“Bölgələrdə müəllimlər
üçün təlimlərə böyük ehtiyac var”
Dərsliklərin
yazılmasında dil qaydalarının daha güclü şəkildə
tədris olunması məqsədi ilə ali
məktəb müəllimlərinin, təcrübəli
professorların bu işə cəlb edilməsini
arzu edərdim
2014-cü ildə Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri əsasında fənn müəllimlərinin ixtisasartırma təlimi kurslarına cəlb edilməsi ilə bağlı Təhsil Nazirliyi yeni bir layihəyə start verdi. Aparılan işin nəticəsi olaraq ixtisasartırma kurslarında iştirak edən müəllimlərin yekun qiymətləndirilməsi aparılıb. Fənlər üzrə 90 faiz müəllim bilik və bacarıqlarını yaxşılaşdırmaq üçün ixtisasartırma kurslarında iştirak ediblər. Ən yüksək nəticə Azərbaycan dili və ədəbiyyat üzrə olub. Riyaziyyat, informatika, biologiya fənlərinin müəllimləri də seçilmiş proqramın 85-90 faizini mənimsəyiblər. Qısa müddət ərzində müəllimlərin təkmilləşdirilməsi üçün bu, önəmli modeldir və bu modelin gələcəkdə də tətbiq edilməsi nəzərdə tutulub. Təhsil Nazirliyinin məlumatına görə, bu modelin üstünlüklərdən biri də budur ki, əvvəllər müəllimlər bu təlimlərdə iştirak etmək üçün bir mərkəzə gəlirdilərsə, hazırda Bakının müxtəlif yerlərində təlim mərkəzləri fəaliyyət göstərir və onlar o kurslarda iştirak edirlər. Müəllimin məktəbdə işini, fəaliyyətini tənzimləyən bilik və bacarığıdır. Dövlət tərəfindən heç bir ödəniş olmadan müəllimlər üçün belə bir şərait yaradılırsa, müəllimlər bundan istifadə etməli, bilik və bacarıqlarını təkmilləşdirməlidirlər. Onu da qeyd edək ki, kurslara gəlmək üçün məcburiyyət yoxdur, amma müəllimin fəaliyyətində bu nəzərə alınır. O mənadakı müəllim davamlı olaraq aşağı nəticə göstərirsə, bilik və bacarıqları müasir tələblərə cavab vermirsə və eyni zamanda təlimlərdə iştirak etməməsi yaxşı hal deyil. Bu, uzun müddət davam edə bilməz. İlk növbədə müəllimin öyrənmə motivasiyası, istəyi önəmli məsələdir. Bundan əlavə, hazırda müəllimlərimiz yerlərdə kurikulumla bağlı təlimlərdə iştirak edirlər. Layihə çərçivəsində növbəti müsahibimiz 111 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Melihə Əsədova hazırda bölgələrdə təlimlərin iştirakçısı kimi bu sahədə mövcud vəziyyətlə bağlı fikirlərini bildirdi:
-Yay tətilində fənn kurikulumu ilə bağlı təlimçi olaraq iki bölgədə- Samuxda və Cəlilabadda təlimlərdə oldum. Müəllimləri maarifləndirmək, onlarla biliklərimizi bölüşmək, əməkdaşlıq etmək ürəkaçıcı haldır. Bununla yanaşı, eyni zamanda onların qarşılaşdıqları problemlər də var.
- Təlimlər
yerlərdə çalışan müəllimlərin fəaliyyətində
hansı rolu oynayır?
-Müəllimlər yenilikləri məmnuniyyətlə öyrənirlər və yeni təhsil islahatını alqışlayırlar. Fəaliyyətlərində müsbət dönüş yaratdığını qeyd edirlər və bundan ruhlanan yaradıcı müəllimlərin fəaliyyətini kəşf edirik. Onlara bu yönümdə dəstək olmaq mənə çox xoşdur. Lakin onların çətinlik çəkdikləri bəzi problemlər var. Belə ki, təlimdə olduğum bölgələrdə müəllimlər summativlərin keçirilməsi və fəal dərsin keçirilməsi üçün müəyyən şəraitin olmamasını qeyd edirlər. Bəzi məktəblərdə printer, kompüter, proyektorun olmadığını qeyd edirlər. Summativleri keçirən zaman öz vəsaitləri hesabına keçirdiklərini qeyd edirlər. Buna da maddi vəziyyətlərinin imkan verməməsi və gecikmələrin olduğunu qeyd edirlər.
