“Gələcəkdə təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm”

 

Qəbul imtahanında 700 bal toplayan Kamran Abdulhəmidov: “Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçmişəm. Kiçik yaşlarımdan sırf bu ixtisas üçün 3-cü qrupa hazırlaşmışam. Mən də yaxşı vəkil olmaq istəyirəm”

 

Ölkədə mütəxəssis hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. Hər il olduğu kimi, 2015-2016-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyul ayının 25-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi. Nəticələrə görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 29590 ( 15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına göimtahandan xaric olunub və nəticələri ləğv edilmişdi. İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə isə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veribmaksimum nəticə - 700 bal toplayıb. Layihə çərçivəsində növbəti müsahibimiz məhz builki ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Kamran Abdulhəmidovdur:

-Mən Abdulrəhimov Kamran Hüseyn oğlu 1997-ci ildə Kürdəmir rayonunun Sıxımlı kəndində anadan olmuşam. İlk təhsilimi 7-ci sinfə qədər Kürdəmirdə Köhnəbazar tam orta kənd məktəbində almışam. 7-ci sinifdən 10-cu sinif daxil olmaqla təhsilimi Ağdaş Özəl Türk Liseyində davam etdirmişəm. 11-ci sinfi isə Azərbaycan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində bitirmişəm. Ailəmiz beş nəfərdən ibarətdir. Atam Hüseyn Abdulrəhimov 1971-ci ildə Kürdəmirdə anadan olub. Fövqəladə Hallar Nazirliyində işləyir. Anam Vəfa Abdulrəhimov 1974-cü ildə Kürdəmirdə anadan olub. Hazırda Kürdəmirdə orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Bacım Zərifə Abdulrəhimova BDU-nun Filologiya fakültəsinin 3-cü kurs tələbəsidir. Bacım Pərişan Abdulrəhimova bu il universitetə daxil olub.

- Universitetə necə hazırlaşmısınız, niyə məhz 3-cü qrupu seçdiniz?

- Hazırlığım 2 il davam edib. Kiçik yaşlarımdan hüquqşünaslığı çox sevirdim. Bu fakültə də 3-cü qrupda olduğu üçün məhz bu qrupu seçməli oldum. Hazırlıq ərəfəsində repetitor yanına getməmişəm. Çünki məktəbimizdə hazırlıq yüksək səviyyədə idi. Dəyanət liseyinin son illər hazırlığı yüksək səviyyədə olur. Bu il bu məktəbdən 4 nəfər 700 bal toplayan abituriyent olub.

- İmtahanların gedişi barədə danışardınız.

- Qəbul imtahanında sınaq imtahanından fərqli olaraq heç bir həyəcan yox idi. Suallar ilk baxışdan çox rahat görünürdü. Sadəcə bir sual üzərində bir az çox fikirləşdim. Nəhayət, cavabını doğru tapdım. Sualların doğru olduğuna əmin idim, amma fikirləşirdim ki, yəqin haradasa diqqətsizlik səhvi etmişəm. Amma müəllimlər yoxlayanda bu hal bas vermədi. Hamısı doğru oldu.

-Sınaq imtahanlarını daha çətin adlandırırlar. Sizcə hansı daha çətin idi?

- Sınaq imtahanı ilə qəbul imtahanı arasında 3 aydan daha çox zaman məsafəsi oldu. Bu zaman məsafəsində sınaqlara qədər çatdırmadığın dərs proqramını, əksik qalan mövzuları tamamlayırsan. Qəbula qədər artıq sınaqlardan fərqli olaraq proqram bitmiş olur. Onun üçün sınaq abituriyentə çətin gəlir.

- Ümumiyyətlə, 3-cü qrup qəbul imtahanları asan idimi? Bəzən əvvəlki illərlə müqayisədə asan olduğunu deyirlər...

