Tariximizi dünyaya daha dolğun təqdim
etməyə ehtiyac var
Prezident: “Bizim tariximiz bizim
böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir
ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu
yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan
torpaqlarında yaradılıbdır”
Zəngin dövlətçilik
tarixinə malik olan Azərbaycanın bu tarixinin
araşdırılması və əsl həqiqətlərin
dünyaya çatdırılması son dərəcə
böyük əhəmiyyət kəsb edir.
Xalqımızın ulu babalarının
yaşadığı tarixi Azərbaycan torpaqları Xəzər-Aralıq
dənizi-İran körfəzi regionuna daxil idi.
Azərbaycan xalqı bu ərazidə-tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, dövlətçilik ənənələri yaradıb. Dövlətçilik tariximizin araşdırılması, təbliğ edilməsi gənclərimizin zəngin tariximizi bilməsi, onunla fəxr etməsi, dövlətə, Vətənə məhəbbət ruhunda böyüməsi baxımından da əhəmiyyət daşıyır. Gənclərimizin dövlətçilik tariximizi yaxından bilməsi onların müxtəlif tribunalardan istifadə edərək işğalçı Ermənistanın yalan maşınını susdura bilməsi üçün vacibdir. Bu gün torpaqlarımızın 20 faizinin işğal altında olması tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işini zəruri məsələ kimi qarşıya məqsəd qoyur. Sadəcə, onu qeyd edək ki, torpaqlarımızı işğal edən ermənilərin bizə qarşı istifadə etdiyi təbliğat resurslarından biri də yalançı faktlar əsasında saxtalaşdırılmış tarixidir. Ermənistanın təbliğat maşını müxtəlif elmi dairələr, media orqanlarından istifadə edərək dünyaya yalan məlumatlar ötürməklə məşğuldurlar. İşğalçı qüvvələr bununla da Qarabağda qədim xalq olduqlarını isbatlamağa və dolayı yolla Qarabağın işğalına haqq qazandırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq. Amma bir məsələ var ki, biz qədim və zəngin dövlətçilik tariximizi araşdırmaq və onu müxtəlif vasitələrdən istifadə edərək təbliğ etməklə ermənilərin yalanını ifşa edə bilərik. Bunun üçün müasir informasiya texnologiyaları imkanlarından maksimum dərəcədə istifadə etmək lazımdır. Doğrudur, bu istiqamətdə xeyli iş görülüb, amma yalan üzərində qurulan ənənəvi düşmən təbliğatı bizi bu sahədə fasiləsiz fəaliyyətə çağırır. Ənənəvi xarici düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq, onun daha da inkişaf edib yüksək tərəqqiyə qovuşmuş dövlətlərin sırasına çıxmasına əngəl törətmək üçün əllərindən gələni edirlər. Həmin qüvvələrin fəaliyyətini heçə endirmək üçün tariximizi, qədim dövlətçilik ənənələrimiz araşdırmalı və təbliğ etməliyik.
“Azərbaycanın çox zəngin
tarixi var”
Bu məsələ ölkə Prezidentinin həmişə
xüsusi diqqət göstərdiyi sahələrdən biridir. Dövlət
başçısı İlham Əliyev dünyanın
müxtəlif nüfuzlu tribunlarından istifadə edərək
ermənilərin yalan təbliğatını ifşa edir.
Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr
olunmuş ümumi yığıncağında bir daha zəngin
tariximizin araşdırılmasının nə qədər
vacib olduğunu diqqətə çatdıraraq konkret
tövsiyələr verdi: “Azərbaycanın
çox zəngin tarixi vardır. Azərbaycan
alimləri də, Azərbaycan ictimaiyyəti də bunu
yaxşı bilirlər. Biz öz tariximizi,
bu reallıqları dünya miqyasında daha da dolğun təqdim
etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar,
görsünlər ki, nə qədər zəngin tariximiz var.
Digər tərəfdən, bizə qarşı təxribatlar
aparılır. Yəni, Azərbaycan
tarixini ermənilər təhrif etməyə
çalışırlar və diaspor imkanlarından istifadə
edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi
Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında
kitablar dərc edirlər, təqdimatlar keçirirlər.
Əlbəttə ki, bizim tariximiz bizim
böyük sərvətimizdir. Bizim
tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər
boyu yaşamışlar. Bugünkü Ermənistan
tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə
baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan
ərazisində yerləşən kəndlərin, şəhərlərin
mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir.
Budur reallıq. İrəvan
xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar
olubdur. Çox şadam ki, mənim
tövsiyəmlə İrəvan xanlığı haqqında
çox sanballı elmi əsər yaradılıb, bir
neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər
üzərində yaradılır. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir.
