“Distant təhsilə, təhsil forması kimi yox, daha çox təhsil texnologiyası kimi baxılır”

 

Dosent İlham Əhmədov: “Distant təhsil müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və ya ikinci ali təhsil almaq arzusunda olan şəxslərə daha əlverişli imkanlar

yaradır”

 

Distant təhsil təhsilin informatlaşmasının zirvəsi olub, XXI əsrin təhsil innovasiyasıdır. Qlobal təhsil məkanında son 20 ildə intensiv inkişaf edən bu texnologiya milli təhsilimizdə hələ də layiqli yerini tutmayıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələyə toxunacağıq. Ölkəmizdə distant təhsilin yaranması və inkişafı problemləri ilə bağlı suallarımızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İKT, Monitorinq və Qiymətləndirilmə Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov cavablandırır:

- İlham müəllim, distant təhsil problemlərinin müzakirəsinə keçməmişdən əvvəl istərdik ki, qlobal təhsil məkanında gedən sürətli inkişaf fonunda milli təhsilimizin ümumi mənzərəsini qısa şəkildə təsvir edəsiniz.

- Məmmniyyətlə. Məlum olduğu kimi, son 10 ildə Azərbaycanda bir çox sahələrdə dinamik inkişafı müşahidə edilir . Təhsil sahəsində də, ümumən müəyyən inkişaf müşahidə edilir. Bununla belə milli təhsilin inkişafl ilə əlaqədar qarşıda ciddi problemlərimiz var. Təəssüf ki, bu problemlərin həllində xeyli vaxt itkisinə yol vermişik. TQDK-nın illik hesabatları, işəgötürən təşkilatların gənc kadrların hazırlıq səviyyəsi barədə rəyləri bunu əyani göstərir. Konkret olaraq TQDK-nın illik monitorinqləri, o cümlədən buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri, müəllimlərin işə qəbulu zamanı keçirilən imtahanların statistik təhlili (bu pedaqoji profilli ali məktəblərin fəaliyyətinə şamil edilsə də, digər ixtisaslarda da vəziyyət az fərqlənir) ümumi vəziyyətin heç də yaxşı olmadığını göstərir. Klinik dildə desək, “təhsilimizin vəziyyəti stabil ağır olaraq qalır, “şok terapiyası”na ciddi eytihac var” . İlk növbədə təhsil prioritet maliyyələşmə sahəsi kimi diqqət mərkəzində olmalıdır. Təhsilimizin bu problemli vəziyyətdən çıxarılmasına hələ uzun müddət vaxt lazım olacaqdır. Təhsildə olan problemlərin bir qismi qlobal xarakterlidir, belə ki, cəmiyyət bir ictimai formasiyadan (sənaye cəmiyyətindən) digərinə (informasiya cəmiyyətinə) keçir və təbii olaraq bu zaman yeni formatlı problemlər ortalığa çıxır. Bu problemlər bir çox sahələrə, daha çox isə təhsil sektoruna təsir edir. Bu tip problemlər bir çox ölkələrin təhsil sistemində də yaranır və vaxtında elmi əsaslarla öz uğurlu həllini tapır. Problemlərin digər qismi isə lokal (milli ) xarakterlidir. Bu probemlərin siyahısına təhsilin zəif maliyyələşməsi (xüsusən də onun keyfiyyətinə təsir edən amillərin maliyyələşməməsi), ayrılan vəsaitlərin bəzən səmərəsiz xərclənməsi, mürəkkəb insani və psixoloji münasibətləri əhatə edən tədris prosesində insan amilinin nəzərə alınmaması və nəticə etibarı ilə təhsildə aparıcı sima olan müəllimlərin aşağı əmək haqqı alması, müəllim nüfuzunun sürətlə enməsi, təhsil sistemində kadrların seçilməsi və yerləşdirilməsində, o cümlədən təhsil layihələrinə cəlb edilən “təşkilat” və “ekspertlərin” bir çox hallarda diletantlığı, təhsil sektorunda strateji düşüncəli kadrların qıtlığı, innovasion təhsil ideyaları və layihələrin qrant maliyyələşdirmə sisteminin ölkəmizdə hələ də yaradılmaması v.s. aid edilə bilər. Təhsilimizdə belə ciddi problemlərin olduğu şəraitdə təhsilin innovasiyaların yaradılması və tətbiqi, təhsilin informatlaşması (o cümlədən distant təhsilin yaradılması) xeyli əlavə çətinliklər yaradır. Son 10 ildə ali təhsilin inkişafı və təhsilin informatlaşması üzrə qəbul edilmiş dövlət proqramlarının icrasının uğursuzluğu da bu problemlər sırasındandır.

-Ali təhsilimizin real vəziyyətini necə qiymətləndirirsiniz?