- Orta çətinlikdə idi. Sadəcə 5-6 sual çox çətin idi. Həm diqqət, həm de yüksək bilik tələb edirdi.

- 700 bal toplayacağınıza əmin idinizmi?

- Yox, dediyim kimi, düzdür, sualların hamısını doğru cavablandırmışdım. Amma indiyə qədər 700 bal toplamağa çox cəhd etmişdim. Hətta çox sınaqlardan 700 toplayacağıma əmin olduğum halda, yoxlayarkən haradasa bir sual da olsa səhv çıxırdı. Qəbulda da bu halın olmayacağından əmin deyildim.

- Hazırda hüquq ixtisasını seçməyi düşünürsünüz?

- Bəli, artıq seçimimi etmişəm. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçmişəm. Kiçik yaşlarımdan sırf bu ixtisas ucun 3-cü qrupa hazırlaşmışam. Mən yaxşı vəkil olmaq istəyirəm. Hətta beynəlxalq səviyyəli vəkil olmağı düşünürəm.

-Valideynləriniz belə bir yüksək bal topladığınızı eşitdikdə necə qarşıladı?

- Yüksək sevinclə qarşıladılar. Təbii ki, onlar üçün çox həyəcanlı günlər idi. Yaxşı ki, onları sevindirə bildim. Bu il əvvəlki illər kimi TQDK sualların hazırlanmasında çox diqqətli işləmişdi. Yəni heç bir sualda problem yox idi. Buna görə TQDK-ya öz təşəkkürümü bildirirəm. Həqiqətən , gənclərin biliyi düzgün qiymətləndirilir, ali təhsil alması üçün imkan yaradılır.

-Abituriyentlərə məsləhət görərdiniz?

- Məsləhətim budur ki, hazırlığa başlayarkən qarşılarına məqsəd qoysunlar. Hazırlıq prosesində bəzi şeylərdən özlərini məhrum etsinlər. Çox diqqətli məsuliyyətli olsunlar. Sona qədər səbir etsinlər.

- Boş vaxtlarınızda ilə məşğul olursunuz?

- Boş vaxtımda, adətən, idmanla məşğul oluram, rəqs etməyi xoşlayıram. Əsasən həvəskar, qaydasız döyüşlə məşğul oluram. Universitetdə dərs yükü ağır olacaq. Əgər vaxt olarsa, əlbəttə, yenə idmanla məşğul olacağam.

-Hansısa xarici dilə maraq göstərirsinizmi?

- Bəli. Universitet dövründə ingilis dilini təkmilləşdirməyi qarşıma məqsəd qoymuşam. Bu gələcəkdə təhsilimi xaricdə davam etdirmək üçün lazım olacaq.

- Gələcəkdə təhsilinizi davam etdirmək fikriniz varmı?

- Gələcəkdə təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Xarici universitetlər barədə tam məlumata sahib deyiləm. Ona görə təhsil müddətində bunları araşdıracağam. Təhsili xaricdə təkmilləşdirməyi, amma həyatında öz dövlətində işləməyi məsləhət görərdim. Bir millətin, dövlətin gələcəyi üçün təhsil çox önəmlidir.

-Bu gün ali məktəbə qəbul olan şagirdlər arasında lisey məzunları üstünlük təşkil edir. Siz bir lisey məzunu kimi bunu ilə əlaqələndirərdiniz?

- Liseylərdə təhsil yüksək səviyyəlidir. Bu həm müəllim, həm şagirdlərdən asılıdır. Dərsə çox məsuliyyətlə, sevgi ilə yanaşılır. Orta məktəbdə bir sinifdə bir- iki nəfər universitetə hazırlaşırsa, liseylərdə tam fərqli olaraq bütün sinif hazırlaşır. Bu da dərsin gedişatına çox böyük təsir edir. Dərsin gedişi, müəllimdən çox, şagirddən asılıdır.

 

Nigar Abdullayeva

Palitar.-2015.-8 avqust.-S.11.