Yunanlara Azərbaycan dilini
öyrədən tələbə
-
Sizin Samirə Mirzəliyeva: “Tələbələrimin
qismən də olsa, Azərbaycan dilində danışması
mənim üçün böyük qürur hissi idi”
Xaricdə təhsil
alan azərbaycanlı gənclərin fərqləndirici
cəhəti onların yaşadıqları ölkələrdə
Azərbaycan həqiqətlərinin yayılması işində
daha fəal olmalarıdır. Digər fərqləndirici
məqamsa, onların bir çoxunun
öz sahələri üzrə işləmələridir.
Elə müsahibimiz Samirə Mirzəliyeva
da belə gənclərimizdəndir. O,
artıq 6 ildir ki,
Yunanıstanın Afina şəhərində
həm təhsil alır, həm də işləyir. Qeyd edək ki, Samirə
Mirzəliyeva 1985-ci il Füzuli
rayonunda doğulub.
Yunanıstana getməmişdən əvvəl Bakıda
yaşayıb.
əsas
ixtisasınız nədir?
-Mən 2003-cü ildə Bakı Slavyan Universitetinin Yunan dili - tərcümə
fakültəsinə daxil olmuşam
və 2007 -ci ildə adı gedən universiteti bitirmişəm. Yunan
dilini öyrənmək çox
maraqlı idi. Yunan dili, mədəniyyəti, tarixi,
ədəbiyyatı həmişə məndə maraq yaradıb. Sonra
Yunanıstana getmək qərarına gəldim. Əvvəl 8
aylıq yunan dili
kurslarında iştirak etdim.
Yunanıstanı çox bəyəndim və
yenidən universitet oxumaq
qərarına gəldim. Beləliklə, 2010 -cu
ildən Afina Dövlət Universitetində
Hüquq fakültəsində təhsil
alıram. Bu il məzun
olacam. Əsas ixtisasım yunan-Azərbaycan
və Azərbaycan-yunan dilləri üzrə tərcüməçilikdir.
Məhz bu sahədə işləyirəm.
Artıq 8 ildir tərcümə sahəsində
azdan-çoxdan işlər görürəm.
Yunan dili kimi nadir bir dildə danışa bilmək mənə qürur verir.
Gələcəkdə hüquq sahəsində də işləmək istərdim. Hüquq, əsas da beynəlxalq hüquq mənim üçün çox maraqlıdır.
-Sizdə bu sahəyə maraq haradandır?
-Yunan dili tərcümə
fakültəsinə yunan
miflərinə olan marağımdan daxil oldum. Əslində, ailəm bu
fakültədə oxumağımı
bir elə də istəmirdi. Amma mənə maraqlı gəlirdi. Məhz Yunan dili fakültəsini seçdiyimə
görə çox şadam. Deyə bilərəm ki,
bu dil mənim
gələcək həyatımı
dəyişdi.
Çox maraqlı təhsil dövrü keçirdim. Maraqlı
məlumatlar öyrəndim,
maraqlı insanlarla tanış oldum. Bu dövr
özümü dərk
etməyimdə və
hardasa böyüməyimdə
mənə kömək
oldu. Dostlar qazandım. Dostlar mənim üçün vacibdir.
Hüquq isə mənə həmişə maraqlı
gəlirdi. Artıq kifayət qədər
böyük yaşda Hüquq fakültəsində
oxumaq qərarına gəldim. Bu, mənim üçün vacib addım idi. Hüquq da öz növbəsində çox
maraqlıdır.
- Azərbaycanın
Yunanıstanda təbliği
istiqamətində hansı
işlər görürsüz?
-Mən bu sahədə
Azərbaycan Respublikasının
Yunanıstandakı səfirliyi
ilə əlimdən gələn əməkdaşlıq
edirəm. Səfirlik tez-tez tədbirlər
keçirir. Keçən
il biz Azərbaycan
dili kursları təşkil etdik. Mən bu kurslarda təmənnasız
olaraq yunan tələbələrinə Azərbaycan
dili dərsi keçirdim. Çox maraqlı
idi. Yunan tələbələri Azərbaycan dilini böyük maraqla öyrənirdilər. Tələbələrimin
qismən də olsa Azərbaycan dilində danışması
mənim üçün
böyük qürur hissi idi .
Eyni zamanda bəzi tədbirlər çərçivəsində səfirliyimizə köməklik
edirəm. Səfirliyimizin əməkdaşları ilə
çox yaxşı münasibətimiz var. Onlar
həmişə məni
və Yunanıstanda təhsil alan
bütün azərbaycanlı
tələbələri dəstəkləyirlər
və mən də öz növbəmdə əlimdən
gələni əsirgəmirəm.
Onlarla isti, dost münasibətimiz var. Mənim
üçün səfirliyimiz
və əməkdaşları
böyük əhəmiyyət
daşıyır. Mən Yunanıstanda
təkəm. Onları hardasa
ailəm olaraq görürəm. Biz, yəni, Yunanıstanda yaşayan azərbaycanlılar
digər Avropa ölkələrinə baxanda
çox azlıq təşkil edirik. Bu, bəzən bizim
əleyhimizədir.
-Hazırkı
Yunanıstanın hansı
cəhəti qədim
yunanları xatırladır?
-Tarixi yerlərdə olanda və əgər tarixi bilirsinizsə, qədim yunanların həyatını
göz önündə
canlandırmaq çətin
deyil. Amma əgər Yunanıstana
gəlmək fikriniz varsa bunu qədim
Yunanıstanı unudaraq
etmək lazımdır.
