“Vətənpərvərlik insanı səciyyələndirən
ən mühüm keyfiyyətdir”
“Həmrəy” Gənclərin
Maarifləndirilməsinə Dəstək İctimai
Birliyinin sədri Yəhya Babanlı: “Hər
bir gənc milli
dövlətçiliyimiz üçün
layiqli vətəndaş olmalıdır”
Müasir dövrdə gənclər arasında maarifləndirici tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Gənclərdə əsl vətəndaşlıq şüurunun formalaşması, milli qürur hissinin yaranması, ölkəmizin sosial- ictimai həyatında və digər sahələrdə baş verən proseslərdə fəal iştiraklarının təmin edilməsi üçün müxtəlif layihələrin reallaşdırılması zəruridir. Bu mövzuda müsahibimiz “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlıdır.
- “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi son layihələr barəsində nə deyə bilərsiniz?
- Gənclər arasında maarifləndirici tədbirlərin həyata keçirilməsi çox önəmli və aktualdır. Bu sahədə bir çox layihələr həyata keçirmişik. Azərbaycan Respublikasının gənclər siyasətinin, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurla icrasına kömək göstərmək məqsədilə bir çox layihələr gerçəkləşdirməyi nəzərdə tutur. Məhz “Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” adlı elmi-Praktiki Konfrans da bu qəbildəndir. Belə ki, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsi çərçivəsində silsiləli şəkildə keçirdiyi “Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” mövzusunda Elmi-Praktiki konfranslara yenicə yekun vurub. Dünyada baş verən qloballaşma, elmi-texniki tərəqqi özünün müsbət nəticələri ilə bərabər, bir sıra problemlər yaradır. Yeni nəzəriyyələr (Qloballaşma, kosmopolitizm kimi), yeni imkanlar (İnternet, sosial şəbəkələr kimi) cəmiyyətin, xüsusilə də gənclərin psixologiyasına mənfi təsir göstərir. Milli-mənəvi dəyərləri sual altına qoyur. Eləcə də, Azərbaycanın ərazisinin 20 faizinin işğalda olması, əhalisinin 1 milyondan çoxunun qaçqın və məburi köçkün statusu daşıması kimi amillər belə layihələri aktuallaşdırır. Məlumdur ki, gənclərin əksəriyyəti paytaxt Bakı şəhəri ilə yanaşı, regionlarda yaşayır. Bu xüsusda, bölgələrdə yaşayan gənclərin ölkəmizin tanıdılması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini gücləndirilməsi, respublikamızda baş verən sosial-ictimai hadisələrə seyirçi qalmamaları, bilavasitə bu hadisələrdə iştirakçı olmaları, vətənin hərtərəfli inkişafında yaxından iştirakları çox vacibdir. Çünki, əsl vətəndaş öz milli mənsubiyyətini və öz məsuliyyətini dərk etməlidir.
Bu tip layihələr gənclərin öz bilik və bacarıqlarından istifadə etməklə, Vətənimizin sosial-ictimai həyatında fəal rol oynamalarına stimul verir. Tarixi-mədəni irsimizi qorumaları və təbliğ etmələri üçün müsbət rol oynayır.
- Bu
layihə çərçivəsində hansı tədbirlər
həyata keçirilib?
- Layihə çərçivəsində hərbi çağırış, hərbi xidmət məsələlərinə toxunulması, gənclər arasında bütövlükdə vətən anlayışının aliliyi, vətən təəssübkeşliyi, hərbi-vətənpərvərlik tərbiyəsi, vətənin müdafiəsinə hazırlıq, hərbi anda sədaqət, dövlətin milli rəmzlərinə hörmət meyarları ilə bağlı maarifləndirmə əsas təşkil edib. Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, şəxsin dövlət qarşısında öz hüquq və vəzifələrini başa düşməsidir. Vətəndaşlıq hissi olan insan öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir. Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə vətənpərvərlik məfhumunun, vətəndaşlıq mənsubiyyətinin dərk edilməsi istiqamətində böyük və məsuliyyətli vəzifələr düşür. Bunu isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban verməyə hazır olan gənclər düşünə bilər.
- Vətənpərvərlik
və gənclik anlayışlarını necə
əlaqələndirərdiniz?
- Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətdir. Vətənpərvərlik hər bir dövlətin milli ideyasının mahiyyətidir. Vətənpərvərlik vətəni sevmək, onun naminə çalışmaq və vətənin hər bir uğuruna qürrələnməkdir. Ləyaqətli insanın üzərinə düşən vəzifəni əxlaqla, vicdanla yerinə yetirməsi də vətənpərvərlikdir. Vətənpərvərlik vətənə olan ülvi məhəbbətdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və maarifləndirilmə yolu ilə daha da möhkəmlənir. Bu ali mənəviyyat məsələsinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə cəmiyyətin ən vacib vəzifələrindən biri olub. Məhz “Həmrəy” GMDİB-nin qarşısına qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də, sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. "Vətənpərvərlik" vətənin dünəninə, bu gününə və sabahına rəğbət və bağlılıqda ifadə olunan bir hissdir. Eyni zamanda, gənclərdə vətəndaşlıq mövqeyinin qorunması, onlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dövlətimizin apardığı sülhməramlı siyasətin incəliklərini çatdırmaqdan ibarətdir.
- Bu
cür layihələrin effketivliliyini
necə izah
edərdiniz?
