Müəllimlər nə təklif edir?
Bu il müəllimlərin işə
qəbulu üzrə test imtahanları
aparıldı. Müsabiqəyə ölkə üzrə
3461 vakant yer
çıxarılmışdı. Müəllimlərin
işə qəbulu üzrə test
imtahanı mərhələsində 18573 nəfər iştirak etdi, onlardan 2212 nəfər yüksək nəticə
göstərərək vakant yer tutmaq hüququ qazandı və
müsahibəyə dəvət olundu.
Müsahibənin nəticələrinə əsasən 1892 nəfərin
işə qəbul olunmasına razılıq verildi.
Keçid balı toplayaraq
seçdiyi vakant yerlərə
işə qəbul oluna bilməyən
namizədlər əlavə yerləşdirmədə iştirak ediblər. Qeyd edək ki,
müəllimlərin işə qəbulu üzrə ərizələr
elektron şəkildə verilir
və bu il daha müsbət bir hal o oldu
ki, vakant yerləri
seçən şəxslər seçəcəkləri vakansiya barədə ətraflı məlumatla
təmin olunaraq məktəbin hansı rayon ərazisində yerləşdiyini, şəhər
mərkəzindən nə qədər uzaqda
oldugunu aydın şəkildə görə
bildilər.
Ölkəmizdə təhsilə olan diqqət, inkişafa doğru atılan addımlar təqdirəlayiq haldır. Amma bu prosesdə müəyyən dəyişikliklər olsa, daha yaxşı olar. Bu il imtahanda iştirak edən müəllimlər və məktəblərdə fəaliyyət göstərən direktorlar arasında sorğu keçirildi və sorguya əsasən edilən bəzi təklifləri nəzərinizə çatdirmaq istərdik. Fuad Fərhadoğlu adına 230 saylı orta məktəbin direktoru Elşən Qafarov bildirir ki, müəllimlik elə bir sənətdir ki, bu sənətə yiyələnmək istəyən insanlarda bilik və savaddan əlavə mütləq şəxsi yaradıcılıq qabiliyyəti olmalıdır: “Müəllim olmaq istəyənlərin psixoloji durumu, onların dünya görüşü, müəllim olmağa nə dərəcədə hazir olması müxtəlif kommunikativ suallarla yoxlanılmalıdır, bunun üçün də bir mərhələ təşkil olunmalı və daha sonra qərar verilməlidir. Bu məsələlərlə bağlı pedaqoji kollektivin mövqeyini dinləmək daha doğru olar”.
“Birinci
turda qəbul olunub seçdiyi məktəbdən imtina
edənlərə bir və ya bir neçə il imtahanda iştirak
etmək məhdudiyyəti qoyulmalıdır”
121 saylı tam orta məktəbin müəllimi Gülər Hüseynova təklif edir ki, imtahanda seçdiyi məktəbə qəbul olunub getməyənlərə və eyni zamanda birinci turda qəbul olunub seçdiyi məktəbdən imtina edənlərə bir və ya bir neçə il imtahanda iştirak etmək məhdudiyyəti qoyulsun: “Məncə, bu cür halların yaşanmaması üçün bir tədbir görülərsə, imtahan qaydalarına olan məsuliyyət hissi daha da artar, heç kim qəbul olunub getməyəcəyi vakansiyanı seçməz. Bəzən bir bala görə istədiyimiz yerdən məhrum oluruq və sonra araşdırarkən görürük ki,1 bal artıq yığan şəxs həmin məktəbdən hər hansı bir səbəbdən imtina edib və ona görə digər şəxslər ilk turda heç bir uğur əldə edə bilməyərək işsiz qalıb. Belə hallar çox olur. Bu il ibtidai sinif müəllimlərinin imtahanı bir neçə gün davam etdi və sualların müxtəlifliliyinin nəzərə alınması daha məqsədəuyğun olardı. Elə suallar var idi ki, hər gün