Elmlibilikli gənclər cəmiyyətimizin sabahıdır”

 

Aidə Bəndəliyeva: “Milli təhsilimiz dünya səviyyəli təhsil sistemilə rəqabətə hazır olmalıdır”

 

Layihə çərçivəsində Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva ilə müsahibəni təqdim edirik

-Təhsilin inkişafında müəllimlərin üzərinə hansı məsuliyyət

düşür?

-Hər bir nəslin qarşısında gələcək nəslə nə tədris edəcəyinə qərar vermək sualı durur. Həmçinin bu ciddi prosesi yalnız bacarıqlı, savadlı, səriştəli və öz ixtisasını dərindən sevən, hər an mütəmadi şəkildə öz üzərində işləyən pedaqoji müəllim kadrları yerinə yetirə bilər. Yalnız bu cür kadrlar müxtəlif pedaqoji texnikalardan istifadə etməklə interaktiv təhsili və öyrənənlərdə daha yüksək düşünmə səviyyəsini yaradır. Belə kadrlar dünyanın bütün təhsil resurslarını mobilizə edərək daha davamlı gələcək qurmaq üçün kömək etməkdir. Çünki, davamlı inkişaf təhsili aparılmazsa bu məqsəd əlçatmaz olacaq.

Onu da qeyd etməliyik ki, dünya təcrübəsinə görə, o dövlətlər yüksək inkişafa nail ola bilirlər ki, onun iqtisadi inkişafı, əsas qayəsi fundamental elmlərə söykənən səviyyəli təhsildən qaynaqlansın. Biz qloballaşma dövründə yaşayırıq. Bu isə o deməkdir ki, biz dünyaya inteqrasiya etdikcə təhsil də dünyəviləşir. Ona görə də hesab edirəm ki, bizim milli təhsilimiz dünya səviyyəli təhsil sistemilə rəqabətə hazır olmalıdır. Belə bir ciddi rəqabət qarşısında bizim gənclərimiz yalnız yiyələnəcəkləri ixtisas biliklərini öyrənməklə kifayətlənməməli, onlara tədris olunan bütün fənnləri mükəmməl öyrənməlidirlər. Lakin bir ali məktəb müəllimi kimi qeyd etməliyəm ki, bu gün ali məktəbə daxil olan gənclərimizin böyük əksəriyyəti öz biliklərini yalnız seçdikləri ixtisaslara aid olan bilgilərə yiyələnməklə məhdudlaşdırılar. Məsələn, tibb universitetinə daxil olan tələbələrin böyük əksəriyyətinin texniki və təbiət elmləri sahəsində bilikləri nə qədər genişdirsə, məsələn, humanitar fənnlər sahəsində o qədər azdır.ya əksinə, humanitar fənnlər üzrə ixtisas alanların texniki və təbiət elmlər və s. sahəsində zəif biliyə malik olurlar. Bu isə tək qanadla uçmağa çalışan quşa bənzəyir. Bu xoşagəlməz hal isə, əsasən orta məktəbin yuxarı sinif şagirdlərinin demək olar ki, kütkəvi şəkildə repititorların yanına axının yaranması, məhdud sahələrin biliklərini oyrənmələri, orta məktəbdə tədris olunan digər fənnlərdən isə uzaq düşmələri nəticəsində yaranır. Təəssüf ki, bu hal ali məktəblərdə bakalavr təhsilini başa vurub, mağistraturaya qəbul olunanlar arasında da mövcuddur.

-Cəmiyyətdə belə fikir formalaşıb ki, Azərbaycanda tibbi avadanlıqlar var, amma onları işlədə biləcək kadrlar çatışmır. Bu fikir nə dərəcədə realdır?

-Bəli, bu gün bu bir həqiqətdir ki, Azərbaycan səhiyyəsi sahəsində müstəqillik qazandığımız dövrdən bəri yüksək inkişaf və savadlı kadrların hazırlanması işində əldə edilən uğurlu nəticələri danmaq olmaz. Əksinə, biz bu istiqamətdə daha böyük nailiyyətlər əldə edilməsi üçün dövlətimizin qayğısından lazımınca bəhrələnməyi bacarmalıyıq. Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycanda son dərəcə müasir yetkin biliyə malik tibbi kadrlarımız kifayət qədərdir. Həmçinin sevindirici haldır ki, Azərbaycanda hazırda müalicə müəssisələrində müasir diaqnoz aparatları, müvafiq tibbi avadanlıqlar əhalinin istifadəsindədir. Bu, çox vacib məsələdir. Çünki, elə xəstəliklər var ki, onları yalnız aparatlarla müəyyən etmək mümkündür. Məsələn, beyində şişya prostat vəzisində xərçəng və s. Məndə olan məlumata görə, məhz bu yeni aparatlarla işləmək üçün tibb personal Səhiyyə Nazirliyi tərəfindən Almaniya, Türkiyə və digər xarici ölkələrə kurs keçməyə göndərilir. Əsasən, bu ölkələrdən olan şirkətlərə məxsus aparatlar alındığına görə, həmin ölkələrdən də mütəxəssislər gəlib treninqlər keçirlər.

