“Distant texnologiyalar əsasında təhsil
alan gənclərimizin sayı kifayət qədərdir”
Dosent İlham
Əhmədov: “Bir sıra ölkələrdə işəgötürənlər
distant məzunları işə daha həvəslə qəbul
edirlər, çünki onlar rəqəmsal iqtisadiyyata,
peşəkar fəaliyyətə daha yaxşı
hazırlaşıblar”
Distant təhsil təhsilin
informatlaşmasının zirvəsi olub, XXI əsrin təhsil
innovasiyasıdır. Qlobal
təhsil məkaninda son 20 ildə intensiv inkişaf edən bu
texnologiya milli təhsilimizdə hələ də layiqli yerini
tutmayıb. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda bu məsələyə
toxunacağıq. Ölkəmizdə distant təhsilin
yaranması və inkişafı problemləri ilə
bağlı suallarımızı Azərbaycan Dövlət
Pedaqoji Universitetinin “İKT, Monitorinq və Qiymətləndirilmə
Mərkəzi”nin direktoru, dosent İlham
Əhmədov cavablandırır:
- Distant təhsil
texnologiyasının tətbiqi zamanı tədris
proqramları necə həyata keçirilir?
- Təhsil
proqramları ənənəvi təhsildə hansı məzmundadırsa
(bu məzmun dövlət təhsil standartları ilə müəyyən
olunur), distant təhsildə də tədris eyni məzmunda həyata
keçirilir. Distant təhsili ənənəvi
təhsildən fərqləndirən əsas amil burada
ünsiyyətin internet üzərindən həyata
keçirilməsidir. Bu əlaqə sinxron və ya
asinxron formada ola bilər. Distant
təhsil proqram-texniki baxımdan müəyyən bir platforma
üzərindən həyata keçirilir. Bu platforma xüsusi proqram kompleksidir. Bu proqram kompleksi beynəlxalq standartlarla müəyyən
olunub, SCORM standartları adlanır. Orada
distant təhsilin proqram təminatına, servislərə,
distant təhsil portalına, faylların mübadiləsinə
və s. tələblər, standartlar şərh edilir. Təhsilin məzmun standartlarından əlavə
proqram və texniki təminatın standartları da rol
oynayır. Həmçinin kompüterin
interaktivlik, fərdi yanaşma, əyanilik kimi imkanları da
rol oynayır. Təlim alan şəxs
fərdi qaydada kompüter vasitəsi ilə tədris
planındakı ardıcıllıqla fənləri müstəqil
şəkildə mənimsəyir. Buradakı
mühazirə materialları mətn, audio, video və interaktiv
formada verilə bilər. Hər məşğələnin
sonunda tələbənin öyrəndikləri məzmun
elektron test üsulu ilə qiymətləndirilir. Həmçinin təlim statistikası dəqiqliklə
aparılır. Bu statistik məlumatlara
virtual universitetin hal-hazırda neçə tələbəsinin
onlayn olaraq universitetin portalında tədris materialını
öyrənməsi, hər tələbənin gün ərzində
neçə saat məşğul olması, hansı fənlərə
daha çox üstünlük verməsi, testin neçə
faizini düzgün cavablandırması və s. daxildir. Yəni burada statistika çox ətraflı şəkildə
təqdim edilir. Distant universitetlər
öz potensialı ilə kifayətlənmir. Qısa zamanda dünya universitetlərindəki nailiyyətlərdən
faydalanır, mühazirə mətnlərini, dərslikləri,
multimediya materiallarını universitetlər öz
aralarında əlaqə yaradaraq mübadilə edir, müəllif
hüquqları qorunmaqla öz portallarında yerləşdirə
bilərlər.
- Ölkəmizdə distant təhsil
alanlar varmı, təhsilin bu forması hansı universitetlərdə
tətbiq olunur?
-
Bildiyiniz kimi, ölkəmizdə 1999-cu ildən başlayaraq təhsil
islahatları həyata keçirilir. 2000-ci ildə
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi”
barədə Prezident fərmanı olmuşdur. Bu sənədin maddələrindən biri distant təhsilə
həsr edilmişdir. Az sonra
İqdisadiyyat Universitetində distant təhsillə əlaqədar
bir sıra işlər görüldü. Belə ki, əlavə
təhsil alan müdavimlərin təlimində
distant təhsil texnologiyası elementlərindən istifadə
edərək müvafiq xidmət göstərilməyə
başladı.