- Ali təhsilimizin real vəziyyəti dünya universitetlərinin bu ilki reytinq cədvəlində aydın əks edilib. İngiltərənin “Tayms” qəzetinin “Ali Təhsil” üzrə əlavəsinin hazırladığı bu reytinq cədvəli təxminən dünyanın 22000 universitetini əhatə edən sanballı reytinq cədvəli olub, QS və Vebmetrica reytinqi cədvəllərindən daha dəqiqdir. Bu cədvəldə ilk 10000 universitet arasında cəmi 2 universitetimiz yer alıb. 4000-5000 aralığında İqtisad Universiteti, 8000-9000 aralığında isə yeni yaradılan universitetlərdən biri yer alıb, digər 49 ali məktəbimiz isə 10000-22000 aralığında yer alıb (əsasən də 15000 -dən sonrakı yerlərdə). Başqa ölkələr TOP-100, TOP-500 və TOP 1500 sıralamalarına can atdığı halda, biz 10000 universitetin sırasında da yer tuta bilmirik. Təəssüf.

Biz təhsil ekperti olaraq 2006-2008-ci illərdə bu məsələ ilə bağlı fərdi qaydada tədqiqat aparmışdıq. Tədqiqatın nəticəsi bir sıra qəzet və jurnallarda (Azərbaycan, ingilis və rus dillərində) dərc edildi, beynəlxalq konfranslarda məruzə edildi. O zaman reytinq cədvəli 20000 universitetin təhlili əsasında aparılırdı, onda nəinki TOP -500, heç TOP-1500 universitet sırasında da milli universitetlərimiz yer tutmamışdır. (Şanxay reytinq cədvəli). Bu reytinq cədvəlləri gündəmə gələnə qədər, o dövrkü təhsil məmurlarımız milli universitetlərimizin ən nümunəvi universitet olduğunu iddia edirdilər, sanki universitetlərimizdə heç bir problem yoxdur.

Təbii sual ortaya çıxırdı ki, bəs bizim milli universitetlərimiz hansı mövqeyə iddialı ola bilərlər? O zaman təhlillərimiz göstərdi ki, hətta TOP-10000 universitet reytinqlənsəydi belə, bu sırada bizim milli universitetlərimiz təmsil olunmayacaqdılar. Amma hesab edirik ki, TOP-500 sırasında ən azı 1-2 universitetimiz, TOP - 1500- sırasında da isə əlavə olaraq 2-3 universitetimiz təmsil olunmalıdır. Bu gün belə bir strateji hədəf seçsək, 2030-cu ilə qədər bu hədəfə bəlkə də çata bilərik ( təbii ki, bütün zəruri tədbirləri planlaşdırsaq və icra etsək).

Belə bir deyim var: bu gün ölkə universitetləri hansı səviyyədədirsə, sabah ölkə o səviyyədə olacaq. Bu gün dünya ölkələrinin nüfuzu və ümumi inkişaf səviyyəsi elm, təhsil və texnologiyanın inkişafı ilə müəyyən edilir, başqa meyarlar keçərli deyil . Biliyə əsaslanan iqtisadiyyat dönəmində “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı nəinki şəxslərə, həm də dövlətlərə aiddir. Qeyri-neft sektorunun inkişafı, ölkənin innovasion inkişafı da məhz elm, təhsil və texnologiyaların inkişafına əsaslanır.

-Distant təhsil formasının özəllikləri nədən ibarətdir?

- Biz artıq informasiya cəmiyyətində yaşayırıq. İnformasdiya cəmiyyətinin təhsili informasiya təhsil mühitində, informasiya cəmiyyətinin texnologiyaları ilə reallaşır. Lakin yeni cəmiyyətin tələblərinə təhsildə keçid inqilabı üsullarla deyil, təkamül yolu ilə olmalıdır. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “…təhsildə inqilab mümkün deyil, təhsildə islahat yolu ilə irəliləmək olar”. Son 25 ilin ərzində dünyada İKT sahəsində çox böyük inkişaf olmuşdur. Xüsusi ilə internetin yaranması təhsildə çox böyük imkanlar yaradıb. Bunun bariz nümunəsi onlayn təhsilin yaranması və sürətli inkişafıdır. Bu gün dünyada virtual təhsildə çox böyük irəliləyişlər müşahidə olunur.

Distant təhsilin inkişafı ilə əlaqədar tarixi ekskurs etsək görərik ki, distant təhsil vaxtı ilə qiyabi təhsilin əlavəsi kimi yaranıb, XX əsrin 60-cı illərindən inkişafa başlayıb. 1969-cu ildə ilk distant təhsil müəssisəsi kimi London Açıq Universiteti yaranıb. 70-ci illərdə Türkiyədə Anadolu Universiteti yaradıldı ( bu gün Anadolu universitetində 2 milyona yaxın dinləyici təhsil alır). Bu mərhələdə tədris radio, tele verilişlər və məktublaşma vasitəsi ilə reallaşırdı. İnternetin yaranmasından sonra isə tələbə və müəllim arasında bütün əlaqələr internet üzərindən operativ qaydada həyata keçirilməyə başladı. Distant təhsil öz texniki və didaktik imkanlarına görə ənənəvi təhsili bir çox sahələrdə qabaqlayırdı. Distant təhsil -öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə müəyyən məsafədən həyata keçirən təlim sistemidir. Son illər distant təhsilə, təhsil forması kimi yox, daha çox təhsil texnologiyası kimi baxılır. Distant təhsil müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və ya ikinci ali təhsil almaq arzusunda olan şəxslərə daha əlverişli imkanlar yaradır.

 

Anar Miriyev

Palitra.-2015.-12 avqust.-S.11.