- Əminik ki, belə layihələr gənclərdə vətəndaşlıq mövqeyinin qorunmasına və onların liderlik keyfiyyətlərinə yiyələnmələrinə müsbət təsir göstərəcək. Onların bəzilərində müşahidə oluna biləcək stress, qərarsızlıq, ümidsizlik və ruh düşkünlüyünün aradan qaldırılmasına səbəb olacaq. Çalışqanlıq və prinsipiallığın, idarəetmə məharətinin formalaşmasına, düzgün, vaxtında və etibarlı qərarlar qəbuletmə bacarığının yaranmasına, diqqət və konsentrasiyanın yüksək səviyyəyə qaldırılmasına və uğurlu karyera seçimi müəyyən edilməsinə kömək edəcək.
-Bu
layihədə kimlərin gənclərə töhfə üçün iştirakı nəzərdə
tutulur?
-Layihə çərçivəsində tanınmış ziyalıların, alimlərin, mütəxəssislərin iştirakı olub. Elmi diskussiyalar təşkil edilib, təkliflər dinlənilib və vətəndaşlıq mövqeyi ilə seçilən gənclərə diplomlar təqdim olunub.
Bütün bunların məqsədi isə gənclərin inkişafının daha da güclənməsinə töhfə verməkdir. Elmi-praktiki Konfransın məqsəd və vəzifələri sırasına ümumiyyətlə, region gənclərinin maarifləndirilməsinə, bilik və bacarıqlarının yüksəldilməsinə dəstək vermək; region gənclərində özünə inam hissini inkişaf etdirmək və onlarda ictimai fəallığı artırmaq, region gənclərinə vətəndaşlıq mənsubiyyətinin və məsuliyyətinin mahiyyətini elm cəhətdən izah etmək, region gənclərinin vətənpərvərlik ruhunu gücləndirmək və onlara milli-mənəvi dəyərlərin qorunmasını aşılamaq, region gənclərini zamanın düzgün qiymətləndirilməsi, uğurlu karyera quruculuğu və müvəffəqiyyətin sirrinin öyrənilməsi istiqamətində praqmatizim prinsiplərinə yiyələndirmək, ölkənin sosial-ictimai həyatında baş verən yeniliklərlə tanış etmək və onlara cəmiyyətin həyatında fəaliyyətlərinin nə dərəcədə əhəmiyyətli olduğunu çatdırmaq; gənclərin savadlı, dünya görüşlü, müasir düşüncəli və yüksək intellektli aparıcı qüvvəyə çevrilməsi, onlarda humanizm-tolerantlıq, ləyaqətlilik-mübarizlik kimi vicdani və əxlaqi keyfiyyətlərin formalaşmasına töhfə verməkdir.
Mərhələli şəkildə reallaşan layihənin aktiv fazasının 1-ci mərhələsi cari ilin 17-də Salyan, 18-də Neftçala, 19-da Biləsuvar, ikinci mərhələsi isə 25-də Sabirabad, 26-da Kürdəmir, 27-də Zərdab rayonlarını əhatə edib. Tədbirlərdə Prezident İlham Əliyev tərəfindən gənclərin hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən müvafiq siyasətin incəliklərindən söhbət açılıb. 700-də çox gəncin iştirakı ilə baş tutan elmi-praktiki konfranslarda gənclərə sözügedən mövzunun aktuallığı, vətəndaşlıq mənsubiyyətinin məsuliyyətinin dərk edilməsinin milli kimliyimiz və milli dövlətçiliyimiz üçün mənəvi, sosial, hüquqi və siyasi əhəmiyyəti barədə məlumat verilib.
Vətəndaşlıq mənsubiyyətinin mahiyyətinin elmi cəhətdən izahı verilərək onun məsuliyyətinin nə dərəcədə vacib olduğu qeyd edilib. Vətəndaşlıq insanın azadlığını özündə əks etdiyi, onun əsasını təşkil edən Vətənpərvərliyin isə insanı səciyyələndirən ən yüksək keyfiyyət olduğu vurğulanıb. Bu amillər isə insanın özünə hörmət və dəyərin ifadəsidir. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. Hər bir vətəndaş öz vətəninə sadiq, vəfalı olmalıdır, onun müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır. Hər bir gənc vətəndaşlıq mənsubiyyətinin məsuliyyətini öz varlığı ilə dərindən anlamalı, vətəninin, yaşadığı regionun tarixini öyrənməli və onu yaşatmalı, gələcək nəslə ötürməlidir. Milli dövlətçiliyimiz üçün layiqli vətəndaş olmalıdır. Yaşadığı regionun inkişafı üçün ictimai fəal olmalı və həmrəylik nümayiş etdirməlidir. Çünki bu, əsl vətənpərvərlik nümunəsidir.
Elmi-praktiki konfransında gənclərin aktivlik nümayiş etdirməsi belə tədbirlərə maraqlarının böyük olduğunu bir daha təsdiq edir.
Elmi-praktiki konfranslara rayonların gəncləri ilə yanaşı, icra hakimiyyətlərinin, Gənclər və İdman idarələrinin və ictmaiyyətinin nümayəndələri də qatılıb.
Gənclərin vətənpərvərlik haqda biliklərinin artırılması və kitab oxumağa maraqlarının gücləndirilməsi məqsədilə gənc yazar Səbuhi Qasımovun patriotizm hislərini özündə cəmləşdirən “Gecikmiş Etiraf” adlı kitabının imza mərasimi keçirilib və kitab gənclərə paylanıb. Vətəndaşlıq mövqeyi ilə seçilən fəal gənclərə sertifikatlar təqdim olunub.
İlkin AĞAYEV
Palitra.-2015.-4 dekabr.-S.13.