“Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri kimlər olacaq?

 

Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması zərurəti və müasir elmi texnologiyaların mənimsənilməsi ilə bağlı məsələlər təhsil sisteminin keyfiyyətcə yaxşılaşdırılmasını, məzmunca müasirləşdirilməsini tələb edir. Prezidentin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 21 avqust tarixli sərəncamının icrası ilə bağlı araşdırmalar, orta məktəb şagirdlərinin müxtəlif beynəlxalq fənn olimpiadalarında və ali məktəblərə qəbul imtahanları zamanı nümayiş etdirdikləri bilik səviyyəsi göstərir ki, ölkənin bir sıra ümumtəhsil məktəblərində günün tələblərinə cavab verən innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün kifayət qədər müasir təhsil mühiti formalaşıb.

Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi ilə ölkə başçısı tərəfindən “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları” təsdiq edilib. Artıq bir neçə ildir ki, respublikanın ümumtəhsil məktəbləri və eyni zamanda müəllimlər ölkə başçısının müvafiq sərəncamına əsasən keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində iştirak etmək imkanı əldə ediblər. Bir ənənəyə çevrilən və mütəmadi olaraq hər il keçirilən həmin müsabiqələrdə müvəffəqiyyət qazanan 50 ümumtəhsil məktəbinin hər birinin 10000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn 100 müəllimin hər birinin isə 5000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılması müəllim əməyinə, Azərbaycan məktəbinin inkişafına olan dövlət qayğısının bariz nümunəsidir.

 

Müsabiqə davam edir

2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün 600 müəllim Təşkilat Komitəsinə müraciət edib. Müsabiqənin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur.

Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib və nəticədə 143 müəllim növbəti mərhələyə buraxılıb. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.

Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir.

Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə növbəti 100 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan olunacaq.

 

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq hər bir müəllimin arzusudur

Bu il də keçirilən müsabiqələr təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın bütün bölgələrindən olan müəllimlərinin iştirak etdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin bir neçə iştirakçısının fikirlərini öyrəndik.

Həmin müəllimlərdən biri Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Könül Əliyevadır: “Mən sənətimi çox sevirəm. Bu sevgi məni daim öyrənməyə və öyrətməyə yaxşı mənada sövq edir. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq ən böyük arzumdur. Bu müsabiqə biz müəllimlərə öz yaradıcılıq potensialımızı üzə çıxarmağa, pedaqoji ustalığımızı nümayiş etdirməyimizə əlverişli imkan yaradır. Paytaxt məktəblərinin müəllimləri ilə yanaşı, bölgələrdə çalışan müəllimlərin də nəyə qadir olduqlarını göstərmələri üçün əla bir şansdır. Artıq müsabiqənin 3-cü mərhələsini keçmişəm. Son nəticə yaxın günlərdə bilinəcək. Özümə və həmkarlarıma bu müsabiqənin qalibi olmağı arzu edirəm”.

 

“...bu mənim müəllimlik fəaliyyətimin ən unudulmaz bir hadisəsi olacaq

Müsabiqənin digər iştirakçısı Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sona Nuriyevadır: “Ən yaxşı müəllim” müsabiqəsi biz müəllimlərin ürəyincədir. Açığını deyim ki, bütün müəllimlər kimi, mən də həmin müsabiqədə iştirak etmək arzusunda olmuşam. Ancaq daha yaxşı nailiyyətlərlə bu yarışmaya qoşulmaq istəyim yalnız bu il fikrimi reallaşdırmaq arzusunu daha da gücləndirdi və müsabiqədə iştirak etmək qərarına gəldim. 25 ildir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Bu illərdə bir sıra nailiyyətlərim olub. 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisidöş nişanı ilə təltif olunmuşam. Müsabiqənin qalibi olaramsa bu, mənim müəllimlik fəaliyyətimin ən unudulmaz bir hadisəsi olacaq”.

 

“Təhsildə tətbiq edilən yenilikləri hər zaman izləyir və dərslərimdə müasir təlim metodlarından istifadə edirəm”

Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülnar Hüseynova isə işlədiyi müddət ərzində bir çox təlimlərdə iştirak etdiyini deyir: “2012-ci ildən fənn kurikulumlarının tətbiqi üzrə təlimçi işləyirəm. 2015-ci ildən respublikanın müxtəlif bölgələrində mentor kimi təlim keçirəm. Təhsildə tətbiq edilən yenilikləri hər zaman izləyir və dərslərimdə müasir təlim metodlarından istifadə edirəm. Daim axtarışda olan yaradıcı bir müəllim kimi dərslərimdə elektron tədris vəsaitlərindən istifadə edərək resurslar hazırlamışam. Özüm bloq səhifə yaratmışam. Ümid edirəm ki, müsabiqənin bu gün keçirilən 3-cü mərhələsində Təşkilat Komitəsinin qarşısında etdiyim təqdimatda özümün potensial imkanlarımı, bilik və bacarığımı göstərə bildim. Belə bir nüfuzlu müsabiqənin qalibi olmaq ən böyük arzumdur”.

 

Heyrət Vəliyev:

Bu günün müəllimi müasir düşüncəyə, yaradıcı təfəkkürə malik olmalı, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır”

Gədəbəy rayonu Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin coğrafiya müəllimi Heyrət Vəliyev isə bildirib ki, pedaqoji fəaliyyəti zamanı öz üzərində daim işləyərək biliyini təkmilləşdirməyə, təhsil sahəsində tətbiq edilən yenilikləri öyrənib tədris prosesində tətbiq etməyə çalışır: “Bu günün müəllimi müasir düşüncəyə, yaradıcı təfəkkürə malik olmalı, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır. Mən də öz fəaliyyətimdə məhz bu məsələləri xüsusi diqqətdə saxlayıram. İlk dəfədir ki, “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edirəm. Belə bir nüfuzlu müsabiqədə iştirak etməyimi müəllimlik fəaliyyətimdə ən uğurlu hadisə kimi qiymətləndirirəm. Buraya qatılmağımın özü belə mənim üçün qürurvericidir. 600 müəllimin içərisindən seçilərək 3-cü mərhələyə gəlməyim məndə özümə qarşı bir güvən oyadıb”.

 

Bu müsabiqə müəllimin cəmiyyətdə rolunun getdikcə artmasında əhəmiyyətli rol oynayır”

Müsabiqənin digər iştirakçısı isə Qax rayonu 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rübail Əfəndiyevadır: “Bu müsabiqə, mən deyərdim ki, cəmiyyətdə müəllimin statusununnüfuzunun yüksəlməsində, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasında əhəmiyyətli rol oynayır. Bəzən bölgə müəllimlərinin peşəkarlığına, bacarıqlarına bir qədər tərəddüdlə yanaşan insanlar da olur. Əslində bu müsabiqə həmin insanların nə qədər yanlış düşünmələrinə əyani bir sübutdur. Bütün ölkəni əhatə edən “Ən yaxşı müəllim” müsabiqəsi bölgələrdəki müəllimlərlə paytaxt müəllimləri arasında təcrübə mübadiləsinə, qabaqcıl tədris üsullarının yayılmasına imkan yaratmaqla yanaşı, peşəkarlıq, bilik və bacarıq baxımından da bizim şəhər məktəblərinin müəllimlərindən heçgeri qalmadığımızı göstərməyə şərait yaradır”.

 

Nigar Abdullayeva

Palitra.-2015.-9 dekabr.-S.11.