Əks halda, 7 il əvvəl
mənim yaşadığım
kimi, böyük məyusluq yaşayacaqsınız.
Yunanıstan digər, yəni,
mərkəzi və şimalı Avropa ölkələrindən çox
fərqlənir. Yunanıstan daha
çirklidir, daha çox immiqrant var, qanunlar daha
pis işləyir, amma bütün bu mənfi cəhətlərə
baxmayaraq, Yunanıstanda
yaşayıb, onu sevməmək mümkün
deyil. Yunanıstanda insanı ona
bağlayan bir sehr var. Bunu insan yaşayaraq görür.
Bildirmək istərdim ki, yunan xalqı öz tarixi ilə qürur duyur və tarixini
göz bəbəyi kimi qoruyur. Bunu Yunanıstanın
hər yerində görmək olar. Müasir yunanlar ilkin mədəniyyətin əsasını
qoyanların varisləri
olmaqları ilə fəxr edir və bunu hər
fürsətdə vurğulamaqdan
çəkinmirlər. Bu, onların qürur
qaynağıdır. O ki, qaldı müasir yunanların qədim yunanları hansı sahədə xatırlatmalarına, mənim
fikrimcə, heç bir sahədə. Mən 7 il
ərzində bir oxşarlıq görmədim.
Qədim
yunanlar yaratmağı
sevən insanlar olublar. Bunu onların tarixindən
görmək olar.
Müasir yunanlar isə
belə deyillər.
Onlar mənfi mənada avropalılaşıblar.
-Bir çox elmlərin banisi qədim yunan alimləridir. Bəs, müasir Yunanıstanda
elmin inkişafı hansı səviyyədədir.
Yəni yunanlar qədim alim bablarına nə dərəcədə
sadiqdirlər?
-Bəli, bu bir
həqiqətdir ki, yunan alimləri, filosofları, tarixçiləri
dünya irsi üçün böyük
miras qoyublar. Bu mirasdan bütün
dünya istifadə edir. Və gələcəkdə də istifadə etməyə davam edəcək.
İqtisadi böhrana qədər təhsilin vəziyyəti
yaxşı idi. Təbii olaraq
böhran öz əksini təhsil sahəsində də göstərir. Yunanıstanda
orta və ali təhsil
dövlət tərəfindən
mailiyyələşdirilir. Dövlət
eyni zamanda tələbə və şagirdləri gərəkən
dərs ləvazimatları
ilə də təmin edir. Eyni zamanda özəl məktəb və universitetlər də mövcuddur. Yunanlar ali təhsil
almağa meyillidirlər.
Yəni,
universitet diplomu müasir yunanlı üçün çox vacibdir. Hətta bu barədə
lətifə də
var. Demək, müasir
yunanlı, dostu və balaca oğlu ilə gəzməyə gedir.
Yunan ata, oğlundan təyyarəni
göstərərək soruşur:- Bu nədir? Uşaq cavab verir:- Təyyarə.
Kişi dostuna üzünü tutaraq “Belə agıllı uşaq necə universitet diplomu almasın. Oxutduracam”.
Bu sahədə yunanlarla
bir-birimizə oxşayırıq. Şimalı Avropada isə bu belə deyil.
Onlar təhsildən daha çox peşə sahibi olmağa üstünlük verirlər.
-Yunanıstanda istədiyiniz kimi lazımi elmi biliklərə yiyələnə
bilirsizmi?
-Mən universitetimdən və professorlardan çox razıyam. Xarici tələbə olmağıma
baxmayaraq daima onların dəstəyini görürəm. Hesab edirəm
ki, onlar bu çətin dövrdə belə, öz tələbələrindən
heç bir köməyi əsirgəmirlər.
Mən şadam ki, bu ölkədə təhsil alıram. Əlbətdə bəzi çətinliklər
mövcuddur, amma mən aldığım təhsildən razıyam.
-Bu müflis Avropa ölkəsində təhsil almaq və işləmək sizə nə dərəcədə maraqlıdır?
-Yunanıstan, ümumiyyətlə,
maraqlı ölkədir.
Bu ölkədə böhrana baxmayaraq, yaşamaq maraqlıdır.
İqlim,
həyat tərzi, yayda dəniz əvəzedilməzdir. Yunan adaları
insanı valeh edir. Onların gözəlliyi əvəzedilməzdir.
İnsanları isə istiqanlı
və mehribandır.
Mənim
işim ölkəmlə
bağlı olduğuna
görə böhranın
mənim işimə bir təsiri yoxdur. Yəqin bu məni adi yunanlıdan fərqləndirir. Adi
yunanlının sabah böhran səbəbi ilə işini itirmək qorxusu varsa, mənim işim üçün belə bir təhlükə mövcud deyil.
Təhsil sahəsində isə böhranın izlərini görməmək mümkün
deyil. Təəssüf hissi ilə
deyə blərəm ki, böhran təhsil sahəsinə böyük ziyan verir. Əgər bir tələbənin
valideynləri işlərini
itirirsə, ölkənin
çətin vəziyyəti
tələbələrin psixologiyasına
təsir edir. Müəllimlərin maaşı əvvəlki
illərə nisbətdə
azaldılıb.
Ölkədə mövcud olan bu səbəbdən bəzi gənclər Avropanın digər ölkələrinə axışırlar. Amma mən
əminəm ki, yunan xalqı bu çətin günlərin öhdəsindən
gələcək və
öz təhsil səviyyəsini əvvəlki
illərdəki səviyyəyə
qaldıracaq.
Fuad Hüseynzadə
Palitra.-2015.-28 avqust.-S.11.