-Bu gün müəllimlər bölgələrdə təhsil sisteminin mövcud vəziyyətindən razıdırlarmı?
- Təhsil sistemindən razıdırlar. Amma onlara dəstəkləyici mühitin olmaması ruhdan salır. Yəni yaradıcılıq üçün şagirdləri fəal təlimə, qrup işlərinə, əməkdaşlığa cəlb etmək üçün resurslar olmalıdır. Flipcart, marker, proyektor, kompüter olmalıdır. Ən yaralı məqam budur ki, bölgə müəllimlərinin İKT savadı zəifdir. Bu sahədə onlara hələ də kömək etməyə ehtiyac var. Yəni tələblə imkan üst-üstə düsməlidir. Məncə, bütün müəllimlərin mail ünvanı olmalıdır. Bəziləri təəssüf ki, bunun nə olduğunu bilmirlər. Bu günümüzü texnologiya əsri adlandırırıqsa, nəinki şagirdlər, müəllimlər də kompetensiyalara malik olmalıdırlar.
- Məktəblərdə İKT-nin tətbiqi ilə bağlı kurslar təşkil edilirmi?
- Yaşlı müəllimlər bunu çox tətbiq edə bilmirlər, ya da yadda saxlamaq çətin olur. Özlərinə inamsızdırlar. Cavan müəllimlər daha fəaldırlar. Amma bunu hamısına şamil etmirəm. Mən 60 yaşına yaxın elə həvəsli müəllimlər görürəm ki, hələ də öyrənməyə və öyrətməyə həvəslidirlər. Sadəcə İKT kurslarına, görünür, hələ də ehtiyac var. Xüsusilə də bölgə müəllimləri üçün bunun tətbiqi daha vacibdir. Ümumiyyətlə, bölgələrdə təlimlərə, kurslara çox böyük ehtiyac var. Düşünürəm ki, hələ bunun davamlı olması vacibdir. Yoxsa maariflənmə sürətlə baş verməz. Müəllimlərin fəal təlimlərlə bağlı kurslara böyük ehtiyacı var. Mən özümü xoşbəxt sayıram ki, həmkarlarıma dəstək ola bilirəm. Onlara yardım əlimi uzada bilirəm.
- Başa çatan tədris ili sizin üçün nə ilə yadda qaldı?
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə UNICEF və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə noyabrın 17-də universitetin Neftçilər kampusunda başlamış “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu”nu uğurla başa çatdırdım. Çox xoşbəxtəm ki, bu kurslara qatılmaq mənə nəsib oldu. Çalışacam ki, öyrəndiyim yenilikləri məktəb direktoru olaramsa, şəffaf şəkildə tətbiq edim. Qanunları öyrənmək, idarəetməylə bağlı əldə etdiyim biliklər düşünürəm ki, buna imkan yaradacaq. Hər şeydən əvvəl işinə sevgi olmalıdır. Bunu şagirdlərim, müdavimlərim də həmişə hiss edib və alqışlayıblar. Mən də bu qarşılıqlı hörmətdən, ehtiramdan ruhlanaraq millətim və Vətənim üçün yeniliklərlə yadda qalmaq istəyirəm. Ən böyük arzum xaricdə universitetlərin birində xarici tələbələrə Azərbaycan dili fənnindən dərs deməkdir. Bunu doktorantura mərhələsini basa vuran kimi həyata keçirməyi düşünürəm.
- Yay
tətilində şagirdlərinizlə əlaqələriniz
necədir?
- Bəli, tətildə də mənimlə məsləhətləşirlər. Mən həmişə şagirdlərimə dəstək oluram. Onların fəaliyyətini izləyirəm. İxtisas seçimlərində məsləhət edirlər və Azərbaycan dili fənnini sevdiklərindən bu sahəyə, müəllimliyə yönələn şagirdlərim, tələbələrim var. Bu da məni çox sevindirir. Hazırkı tədris ilində 9-cu sinif buraxılış sinfim var. Məşğul olduğum tələbələrim var, onların arasında kollecləri seçənlər də var. Təhsilini davam etdirmək istəyən şagirdlər də az deyil.
- Yeni
tədris ili ilə bağlı hansı təkliflər
irəli sürərdiniz?
