“Xaricdə təhsil alan gənclər öyrəndikləri bilik və təcrübələr ilə ölkəmizin inkişafına təkan verməlidir”

 

Vüsalə Novruzlu: “Gənclərimiz təhsil, mədəniyyət, idman sahələrində dünya arenalarında layiqincə öz sözlərini deyiblər”

 

Layihə çərçivəsində Sakarya Universitetinin magistri Vüsalə Novruzlu ilə müsahibəni təqdim edirik

 

-İlk olaraq, mümkünsə, özünüz haqqında ətraflı məlumat

verərdiniz.

-Mən, 1988-ci ildə hazırda erməni işğalı altında olan Azərbaycanımızın şəfalı yerlərindən biri olan Laçın rayonunda inşaatçı ailəsində dünyaya göz acmışam.1992-ci ildə ermənilərin hücumları nəticəsində qaçqın düşərək paytaxtımız olan Bakı şəhərində məskunlaşdıq.1995-ci ildə 1-ci sinfə getdim. 2006-cı ildə orta məktəbi bitirib Sumqayıt Dövlət Universitetinin Biologiya fakültəsinə daxil oldum. 2010-cu ildə universiteti bitirib, 2011-ci ildən 2014-cü ilədək Bakının orta məktəblərinin birində biologiya müəllimi olaraq işlədim. 2012 və 2013-cü illərdə keçirilən "Kurikulum" tədris proqramlarında I dərəcəyə layiq görüldüm. 2014-cü il yanvar ayının 17-də verdiyim "Meyvələr" haqqında açıq dərsimlə "Fəxri fərman"a layiq görüldüm. 2014-cü ildə təhsilimin davamı olaraq Sakarya Universitetinə “Qida mühəndisliyi”nə qəbul oldum. Oxuduğum bir il ərzində də Sakaryada keçirilən Xocalı soyqırımı ilə bağlı tədbirdə söylədiyim şeir və Eskişəhir Azərbaycanlılar Dərnəyinin tədbirlərində fəal iştirak etdiyimə görə iki dəfə "Təşəkkürnamə”yə layiq görüldüm."Qərənfil-Azərbaycanın ağlayan çiçəyi, “Xocalı soyqırımı”, "2 Fevral-Gənclər Günü”, "Qadın Cənnətə gedən yoldur", “Lacınım, həsrətinlə yaşayıram", "Erkən yaşda evlilik, erkən yaşda boşanma deməkdir", "Çətini Qazağı keçənəcən" adlı yazılarım Türkiyənin və Azərbaycanın müxtəlif qəzet və portallarında işıq üzü görüb.

-Xaricdə təhsil alan gənclərimiz dövlətimizi layiqincə təmsil edə bilirlərmi?

-Ümumiyyətlə, istər ölkəmizdə, istərsə də xarici ölkədə təhsil alan gənclər unutmamalıdırlar ki, millətin, vətənin gələcəyi məhz biz gənclərdən asılıdır. Aldığımız ixtisasdan asılı olmayaraq bilik, bacarıq və təcrübələrimizi ölkəmizin gələcəyi üçün səfərbər etməliyik. Bu işdə xaricdə təhsil alan gənclər olaraq bizim üzərimizə daha çox məsuliyyət düşür. Biz xarici ölkədə aldığımız təhsilimizlə bərabər, ölkəmizi də təmsil edirik. Təhsil aldığımız universitetdə dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr gəlir. Tələbələrin bir çoxu da Azərbaycan haqqında heç bir bilgiyə sahib deyillər. Həmin ölkənin tələbələrinə Azərbaycanımızın dünəni, bu günü və sabahımı, tarixi keçmişini, mədəniyyətini, adət-ənənəsini tanıtdırmaq biz gənclərin borcudur. Təəssüflə deməliyəm ki, xarici ölkələrdə, sadəcə, ad olsun deyə, gündüzləri yatıb, gecələri o əyləncə yeri sənin, bu əyləncə yeri mənim, deyib əylənən, əlinə düşən hər fürsətdə Azərbaycanın adını, gəncliyini rəzil edən gənclərimiz də az deyil. Amma, necə deyərlər ,"Meşə çaqqalsız olmaz”. Bu cür gənclərimizə, sadəcə, bir söz deyirəm - Azərbaycanın adını ucaltmaq özünüzün olsun, bari getdiyiniz kimi də Vətənə geri dönün. Amma ümumilikdə diqqət yetirsək xaricdə təhsil alan gənclərimizdə Vətən hisləri vardır və vətənimizi layiqincə təmsil edirlər.