Mən dəfələrlə bildirmişəm
ki, əgər Xankəndinin hər hansı bir tarixi adı
olsaydı ermənilər o adı bərpa edərdilər.
Onun “Stepanakert” adı bolşevik erməni quldur
dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə
qoyulubdur. Yəni, bunu biz hamımız
bilirik, amma dünya da bilməlidir. Hər
yerdə bilməlidirlər ki, bu, bizim
torpağımızdır, bizim haqqımız var o torpaqda
yaşamağa. Beynəlxalq hüquq təbii
ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq
bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə
beynəlxalq hüquqla məsələ məhdudlaşmır.
Bu, bizim tarixi, əzəli
torpağımızdır. Ermənilər
Dağlıq Qarabağa və bəzi başqa yerlərə
XIX əsrdə İrandan, Şərqi Anadoludan
köçürülmüşlər. Hansı
məqsədlə köçürülmüşlər biz
bunu yaxşı bilirik. Bütün
bunları biz gərək kitablar formasında daha da geniş şəkildə
yayaq və beləliklə, bütün dünyaya sübut edək
ki, bu, bizim tarixi, əzəli torpağımızdır.
Hesab edirəm, vaxt gəlib çatıb ki,
müstəqillik dövrünə həsr edilən
sanballı elmi əsər də yaradılsın. Gələn
il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik.
Hesab edirəm ki, o vaxta qədər əgər belə
sanballı elmi əsər yaradılarsa, bayramımıza
çox yaxşı töhfə ola bilər”.
Dövlət başçısının təşəbbüsü
ilə İrəvan xanlığı ilə bağlı ərsəyə
gətirilən sanballı elmi əsər artıq bir neçə
dilə tərcümə edilib. Bütün
dünyaya tariximizin nə qədər zəngin olduğunu,
İrəvan xanlığının Azərbaycana məxsus
olduğunu və ermənilərə heç bir aidiyyətinin
olmadığını sübut etməliyik. Bu elmi əsərin xarici dillərə tərcümə
edilməsi işi davam etdirilməlidir. Dövlət
başçısının çıxışında qeyd
edildiyi kimi, ermənilər Qarabağın, regionun, Cənubi
Qafqazın tarixini saxtalaşdıraraq dünyaya yalan məlumat
və öz mövqelərini sırımağa
çalışırlar. Düşmən
ölkənin “alimlərinin” bu fəaliyyəti dünyanın
müxtəlif ölkələrində cəmləşən
erməni diaspor təşkilatları tərəfindən dəstəklənir.
Halbuki həqiqət bizim tərəfimizdədir.
Azərbaycanın zəngin dövlətçilik
tarixi var və bu tarix bizim xalqımızın milli sərvətidir.
Bu sərvətə sahib çıxaraq onu
dünya ictimaiyyətinə təbliğ etmək, əsl
reallıqları çatdırmaq lazımdır.
Yaqub Mahmudov:
“Regionun ən qədim dövlətçilik
tarixi bizə məxsusdur”
Bu sahədə
görülən işlərlə bağlı vəziyyəti
“Palitra”ya dəyərləndirən Azərbaycan Milli Elmlər
Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tarix
elmləri doktoru, professor Yaqub Mahmudov bildirdi ki, bizim
düşmənlərimizin əsas tezislərindən biri Azərbaycanın
dövlətçilik tarixinin inkarı üzərində
qurulub: “Azərbaycanın qədim dövlətçilik tarixi
var. Bizim 5 illik dövlətçilik tariximiz var. Düşmənlərimizin
əsas tezislərindən biri Azərbaycanın dövlətçilik
tarixinin inkarı üzərində qurulub.
Bu səbəbdən AMEA-nın Tarix İnstitutu
Azərbaycanın qədim dövlətçilik tarixinin
araşdırılması məsələsinə xüsusi
diqqət ayırır. İnstitutda eramızdan əvvəl
4 minilliyin sonu, 3-cü minilliyin əvvəlinin
araşdırılması istiqamətində iş
aparılır. Yadda saxlamaq lazımdır ki,
bizim qədim dövlətçilik tariximiz var. Yəni regionun
ən qədim dövlətçilik tarixi bizə məxsusdur.
Öz ərazimizlə yanaşı,
tayfalarımız qonşu ərazilərin dövlətçilik
tarixində də mühüm rol oynayıblar. Orta əsrlərdə Eldəgizlər, Qaraqoyunlular,
Ağqoyunlular, Səfəvilər, Əfşarlar kimi
imperiyalar yaradılıb. Yəni bizim
xalqımız imperiya yaradan, qonşu xalqları idarə edən
xalq olub. Dövlətçilik tariximizin araşdırılması
ilə bağlı mənim “Azərbaycan: Qısa Dövlətçilik
Tarixi” kitabım nəşr edilib. Nadir
şahın, Qacarlar dövrünün
araşdırılmasına xüsusi diqqət ayrılır.
