“Erkən evliliklərin qarşısını almaq və qızlara təhsil vermək gələcəkdə təhsilli nəsillər deməkdir”

 

Mehriban Nəsibova: “Azərbaycanda qadın və kişi sənətləri ilə bağlı stereotiplər mövcuddur ki, bu, qızlara istədikləri sənət arxasınca getməyə imkan vermir”

 

Azərbaycanda ailə-məişət məsələləri ilə bağlı sosioloji araşdırmalar aktuallıq kəsb edir. Bu mövzuda müsahibimiz sosioloq Mehriban Nəsibovadır.

-Mehriban xanım, zəhmət olmasa, özünüz barədə ətraflı məlumat verərdiniz.

- Mən - Nəsibova Mehriban Tahir qızı Azərbaycanın dağlıq bölgələrindən birində - Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşam. 1994-cü ildə Xəzər Universitetinə daxil olmuşam və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm. 2000-ci ildən ictimai sektorda çalışıram. 2001-ci ildə BMT-nin İnkişaf Proqramının (UNDP) və QHT Forumunun Qəbələ rayonundakı Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində ofis- menecer/tərcüməçi, 2002-ci ildən isə öz yaratdığım “Qəbələ Sağlam Mühit” (QSM) İctimai Birliyinin rəhbəriyəm. Müxtəlif beynəlxalq və yerli QHT-lərlə əməkdaşlıq etmişəm, Avropa ölkələrində müxtəlif konfranslarda, təlimlərdə iştirak etmişəm. Bir çox ölkələrdə beynəlxalq tədbirlərdə, təhsilartırma proqramlarında, o cümlədən, İsveçrə, İspaniya, Amerika və s. ölkələrdə böyük auditoriyalarda çıxışlar edib və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. Bunları uğurlarımdan hesab edirəm. Başqa uğurlarım barədə onu deyə bilərəm ki, ən böyük arzularımdan biri ABŞ-da magistr dərəcəsi əldə etmək olub və bu mənə 2011-ci ilə kimi nəsib olmayıb. Ancaq 2011-ci ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin Sosial idarəetmə fakültəsinə qəbul oldum və 2011-2013-cü illərdə Kolumbiya Universitetində təhsil alıb, magistr dərəcəsinə yiyələnmişəm. 2013-2014-cü illərdə Nyu-Yorkda çalışdım və 2014-cü ilin martında Vətənə döndüm. Vətəndə və vətəndən kənarda olduğum müddətdə Azərbaycanı beynəlxalq arenada tanıtmaq üçün əlimdən gələni etməyə çalışmışam və bacardığım qədər buna nail oldum. Mən gender məsələləri, uşaqların və qadınların zorakılığa məruz qalmasının qarşısının alınması, qızların təhsili və erkən evliliklər sahəsində böyük təcrübə qazanmışam. Sosioloq və gender məsələləri üzrə beynəlxalq ekspert kimi də fəaliyyət göstərirəm. Bir neçə universitetdə dərs demişəm. Bir kitabın, bir neçə hekayə və çoxlu sayda məqalələrin müəllifiyəm.

-Bizdə hazırda sosioloq problemi var. Ümumiyyətlə, bu sahəyə axın sizi qane edirmi?

-Sosiologiya və sosioloqların rolu hazırda bütün dünyada artmaqdadır. Çünki sosiologiya və bu sahənin mütəxəssisləri olan sosioloqlar cəmiyyətdə baş verən prosesləri analiz edən və dəyərləndirən bir sahədir, şəxslərdilər. Cəmiyyətimizi sosioloqlarsız təsvir etmək mümkün deyil. Ancaq təəssüf ki, ölkəmizdə sosioloq problemi var. Çünki bu sahə artıq o qədər də gündəmdə deyil və doğrusunu deyim ki, sosiologiyaya olan maraq, bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi məni qətiyyən qane etmir. Bir neçə nəfəri çıxmaq şərtilə hazırda demək olar ki, ölkəmizdə sosioloq çatışmazlığı var və çox təəssüf ki, bu gün həmin sosioloji məsələləri yerinə yetirmək üçün sosioloq kadrlarımız yox dərəcəsindədir.

-Yaxşı sosioloq olmaq üçün nələr gərəkdir? Məsələn, bu sahəni seçən, bu işin ardı ilə getmək istəyən gənclərimizə hansı məsləhətləriniz olardı?