təkrarlanırdı və suallar sosial şəbəkələrdə paylaşılırdı. Əsasən məntiq və kurikulumdan suallar təkrar salınırdı. Əlbəttə ki, bunun qarşısını almağın tək yolu müxtəlif variantların olmasıdır. İmtahandan sonra imtahandan əldə etdiyimiz nəticə tam aydın şəkildə şəxsi səhifəmizdə yer almalıdır, biz səhvlərimizi görməliyik. İmtahan bitir və yalnız topladığımız balı, səhv və düz cavabların sayını görürük, hansı testdə səhv etdiyimizi bilmirik. Və onu da qeyd etmək istərdim ki, sualların çətinlik dərəcəsi yüksək olduğuna görə test imtahanında müəyyən olunmuş zaman müddəti bir çox iştirakçı üçün yetərli olmadı və bunun nəticəsidir ki,18573 nəfərdən cəmi 2212 nəfər ilk turdan uğurla keçdi, bu çox aşağı göstəricidir”. Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbinin müəllimi Müşfiq Nağıyev də təklif edir ki, qəbul olunub imtina edənlərə növbəti ildə imtahanda iştirak etmək hüququ verilməsin, ən azı bir il iştirak etmək hüququndan məhrum edilsin, belə olsa kəndlərdə müəllim çatışmazlığı aradan qalxar: “Növbəti narazılığım ondan ibarətdir ki, Bakı və Sumqayıtda vakant yerlər çox azdır, Sumqayıtda demək olar ki, vakansiya çıxarılmır, araşdırılsa çox məmnun olaram”. Siyəzən rayonu Yanıgələz ümumi orta məktəbin müəllimi Mənsurə İsmayılova imtahan sistemindən narazı olmadığını qeyd edib: “Ancaq istərdim ki, imtahan nəticələri bizə göstərilsin ki, nəyi səhv, nəyi düz yazdığımızı bilək. Bu cür imtahan daha obyektiv olar. Qəbul olunduğu vakansiyadan imtina edənlərə qarşı tədbir görülsə çox yaxşı olar. Eləcə də birinci turda qəbul olanlar qəbul olunduğu yerdən imtina edərsə, ikinci tura da buraxılmasın. Gəncə şəhəri üzrə Azərbaycan dili və ədəbiyyatdan cəmi bir vakansiya oldu, vakansiya çox olsa yüksək bal toplayaraq işsiz qalanların sayı az olar.
“Bölgə məktəblərinin
80 faizində ixtisaslı musiqi müəllimi
yoxdur, məktəblərdə olan musiqi dərsləri
qeyri-fənn müəllimləri tərəfindən keçirilir”
Ucar rayonu Yuxarı Silyan kənd tam orta məktəbin müəllimi Eşqin Axundlu hesab edir ki, imtahanla işə qəbul olub, amma sonradan həmin yerdən imtina edən müəllimlərə müəyyən bir müddət ərzində müsabiqədə iştirak etmək məhdudiyyəti qoyulmalıdır: “Bundan əlavə bölgələr üzrə vakansiyalar azlıq təşkil edir. Elə fənn saatları var ki, verilmir. Məsələn, bölgə məktəblərinin 80 faizində ixtisaslı musiqi müəllimi yoxdur, məktəblərdə olan musiqi dərsləri qeyri-fənn müəllimləri tərəfindən keçirilir. Səbəb isə odur ki, musiqi fənninin dərs saatı azdır. Ona görə vakant yer kimi vermirlər. Təklif edərdim ki, musiqi fənninin dərs saatı qaldırılsın və ixtisaslı müəllimlərə verilsin. Musiqi, şagirdlərin estetik tərbiyəsində, Azərbaycan mədəniyyətinin tanınmasında mühüm rola malikdir. Məncə, bu fənnə diqqət yetirilsə daha yaxşi olar”.
