“Gənclər siyasəti gənclərin ictimai-siyasi həyatdakı fəallığını yüksəldib”

 

Vüqar Nuriyev: “Sağlam düşüncəli gənclər cəmiyyətin gələcək vitrini və elitasını təşkil edəcək dəyərli insan kapitalıdır”

 

Son illər Azərbaycan gəncləri ictimai fəallıqları ilə də diqqəti cəlb edirlər. Ölkədə keçirilən yerli və beynəlxalq tədbirlərdə biz gənclərin bu aktivliyini görürük. Artıq gənclərimiz üçün bu fəaliyyət bir vətəndaşlıq borcuna çevrilib. Elə Vətənpərvər Gənclər Klubu İdarə heyətinin üzvü Vüqar Nuriyevbu düşüncədədir. Vüqar Nuriyev qəzetimizə müsahibəsində bu mövzuda öz fikirlərini bölüşdü.

-Dövlətin gənclər siyasəti nə dərəcədə öz effektini verir?

-Sağlam düşüncəli gənclər - cəmiyyətin gələcək vitrini və elitasını təşkil edəcək dəyərli insan kapitalıdır. “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən ölkə rəhbəri hər bir vətəndaşa verdiyi önəm və yüksək dəyəri bir daha ifadə etmişdir. Cənab Prezidentin Azərbaycan gənclərinə xüsusi diqqəti onların cəmiyyətdəki yeri, mövqeyistatusunu daha da möhkəmlədir. Həmçinin gənclərdə yeni stimulların, sağlam düşüncə və keyfiyyətlərin yaranmasına təkan verir. Son illər dövlət strukturları və idarəçilikdə gənclərə yer verilməsi onlara yüksək etimadın göstəricisidir. Tapşırıqlara məsuliyyətlə yanaşmaları yaxın gələcəkdə gənclərin mühüm sferalarda daha geniş yer tutacağını şərtləndirir. Həmçinin onların cəmiyyətdəki nüfuzunu daha da yüksəldir. Dövlətçiliyə sədaqətli xidmət yönündə yetişən bugünkü gənclərimizlə öyünə bilərik. Özünü sağlam düşüncəli cəmiyyət üzvü kimi təsdiq edən gənclərin daha böyük uğurlar qazanacağı şübhəsizdir. Bütün bu nailiyyətlər düşünülmüş gənclər siyasətinin uğuru, bəhrəsidir. Bu gün hər birimiz bu siyasətin formalaşdırdığı gəncliklə öyünüb, fəxr edə bilərik.

-Gənclərimiz şəxsi keyfiyyətlərini üzə çıxara bilirlərmi?

-Müasir gəncliyin cəmiyyətin müxtəlif sferalarında qabaqcıl yer tutmasında onların şəxsi keyfiyyətlərinin də mühüm rolu vardır. Bugünkü gənclər elm, təhsil, biliklərin və yeni nəsil texnologiyaların qazanılmasına daha çox üstünlük verir. Bu onu göstərir ki, gənclər müasirlik etalonu və meyarlarını cəmiyyətin xeyrinə dəyişdirməkdədir. Bu, sevindirici haldır və yeni insan modelinin formalaşması istiqamətində cəmiyyətin uğurudur. Bu gün ictimai-siyasi, mədəni və sosial həyatda gənclərin aktivliyi kifayət qədər yüksəkdir. Proqram və layihələrin reallaşmasında gənclərin zəhməti, təşəbbüs və fəaliyyəti danılmazdır.

-Xaricdə təhsil alan gənclərimiz nə dərəcədə vətənpərvərdirlər?

-Xaricdə təhsil alan hər bir Azərbaycan gənci öz dövlətini və xalqını təmsil etdiyini bilir. Bu məsuliyyətin nə qədər şərəfli olduğunu dərk edir. Onlar təhsil və biliklər əldə etməklə yanaşı, ölkəmizi layiqincə təmsil etməkdədir. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işində vətənpərvər Azərbaycan gənclərinin mühüm rolu vardır. Xalqımızın qədim tarixi və ənənələri, zəngin mədəniyyəti, incəsənəti və ədəbiyyatı vardır. Bütün bunların daha geniş sferada təbliği üçün xaricdə təhsil alan gənclərimiz müxtəlif layihələr həyata keçirirlər. Bu addımlar təqdirəlayiqdir və alqışlanmalıdır. Belə tədbirlər, əsasən, gənclərin öz təşəbbüsləri sayəsində reallaşır. Hansı ölkədə təhsil alması və yaşamasından asılı olmayaraq, gənclərimizin vətənpərvər fəaliyyəti fərəh və qürurverici haldır.

-Cəmiyyətin inkişafında gənclərin rolu nədən ibarətdir?

-Gənclər davamlı yaradıcı mövqe sərgiləməklə cəmiyyətdəki nüfuzunu xeyli yüksəldib. Sağlam düşüncə, fikirideyalar müstəvisində onların fərqli yanaşmaları vardır. Bütün müzakirə və dəyirmi masalarda gənclər tutarlı fikirlər səsləndirirlər. Bu onların intellektual səviyyəsinin göstəricisidir. Müasir gənclər problemlərə tam fərqli prizmadan yanaşırlar. Onlar məsələnin mahiyyətini araşdırmaqla düzgün həll yolları müəyyən edirlər. Səbəb və nəticələri analiz etmək üsullarını mənimsəməklə gənclər bir addım qabaqdadır.

-Gənclərimizin ictimai fəallığı hansı səviyyədədir?

-Bu gün cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatındakı dönüş və inkişafı gənclərin rolu olmadan təsəvvür etmək mümkün deyil. Müasir gənclərin fəallığı cəmiyyətin bütün sferalarında yüksələn xətt üzrə müşahidə olunmaqdadır. Bu inkişaf fazası 20 il öncə ümummilli liderin təyin etdiyi kurs üzrə formalaşıb, son 10 ildə daha geniş miqyasda vüsət alıb. Sosial-mədəni, elm-təhsil, milli-mənəvi, ekolojis. mövzularda layihələrin reallaşmasında gənclərin rolu hamıya bəllidir. Yüksək məsuliyyət və bacarıq göstərən gənclər daha geniş miqyasda diqqəti cəlb edirlər. Lakin düşünülmüş gənclər siyasəti son illər gənclərin ictimai-siyasi həyatdakı fəallığını yüksəldib. Biz buna ölkədə keçirilən seçkilərdə də dəfələrlə şahid olmuşuq. Ümumiyyətlə, gənclərimiz ölkənin böyük ictimai-siyasi tədbirlərində ciddi vətəndaşlıq mövqeyi sərgiləyirlər.

-Gənclər dövlətin onlara olan etimadını doğrulda bilirmi?

-Məsuliyyət hissi insan xarakterindəki ən mühüm cəhətdir. Bu keyfiyyətin ailədə təhsil müəssisələrində əvvəlcədən aşılanması daha effektivdir. Sonrakı dövrdə bu keyfiyyətin fərdi şəkildə formalaşması çətindir. Bu gün gənclər onlara verilən tapşırıqlara kifayət qədər yüksək məsuliyyət hissi ilə yanaşır. Səmərəli keyfiyyətli nəticə - tapşırığa məsuliyyətli yanaşmanın bəhrəsidir. Məsuliyyət hissi yüksək olan gənclər onlara olan etimadı hər zaman doğruldacaq, zəhmət düzgün prinsiplər sayəsində daha böyük uğurlara imza atacaqdır.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-20 avqust.-S.4.