-Yaxşı sosioloq olmaq üçün bir çox şeylər tələb olunur. Öncə, universitetlərdə bu sahəyə maraq artırılmalıdır, çünki kafedralarda keyfiyyət aşağıdır və tələbələrdə də maraq kifayət qədər deyil. Məsələn, sosioloqların hazırlanması üçün lazımlı bir kitab yazılmalıdır və bu kitab universitetlərdə sosiologiya fənninin tədrisində istifadə edilməlidir. Bundan başqa, xaricdən gətirilmiş xarici və yerli sosioloq-müəllimlərin savadından və təcrübələrindən istifadə etməliyik. Üstəlik, bu məsələdə medianın da gücündən istifadə olunmalıdır. Ölkədə sosioloqların rolu aktivləşdirilməlidir. Çünki hazırda bu sahə çox passivdir. Bundan başqa, bu sahəyə ən yüksək səviyyədə marağı artırmaq lazımdır. Yəni, Azərbaycanda biznes, neft sənayesi, həkimlik, idman sahəsinə nə qədər maraq varsa, onlar qədər sosiologiyaya maraq yaratmaq lazımdır. Bunun üçün sosioloqlara sorğular-araşdırmalar etmək üçün şərait yaradılmalı, araşdırmaçılara lazımi dəyər verilməli və bu ictimaiyyət üçün işiqlandırılmalıdır. Bu sahədə yuxarıda qeyd etdiyim kimi medianın üzərinə də güc düşür. Çünki bu, aktiv sosioloqları cəmiyyətə tanıtmaq onların vəzifəsidir. Qısa olaraq onu da qeyd edim ki, biz bu sahənin elm kimi formalaşması üçün çox işlər görməliyik. Ən ümdəsi isə, tələbələrdə bu sahəyə lazımi marağı yaratmaq lazımdır. Çünki sosiologiya çox önəmli bir sahəyə çevrilib və Azərbaycanda savadlı sosioloqlara ehtiyac yaranıb.

- Sosioloqların hazırlanması və ərsəyə gəlməsinin əhəmiyyətindən söz açdınız. Bu mənada hansısa dəyərli kitablarımız varmı? Məsələn, sizə hansı istiqamətverici əyani vəsaitlər kömək oldu?

- Təəssüflə qeyd etməliyəm ki, bu sahədə lazımi səviyyədə olan kitablarımız yoxdur. Mən təhsilimi ABŞ-da bitirmişəm və bu sahədə ingilis dilində kifayət qədər kitab, məqalə, ümumiyyətlə, ədəbiyyat var. Buna görə də mənim sosiologiya ilə bağlı əyani vəsait baxımından problemim olmayıb. O ki, qaldı bu sahənin bizdə elm kimi formalaşmasına, bir az öncə də qeyd etdiyim kimi, təəssüf ki, sosiologiya bizdə bir elm kimi tam formalaşmayıb. Çünki sovetlər dövründə bu elmə qarşı yaranmış mənfi münasibət, bu sahəyə qarşı cəmiyyətdə kifayət qədər maraq yaratmadı və ya yarada bilmədi və bu münasibət indiyə qədər davam edir.

-Erkən evliliklərlə bağlı problem hələ də qalır. Düzdür, bəzi qanunlarda dəyişikliklərdən sonra bu problemlər azaldı. Amma indiki halda vəziyyəti necə dəyərləndirmək olar? Hansı məsləhətləriniz olardı bununla bağlı?

-Bəli, çox haqlısınız, erkən evliliklər uşaqların, xüsusilə də qız uşaqlarının haqlarının pozulması deməkdir. Təəssüf ki, Azərbaycanın müxtəlif bölgələrində bu cür evliliklərə hələ də rast gəlinir. Bütün bunları nəzərə alaraq qızların təhsil almasını və öz həyatlarına özlərinin qərar verməsini çox önəmli sayıram. Məhz bu məqsədlə dünya ölkələri qarşılarına məqsəd qoyublar ki, 70% ibtidai təhsildə bərabərliyə, 56% isə orta təhsildə bərabərliyə nail olunsun.

Son vaxtlar dünyanı narahat edən qlobal problemlərdən biri də erkən evliliklərdir. Millenium İnkişaf Məqsədlərində qadın hüquqları, qızların təhsili, gender məsələləri, o cümlədən də erkən evliliklər xüsusilə qeyd edilib və onu da qeyd etmək yerinə düşər ki, məlum 8 məqsəddən ilk 6-sı məhz bu məsələlərin həllinə yönəldilib. Bu barədə çox danışılır, çox işlər görülür, ancaq bu, heç də kifayət deyil. Çünki hər il dünyada 15 milyon qızın sağlamlıq, oxumaq və digər hüquqları pozularaq erkən yaşlarında zorla evləndirilir. Əgər bu istiqamətdə bir iş görülməzsə, 2030-cu ildə təxminən 15,4 milyon qız uşaqkən evləndirilmiş olacaq.