“Təhsil Nazirliyi imtahandan əvvəl
müəllimlər üçün
ödənişsiz kurikulum və məntiq
kursları təşkil etsə, yaxşı olar”
Biologiya müəllimi Elmira Osmanlı bildirir ki, bu fənn üzrə Baki şəhərində cəmi 8 yer var idi: “Nə üçün vakansiyalar bu qədər azdır? Müəllim çox maaş almaq üçün çox dərs saatı götürür və sonuncu dərslərə yorğun halda daxil olur. Ancaq maaş yüksək olsa və dərs saatı limiti də olsa, həm bizim kimi gənclərə vakant yer açılar, həm də dərs daha effektli olar. Fikrimcə, Təhsil Nazirliyi imtahandan əvvəl müəllimlər üçün ödənişsiz kurikulum və məntiq kursları təşkil etsə, yaxşı olar. Əsasən daha əvvəlki illərdə institutu bitirənlərə kurikulum və məntiq tədris olunmayıb və bu, bizim gunahımız deyil. Tədris olunmayan fənlər üzrə testlər salınır və ixtisası nə qədər mükəmməl bilsək də, bu fənlərə görə imtahandan keçmirik. Son təklifim bu olardı ki, seçdiyi məktəbə qəbul olunub daha sonra imtina edənlərdən əsaslı səbəbləri olmayanlara qarşı tədbir görülməlidir”. Kürdəmir rayonu Mollakənd tam orta məktəbin müəllimi Araz Vəliyev hesab edir ki, imtahandan keçən və ucqar rayonlara qəbul olan müəllimlər üçün nəzərdə tutulan əlavə müavinət əvvəlcədən verilməlidir ki, müəllim gedib özü üçün rayonda şərait qura bilsin. Əlavə müavinət gec verilir, təxminən noyabr və ya dekabr aylarında. Maaş isə oktyabrda verilir. Bəs, yeni müəllim o zamana kimi nə ilə dolanib özünə şərait qursun? Mənim öz hesabıma şərait qurmağa imkanım yoxdur. Maddi yardım öncədən ödənilsə rahatlıqla gedib özümə şərait quraram. Məncə, bunlar nəzərə alınmalıdır. İmtahanda bilmirik ki, hansı sualı səhv, hansı sualı düz yazmışıq. Bunu da nəzərə alsalar çox sevinərəm”. İngilis dili müəllimi Natavan Haqverdiyeva müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanların qəbul imtahanları səviyyəsində keçirilməsini istəyir: “Nə üçün ingilis dili müəllimlərinə Bakı və Sumqayıt şəhərlərində vakansiya verilmir? Necə olur ki yüzlərlə məktəbdə bir yer də olsun ingilis dili üçün vakansiya yoxdur? İmtahandan sonra bilmirəm ki, hansı sualı düz, hansı sualı səhv cavablandırmışam. İxtisasımı bu qədər gözəl bilməyimə baxmayaraq, Bakı şəhərində yaşaya-yaşaya bir vakant yer tapmıram ki, yazım qəbul olunum. Xahiş edirəm imtahandan öncə vakant yerlər daha dəqiq araşdırılsın”.
“Yerdəyişmə
imtahanı ilə işə qəbul imtahanı eyni vaxtda təşkil
olunmalıdır”
Texnologiya fənni üzrə müəllim Səma Əkbərova
bildirir ki, hər il minlərlə insan
müəllimliyi bitirərək diplom
alır, amma vakant yer çox azdır. İbtidai sinif müəllimi
Samirə İsmayılova hesab edir ki, qəbul olunduğu vakansiyadan imtina edən imtahan
iştirakçıları ikinci turda və ya gələn
il imtahana
buraxılmamalıdır: “Bu məsələyə
məsuliyyətlə yanaşılmalıdır. İmtina edilmiş məktəbə
başqa bir insan ilk turda
qəbul olunub işlə təmin oluna bilərdi”. Azərbaycan dili
və ədəbiyyat müəllimi Günel
Məmmədova təklif edir ki, yerdəyişmə imtahanı ilə
işə qəbul imtahanı eyni vaxtda təşkil olunsa daha yaxşı olar: “Məni narahat edən səbəb
odur ki, gələn il yenə Sumqayıta bir vakansiya olar, o da yerdəyişmə
imtahanında qazanılar. 52 balla yerdəyişmə
imtahanında Bakı məktəbinə qəbul olmuşdular, mən isə 53 balla
işə qəbul imtahanında Bakı və Sumqayıt
şəhərində yerləşən məktəblərə
qəbul ola bilmədim. 53 balla
yenə işsiz qaldım”.
Anar Miriyev
Palitra.-2015.-27 avqust.-S.11.