Tofiq Hacıyev: Xatirələrdə
yaşayacaq ömür
Mənim akademik Tofiq Hacıyevlə
ilk ünsiyyətim magistraturanın II kursunda oxuyarkən
olmuşdu. Buna qədər akademiki şəxsən tanımırdım.
Yalnız qələminə, yaradıcılığına bələd
idim. Hələ Azərbaycan Müəllimlər
İnstitutunda tələbə ikən onun şəxsiyyəti və çoxşaxəli
yaradıcılığı haqqında müəllimlərimdən
eşitmişdim. Biz tələbələr
digər dilçi alimlər, filoloqlar kimi akademik Tofiq Hacıyevin də
yaradıcılığına istinad edir, ondan bəhrələnirdik.
Demək olar ki, özünü də televiziyadan
başqa heç yerdə
görməmişdim. Ta ki
bu ilin may
ayına kimi...
May ayının ikinci
yarısında bir dilçilik
məsələsi ilə bağlı ardıcıl iki məqaləm çıxmışdı.
Fikirləşdim ki, həmin məqalələri
və onda təzəcə
çıxmış iki kitabımı da aparıb Tofiq müəllimə
verərəm və dil haqqında bəzi
məsələlərin izahını soruşaram.
Beləliklə, qəzetləri də, kitabı da götürüb Dilçilik İnstitutuna getdim. Səhv etmirəmsə, həftənin
birinci günü idi. Özü də, deyəsən,
institutda iclas var idi. Çünki
liftdən çıxan kimi dəhlizdə
Tofiq müəllim də daxil
olmaqla, filologiyamızın aparıcı
simaları dairəvi şəkildə dayanıb şirin-şirin söhbət edirdilər.
Görünür, iclasdan
təzəcə çıxmışdılar. Həmin gün həm də bəxtim gətirmişdi:
Çoxdan görmədiyim dilçilərimizi,
imzasına bələd olduğum, lakin özünü
görmədiyim bəzi filoloqları orda görürdüm. Ancaq həmin
an yaxınlaşmadım. Söhbətin
yekunlaşmağını gözlədim.
Açığı, onların yanından da
keçmədim, daha doğrusu,
keçə bilmədim. Bu söz nəhənglərinin- professor-müəllim
heyətinin yanından ötüb
keçmək mənə məsuliyyətli bir
iş kimi gəldi. Nəbilim,
öz aləmimdə fikirləşdim ki, birdən hörmətsizlik olar.
Onun üçün
də birbaşa Ədəbiyyat İnstitutu tərəfə keçdim
ki, ordan həm
fırlanıb qayıdaram Dilçilik İnstitutuna, həm də vaxt
gedər. Elə dəhlizdəcə bir
neçə tanış sima ilə
söhbət edə-edə yenidən qarşı tərəfdən
gəlib çıxdım dəhlizin sonuna-Dilçilik
İnstitutu olan hissəsinə.
Alimlərin söhbəti hələ də davam
edirdi. Yenə də onların yanından ötüb keçmədim, yenidən gəldiyim
yolu əksinə olaraq
dala qayıtdım. Mən elə təzəcə
ora çatmışdım ki, söhbət yekunlaşdı və akademik öz otağına
daxil oldu. Müəllimlərlə
salamlaşdıqdan sonra, qapını döyüb içəri girdim.
Əvvəlcə, katibə nə üçün
gəldiyimi və kim olduğumu
soruşdu. Sözün
düzü, Tofiq
müəllimin məni qəbul edəcəyinə bir o qədər də
inanmırdım. Ancaq qəbul elədi. Olduqca xoş
qarşıladı. Kim olduğumu,
hardan gəldiyimi, ixtisasımı soruşdu. Özümü
təqdim edərkən Tofiq müəllim
barmağı ilə məni göstərərək "o təkliflər edən oğlan
sənsən? Yaxşı yazmısan, gəlib dedilər. Eşitdim, məntiqli, ağılabatan fikirlər
demisən. Çox sağ
ol." deyib əlimi
sıxdı. Çox təəccübləndim.
Çünki Tofiq
müəllimin dediyi fikirlər,
münasibət bildirdiyi məqalə mənim
ona apardığım məqalə idi. Sən demə, məndən qabaq məqaləyə baxıbmış. Akademikin mənə göstərdiyi bu xoş münasibəti
sözlə ifadə etmək, təsvir etmək mümkün deyil. Mənə
görə, alimin, ziyalının elmi potensialı ilə yanaşı, onun insani keyfiyyətləri,
mənəvi xüsusiyyətləri də zəngin
olmalıdır. Bax həmin an mən bu zənginliyi Tofiq Hacıyevdə gördüm.
Olduqca sadə olan bu insan elə ilk görüşdəcə öz
qayğısın göstərdi, dərslərimlə
maraqlandı, hətta gələcəkdə doktorantura
üçün Dilçilik
İnstitutu ilə əlaqə
saxlamağımı da bildirdi.
