Bu il məzunların 4 faizə yaxını 600-dən yuxarı bal toplayıb

 

Yüksək bal toplayanlar dövlət sifarişli ixtisaslara

üstünlük verirlər

 

Aliorta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu isə artıq uzun illərdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilir. Qeyd edək ki, Dövlət Komissiyası yarandığı vaxtdan həmişə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışaraq bu sahədə əsaslı nailiyyətlər əldə edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən imtahanları da uğurla başa vurdu. Artıq bugünlərdə ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri də elan edildi. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunub. Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

 

Boş qalan plan yerlərinə

ixtisas seçimi başlayır

Bugündən etibarən 2015/2016-ci tədris ilində ail təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Qeyd edək ki, TQDK avqustun 12-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 

Məzunların 11 faizi 500-dən yuxarı bal toplayıb

“200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47, 14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22, 08 faizdir. 7, 5 faiz isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunublar”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə nəticələrlə bağlı keçirilən brifinqdə deyib. E. Nağızadə bildirib ki, bütünlüklə qəbul prosesi tam başa çatdıqdan, yəni ikinci mərhələ üzrə yerləşdirmənin nəticələri elan olunduqdan sonra ənənəvi olaraq TQDK tərəfindən qəbulun yekunlarına dair statistik təhlillər aparılacaq: “Daha geniş, müqayisəli təhlillər ictimaiyyətə təqdim olunacaq. Bizdə yalnız ilkin statistik məlumatlar var”. TQDK rəsmisi bu il orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdiyi statistik rəqəmləri açıqlayıb: “Builki məzunların 26,21 faizi 0-100 bal arasında, 18,97 faiz 100-200 bal arasında, 18,28 faiz 200-300 arasında, 24,91 faiz 300-500 bal arasında, 11, 63 faiz 500-dən yuxarı 3,91 faiz 600-dən yuxarı bal toplayıb”.

 

TQDK: “İnternet vasitəsilə ixtisas seçimi aparılacaq

E.Nağızadə bildirib ki, birinci mərhələ üzrə qəbul planı 83, 12 faiz dolub 32 196 nəfər tələbə adı qazanıb: “Həmin şəxslərdən 27 541 nəfəri orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən məzundur”. E. Nağızadənin sözlərinə görə, dövlət özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb: “Həmin yerlərin siyahısı çap olunmaq üçün artıq hazırlanıb. “Abituriyentjurnalının 8-ci sayında boş qalan yerlərin siyahısı abituriyentlərin istifadəsinə veriləcək. Ali məktəblərin boş qalan yerlərinə qəbul olmaq istəyən gənclər bilməlidir ki, proses avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi aparılacaq. Müsabiqədə iştirak hüququ olan şəxslər həmin ixtisasları seçərək ərizələrində qeyd edə bilərlər”.

TQDK rəsmisi əlavə edib ki, bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi həyata keçiriləcək: “Bildiyiniz kimi, bu ildən kolleclərə 11 illik təhsil bazasında qəbul buraxılış imtahanı əsasında keçirilir. Kimlər ki, müsabiqədə iştirak etmək hüququna malikdir, onlar avqustun 14-dən 19-na qədər kolleclərin ixtisaslarını seçə bilər”. E. Nağızadə qeyd edib ki, eyni ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan plan yerlərini, həm orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmək mümkündür: “Bununla da ikinci mərhələ başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşacaq”.

 

700 bal toplayan abituriyentlər hansı ali məktəblərə

qəbul olunublar?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən -700 bal toplayan abituriyentlərin hansı ali məktəblərə qəbul olduqlarını açıqlayıb. Komissiyanın məlumatına görə, I ixtisas qrupu üzrə Məmmədli Isa Elişad oğlu (Azərbaycan bölməsi) Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi (Dövlət sifarişi əsasında), Abbasov Nihad Natiq oğlu Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi, Allahverdiyev Əli Allahverdi oğlu (Azərbaycan bölməsi) "Qafqaz" Universitetinin Mexanika mühəndisliyi, İsmixanov Teymur Vüqar oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin Kompüter elmləri (Ödənişli əsaslarla), Abduyev Firuz Bayram (Azərbaycan bölməsi) "Qafqaz" Universiteti Kompüter mühəndisliyi (Dövlət sifarişi əsasında), Həsənli Arzu Ədalət qızı (Azərbaycan bölməsi) Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Dövlət sifarişi əsasında), Əliyeva Nərmin Çingiz qızı (Azərbaycan bölməsi) "ADA" Universitetinin Kompüter mühəndisliyinə (Ödənişli əsaslarla) qəbul olub.

Bu il ali məktəblərin II ixtisas qrupu üzrə Qasımov Elçin Ziyad oğlu (Azərbaycan bölməsi) “Qafqaz" Universitetinin Mühasibat uçotu audit (Dövlət sifarişi əsasında), Əhmədov İbrahim Əhməd oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin Beynəlxalq münasibətlər (Ödənişli əsaslarla), İsgəndərov Əli Rauf oğlu (Azərbaycan bölməsi) "ADA" Universitetinin Beynəlxalq münasibətlər (Ödənişli əsaslarla) ixtisasına, III ixtisas qrupu üzrə Novruzova Lalə Zəfər qızı (Azərbaycan bölməsi) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq (Dövlət sifarişi əsasında), Əfəndiyeva Xəyalə Rəvan qızı (Azərbaycan bölməsi) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Hüquqşünaslıq (Dövlət sifarişi əsasında), Abdulrəhimov Kamran Hüseyn oğlu (Azərbaycan bölməsi) Bakı Dövlət Universitetinin Hüquqşünaslıq (Dövlət sifarişi əsasında), IV ixtisas qrupu üzrə Mahmudova Asya İdris qızı (Azərbaycan bölməsi) Azərbaycan Tibb Universitetinin Müalicə işi (Dövlət sifarişi əsasında), Məcidov Nurlan Namiq qızı (Azərbaycan bölməsi) Azərbaycan Tibb Universitetinin Müalicə işi (Dövlət sifarişi əsasında) ixtisasına qəbul olub.

 

Nigar Abdullayeva

Palitra.-2015.-14 avqust.-S.11.