700 bal toplayan Arzu Həsənli: “Ağlımda ancaq BANM olubheç vaxt alternativini düşünməmişəm”

 

Magistr təhsilimdən sonra isə SOCAR-da işləməyi planlaşdırıram”

 

Ölkədə mütəxəssis hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. 2014-2015-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. TQDK-nın məlumatına görə, ötən il ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etmişdi ki, onlardan 6,01 faizi 500-700 bal toplamışdı. Ümumiyyətlə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdi. Cari ildə də ali məktəblərə qəbul imtahanı TQDK tərəfindən uğurla həyata keçirildi. Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edir. 28900 abituriyent Azərbaycan bölməsi üzrə, 3376 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb. Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə 7, 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veribmaksimum nəticə göstərərək 700 bal toplayıb.

2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə – 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb.

 

Layihə çərçivəsində növbəti müsahibimiz 700 bal toplayaraq tələbə adının qazananixtisas seçimində Bakı Ali Neft Məktəbini seçən Arzu Həsənlidir:

Həsənli Arzu Ədalət qızı 1999-cu il, aprel ayının 2-də Bərdə şəhərində anadan olub. 2004-cü ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin 1-ci sinifinə daxil olub və 2015-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə hər il Fəxri Fərmanla təltif olunub. Ölkədə keçirilən ictimai tədbirlərdə hər zaman fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışmalarında iştirak edərək, təhsil aldığı məktəbi layiqincə təmsil edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.

-700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Atalar deyib ki, “işləməyən dişləməz”. Məncə 700 balı toplamaq üçün xüsusi bir istedada sahib olmaq mütləq deyil, sadəcə gündəlik dərslərə mütəmadi olaraq hazırlaşmaq, müəllimlərə diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtında yerinə yetirmək lazımdır. Mən də belə etdim, məktəbə getdiyim ilk gündən etibarən dərslərimə məsuliyyətlə yanaşdım, yuxarı siniflərə keçdikcə isə qarşıma daha böyük bir məqsəd qoydum: universitetə ən yüksək balla daxil olmalıyam və məqsədimə nail olmaq üçün də əlimdən gələni etməliyəm. Onu da qeyd edim ki, mənim heç vaxt boş vaxtım olmayıb, çünki bütün fikirlərimi dərslərimə cəmləmişdim. İstirahət vaxtımı isə ancaq qidalanmağayuxumu almağa çatdırırdım. Hazırlıq müddətində televizora baxmaqdanbaşqa əlavə işlər ilə məşğul olmaqdan tamamilə imtina etmişdim. Qəbul imtahanından əvvəl keçirilən sınaqların hamısında iştirak etmişdim. TQDK sınaqlarında ən yüksək balım 670 olmuşdu. İştirak etdiyim sınaqların mənə xeyli köməyi oldu. Belə ki, hər sınaqda çətinliyim olan mövzular aşkara çıxdıqca həmin mövzuların üzərində daha çox çalışırdım. Şükür ki, çəkdiyim əziyyət hədər getmədi. Mənə göstərilən bütün etimadları və öz güvənimi 700 ballıq nəticə əldə etməklə doğrultdum.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonraki xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı çox yüksək səviyyədə keçdi. İmtahan zamanı nəzarətin güclü olması məni tam qane etmişdi. Doğrusu, imtahandan öncə çox həyəcanlı idim. Özümə inansam da, müəyyən qədər tərəddüd, həyəcan var idi. Sual kitabçasını aldıqdan sonra ilk öncə asan suallardan başladım ki, həyəcanım az da olsa keçsin və məncə, bunun çox köməyi oldu. İmtahandan sonra isə sualların hamısını düzgün cavablandırdığıma əmin oldum. Ancaq biləndə ki, 700 bal toplamışam, o zamankı keçirdiyim sevinc hisslərimi sözlə ifadə etmək mümkün deyildi. Sevincimi ilk olaraq ailəmlə daha sonra isə müəllimlərim və başqa yaxınlarımla bölüşdüm. Onlar da, mənim bu uğuruma ürəkdən sevindilər və mənə görə fəxr hissi keçirdiyini dedilər.

-Niyə məhz bu ixtisası və BANM-i seçdin? Bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Bilirdim ki, BANM-ə qəbul olmaq üçün yüksək bal toplamalıyam və bunun üçün var gücümlə çalışırdım. Həm də ölkəmizdə neft-qaz sənayesi ən inkişaf edən sahələrdən biri olduğuna görə, yüksək ixtisaslı mühəndislərə tələbatın çox olduğunu düşünüb “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçməyə qərar verdim. Həmçinin, bu ixtisas üzrə az sayda olan peşəkar mütəxəssislərdən biri olaraq seçilmək istəyirəm. Niyə məhz bu ali məktəb sualına gəldik də isə, deyə bilərəm ki, BANM-dəki yüksək keyfiyyətli , ingilisdilli, ödənişsiz təhsilin olması, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar və şərait, gələcəkdə tələbələrin işlə təmin edilməsi, nüfuzlu və peşəkar müəllimlər tərəfindən dərslərin keçirilməsi, bir sözlə hər bir cəhətdən digər ali məktəblərdən lider mövqeyi ilə seçilməsi məni bura cəlb etdi. Ağlımda ancaq BANM olubheç vaxt alternativini düşünməmişəm. Belə ki, qəbulda 15 ixtisas kodu verilsə də, mən əminliklə ancaq 1 ixtisas kodunu yazdım, çünki BANM-ə qəbul olub və beynəlxalq səviyyəli mühəndis kimi yetişmək mənim əsas hədəfimdir.

- Ən böyük arzun nədir?

- Ən böyük arzum 700 bal toplayaraq BANM-ə qəbul olmaq idişükür ki, bu arzuma çatdım. İndi isə arzum ali təhsilimi BANM-də fərqlənmə ilə bitirib gələcəkdə peşəkar mühəndis olmaq və vətənim üçün çalışmaqdır.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- BANM-in tələbəsi olmaq artıq gələcəyimin parlaq olacağından xəbər verir. Belə ki, niyyətim bu Ali Məktəbi fərqlənmə ilə bitirdikdən sonra magistratura üzrə təhsilimi xaricdə davam etməkdir. Magistr təhsilimdən sonra isə SOCAR-da işləməyi planlaşdırıram. Bunun üçün də yenə səylə çalışacağam ki, digər arzularıma da çatım.

 

Nigar Abdullayeva

Palitra.-2015.-26 avqust.-S.11.