Sonra apardığım qəzet və
kitabları utana-utana Tofiq
müəllimə təqdim etdim: "Tofiq müəllim, bunlar da bizim
cızma-qaramızdır. Əgər imkanınız olsa, baxarsınız, elə bilirəm, zəif
də olsa dilimiz üçün faydalı məqamlar var". Bu böyük
alim kitabları götürüb
təşəkkür etdi. Bununla da ilk
görüş sona
çatdı və sağollaşıb otağı tərk
elədim... Sonralar Dilçilik İnstitutuna gedəndə Tofiq
müəllimi dəhlizdə görürdüm.
Hərbi xidmətdə olanlar yaxşı
bilirlər, əsgər yüksək çinli
zabitlə qarşılaşdıqda ya
nizamnaməyə uyğun hərbi salam verərək keçir,
ya da farağat
vəziyətində dayanır. Mən də Tofiq
müəllimi hər görəndə ya
addımlarımı yavaşıdır, ya
da dayanıb keçməsini gözləyirdim.
Dillə bağlı suallar olanda, xüsusən də cavabını
tapmadığım suallar olanda
Dilçilik İnstitutuna
gedirəm. Öyrənmək üçün
ha. Prof.Q.Kazımov, İ.Məmmədli,
B.Məhərrəmli və s. kimi dilçi alimlərimizlə
müzakirələr edib, onlardan
öyrənməyə çalışıram. Buna görə akademiki tez-tez görmək imkanım olurdu.
Yadımdadır, bir dəfə Baba müəllim dedi ki, İlkin, Tofiq müəllim sənin məqaləndən
danışırdı, xoşuna gəlib.
Akademikin bu münasibəti,
yazıları diqqətdə saxlaması məni çox sevindirirdi. Təsəvvür
edin ki, akademik sadə bir
adamın yazısına münasibət bildirir,
maraqlanır, ən əsası də ona elmi dəyər verir. Bu, mənim üçün
böyük uğur idi. Çünki Tofiq müəllim, sözün
həqiqi mənasında, dilçiliyimizin
ağır sütunlarından biridir. Onun sadəliyindən, elmə, dilə
qayğısından hamı danışır. O hamıya həssas
münasibət göstərir, öz
qayğıkeş məsləhətlərini verirdi.
Düz bir ay bundan əvvəl
işlə əlaqədar yenə akademiyaya
- Tofiq müəllimin yanına getmişdim. Yanında şöbə
müdirləri olduğundan bir xeyli gözləməli
oldum. Daha sonra Baba müəllimlə
birgə içəri daxil olduq. Şair Sərdar Zeynal da ordaydı. Görüşdük, yer
göstərdi, əyləşdim. Yenə adımı
eşidəndə dedi, haqqında
danışıblar, Sərdar müəllim də deyib. Hal-əhvaldan sonra
işimlə, dərslərimlə bir daha maraqlandı. Düzdür,
həmin vaxt mənim dediyim
iş alınmadı. Ancaq
sağolsun, yenə də öz
köməyini əsirgəmədi: "məqalən olsa kömək edərik çap
olunmağına. Nə köməklik lazım olsa
eləməyə hazırıq"... İndi
artıq Tofiq müəllim aramızda yoxdur. Bu hamı kimi məni də sarsıdır. O, dilimiz üçün,
dilçiliyimiz üçün
çox böyük
xidmətləri olan bir
insan idi. Ən əsası
da sadə insan idi. Çox təəssüf
ki, dilçiliyimizin ona böyük ehtiyacı
olan zaman o aramızdan ayrıldı. Hərdən mənə
elə gəlir ki, biz
sevdiklərimizi elə onlara ən çox ehtiyacımız olan
vaxtda itiririk. Təqribən
iki ay bundan
əvvəl akademik Ağamusa
Axundov da aramızdan
ayrılmışdı. Həmin vaxt
akademiklə akademiyanın əsas binasında vida
mərasimi keçirildi. Mərasimdən əvvəl
zalın qarşısında müəllim həmkarlarla durmuşduq. Tofiq müəllim
də ordaydı, əl tutub görüşdük. Həmin mərasimdə
Tofiq müəllim ön
cərgədən üçüncü
sırada akademiklərlə bir sırada əyləşmişdi.
İndi həmin zalda Tofiq müəllimin özü
üçün vida
mərasimi keçirilir, yaxınları,
doğmaları, dostları, yetirmələri onu
dərin kədərlə anır, son mənzilə
yola salırlar. Akademik
haqqında keçmiş zamanda
danışmaq olduqca çətin və
kədərlidir. Əminəm ki, o daim yaşayacaq:
Yazdığı kitabların, məqalələrin hər sətrində
yaşayacaq! Tələbələrinin,
yetirmələrinin xatirələrində yaşayacaq!
Yaxınlarının, doğmalarının onunla
bağlı reallaşmayan arzularında yaşayacaq! Ömrün xoş, mənalı anlarını əks
etdirən şəkillərdə yaşayacaq!
Ən nəhayət, xalqının, milyonların qəlbində
yaşayacaq! Nur
içində yat, Ustad!!!
İlkin Əsgər
Palitra.-2015.-1 dekabr.-S.13.