“Seysmologiya elmi Azərbaycan üçün
aktual elmi sahələrdən
hesab olunur”
Vüqar Fərəcov: “Geofizika
ixtisası alan tələbələrin
elmi-nəzəri hazırlığı ilə yanaşı, praktiki hazırlığına da diqqətin artırılmasını zəruri
sayıram”
Layihə çərçivəsində
müxtəlif elmi ixtisaslar
və sahələrlə bağlı məsələləri
işıqlandırmaqdayıq. Bu dəfə
isə müsahibimiz AMEA-nın nəzdində
Respublika Seysmoloji Xidmət
Mərkəzinin Gənc Alim və Mütəxəssislər
Şurasının sədri Vüqar Fərəcovdur.
- Öncə özünüzü təqdim edərdiniz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Fərəcov Vüqar Əliş oğlu, 1979-cu il 18 noyabrda Azərbaycanın paytaxtı, daim inkişafda olan gözəl Bakı şəhərində dünyaya göz açmışam. İlk təhsilimi Bakı şəhərində 297 saylı tam orta məktəbdə, ali təhsilimi isə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsində almışam. 1997-2001-ci illərdə bakalavriat, 2007-2009-cü illərdə isə kəşfiyyat və axtarış işlərinin geofiziki üsulları ixtisası üzrə fərqlənmə diplomu ilə magistr pilləsini bitirmişəm. 2001-ci ilin oktyabrından AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mühəndis vəzifəsinə işə qəbul olunmuşam. Elmi fəaliyyətimə 2011-ci ildə AMEA Geologiya və Geofizika İnstitutunda qiyabi doktorant olaraq başladım. “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yeni geofiziki məlumatlar əsasında Aşağı Kür çökəkliyinin seysmogeodinamikası” mövzusunda dissertasiya işinə başlamışam və yaxın gələcəkdə müdafiəsi nəzərdə tutulur. Bu elmi istiqamətdə 8 elmi əsərim həm yerli, həm də xarici jurnallarda dərc edilmiş və nüfuzlu elmi konfranslarda məruzə etmişəm. AMEA-nın nəzdində Respublika Seysmolji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədriyəm.
-Təhsil
aldığınız və ya tədqiqat
apardığınız sahə barəsində hansı fikirləriniz
var?
- Təhsil aldığım Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) respublikamızın ən tanınmış və aparıcı təhsil müəssisələrindəndir. O, nəinki respublikamızda, eyni zamanda xarici ölkələrdə də tanınır. Tədqiqat apardığım AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi və AMEA-nın Geologiya və Geofizika İnstitutu da Akademiyanın aparıcı müəssisələrindəndir. Onu da qeyd etmək lazımdır ki, AMEA-nın nəzdində RSXM-i beynəlxalq seysmoloji qurumlarla sıx əməkdaşlıq edir. Elmi tədqiqatlar baxımından tədqiqat apardığım sahə barəsində də, əslində, çox şeylər bildirmək olar. Şəxsən bir elmi tədqiqatçı kimi mənim üçün seysmologiya sahəsi çox aktual və maraqlı sahədir. Bu cəhətdən sözügedən sahədə yeni nailiyyətlərə imza atmağı düşünürəm.
-Bu
sahə üzrə xarici ölkələrdə
aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar
arasında hansı fərqli və ümumi
cəhətlər var?
- Seysmogeodinamika sahəsi hal-hazırda aktual mövzulardandır. Bu istiqamətdə işlər
respublikamızla yanaşı,
ABŞ-da, Avropada və MDB ölkələrində
də genişmiqyaslı
tədqiqatlar aparılmaqdadır.
Respublikamızda aparılan tədqiqatların
özəlliyi odur ki, RSXM ən müasir avadanlıqlarla təmin olunub və ABŞ və Avropa ölkələri ilə eyni üsullardan
istifadə edilir.
Digər
MDB ölkələrində isə bu cür
müasir və yüksək dəqiq cihazlar yoxdur. Bu da öz növbəsində işin
operativliyini və dəqiqliyini artırır.
-Təhsil aldığınız
ixtisasın və elmi sahənin Azərbaycan üçün
aktuallığını necə
ifadə edərdiniz?
- Təhsil aldığım
geofizika ixtisası və hal-hazırda məşğul olduğum
seysmologiya elmi Azərbaycan Respublikası
üçün aktual
elmi sahələrdən
hesab olunur. Çünki seysmologiya geofizika
elmləri arasında geniş və maraqlı istiqamətlərdən
biridir. Yuxarıda qeyd etdiyim kimi tədqiqat apardığım sahə
Aşağı Kür
çökəkliyidir. Bildiyimiz kimi, tədqiqat apardığımız sahədə
həm iri sənaye və ictimai obyektləri, həm də sənaye əhəmiyyətli
neft yataqları vardır. Bu məqsədlə
tədqiqatın nəticələrini
həm mövcud, həm də gələcəkdə inşa
ediləcək iri dövlət əhəmiyyəli
obyektlərdə nəzərə
alınması təhlükəsizlik
baxımından,aparılacaq
geofiziki axtarış
işləri zamanı
öz səmərəli
töhfəsini verə
bilər.
