Məhtimqulu Fəraqinin nadir
əlyazma divanı nəşr edilib
Böyük türkmən şairi Məhtimqulu Fəraqinin Bakıda yeni tapılan əlyazma “Divan”ı Azərbaycan Milli Elmlər Aklademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitrutunun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub. Bu, Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan, yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasında saxlanılan nadir kitabın yeni nəşridir. Əsəri Azərbaycan Milli Elmlər Akademiyasının alimləri aşkar edib üzə çıxarmışlar.
Əsər elmi redaktor AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı geniş həcmli ön sözü ilə açılır. Böyük mütəfəkkir şairin yaradıcılığını və onun Azərbaycan ədəbiyyatı ilə əlaqələrini ətraflı təhlil edən akademik İsa Həbibbəyli qədim və zəngin ənənələrə malik olan türkmən xalqının qüdrəti söz ustadı Məhtimqulu Fəraqini türk dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirib. Akademik İsa Həbibbəyli böyük türkmən şairi Məhtimqulu Fəraqinin köçəriliyin etnoqrafik çalarlarını deyil, məşəqqətlərini yazan və öz xalqı üçün çətinliklərlə dolu birlik dastanı yaradan, bu yolla ilk növbədə vətəni Türkmənistana, bütövlükdə isə türk dünyasına və insanlığa xidmət edən qüdrətli sənətkar olduğunu qeyd edib. Məhtimqulu Fəraqini “türkmən xalqının rəmzi”, “türkmən ədəbiyyatının görkəmli klassiki”, “Türkmənistanda müstəqil dövlətçiliyin qüdrətli carçısı”, “türkmən xalqının dünya ədəbiyyatına bəxş etdiyi qüdrətli sənətkar” kimi xarakterizə edən akademik İsa Həbibbəyli yazır: “Müasir türkmən şeiri, yeni türkmən ədəbiyyatı Məhtimqulu Fəraqi ilə başlamışdır. Məhtimqulu Fəəraqi Dədə Qorqudla əsası qoyulan, Yunus Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içində geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII-XIX əsr türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir. Onun yaradıcılığı xalq şeiri ilə xalqın həyatı və mübarizəsinin birlik çələngidir. Məhtimqulu Fəraqi Türkmənistanın milli istiqlal ədəbiyyatının banisidir.”
AMEA Əlyazmalar İnstitutunun fondunda Məhtimqulu Fəraqinin iki divanının əlyazmasının qorunub saxlanılmasını ölkələrimiz və xalqlarımız arasındakı dərin tarixi köklərə malik olan münasibətlərin daha bir nümunəsi kimi dəyərləndirən akademik İsa Həbibbəyli kitaba yzadığı ön sözdə yeni nəşrin meydana çıxmasında əlyazmaşünas və ədəbiyyatşünas alimlərin xidmətlərini yüksək dəyərləndirib.
Kitabda Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Məhtimqulu Divanının yeni nüsxəsi” və Ədəbiyyat İnstitutunun elmi işçisi, tədqiqatçı İsmixan Osmanlının “Məhtimqulu Fəraqi Divanının nüsxələri” adlı məqalələri də yer alıb ki, burada görkəmli şairin yaradıcılıq yolu və divanı haqqında ətraflı məlumatlar verilir.
Nəşrdə Məhtimqulu Fəraqinin divanının əlyazmasının faksimilesi də verilib ki, bu da orijinal nüsxənin əyani görüntüsünün real təəssüratını yaradır. Divanda adı çəkilən tarixi şəxsiyyətlərin, coğrafi adların və başqa sözlərin qısa izahı, bəzi ərəb, fars və türkmən sözlərinin lüğəti, həmçinin ədəbiyyat siyahısı da oxucu və tədqiqatçılara bələdçi olacaqdır.
Tədqiqatçı İsmixan Osmanlı tərəfindən nəşrə hazırlanan əsərin rəyçiləri AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Türkmənistan EA-nın müxbir üzvü Annaqurban Aşırov və filologiya elmləri doktoru Məmməd Əliyevdir. Divanın mətni filologiya elmləri doktoru Paşa Kərimov, Türkmənistan Milli Əlyazmalar İnstitutunun elmi işçiləri Rəhmanberdi Qodarov və Rahimmammet Kurenov tərəfindən transliterasiya olunub.
Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən
biri Məhtimqulu Fəraqinin seçilmiş əsərlərindın ibarət
olan nadir
“Divan”ının ilk dəfə Bakıda
nəşr edilməsi yeni tarixi
mərhələdə yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan
ədəbi əlaqələrinə dəyərli töhfədir.
Palitra.-2015.-9 dekabr.-S.13.