Distant təhsil sisteminin yaradılması ölkə səviyyəli
problemdir, bunu bir universitetin gücü ilə həll etmək
mümkün deyil. Bunun üçün Azərbaycanda distant
təhsilin inkişaf strategiyası hazırlanmalı,
hüquqi normativ baza yaradılmalıdır. İlk öncə isə hər bir universitetdə
distant təhsili həyata keçirə bilən komanda
hazırlanmalı idi. Təəssüf ki,
İqtisad Universitetində başlanan təşəbbüs
sonadək tam reallaşa bilmədi. Bu səbəbdən
İqtisadiyyat Universitetində 10 ildən uzun müddətdə
fəaliyyət göstərən distant təhsil sistemi hələ
də beynəlxalq standartlara çata bilməyib. Azərbaycanın digər universitetlərində isə
distant təhsil texnologiyasının tətbiqi ilə əlaqəli
hər hansı işlər aparılmır.
Respublikadan
kənarda distant texnologiyalar əsasında təhsil alan gənclərimizin sayı kifayət qədərdir.
Onlar Avropanın, Amerikanın, Asiyanın tanınmış
universitetlərində distant oxuyurlar. Daha
çox isə gənclərimiz Rusiya və Türkiyə
universitetlərində distant təhsil alırlar, bu, dil uyğunluğu
ilə əlaqəlidir. Hesab edirəm ki,
bu gün distant texnologiyalar əsasında xaricdə təhsil
almaq daha səmərəlidir, nəinki əyani təhsil
almaq. Bu, vətəndaşlara iqtisadi
baxımdan sərfəlidir, distant universitetlərdə təhsil
haqqı nəinki xarici universitetlərdəki qiymətdən,
hətta milli universitetlərimizdəki təhsil qiymətlərindən
də dəfələrlə ucuzdur (bu, təhsildə kütləviliyin
hesabına mümkün olur). Distant təhsil ailənin
büdcəsi üçün 4-5 qat sərfəlidir, həm
də təhlükəsizdir . Digər tərəfdən distant təhsil prosesi tələbəni
müasir informasiya cəmiyyətində yaşamağa və
işləməyə daha yaxşı hazırlayır, nəinki
qiyabi və ya əyani təhsil. Bir
sıra ölkələrdə işəgötürənlər
distant məzunları işə daha həvəslə qəbul
edirlər, çünki onlar rəqəmsal iqtisadiyyata peşəkar
fəaliyyətə daha yaxşı hazırlaşıblar.
Artıq təhsil bazarı qlobal xarakter
daşıyır. Gənclərimizin xaricdə
distant təhsil alması bizim milli universitetləri də
müəyyən qədər rəqabətə dəvət
edir. Təəssüf ki, bizim universitetlər
bu rəqabətə hazır deyillər.
Onlayn təhsil genişləndikcə bizim gənclər
arasında bu universitetlərə virtual axın artacaq. Oxford, Harvard, Stenford, MİT
kimi tanınmış universitetlər MOOC - kütləvi,
onlayn, açıq kurslar vasitəsi ilə pulsuz təhsilə
keçirlər, belə getsə universitetlərimizin auditoriyalarında
tələbələrin sayı xeyli azalacaq. Məncə,
nə qədər gec deyil, universitetlərimizə diqqəti
artırmalı, ən əsası isə maliyyə
yatırımını dəfələrlə
artırmalıyıq. Zəif universitetlərə
müasir kampuslar tikməklə onları TOP-1500
siyahısına sala bilmərik. Əsas hədəf
təhsilin keyfiyyətini, rəqabətədavamlığını
təmin etməkdir. İlk öncə
universitetləri universitet səviyyəsinə
qaldırmalıyıq. Əks halda, 200 balla universitetə
qəbul edilən tələbələrə, illər ərzində
az maaş alan müəllimlərin
köhnə, keyfiyyətsiz proqram və dərsliklərlə
tədris aparması o kampuslara qoyulan investisiyaları da səmərəsiz
edəcəkdir. Bəlkə, investisiyaları əvvəlcə
insanlara sərf edək, onların peşəkarlığının
yüksəlməsinə (buna ən azı 5-10 il
lazımdır), tədris metodik bazanın yaranmasına,
informasiya resurslarının inkişafına, nəhayət ki,
milli elektron təhsilin formalaşmasına, elektron
kitabxananın yaradılmasına yönəldək?
