Təbiət motivləri gənc rəssam Ramil Məmmədovun
yaradıcılığında
Azərbaycan
rəngkarlığında istər klassik, istər
yaşlı nəsil, istərsə də müasir dövr rəssamlarının
yaradıcılığında təbiət motivləri,
güllərin-çiçəklərin təsviri,
dağların, dərələrin, dənizin,
çayların, sonsuz səmanın və s. özünəməxsus
fərdi formalarla tərənnümünə rast gəlməmək
mümkün deyil. Rəssamları ilhama gətirən təbiət
motivləri rəngarəngliyi, bəzən mücərrədliyi,
bəzən sadəliyi ilə öz
tamaşaçısına gözəlliyi təqdim etməyə
çalışır.
Azərbaycan
təbiətinin füsunkar görünüşü gənc
rəssam Ramil Məmmədovun yaradıcılığında
da öz əksini tapmışdır. Ramil Məmmədov
1981-ci il 27 oktyabrda Yevlax rayonunun Xaldan kəndində anadan olub.
İlk rəssamlıq sənətinin sirlərini kəndlisi
olan rəssam Əbülfətdən almışdır.
2002-ci
ildə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Rəngkarlıq ixtisasına qəbul
olunmuşdur. Bu ali təhsil akademiyasında Ramil Azərbaycanın
xalq rəssamı Böyükağa Mirzəzadənin
emalatxanasında rəngkarlığın demək olar ki,
bütün sirlərini mənimsəyə bilmişdir.
2006-cı ildə bakalavr təhsilini bitirən gənc rəssam
diplom işini əfsanəvi qəhrəman Koroğluya həsr
etmişdir. Ramil 2007-2009-cu illərdə Dövlət Rəssamlıq
Akademiyasının Təsviri sənət fakültəsində
Rəngkarlıq ixtisası üzrə magistr təhsili
almışdır. Magistr təhsili alan zaman Ramil Əməkdar
rəssam Fərman Qulamovun emalatxanasında
yaradıcılığın sirlərini öyrənmişdir.
Magistr işində gənc rəssam “Nəsirəddin Tusi məktəbi”
adlı yaradıcılıq işini yerinə yetirmişdir.
Bundan sonra gənc rəssam öz
yaradıcılığında müntəzəm şəkildə
tarixi mövzulu əsərlər yaratmaqdan usanmır, indinin
özündə də, bu səpkili yaradıcılıq
eskizləri etməklə məşğuldur.
Ramil
Məmmədov təbiəti, xüsusilə də güllərin-çiçəklərin
zərif təsvirini əsərlərində
canlandırmağı sevən gənc rəssamlardan biridir. Bu
mənada onun “Yasəmənlər”, “Xaldan”, “Sükut”, “Xaldanda
axşam”, “Payız”, “Turan qəsəbəsi”, “Balaxanı mədənləri”,
“Qızıl güllər”, “Güllər” və digər əsərləri
təbiətin bir parçasının həssas təsvirinin
tərənnümü ilə zərif duyğuların təqdimatını
verir.
Ramil
Məmmədovun güllərlə olan natürmortları
yüksək bədii ifadə vasitələri ilə
özünün xoş tərənnümünü təqdim
edir. “Şamamalar”, “Qızıl güllər”, “Ağ güllər”
və digər tablolarındakı incə təsvir bir daha rəssamın
təbiətə, gözəlliyə olan həssaslığını
və eyni zamanda onun nikbin ruhundan doğan
yaradıcılığını şərtləndirir.
“Qızıl
güllər” natürmortunda isə sadəcə nikbinlik deyil,
daha çox lirik-romantik duyğu yüklü əsər
nümunəsi ilə rastlaşırıq. Soyuq və
açıq rəng qamması bu lirikliyi təmin edən əsas
amildir. Fonunun açıq tonlu bataqlıq rəngində
olması zərif güllərin xoş aurasına sanki daha bir
incəlik qataraq, onların məsumluğunu, mehriban
dünyalarında insanlara sevinc bəxş etməkdən
başqa bir niyyət daşımadıqlarını diqtə
edir. Bu cür ifadə vasitəsi rəssamın təsvir
obyektinə olan fərdi münasibəti ilə izah olunur.
Ramil
Məmmədov bütün mənzərə əsərlərində
- bağ, şəhər, kənd, sahil bağı - istənilən
məkanın təsvirində təbiət motivlərinə,
ağacların, güllərin, səmanın təsvirinə
xüsusi fikir vermişdir.
