700 bal toplayan Nihad Abbasov: “Özümü yalnız BANM-də hərtərəfli inkişaf etdirəcəyimə əminəm”

 

“Beynəlxalq səviyyəli mütəxəssis kimi tanınmaq, ölkəmin, təhsil aldığım ali təhsil müəssisənin adını bütün dünyada uca tutmaq ən böyük arzumdur”

 

“Gələcəkdə təhsilimi davam etdirərək ölkəmin neft-qaz sahəsinə öz töhfələrimi vermək və dünyada tanınmış mühəndislərdən biri olmaq istəyirəm. İnanıram ki, 700 bal toplayaraq bu günə kimi qazandığım ən uca zirvəni heç vaxt itirməyəcəm”

 

Ölkədə mütəxəssis hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. 2014-2015-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. TQDK-nın məlumatına görə, ötən il ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etmişdi ki, onlardan 6,01 faizi 500-700 bal toplamışdı. Ümumiyyətlə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdi. Cari ildə də ali məktəblərə qəbul imtahanı TQDK tərəfindən uğurla həyata keçirildi. Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edir. 28900 abituriyent Azərbaycan bölməsi üzrə, 3376 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb. Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə 7, 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veribmaksimum nəticə göstərərək 700 bal toplayıb.

2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə – 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb.

Layihə çərçivəsində növbəti müsahibimiz 700 bal toplayaraq tələbə adının qazananixtisas seçimində Bakı Ali Neft Məktəbini seçən Nihad Abbasovdur:

Abbasov Nihad Natiq oğlu 5 yanvar 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə Qubadlı rayon İsa Məmmədov adına kənd tam orta məktəbində alıb və həmin məktəbi əla qiymətlərlə bitirib. Məktəb illəri ərzində müxtəlif şəhər olimpiadalarında iştirak edərək yüksək yerlər tutub. Eyni zamanda, “İNEPO” beynəlxalq layihə olimpiadasının və “Sabahın Alimləri” müsabiqəsinin iştirakçısı olub. 2015-2016-cı tədris ili üzrə TQDK-nın keçirdiyi qəbul imtahanında maksimal bal sayılan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub.

 

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hər hansı bir rol oynayır?

-700 bal toplamaq üçün abituriyent istedadlı olmaqla yanaşı, həmçinin, öz üzərində çox çalışmalıdır. Məncə heç bir halda şansa güvənmək olmaz. Yüksək nəticə əldə etmək üçün ilk öncə gələcək hədəflər müəyyən olunmalı və əlbəttə ki, bu hədəflər insanın maraq dairəsinə uyğun gəlməlidir. Daha sonra qarşına məqsəd qoymalı, bu yolda əzmlə və səylə çalışmalıdır. Mənim 1-ci ixtisas qrupunu seçməyimə səbəb texniki fənlərə, xüsusən də riyaziyyata olan marağım olub. Bu qrup üzrə ən düzgün seçim olduğuna inandığım Bakı Ali Neft Məktəbinə qəbul olmaq üçün çalışmağa qərar verdim. Öz potensialıma çox güvənirdim, müəllimlərimin və valideynlərimin dəstəyi isə mənim 700 bal toplamaq inamımı daha da artırırdı. Seçdiyim əzmli yolun ilk günündən vaxtımı düzgün bölərək ondan səmərəli şəkildə istifadə etməyə çalışdım. Sınaq imtahanlarında 680-690 bal toplamağım maksimal bal toplayacağıma inamımı daha da artırdı. Sonda isə, məqsədimə çatmaq üçün əlimdən gələni etdimbuna da nail oldum.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaqimtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanından öncə mümkün qədər həyəcanlı olmamağa çalışırdım. İmtahan verəcəyim binaya yaxınlaşdıqda, hiss etdim ki, ürəyim tez-tez çırpınmağa başlayır. Lakin özümü tamamilə toplayıb, imtahan müddətində bütün fikrimi testlər üzərinə yönəltdim. İmtahandan sonra nəticələrimi yoxladıqda və bütün cavablarımın doğru olduğunu gördükdə, sözlə ifadə edə bilmədiyim qeyri-adi hisslər keçirtdim. 700 bal topladığımı ailə üzvlərim, müəllimlərim və yaxınlarım öyrəndikdə sevinclərinin həddi-hüdudu yox idi. Həm qürur hissi keçirir, həm də parlaq gələcək üçün hələ çox çalışmalı olduğumu bilirdim. Ölkədə 700 bal toplayan azsaylı şagirdlərdən biri olmaq qürurverici bir hissdir. Bu da mənə olan etimadları artırır, üzərimə daha çox məsuliyyət və çalışqanlıq düşür. Yenə də, bu etimadları doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin? Bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Yüksək keyfiyyətli ingilis dilli təhsil, xarici əlaqələri, reytinq cədvəlində birinci yerdə olması, tədris prosesində müasir texnologiya imkanlarından maksimal dərəcədə istifadə edilməsi, xaricdə təhsil imkanları kimi BANM-in üstünlükləri mənə buranın ən düzgün seçim olduğunu deməyə əsas verirdi. Bütün bunlar gələcəkdə BANM-in nəinki Azərbaycanda, hətta dünyada tanınan bir təhsil ocağı olacağının göstəricisidir. Bütün bunları nəzərə alaraq, xüsusilə də gələcəkdə tələb olunan beynəlxalq mütəxəssis olmaq üçün çox düşünmədən BANM-i seçdim. Ailə üzvlərim, müəllimlərim də, seçimimdə mənə dəstək oldular və ən doğru seçimi etdiyimi bildirdilər. İxtisas seçimimdə BANM-inNeft-qaz mühəndisliyi” ixtisasını birinci yerdə yazmaqla digər 2 ixtisasını da ardınca yazdım. Seçimim yalnız BANM oldu, çünki özümü ancaq bu Ali Məktəbdə hər tərəfli inkişaf etdirəcəyimə əminəm.

- Ən böyük arzun nədir?

- BANM-də təhsil aldığım müddətdə seçilən tələbələrdən olmaq istəyirəm və bunun üçünçox çalışacağam. Təhsilimi xaricdə davam etdirərək yüksək ixtisaslı, təcrübəli, öz sahəsini mükəmməl bilən bir mühəndis olmaq arzusundayam. Bu, təkcə mənim yox, ailə üzvlərimin də arzusudurbu arzunun reallaşacağına inanıram. Beynəlxalq səviyyəli mütəxəssis kimi tanınmaq, ölkəmin, təhsil aldığım ali təhsil müəssisənin adını bütün dünyada uca tutmaq isə ən böyük arzumdur.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Gələcəkdə təhsilimi davam etdirərək ölkəmin neft-qaz sahəsinə öz töhfələrimi vermək və dünyada tanınmış mühəndislərdən biri olmaq istəyirəm. İnanıram ki, 700 bal toplayaraq bu günə kimi qazandığım ən uca zirvəni heç vaxt itirməyəcəm.

 

Nigar Abdullayeva

Palitra.-2015.-2 sentyabr.-S.11.