-Təhsil aldığınız universitetdəki əcnəbi tələbələrə ölkəmizi necə tanıdırsız?

-26.03.2015 tarixində Suriyadan, Keniyadan, Səudiyyə Ərəbistanından, İraqdan, Türkmənistandan, Qırğızıstandan və s. ölkələrdən gəlmiş əcnəbi tələbələrin iştirakı ilə türk dili dərsində Novruz bayramı haqqında məlumat verdim. Tələbələrimizi maraqlandıran suallara cavab verməyə çalışdım. Sonda da Xocalı soyqırımı haqqında qısa məlumat verib, dəyərli millət vəkilimiz Qənirə Paşayevanın yazdığı "Hocalı Soykırımı Tanıkların dilindən" adlı kitabını türk dili müəllimimə təqdim etdim. Belə bir şəraiti yaratdığına görə hörmətli Meliha İşık müəllimimə də burdan sonsuz təşəkkürlərimi bildirirəm.

05.05.2015 tarixində isə Türkiyədə Qonaq tələbə günləri kecirilirdi. Hər bir tələbə öz ölkəsini digər bir ölkənin vətəndaşına tanıtdırırdı. Biz də əlimizdə olan vəsaitlərlə Azərbaycanı layiqincə təmsil etdik. Tələbələri və qonaqları maraqlandıran suallara cavab verdik. “Sizin sayənizdə Azərbaycan haqqında daha da məlumat sahibi olduq”, “Azərbaycanı sizin sayənizdə tanıdıq” kimi sözləri eşitmək, həqiqətən də, sevindirici bir hal idi. Demək ki, kiməsə ölkəmizi tanıtdıra bildik, ya da məlumatı az olanlara daha çox məlumat vermiş olduq.

-Türkiyədəki azərbaycanlı gənclərin həmrəyliyi necədir?

-Sakarya Universitetində 2500 dən çox əcnəbi tələbə var. Onlardan 450-500-ə yaxını isə azərbaycanlı tələbələrdir. Universitetdə azərbaycanlı tələbələrin bir- birlərinə qarşı münasibəti olduqca yaxşıdır. Hətta Türkiyənin digər vəqf və dövlət universitetlərində təhsil alan tələbələrimizlə də əlaqəmiz var. Bir-birimizə maddi, mənəvi dəstək olmağa calışırıq. Təhsil aldığım Sakarya Universitetində əcnəbi tələbələrin böyük bir qismi müsəlman olduqları üçün adət və düşüncələrimiz də üst-üstə düşür. Ən əsası da odur ki, hamımız bir məqsəd üçün xarici ölkədə təhsil almağa gəlib, yüz kilometrlərlə məsafədən çıxaraq bir dam altında birləşmişik. Hədəfimiz, məqsədimiz birdir- qazandığımız bilik və təcrübələri ölkəmizdə dəyərləndirmək.

- Öz ixtisasınız üzrə Türkiyədə Azərbaycanda öyrənə bilmədiyiniz hansı yenilikləri öyrənə bilibsiz?

-Yuxarıda da qeyd etdiyim kimi bakalavr təhsilimi biologiya üzrə bitirmişəm. Magistratura təhsilimi isə qida mühəndisliyi üzrə davam etdirirəm. Düzdür, tam eyni ixtisas olmasa da, haradasa ortaq tərəfi olan bir sahədə təhsilimi davam etdirirəm. Laboratoriya şəraitində qidalarda olan mikroorqanizmləri, zərərli maddələri detallı şəkildə incələyirik, həmçinin qidalarda olan digər özəllikləri müəllimlərimizin köməyi ilə öyrənirik. Onu da qeyd edim ki, biologiyaqida mühəndisliyi bir-birinə tam uyğun olmayan sahələr olsa da, bakalavr pilləsindəki gördüyüm mikroorqanizmlər, göbələklər, viruslar, bakteriyalars. dərslərdə öyrəndiyim morfoloji, fizioloji biliklərim bu gün də köməyimə yetişir.

-Öz ixtisasınızın elmipraktiki əhəmiyyəti nədən ibarətdir?