İrəvan xanlığı ilə
bağlı məsələ böyük əhəmiyyət
kəsb edir. Faktiki olaraq İrəvan
xanlığının ərazisi indiki Ermənistan ərazisidir
və ora bizim sülalələr tərəfindən idarə
olunub. Qarabağ xanlığının
araşdırılması mühüm əhəmiyyət kəsb
edir. Bu ərazilərdə Ermənistan
adlı dövlət olmayıb, ermənilər buraya sonradan
köçürülüblər. Tarix
İnstitutu dövlətçilik tarixinin
araşdırılmasına, ulu öndərin
tapşırığı ilə Xalq Cümhuriyyəti
dövrünün araşdırılmasına önəm verərək
ensiklopediya hazırlayıb. İndi isə
müstəqillik dövrünün İlham Əliyev
dövrünün araşdırılmasına
başlamışıq. AMEA-nın 70 illik
yubiley tədbirində çıxış edən dövlət
başçısı İlham Əliyev onun
tapşırıqları, tövsiyələri ilə
tarixçilərin dövlətçilik tarixinin
araşdırılması istiqamətində
gördüyü işləri yüksək qiymətləndirdi.
Cənab Prezident 25 illik müstəqillik
dövrünün araşdırılması kimi mühüm
tapşırığı qarşıya vəzifə qoydu.
Biz tarixçilər dövlət
başçısının böyük etimad göstərərək
qarşımıza qoyduğu vəzifəni qeyd edilən
vaxtda başa çatdırmağa
çalışacağıq”. Qeyd edək ki, professor
Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan”
uydurması” kitabı ingilis, rus və ispan dillərinə tərcümə
edilib. “İrəvan xanlığı: Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi” və
soyqırımları tarixinə həsr olunmuş digər əsərlərin
də yaxın zamanlarda ispan dilində nəşr olunması və
Latın Amerikası ölkələrinin oxucularına
çatdırılması nəzərdə tutulub.
Dövlətçilik tarixi ilə
bağlı mə lumatların yer aldığı
broşürlər hazırlanmalı, xarici kitabxanalarla əlaqə
qurulmalı, xarici dildə saytlar yaradılmalıdır
Azərbaycanın qədim dövlətçilik tarixinin
təbliği istiqamətində fəaliyyəti gücləndirmək
lazımdır. Bunun üçün nə etmək
laxımdır? Hesab edirik ki, qiymətli
elmi əsərlərin xarici dillərə çevrilməsi,
xarici elmi nəşrlərdə dərc edilməsi, xarici
KİV orqanlarında yayılması işi mütəşəkkil
qaydada təşkil edilməlidir. AMEA-nın
və Prezident yanında Elm Fondunun qrantları hesabına
dövlətçilik tarixi, Azərbaycan həqiqətləri
ilə bağlı qiymətli tarixi məlumatlar xarici dillərə
tərcümə edilməli, broşürlər şəklində
müxtəlif tədbirlərdə, elmi konfranslarda
paylanmalıdır. Bu işə xaricdəki
səfirliklərimizi də əlavə etmək
lazımdır. Bilavasitə diplomatik fəaliyyət
göstərdikləri ölkələrin elmi dairələri,
media orqanları ilə əlaqəli şəkildə iş
quraraq, onlara müxtəlif materiallar təqdim etmək, həmin
ölkələrin kitabxanalarına Azərbaycanın qədim
və zəngin dövlətçilik tarixi ilə
bağlı tərcümə edilmiş nəşrlər təqdim
edilməlidir. Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində həyata
keçirdiyi iş burada nümunə ola
bilər. Azərbaycan alimlərinin, xüsusinə
xarici dil bilən alimlərin xarici səfərləri
artırılmalı, onlar iştirak etdikləri konfranslarda zəngin
dövlətçilik tariximizlə, Qarabağla bağlı həqiqətləri
çatdırmalıdırlar. Eyni zamanda
ölkə daxilində də dövlətçilik tariximizin
təbliği işinə diqqət ayırmaq lazımdır.
Müxtəlif dillərdə olan xüsusi
saytlar yaratmalı və orada Azərbaycan həqiqətləri,
dövlətçilik tariximizlə bağlı faktlar yerləşdirilməlidir.
Bu işləri sistemli şəkildə həyata keçirməklə
dövlət başçısının qarşıya
qoyduğu məqsədə nail ola, erməni
yalanlarını ifşa edə və dövlətçilik
tariximizi dünyaya təqdim edə bilərik.
Anar Miriyev
Palitra.-2015.-9 dekabr.-S.6.