuna tibb təhsili verir və müasir tibbi kadrların hazırlanması ilə məşğul olurlar. Savadlı gənc kadrların hazırlanmasında universitetdə maddi-texniki bazanın gücləndirilməsi, yeni texnologiyalarla hazırlanmış müasir avadanlıqlarla təchiz olunmuş, yeni müasir tələblərə cavab verən tədris, eyni zamanda müalicə mərkəzlərinin tikilməsi, bütövlükdə ölkə rəhbərinin və dövlətimizin böyük qayğı göstərməsi mühüm rol oynamışdır. Son illər ölkəmizdə də tibb sahəsində bir sıra yeniliklər edilib. Diploma qədər və diplomdan sonrakı təhsildə islahatlar aparılıb. Bütün bunlar isə elmin inkişafına xidmət edir. Xarici ölkələrin əldə etdiyi nailiyyətlər Azərbaycan tibb təhsilində də tətbiq edilir. Həmçinin son illərdə tibb sahəsində xeyli sayda tələbələr xaricdə təhsilə göndərilib. Bu da tibbin inkişafına xüsusi təkan verən amillərdəndir. Azərbaycan Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğu zamandan ATU-da da bu prosesin tələblərinin uğurla həyata keçirilməsi nəticəsində böyük uğurlar qazanılıb. Bu gün Azərbaycan tibb təhsilində yeni bir mərhələyə - rezidenturaya keçid başlanıb. Rezidentura tibb təhsilinin ən yüksək pilləsi olub, rezidenturanı bitirən şəxs bir sahənin peşəkar həkimi sayılır və bu sistem dünyanın hər bir yerində tətbiq edilmiş bir sistemdir. Rezidenturada nəzəriyyədən daha çox əsasən, təcrübəyə üstünlük verilir və ixtisasa uyğun olaraq təhsilin müddəti dəyişir.

Bütün bunları sadalamaqda məqsədim odur ki, göründüyü kimi bu gün respublikamızda bacarıqlı və savadlı tibbi kadrların, hazırlanması üçün müasir tələblərə cavab verən hər cür şərait vardır. Doğrudur, bizdə bu proseslərin aparılması vaxt və zaman baxımından az və yeni olsa da, artıq bu fəaliyyət öz bəhrəsini verməkdədir. Təbii ki, yaxın gələcəkdə biz bunu daha qabarıq hiss edəcəyik. Lakin, bütün bu uğurlarla yanaşı, onu qeyd etməliyəm ki, bəzən bu cür ciddi təhsilə yiyələnən zaman gənclərimizin bəzilərinin tədrisə münasibəti o qədər də qənaətbəxş deyildir. Bu gün tibb təhsilini seçmiş gənclər bir reallığı bütün çılpaqlığı ilə qəbul etməlidirlər ki, tibb sahəsi elə bir sahədir ki, burada güzəşt və biganəliyə yer yoxdur. Hər kəs bütün gücünü səfərbər edib, yalnız və yalnız öyrənməli, dünya təcrübəsindən bəhrələnməli və özünü işə başlayan zaman dünyanın inkişaf etmiş ölkələrinin tibbi kadrları ilə rəqabətə hazır bilməlidirlər.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2015.- 7 avqust.- S. 11.