-Bu ixtisasınız
yönündə Azərbaycan
təhsilində və
ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Respublikamızın təhsil
müəssisələrində geofizika ixtisası alan tələbələrin
elmi-nəzəri hazırlığı
ilə yanaşı, onların praktiki hazırlığına diqqətin
artırılmasını zəruri
sayıram. Doğrudur, son zamanlar təhsil
və elm müəssisələrinin
maddi-texniki bazası ən müasir avadanlıqlarla təmin olunur və bu da elm və
təhsilin inkişafına
çox mühüm təsir göstərməyə
bilməz. Eyni zamanda, bu imkan
yaradır ki, sözügedən ixtisas üzrə təhsil alan tələbələr
də digər sahələrə aid tələbələr
kimi, praktiki hazırlıq məsələlərində
aktivləşsinlər. Bununla belə,
onların praktiki hazırlıq səviyyəsinin
artırılmasını və
bununla bağlı intensiv proqramlar həyata keçirilməsinin
lazım gəldiyini düşünürəm. Belə olarsa, onlar daha
yüksək səviyyədə
ixtisaslarına aid biliklərə
yiyələnə və
elmin inkişafına daha çox töhfələrini verə
bilərlər.
-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Gənc Alim və Mütəxəssislər
Şurasının fəaliyyət
planına uyğun olaraq orta və
ali məktəblərdə
təhsil alan şagird və tələbələrə elmi
təbliğ etmək
məqsədi ilə şuramızın üzvləri
ilə birgə elmi seminarlar, “açıq qapı” günü kimi tədbirlərlə məktəblilər
və gəncləri seysmologiya elminə cəlb etməyə çalışırıq. Çünki
bu, təhsil alan yeni
nəsil üçün
olduqca faydalı və lazımlıdır.
Məktəblilər seysmologiya
sahəsi və bu sahədə baş verən proseslərdən məlumatlı
olmalı, bu sahədə bilikləri onları gələcəkdə
baş verəcək təbii fəlakət olan zəlzələ zamanı özlərini və yaxınlarını
qorumağa yardımçı
ola bilər.
Zəlzələ zamanı düzgün
davranış qaydaları
onların həyatını
xilas edə bilər.
Bundan başqa,
bir gənc mütəxəssis kimi təklif edərdim ki, gənc alim
və mütəxəssislərin
elmi və praktiki hazırlığını
yüksəltmək məqsədi
ilə onların xarici ölkələrdəki
tanınmış elmi
mərkəzlərdə müasir
təcrübələr və
ixtisasartırma ezamiyyətlərinə
daha çox gənclər cəlb olunsun, xarici dili mükəmməl dərəcədə bilməsi
üçün güzəştli
kurslar təşkil olunsun. Bütün bunlar Azərbaycan
gənclərinin elmə
daha çox sarılmasına və elmimizin daha da yüksəklərə
qaldırılmasına xidmət
edər.
-Xarici ölkələrdə təhsil
alan gənclərimizə
və elmi tədqiqatçılarımıza nələri tövsiyə
edərdiniz?
- Xaricdə təhsil alan gənclərimizə
və elmi tədqiqatçılarımıza mütərəqqi elm sahələrini
və metodlarını
dərindən mənimsəmələrini
və hər zaman milli kimliyini
uca tutmalarını və milli mənsubiyyətlərini
unutmamalarını arzu
edərdim. Bundan başqa, onların
əldə etdikləri
bilikləri, qabaqcıl
xarici təcrübəni
Azərbaycanımızın inkişafı yönündə
sərf etmələri
də olduqca məqsədəuyğun və
zəruridir. Bu gün təhsil və elmə yiyələnən hər
bir gənc və Azərbaycan vətəndaşı, bütün
bilik, bacarıq və səylərini real təcrübədə gerçəkləşdirmək
və bununla cəmiyyətin ümumi inkişafına töhfə
vermək səylərini
əsirgəməməlidir. Rəqabətli dünyada ölkəmizin
daha da yüksəlməsi
üçün bu kimi səylərə böyük ehtiyac olduğunu düşünürəm.
-Gələcək
plan və fəaliyyətinizlə
bağlı nələri
bölüşərdiniz?
- Mən gənc alim kimi öz
elmi fəaliyyətimi
davamlı olaraq inkişaf etdirmək niyyətindəyəm. Bu niyyətim isə xalqıma xeyir vermək, onun şərəfini uca tutmaq məqsədi daşıyır.
İlkin AĞAYEV
Palitra.-2015.-10 dekabr.-S.11.