Təbiətdə
mövcud olan bütün motivlərin - əzəməti və
ya zərifliyi, möhtəşəmliyi və ya intimliyi, sərtliyi
və ya kövrəkliyi, sədaqəti və ya xəyanəti,
dözümlüyü və ya təkəbbürlüyü,
şıltaqlığı və ya ciddiyyəti ilə fərqlənən
öz xarakteri vardır. Kamil rəssamlıq əsərlərində
istifadə edilmiş həmin motivlərin xarakterinin verilməsi
üçün insan təsvirlərinin iştirak etmədiyi
bu tablolarda həm də fərdi sənətkar münasibəti
obrazlılığın yaradılmasını şərtləndirir.
Ramil
Məmmədov təbiətdə müəyyən bir obyekti
hava, işıq, ətraf mühitin təsirindən doğan dəyişiklikləri
ilə ifadə etmək üçün yeni-yeni təsvir
vasitələri tapmağa səy göstərir. Buna görə
də bəzən o eyni bir naturanı bir neçə dəfə
çəkir. Ramil Məmmədovun əksər mənzərələri
kiçik ölçülü olmasına baxmayaraq, bədii
və ifaçılıq cəhətdən etüd deyil,
tamamlanmış bədii əsər təsirini oyadır.
Çünki bunlarda rəssam təbiətdən
aldığı ətri, təəssüratı, yaxud da onun
naturalistik surətini deyil, müəyyən bir yerin bədii
surətdə ümumiləşdirilmiş və müəyyən
bir ideya estetik məzmunu əks etdirən obrazını
yaradıb. Əsərlərdə obrazlı ifadəliyi, əlvan
rənglərin mütənasibliyini, zəngin kolorit diqqəti
cəlb edir.
Rəssam
“Xaldan” kəndinin özünəməxsus cazibəsini, onun əhvalını
və zahirini böyük rəğbət və məhəbbətlə
bizə ötürür. Ramil Məmmədov mənzərələrinin
bir incə xüsusiyyəti rəssamın xasiyyətinin yeni
çalarını açırdı -təbiətə hədsiz
sevgi bəsləyən bir insan kimi o, adi insanın gözlə
görə bilməyəcəyi təbiət gözəlliyinin
daxili və dərin anlamını görür, dərk edir.
O, sanki təbiətin susqun və sirli qəlbini oxumağa
yaxındır.
Mövzu
baxımından təzadlı olmaları dərhal duyulan bu lövhələri,
əslində rəssamın yaşadığı zamanla
apardığı “bədii dialoq” da adlandırmaq olar. Odur ki,
onlarda təsvirə gətirilənlər
göründüyündən daha çox, rəssamın
arzuladığı, xəyalında
canlandırdığı biçimdədirlər. Formalar və
səthlər arasında klassik mənada olmalı olan hədləri
“yoxa çıxarmaqla” onların birinin digərinə
bağlılığını, rənglərin isə rəngi
ilə yanaşı ifadə etdiyi hislərin təbiətlə
qovuşağına nail olan müəllif yaratdığı
reallıqla tamaşaçı düşüncələrini
tarıma çəkə bilmişdir. Odur ki, əsərlərində
daha çox rənglərin ruh tutumunu və plastik
imkanlarını sərgiləməyə səy göstərən
Ramil Məmmədovun belə əsərləri
düşündürücü, tamaşaçını
dialoqa səsləyən, eyni zamanda ona davamlı zövq verəndirlər...
Ramil
Məmmədov 2002-ci ildən həm ölkədaxili, həm də
beynəlxalq miqyaslı sərgilərin
iştirakçısıdır. Bu sərgilərdə
nümayiş etdirdiyi əsərlərinə görə
müxtəlif səpkili diplomlara və mükafatlara layiq
görülmüşdür. Ramil Məmmədovun əsərləri
Türkiyədə, Rusiyada, Qazaxıstanda, Almaniyada və. s
ölkələrin şəxsi kolleksiyalarında
nümayiş etdirilir.
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında 2009-cu ildən gənc
rəssam Ramil Məmmədov gələcək nəsillərə
rəngkarlığın sirlərini öyrətməklə
məşğuldur.
Samir Sadıqov
Sənətşünaslıq
üzrə
fəlsəfə doktoru
palitra.-2015.-2 dekabr.-S.13.