Daha çox xarici mütəxəssislər Azərbaycana gəlirlər, çünki aparatları quraşdıranda həm servis, həm aparatlara qulluq, həm də aparatlarla işləmək məsələləri var. Ona görə də mütəmadi treninqlərin keçirilməsi vacibdir. Hesab edirəm ki, bu cür kurs və treninqlərin keşirilməsi və tibb kadrlarının öz üzərlərində ciddi çalışması nəticəsində tezliklə bu problemin həllinə də uğurla nail olmaq mümkün olacaqdır.

-Gənc nəslin elm və təhsilini artırması üçün marağı necədir?

-Bilirsiniz, bu suala birmənalı cavab vermək mümkün deyildir. Çünki, hazırda qloballaşma dövründə yaşamağımız, bir çox ölkələrə gediş-gəlişin artması və Avropaya inteqrasiya etməyimiz gənçlərin marağının və dünyagörüşünün dəyişməsinə və bəzən müxtəlif istiqamətlərdə formalaşmasına ciddi təsir göstərir. Gənclərin bir çoxu ciddi fəaliyyət növlərindən daha çox asan və əziyyətsiz həyat tərzinin seçilməsinə can atırlar. Amma onu da mütləq qeyd etməliyik ki, bizim xeyli sayda son dərəcə böyük və fərqli istedada, qabiliyyətə, dərin zəkaya malik əməksevər gənclərimiz var. İstər idman, istər incəsənət, istərsə müxtəlif ictimai sahələrdə əldə edilən böyük uğurlar məhz belə gənclərimizin əməyi sayəsindədir. Elm və təhsil də elə bir sahədir ki, bu sahəylə məşğul olan gənclərimiz xüsusi istedada, həvəsə və qabiliyyətə malik olmalıdırlar. Elmlibilikli gənclər cəmiyyətimizin sabahıdır. Lakin etiraf etməliyik ki, bu məsələ hazırda respublikamızda o qədər də ürəkaçan səviyyədə deyil. Bu barədə AMEA-nın prezidenti akademik Akif Əlizadə gənc alimlərin ümumi yığıncağında bu məsələyə gətirdiyi açıqlamanı mən də bir daha yada salmaq istəyirəm: “Xüsusi narahatlıq və həyəcanla qeyd etmək istəyirəm ki, son illər gənclərin elmə marağı hiss olunacaq dərəcədə azalıb. Bu, cəmiyyətin inkişaf perspektivləri baxımından qəbuledilməz haldır və ciddi narahatlıq doğurur. Biz bu səbəbləri diqqətlə araşdırmalı və ən tez bir zamanda aradan qaldırılmalıyıq. Elm müasir Azərbaycan cəmiyyəti üçün gənclərin maraq dairəsinə daxil olan prestijli fəaliyyət sahəsinə çevrilməlidir”. A. Əlizadə qeyd edib ki, gənclərin elmə marağını artırmaq üçün üç istiqamətdə paralel və məqsədyönlü aparılmalıdır: “Birincisi, elmin cəmiyyətdə imici yüksəldilməlidir. Bu istiqamətdə AMEA-da kompleks islahatlar aparılır. İkincisi, alimlərin sosial-məişət problemləri təxirə salınmadan müasir tələblər səviyyəsində həll edilməlidir. Bu problem də ölkə və Akademiya rəhbərliyinin diqqət mərkəzindədir. Xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elmi mərkəzlərinə göndərilməsi istiqamətində əməli addımlar atılır. Üçüncüsü isə elm və təhsil arasında sözün əsl mənasında inteqrasiyaya nail olunmalıdır. Azərbaycanda elə bir təhsil sistemi formalaşdırılmalıdır ki, onun bütün pillələri üzrə elmə marağın artırılması yüksələn xətt üzrə təmin edilsin. Xüsusən də, magistratura ilkin elmi fəaliyyət vərdişləri aşılayan təhsil pilləsinə çevrilməlidir”. Hesab edirəm ki, hörmətli akademikin qeyd etdiyi problemlərin aradan qaldırılması, gənc nəslin elm və təhsilə olan marağının daha da artmasına səbəb olacaqdır.

- Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini

verirlər?

-Mən bu barədə çox nikbinəm. Əvvəla, ona görə ki, Azərbaycan gəncliyini dünyaya gətirən, onu böyüdüb, yetişdirən hər keçən nəsil bu addımları öz tükənməz tarixi köklərindən, mentalitetindən, milli-əxlaqi dəyərlərindən bəhrələnrək yaşadıb və inkişaf etdirməklə atıb. Hər yeni gələn nəsil rişələri çox dərin köklərə qədər işləmiş əzəmətli və heç vaxt sınmayan, əyilməyən, hər zaman bar verən qollu-budaqlı, budaqları artıq dünyanın ən uzaq yerlərinə qədər şaxələnmiş bir ağacın meyvələridir. Bu gün bizim yeni nəsil müstəqil dövlətimiz kimi gənc, enerjili və vüqarlıdır. Və gəncliyimizin gələcəyi müstəqil dövlətimiz kimi etibarlı əllərdədir. İnanıram ki, Azərbaycanın müasir gəncliyi, müasirliyimizin təməlini qoyanonu gənclərə ərməğan edən ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqımıza və onun gəncliyinə göstərdiyi böyük inamı və etimadı hər zaman doğruldacaq və müstəqil Azərbaycanımızın yenilməz bayrağını gələcəkdə də hər zaman daim zirvələrə qaldıracaqlar.

Fuad Hüseynzadə

Palitra.-2015.-11 avqust.-S.11