-Professorlar, dosent və yardımçı dosent müəllimlərimdən aldığım bilikpraktiki təcrübələrimə görə, onlara sonsuz təşəkkürlərimi bildirirəm. Qida mühəndisliyinin elmipraktiki əhəmiyyəti çoxdur. İnsan övladı var olduğu müddətdə yaşaması üçün qidaya hər zaman ehtiyacı olur. Biz qidaçılar, insanlara qidanın tərkibini araşdırıb insan orqanizminə zərərli olub-olmadığını öncədən öyrənmiş oluruq. Tarladan süfrəmizə qədər qidanın bütün pillələrinə nəzarət etmək bizim işimizdir. Seçdiyim sahə maraqlı olduğu qədər çətin, diqqət və məsuliyyət tələb edən işdir.

-Kənardan Azərbaycanın inkişafı necə görünür?

-Azərbaycan öz müstəqilliyinə yeni qovuşmuş bir ölkədir. Amma, buna baxmayaraq, ölkəmiz sürətlə inkişaf etməkdədir. Bu gün ölkəmiz Avropa ölkələri ilə eyni masada otura bilirsə, bu, ölkəmizin nə qədər güclü olduğunu göstərir. Biz gənclər, xüsusən də xarici ölkələrdə təhsil alan gənclər aldığımız bilik və təcrübələrimizlə ölkəmizin inkişafına təkan verməliyik. Bu gün ölkəmiz dünya səviyyəsində öz sözünü demiş ölkələr sırasındadır. Gənclərimiz təhsil, mədəniyyət, idman sahələrində dünya arenalarında layiqincə öz sözlərini deyiblər və deməyə də davam edirlər. Buna ən gözəl nümunə 12-28 iyun tarixləri arasında ilk dəfə Azərbaycanda keçirilən Avropa Oyunlarında idmançılarımızın qazandığı 16 qızıl,15 gümüş və 20 bürünc medal sayına görə, 2-ci yerdə olaraq öz adlarını qızıl hərflərlə tarixə yazdırdılar.

-Dediniz ki, Laçında dünyaya gəlibsiz. Laçından sizdə hansı xatirələr qalıb?

-Dünyaya göz acdığım, lakin uşaqlığımı keçirmədiyim ana vətənim olan Laçınımdan ayrılarkən hələ 4 yaşım belə, yox idi. Məsum baxışlarımla ətrafa baxaraq olub-keçənləri uşaq ağlımla dərk etməyə çalışırdım. Ailəmlə birlikdə Bakıda qaçqın olaraq yaşamağımızı davam etdirdik. Zaman keçdikcə acı həqiqəti anlamağa başladım. Anladım ki, 450 km və 5-6 saatlıq yolu gedə bilməyərək öz vətənində qərib kimi yaşamaq necə çətin imiş. Hətta oxumaq üçün bizə heçyad olmayan Türkiyəyə gələndə, nə qədər də qardaş ölkə olsa da, dilimiz, dinimiz bir olsa da, yenə də “qürbətdə olacaqsan”, “vətən həsrəti çəkəcəksən”, deyəndə bu sözlər mənə o qədər də təsir etmədi. Çünki mən onsuz da 1992-ci ildən, yəni 4 yaşımdan öz ölkəmdə qərib kimi yaşayırdım. Amma uşaq ağlımda Laçınım haqqında maraqlı xatirələr qalıb. Təbii ki, bunlar uşaqlığımda etdiyim uşaqlıq xatirələrimdir...

- Təhsilinizi davam etdirmək fikriniz varmı?

-Belə bir misal var: “İnsan doğulduğu gündən qəbir evinə qədər oxumalıdır”. Mən bu prinsipə əməl edərək təhsilimi davam etdirəcəm. Allahın köməyi ilə magistraturanı tamamlayıb doktoranturanı da xarici ölkələrin birində oxumaq istəyirəm. Nizami Gəncəvinin gözəl bir misrasını bu məqamda yada salmaq tam yerinə düşər: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Yəni insan öz ixtisasında peşəkar olmalıdır. Bir sahəni öyrənərkən hərtərəfli öyrənməlidir. Amma insan özünü hər sahədə bilgi sahibi etməlidir. Düşdüyü hər mühitdə ən azından özünü az da olsa ifadə edə bilməsi üçün hərtərəfli bilgiyə sahib olmalıdır. Bunun üçün isə daima mütaliə etməlidir. Daima öz üzərində insan çalışmalıdır. "Bir onu bilirəm ki, mən heç bilmirəm" düşüncəsi ilə hər gün bir az daha çox oxumalıdır.

Fuad Hüseynzadə

Palitra.-2015.-19 avqust.-S.11.