Hicran Hüseynova: “Ailə bizim üçün hər şeydir

 

Dünən Bakının Xəzər rayonu ərazisində "Bizim gücümüz birliyimizdədir" adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ərazisində yaşayan aztəminatlı ailələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova azərbaycanlıların möhkəm ailə təməlini həmişə qiymətləndirdiyini qeyd edib. H.Hüseynova diqqətə çatdırıb ki, hamı tərəfindən qəbul olunmuş dünyəvi əsaslara uyğun həyat sürən, amma bununla belə Şərq mentallığı ənənələrinə və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda qadının rolu, uşaqların tərbiyəsi məsələləri xüsusilə həssas sahədir. Ailə, qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində ölkədə aparılan siyasətdən danışan H.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev bu sosial qrupa hərtərəfli dövlət qayğısının müstəsna əhəmiyyətini dəfələrlə vurğulayıb. Komitə sədri bildirib ki, bir neçə il bundan əvvəl ölkədə çox az sayda qadın təşkilatı olduğu halda, hazırda onların sayı iki yüzü ötüb keçib. Müasir Azərbaycan qadını ölkə həyatının iqtisadi, sosialsiyasi, hüquqi və idarəetmə sahələrində fəallıq göstərir. Qeyd edib ki, bu sahədə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Onun qadın və uşaqların, qaçqınların hüququnun müdafiəsi sahəsində göstərdiyi geniş fəaliyyət, irəli sürdüyü bir çox layihələr təkcə respublikamızda deyil, həmçinin onun hüdudlarından da uzaqlarda dərin hörmət və minnətdarlıq hissi ilə qarşılanır. Komitənin rəhbəri nəzərə çatdırıb ki, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu böyükdür. Tədbirdə çıxış edən Xəzər Rayonu İcra Hakimiyyəti başçısının müavini Arif Balayev bildirib ki, dövlət müxtəlif tədbirlər vasitəsilə ailənin qorunub saxlanmasına və möhkəmlənməsinə, onun sosial müdafiəsinə, vətəndaşların ailə hüquqlarının təmin olunmasına qayğı göstərir. Görüş zamanı qadınları maraqlandıran suallar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Tədbirdə komitə tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

 

Nigar

Palitra.-2015.-14 avqust.-S.4.