Erkən evliliklər bizdə də sosial problemə çevrilib. Bu problem paytaxt və digər böyük şəhərlərə nisbətən dağlıq ərazilərdə daha çox nəzərə çarpır. Hətta müvafiq dövlət qurumları da dəfələrlə bununla bağlı açıqlamalar verərək bəzi tövsiyələrini də veriblər. Düzdür, Azərbaycanda bəzi qanunlarda dəyişikliklərdən sonra bu problemlərdə bir qədər azalma nəzərə çarpdı, ancaq bu kifayət deyil. Çünki, təəssüflər olsun ki, erkən evliliklər yenə də Azərbaycanın dağlıq ərazilərində, xüsusilə, cənub bölgəsində, Bakının və Salyan rayonunun bəzi kəndlərində davam edir. Adıçəkilən və digər rayonlarda qızların təhsil almasında problemlər var. Nə qədər qəribə olsa da bəzi rayonlarda qızlara müəyyən bir yaşdan sonra təhsil almağa icazə verilmir və ya rayon qızlarının təhsil üçün paytaxta gəlməsinə izin verilmir. Ümumiyyətlə, qızların Bakıda və ya xaricdə təhsili ilə bağlı problemlər mövcuddur. “Sən qızsan və sən Bakıda,xaricdə təhsil ala bilməzsən. Əgər sən oğlan olsaydın…” kimi diskriminativ fikirlər hələ də mövcuddur.

Məlumdur ki, 18 yaş altında olan evliliklər, erkən evliliklər və ya uşaq evlilikləri adlanır (Uşaq Hüquqları Konvensiyası, 1989) və inkişaf etməkdə olan ölkələrdə milyonlarla qız 15 yaşından öncə evləndirilirlər. Elə ölkələr də var ki, həmin ölkələrdə qız uşaqları 8 və ya 9 yaşlarında gəlin olurlar.

Azərbaycan qanunverciliyində də bu məsələ ilə bağlı bildirilir ki, istər qız olsun, istərsə də oğlan, erkən yaşda evlilik insan hüquqlarının pozulmasıdır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi). Nə emosional, nə də fiziki cəhətdən ana olmağa hazır olmayan bu uşaq-gəlinlər çox böyük risk qarşısında qalırlar. Çünki onlar hamiləlikdə, dünyaya uşaq gətirəndə, çox böyük ehtimal ki, onlar qanla keçən xəstəliklərə (AIDS) tutulsunlar və ailədaxili zorakılığa məruz qalsınlar. Təhsilə və iqtisadi imkanlara heç bir çıxışları olmayan bu uşaqlar və onların ailələri çox böyük ehtimalla yoxsulluq şəraitində yaşayırlar. YUNİSEF-in ekspertləri isə belə evlilikləri seksual istismar forması sayırlar. Onların fikrincə, erkən yaşda ailə quran yeniyetmələr ailə və dostlardan ayrılır, yaşıdlarla ünsiyyətdə sərbəstliyini itirir, ictimai həyatda iştirakdan kənarda qalır, həmçinin onların təhsil almaq imkanları məhdudlaşır.

Erkən evliliklər bilavasitə Millenium Məqsədlərinin 8-dən 6-na nail olmağa mane olur (Millenum İnkişaf Məqsədləri, 2015). Sadə dildə desək, dünyada uşaq evlilikləri – erkən evliliklər azaldılmayınca qlobal yoxsulluğun azalmasından danışmaq mümkün deyil.

Baxmayaraq ki, oğlanlar da bəzən məcburi erkən evliliklərə məruz qalırlar, ancaq qızlar disproporsional olaraq erkən evliliklərdən zərər çəkir və erkən evliliklərin qurbanı olurlar. 2003-cü ildə 15-19 yaşında evlənmiş qızlar 5-19 yaşında evlənmiş oğlanların sayı – Malidə 72 qıza 1 oğlan, ABŞ-da 8 qıza bir oğlan, El Salvadorda isə 6 qıza 1 oğlan düşürdü. İnsan Hüquqlarının Beynəlxalq Deklarasiyası evliliyə azad və tam razılıq hüququnu tanıdı və Qadınlara Qarşı Bütün Növ Ayrı-Seçkiliyin Aradan Qaldırılması Konvensiyası uşaq evliliklərini qadağan edir.

Uşaq Hüquqları Konvensiyasına (CRC) əsasən, dövlətlər uşaqların və yaşı 18-dən aşağı olan yeniyetmələrin haqq və hüquqlarını qorumağa öhdəlik götürüblər. Ancaq təəssüflər olsun ki, bu dövlətlərin bəziləri götürdükləri öhdəlikləri yerinə yetirmirlər, ya da müəyyən və qeyri-müəyyən səbəblərdən yetirə bilmirlər. Ölkədə evlənmə üçün minimum yaş həmin ölkənin qanunları ilə müəyyən olunsa da, hər bir halda 18 yaşdan tez olan evliliklər erkən evliliklər adlanır.