İnformasiya cəmiyyətinin inkişafı, insan
kapitalının formalaşması zərurəti bizdən
bunu tələb edir. Futuroloqlar yazırlar ki, yaxın gələcəyin
universitetləri və məktəbləri serverlərdə
yerləşəcək, virtual formada işləyəcək,
onların heç bir binası ,
divarları olmayacaq. “Google” şirkəti bir
milyard tələbəni əhatə edə bilən virtual
universitet layihəsi üzərində işləyir, bu universitet
bütün ölkələri əhatə edəcəkdir.
Analoji layihələr digər şirkətlərdə
də reallaşır.
Bizdə isə bəzən elektron kitabxana yaratmağa da
əzəmətli bina tikməklə başlayırlar, elektron
kitabxananın özünün yaradılmasına isə sonda
pul çatmır. Əslində elektron kitabxanaya heç
bina lazım deyil, 3-4 otaqda da bu işi görmək
mümkündür.
- Azərbaycan universitetlərində
distant təhsillə keçid
mümkündürmü?
- İKT sahəsində regionda lider dövlətik, kosmik
dövlətik, ölkəmizdə “ASAN xidmət” kimi mütərəqqi
bir ideya həyata keçirilib. Bu sadaladıqlarım
göstərir ki, istəyimiz olanda nailiyyət əldə edə
bilərik. Artıq bütün dünya
distant təhsildən istifadə edir. Dünya xəritəsini
göz önünə gətirsək, az
sayda ölkənin bu təhsil texnologiyasına keçmədiyini
görə bilərik. Müşahidələrimə əsasən
deyə bilərəm ki, bəzi universitetlərin rektorları
4-5 il əvvəl öz müsahibələrində
qeyd edirdilər ki, onların universitetlərində yaxın
zamanlarda qiyabi təhsil distant təhsillə əvəz
olunacaq. Hətta vaxtını da deyirdilər: 2015-ci il. İndi 2015-ci ilin
yarısı keçib, amma hələ ki, nəticə yoxdur.
Bu ciddi məsələdir, bunun
üçün peşəkar komanda, xeyli vaxt və
güclü investisiya lazımdır. Distant
təhsilin yaradılması üçün güclü
elektron kitabxana sistemi lazımdır. Tədris
planında olan bütün fənlər üzrə elektron dərsliklər
hazırlanmalıdır. Professor-müəllim
heyətinin uzunmüddətli, sistemli təkmilləşdirmə
kursu keçməsi zəruridir. Yüksək
səviyyəli texniki avadanlıqlarla təminat problemi həll
olunmalıdır və mütəmadi olaraq bu sistem zənginləşdirilməlidir.
Distant təhsil formasına keçid universitetin
öz imkanları hesabına başa gələ biləcək
məsələ deyil. 5 il bundan
öncə Azərbaycan Dövlət Pedaqoji Universitetində 3
ixtisas üzrə qiyabi təhsili distant texnologiyalar əsasında
qurmaqla əlaqəli bir layihə üzərində işlədik,
layihəni Təhsil Nazirliyinə təqdim etdik. Gözlənilən
standart cavabı aldıq: “Layihəyə maliyyə dəstəyi
verə bilməyəcəyik. Daxili
imkanlarınızla icra edin”. 2005-2010-cu illərdə
bu yönümlü məsələlərlə bağlı
Təhsil Nazirliyinə xeyli maraqlı ideya və layihələrlə
müraciət etsək də, cavab verirdilər ki, təkliflər
çox maraqlıdır, sizinlə əməkdaşlıq
etməyə hazırıq, lakin bizdən pul istəməyin.
Görəsən, belə mürəkkəb və
maliyyətutumlu layihələr pulsuz icra edilə bilərdimi,
hansı ölkələrdə belə təcrübə
olmuşdu? Yoxsa təhsil layihələrini
Təhsil Nazirliyi yox, başqa nazirliklər maliyyələşdirməli
idi?
Anar Miriyev
Palitra.-2015.-13 avqust.-S.11.