- Dərsliklərin yazılmasında dil qaydalarının daha güclü şəkildə tədris olunması məqsədi ilə ali məktəb müəllimlərinin, təcrübəli professorların bu işə cəlb edilməsini arzu edərdim. Çünki dil qaydalarının və ədəbiyyat sahəsində həyatını bu işin xırdalıqlarını öyrənməyə həsr edən alimlərimiz tərəfindən təkliflər irəli sürülsə, daha məqsədəuyğun olar. Düşünürəm ki, daha mükəmməl, keyfiyyətli, istər öyrənmə baxımından, istər tətbiq etmək baxımından daha səmərəli nəticələr verər. Digər təklifim odur ki, müəllimlərə işlərində daha yaradıcı, öyrətmək üçün öyrədici, dəstəkləyici mühit olmalıdır. İstər dərs resursları baxımından, istər təchizat baxımından.
-Bu günlərdə Azərbaycan dili dərsliklərində problemlərin olduğu bildirildi. Sizin buna münasibətiniz necədir?
-Mən təlimçi olaraq müşahidə edirəm ki, istər bölgə müəllimləri, istər şəhər müəllimləri, hər kəs eyni fikri bildirir. Yəni mətinlərin tərbiyəvi əhəmiyyət daşıdığı üçün çox razıdırlar. Çünki tək alim yetişdirmirik, həm də sağlam fikirli vətəndaş, şəxsiyyət yetişdiririk. Kurikulumun özəlliyi də əsasən budur. Hərtərəfli kompetensiyaya malik şagird, gələcəyin müstəqil şəxsiyyətini yetişdirməkdir. Lakin DİL qaydalarının öyrədilməsiylə bağlı müəllimlərdə güclü təlaş var . Onlar qeyd edir ki, dil qaydalarının bütün incəliyi proqramda sistemli verilməyib. Əlavə kitablardan istifadə etməyə məcburdurlar. Şagirdlərə ötəri bilik vermək istəmirlər.
Həm də qeyd edirlər ki, ədəbiyyat kitablarında tanınmış şair və yazıçıların yaradıcılığından istifadə olunsun. Klassiklərin yaradıcılığı, A. Səhhət. M. Sabir və digər görkəmli şəxsiyyətlərin yaradıcılığını, yəni əvvəlki illərin yazarların dərsliklərdə əhatə olunmasını arzulayırlar. Hazırda yeni yazarları salırlar, bəzən hansılar ki, deyirlər oxuyuruq, amma başa düşülmür. Hamı bilir ki, M.Ə.Sabirin, A.Səhhətin yaradıcılığı, uşaq şeirləri təqdirəlayiqdir. Onu da qeyd edim ki, məktəb müəllimlərini cəlb edirlər dərslər yazmağa, fikrimcə, alimlərə bu həvalə edilsə daha yaxşı olar. Bunun üçün məktəb müəlliminin fəaliyyəti və bilik dairəsi genişdirsə, yəni elmi dərəcəsi olsa daha yaxşı olar. Həm metodikadan, həm elmi hissələrin vəhdət təşkil etməsi, məncə, məqsədə uyğun olar. Bunu müəllimlərlə söhbətdən qaynaqlanıb qeyd edirəm. Mənə təkliflərini söyləyən müəllimlərin fikrini çatdırmağı özümə borc bilirəm. Çünki elmlə məşğul olan müəllim daha yaradıcıdır və mütaliəsi genişdir. Tək məktəbdə dərs deməklə oxucu kütləsinin zövqünü oxşayan əsərlər yaratmaq qeyri-mümkündür. Oxucunu hiss etmək, duymaq üçün mütaliə etməlisən, zamanını kitablarla dostluq edərək təqdirəlayiq milliliyi özündə əks etdirən dərsliklərimizin formalaşacağına inanıram. Gənc alim olaraq dərsliklərin yazılması ilə bağlı Xəzər Universiteti yeni layihəyə başlayacaq. Nəsib olarsa qatılmağı düşünürəm.
- Ümumiyyətlə,
yeni tədris ilindən nə gözləyirsiniz?
- Müəllimlərin müxtəlif istiqamətdə layihələrə cəlb olunması təqdirəlayiq haldır.
Əldə etdiyim nailiyyətlər bütün qatıldığım təlimlərin nəticəsidir. Buna görə də təhsil nazirimiz Mikayıl Cabbarova minnətdarlığımı bildirirəm. Nailiyyət əldə etmək istəyən, gələcəyini qurmaq istəyən hər bir müəllim bu layihələrdə və təlimlərdə özünü sınaya bilər.
Nigar Abdullayeva
Palitra.-2015.-15 avqust.-S.11.