Son vaxtlar Azərbaycanda da erkən yaşda evlənmələrdən danışılır. Bu da səbəbsiz deyil. Çünki respublikamızın müxtəlif regionlarında erkən yaşda ailə qurma halları azalmır. BMT-nin Əhali Fondunun erkən nikahlarla bağlı yaydığı hesabata görə, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3 faizi təhsilsizdir. Onlardan yalnız 26 faizi ibtidai təhsil alıb. Cəmi 11 faiz qızın orta məktəb və ali təhsili var. Hesabata görə, 2000-2011-ci illərdə ölkədəki nikahların 12,2 faizi yetkinlik yaşına çatmayan qızlarla bağlanıb (Mehdizadə, 2014). Amma erkən evlilikdən danışılanda ancaq qızlardan söz açılır, onların 14-15 yaşlarında ərə verilməsi əleyhinə fikirlər səsləndirilir. Yəqin çoxlarına məlum deyil ki, Azərbaycanda erkən yaşda evləndirilən oğlan uşaqları da var və onlar özlərindən xeyli böyük qızlarla ailə qurmağa məcbur edilirlər.

Hazırda Azərbaycanda evlilik üçün minimum yaş qız və oğlanlar üçün 18-dir. Əgər əvvəllər Ailə qanunvericiliyimizdə nikah yaşı oğlanlar üçün 18, qızlar üçün isə 17 idisə, son illər bu dəyişdirilərək 18 edildi. Ölkə qanunverciliyi ilə erkən evliliklər qadağan olsa da, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda erkən evliliklər baş verir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan 1996-cı il 31 may tarixli 107-IQ nömrəli qanunu ilə Uşaq Hüquqlarının Müdafiəsi Konvensiyasına qoşulub.

Müşahidələrə görə, əgər əvvəllər erkən nikahlara Azərbaycanın daha çox cənub bölgəsində rast gəlinirdisə, indi ölkənin hər yerində bu, az qala, ənənəyə çevrilir. Əslində, bu məsələdən danışılarkən “nikah” sözü işlədilməməlidir. Çünki erkən evlilik zamanı rəsmi cütlük arasında nikah bağlanılmır, ancaq molla kəbini kəsilir.

Erkən yaşlarda doğuşlar ana və uşaqların sağlamlığı üçün də təhlükə yaradır. Azərbaycanın dağlıq ərazilərində vəziyyət daha acınacaqlıdır. Cənub bölgəsində, Bakının və Salyan rayonunun bəzi kəndlərində hələ də qızların təhsilində problemlər var. Qızlara müəyyən bir yaşdan sonra təhsil almağa icazə verilmir. Rayonun bir kəndində qızlar təxminən 4-6-cı siniflərdən başlayaraq təhsildən ayrılır və evdə oturmağa məcbur edilir (şəxsi araşdırmalarımdan, 2010). Bu tip insanlarımızı maarifləndirmək lazımdır ki, valideynlərə təhsilin qızlara heç bir problem yaratmadığını başa salaq. Bundan başqa, illərdir ki, Azərbaycanda qadın və kişi sənətləri ilə bağlı stereotiplər mövcuddur ki, bu, qızlara istədikləri sənət arxasınca getməyə imkan vermir. Bu fikirlərə görə qadın ya müəllim olmalıdır, ya da tibb bacısı. Stereotiplər hələ də davam etməkdədir.

Erkən evliliklərin qarşısının alınması ana və uşaq ölümlərinin qarşısını almaq deməkdir. Bundan başqa, bu da məlumdur ki, erkən evliliklərin, ailədaxili zorakılıqların qarşısını almaq və qızlara təhsil vermək gələcəkdə təhsilli nəsillər deməkdir. Həm də erkən evliliklərin qarşısını almaq və qızlara təhsil vermək yoxsulluğun aradan qaldırılması üçün ən böyük imkan yaradır və inkişafa nail olmağın yeganə yoludur.

Təhsilli analar daha çox öz övladlarını məktəbə göndərmək və təhsil vermək istəyirlər. Təhsilli qızlar təhsilli cəmiyyət deməkdir. Böyük H.Z.Tağıyev demişkən “Bir oğlana təhsil vermək bir fərdə təhsil vermək deməkdir, bir qıza təhsil vermək isə bir ailəyə, bir cəmiyyətə, bir millətə təhsil vermək deməkdir!” (Ardı var)

 

Tural TAĞIYEV

Palitra.-2015.-2 sentyabr.-S.6.