“Hər təhsil müəssisəsində elmi görüşlər, təbliğatlar, seminarlar olarsa, gənclərdə elmə sevgi aşılamış olarıq”

 

Səltənət Ağayeva: “Elmi işlərimi davam etdirmək əsas fəaliyyət planıma aiddir

 

Layihə çərçivəsində müxtəlif elm sahələrinə aid tədqiqatçıların müsahibələri, fikir və mövqelərini dərc etmişik. O cümlədən dəqiq və texniki elmi istiqamətlərə aid elmi tədqiqatçıların da müsahibələrinə bu baxımdan geniş yer verilib. Bu dəfə isə müsahibimiz Bakı Sənaye-Pedaqoji Kollecinin müəllimi, biologiya uzrə fəlsəfə doktoru Səltənət Ağayevadır.

-Öncə özünüzü təqdim edərdiniz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

-              Mən - Ağayeva Səltənət Ərşad qızı Qubadlı rayonunda anadan olmuş, 1978-88-ci illərdə Nadir Ərşadoğlu adına Dondarlı kənd orta məktəbini, 1989-94-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsini bitirmişəm. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun aspiranturasına daxil oldum və “Beyin strukturlarında monoaminergik sistemin aktivliyinə elektromaqnit dalğaların təsiri “ mövzusunda olan dissertasiya işim təsdiq olundu. 2012-ci ildə mudafiə edərək biologiya uzrə fəlsəfə doktoru adına layiq görüldüm. Müxtəlif beynəlxalq, yerli konfranslarda, elmi seminarlarda iştirak etmiş, elmi fəaliyyətimlə bağlı çıxışlarım olmuş , iyirmiyədək elmi əsərlərim yerlixarici mətbuatda nəşr edilmişdir. Elmi fəaliyyətimlə yanaşı, Bakı Sənaye-Pedaqoji Kollecində “İnsan fiziologiyası” və “Tibbi biliklərin əsasları” fənnini tədris edirəm.

-Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?

-Elmi tədqiqat işlərimi AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “Təlimin neyrofiziologiyası” laboratoriyasında elmi rəhbərim, b.e.d., prof. Zakir Məmmədovun rəhbərliyi altında aparmışam. Belə ki, dissertasiya işim elmi istiqamətin ən aktual və həll olunmamış problemi olan elektromaqnit şüalanmanın canlı orqanizmlərə, xüsusilə mərkəzi sinir sisteminə, davranış, təlim və yaddaş proseslərinə təsirini öyrənmək olub. Tədqiqatlarımı siçovullar üzərində laboratoriya şəraitində apardım və bu tədqiqatlar eksperimental xarakter daşımış və 4 il müddətində həyata keçirilib. Tədqiqatların nəticəsi kimi şüalanmanın orqanizmdə törətdiyi fəsadlar, yaddaş və davranış pozğunluqlarının yaranması halları qeyd edilib. Bu problem ixtisasından asılı olmayaraq hər bir vətəndaşın diqqət və maraq dairəsindədir, çünki texniki-məişət cihazları dövrümüzün qaçılmaz faktorlarından biridir.

-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- Maraqlı sualdır. Onu qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən gənc dövlətdir və dövlətimiz elmin inkişafına çox ciddi diqqət və qayğı göstərir. Bunun sayəsində xarici dövlətlərin elmi istiqamətləri ilə çox oxşar cəhətlər var. Xüsusən, apardığımız tədqiqat işinin hələ də həll olunmamış sualları olduğunu nəzərə alaraq, bizim aldığımız nəticələr beynəlxalq əhəmiyyət daşıyır. Fərqli cəhət isə deyə bilərəm ki, laboratoriyaların müasir təchizatı hələ də başa çatmayıb, köhnə cihazlardan istifadə edirik. Bu istiqamətdə işlər aparılsa da, bir çox xarici dövlətlərdə ən yeni üsullar və avadanlıqlardan istifadə etməklə elmi işlərin aparıldığı məlumdur. Bu çətinliklərə baxmayaraq, əldə edilmiş nəticələr eynilik təşkil edirheçxarici alimlərin işlərindən geri qalmır.

-Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Çox sadə izahı var. Yuxarıda qeyd etdiyim kimi, elmi istiqamətimiz ən aktual problemi əhatə edir və alınan nəticələr də Azərbaycanın müxtəlif elm sahələrinə (məsələn, tibb, biologiya, ekologiyas.) uğurla tətbiq oluna bilər. Elektromaqnit şüalanma təkcə Azərbaycan üçün yox, qlobal, dünyəvi bir problem olaraq qalır.

-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- İlk növbədə əhalinin bu istiqamətdə maarifləndirmə səviyyəsinin artırılmasına çox böyük ehtiyac var. Elektromaqnit şüalanması haqqında, elektromaqnit mənbələri və onların canlı orqanizmlərə, ekologiyaya, ümumiyyətlə, təbiətə mənfi təsiri barədə çox geniş məlumatların, informasiya çarxlarının verilməsinə hər zaman ehtiyac var. Xüsusilə qeyd etmık istəyirəm ki, elmi fəaliyyətimlə yanaşı, təhsil sahəsində işlədiyim üçün ilk öncə qarşımdakı hər bir tələbəyə bu barədə məlumat vermək imkanım var. Çalışıram ki, apardığım tədqiqat xalqımın sağlam gələcəyinə yardım etmiş olsun. Bəzən belə təbliğat gənclərin elmə marağını artıraraq onların elmi istiqamət seçməsinə şərait yaradır.

-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi elmin və təhsilin inkişafı ilə bağlı hansı fikir və təklifləriniz ola bilər?

- Elmin inkişafı üçün ən əsas addım bunun məktəb dövrlərindən təbliğ edilməsi və gənclərin elmə marağının artırılmasıdır. Düzdür, alimlərin maddi vəziyyətinin yaxşılaşdırılması ən əsas amillərdən biridir, bu zaman elm arxasınca gedən gənclərimizin sayı da artacaq. Elm və texnikanın müasir inkişaf səviyyəsi, elmdə inteqrasiyanın inkişafı təhsilin həm məzmununu, həm də onun öyrədilmə metodlarını təkmilləşdirməyi öyrədir. Buna misal olaraq, elə bu yaxınlarda Təhsil Nazirliyilə kollecimizin birgə təşkil etdiyi “Gənclərin dünyagörüşünün formalaşmasında elmi inteqrasiyanın rolumövzusunda konfrans buna sübut kimi göstərilə bilər. Bu elmi konfransda gənclərin elmə marağının təkmilləşdirilməsi, dünyagörüşlərinin formalaşması üçün görülə biləcək işlər haqqında geniş müzakirə və çıxışlar oldu. Hesab edirəm ki, hər bir təhsil müəssisəsində bu tip elmi görüşlər, təbliğatlar, seminarlar olarsa, gənclərdə elmə sevgini aşılamış olarıq.

-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Ən əsas tövsiyəm odur ki, xarici ölkələrə nə üçün getdiklərini unutmadan, mükəmməl təhsil alsınlar, elmi bazalarını təkmilləşdirsinlər, vətənə geri qayıdıb öz bilik və bacarıqları ilə Azərbaycan elminin inkişafına kömək etsinlər. Bu cür elmi mübadilə Azərbaycan elminin daha yüksək səviyyələrə çatdırılmasına kömək edəcək.

-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Mümkün olan qədər bir müəllim kimi gənclərin elmə marağının artırılması, maariflənmə işlərinə davam etmək, onların savadlı və dünyagörüşlü olması üçün bütün elmi və şəxsi səylərimi davam etdirmək əsas məqsədimdir. Bundan əlavə, elmi işlərimi davam etdirmək əsas fəaliyyət planıma aiddir. Elmi seminarkonfranslarda fəal iştirak etmək, məqalə və tezislərin çap etdirilməsi, xarici elmi bazalarda elmi mübadilələr və s. gələcək planlarımın bir hissəsidir.

 

İlkin AĞAYEV

Palitra.-2015.-20 avqust.-S.11.