SABAH qrupu tələbələrinin
2-ci Forumu başa
çatdı
Fərqlənən tələbələrə
müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim
olunub
Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi,
ali təhsil sistemində yeni
və fərqli bir mühitin
yaradılması, savadlı, bacarıqlı və
hazırlıqlı tələbə yetişdirilməsi, əmək
bazarının artan tələblərinə
müvafiq olaraq kadr hazırlığının təmin edilməsi
məqsədilə
yaradılan SABAH qrupları yaradılıb. Artıq bir müddətdir ki, fəaliyyət
göstərən SABAH qrupuna tələbələrin
böyük marağı var.
SABAH-ın
üstünlükləri hansılardır?
Bugünlərdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2-ci SABAH Forumu keçirilib. İki gün davam edən foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır.
Forumun açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkəmizin regional və qlobal rəqabətdə üstünlük qazanması üçün ali təhsildə keyfiyyətin artırılması vacibdir. Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə islahatlar üçün mühüm zəmin yaradır. Təhsil naziri ali təhsil sahəsində islahatların yeni mərhələsinin başlandığını qeyd edərək bildirib ki, müasir çağırışlara cavab verən, rəqabətəqabil kadr hazırlığı baxımından SABAH qruplarından gözləntilər çox böyükdür. Nazir ali təhsil məkanında mövcud potensialı səfərbər etməyə imkan verən innovasiya mühitinin yaradılmasının önəminə diqqət çəkib. Çıxışının sonunda Mikayıl Cabbarov SABAH qruplarında təhsil alan tələbələrin yaxın gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə SABAH qruplarında təhsil alan 3-cü kurs tələbələri çıxış edib, 1-ci SABAH Forumu ilə bağlı videoxronika nümayiş olunub.
Qeyd edək ki, SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 34 ixtisas üzrə respublikanın 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılıb. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 755 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdiriblər.
2015/2016-cı tədris ili üçün SABAH qruplarına aparılmış qəbul nəticəsində 881 tələbə qəbul olunub və bununla SABAH tələbələrinin ümumi sayı 1636 nəfər olub. 2014/2015-ci tədris ili ilə müqayisədə Mədəniyyət və incəsənət ixtisas qrupunun da əlavə olunması ilə baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılıb. Yeni tədris ili üçün yenilənmiş SABAH yataqxanasında 300-dən artıq tələbənin yerləşdirilməsi üçün şərait yaradılıb.
SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir. SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər. Bundan başqa, test imtahanı keçirilir ki, burada məntiq üzrə və ingilis dili üzrə nümunə suallar təqdim olunur. Daha sonra isə müsahibə aparılır ki, bu mərhələdə hər bir tələbə müvafiq ixtisas qrupları üzrə yaradılmış komissiyalar tərəfindən müəyyən edilmiş kriteriyalar əsasında qiymətləndirilir.
Ötən müddət ərzində SABAH
qrupları bir sıra tədbirlərin,
seminarların iştirakçısı olublar.
Belə ki, Rusiya
Federasiyasının təhsil və elm naziri Dmitri Livanovun
SABAH tələbələri ilə görüşü
təşkil olunub. Həmçinin
Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində SABAH
qruplarının yeni tədris auditoriyalarının
təqdimatı olub. Bundan başqa, SABAH qrupları və “Caspian Energy jurnalı”
MMC arasında memorandum imzalanıb. Memorandumun predmeti
SABAH tələbələri üçün “Caspian Energy jurnalı”
MMC-də təcrübə
proqramının təşkilidir.
SABAH qruplarında tədrisi aparan professor-müəllim
heyətinin müasir tədris metodikaları üzrə peşəkarlıq
səviyyəsinin və
kvalifikasiyasının artırılması
məqsədilə Paris Sorbon
Universitetinin mütəxəssisləri
tərəfindən keçirilmiş
“Ünsiyyət və
beynəlmiləlləşmə” adlı təlimin təltifetmə mərasimi
keçirilib. Mərasimdə
Fransanın Azərbaycandakı
Səfiri Paskal Mönye, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov
və SABAH qruplarının
İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev iştirak
ediblər.
“SABAH-ın
Könüllüsü” nədir?
Proqram SABAH qrupları
tələbələrinin akademik
təhsildən ayrılmadan,
könüllü fəaliyyətə
cəlb olunmaqla sosial aktivliyini artırmaq və alınmış biliklərin
praktikada tətbiq edilməsini, eləcə də tələbələrin
idarəçilik bacarıqlarının
və liderlik potensialının inkişaf
etdirilməsini təmin
etmək məqsədi
ilə yaradılıb.
“SABAH-ın Könüllüsü”nün
fəaliyyət növləri
hansılardır? Buraya komanda quruculuğu,
görüşlər və
şəbəkələşmə, ATM daxili aksiyalar və tədbirlər, komandalar arası yarış və müsabiqələr, ölkə
səviyyəli və
beynəlxalq tədbirlərdə
iştirak şansı
daxildir. Kimlər
“SABAH-ın Könüllüsü”
ola bilər?
SABAH qruplarının mövcud
olduğu 7 ali təhsil müəssisəsi
- Bakı Dövlət
Universiteti, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan
Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında
təhsil alan tələbələr “SABAH-ın
Könüllüsü” ola
bilərlər.
SABAH və rəqabətəqabil kadr
2-ci SABAH Forumunun ikinci günü tələbələr
üçün “Karyera
inkişafı”, “Vaxtına
sahib çıx”, “İnformasiya
texnologiyaları gündəlik
həyatda” və “Sən də bir brendsən” mövzularında "ustad
dərsləri" təşkil
olunub. "Ustad
dərsləri”ndə karyera
inkişafı, informasiya
texnologiyaları və
vaxtın idarə olunması ilə bağlı tələbələrlə
interaktiv dialoq yaradılıb. Sonra panel müzakirələrə
başlanılıb. Müzakirələrdə
təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin
sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov,
R.İ.S.K Elmi İstehsalat
Şirkətinin Müşahidə
Şurasının həmsədri,
biznesin inkişafı
üzrə direktor Anar Əligülov iştirak edib. Müasir əmək bazarı şəraitində
təhsil və karyera inkişafı mövzusunda keçirilən
panel müzakirələrdə uğurlu karyeranın qurulması, SABAH qruplarında
təhsil alan
tələbələrin müasir
dünyanın çağırışlarına
cavab verən, rəqabətəqabil kadr
kimi formalaşması
istiqamətində fikir
mübadiləsi aparılıb.
Tələbələrlə fəal dialoq
mühiti yaradılıb,
onları maraqlandıran
suallar cavablandırılıb.
Forum daha sonra intellektual oyunlarla davam etdirilib.
Forumun bağlanış
mərasimində fərqlənən
tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də ikigünlük foruma dair videosüjet nümayiş etdirilib.
Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə
fəaliyyət göstərir.
1629 tələbənin təhsil aldığı
bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında
tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi
təqaüd verilir, eyni zamanda aztəminatlı
ailələrdən olan
tələbələr yataqxana
ilə təmin olunurlar.
Nigar Abdullayeva
Palitra.-2015.-8 dekabr.-S.11.