Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət nəticəsində makroiqtisadi və maliyyə sabitliyi qorunub, dayanıqlı iqtisadi artım və qeyri-neft sektorunun inkişaf etdirilməsi təmin edilib

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasimakroiqtisadi sabitliyə nail olunması iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı.

 

Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur, məşğul əhalinin isə təqribən 70 faizi bu sektorda cəmləşib

 

Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlarinkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olub. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir. Belə ki, Prezidentin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Ölkədə sahibkarlığın, xüsusilə kiçikorta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərmək, onlara maliyyə dəstəyi vermək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu yaradılıb.

Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib. Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçikorta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanıldı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə sahibkarlığın inkişafı istiqamətində strateji xətt uğurla davam etdirilir. Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə ölkə başçısı tərəfindən 2014-cü ildə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalanıb.

Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyininzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur, məşğul əhalinin isə təqribən 70 faizi bu sektorda cəmləşib. Ölkənin sahibkarlıq fəaliyyətinin inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meylər özünü göstərməkdə davam edir. Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 649 408 vahid olmaqla, onların 36,9 faizi Bakı şəhərində, 63,1 faizi regionlarda qeydiyyatdan keçib. Sahibkarların ümumi bölgüsünə görə onların təqribən 15 faizini hüquqi şəxslər, 85 faizini isə fiziki şəxslər təşkil edir.

 

Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir

 

Ölkənin gələcək inkişafının uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Son vaxtlar bu istiqamətdə həyata keçirilən tədbirlər də məhz ölkədə sahibkarlığın inkişafı, biznes mühitin yaxşılaşdırılmasına yönəldilib. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərti olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, məhz ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir: Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulurson qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda, dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin. Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək”. Qeyd edək ki, ölkə başçısı tərəfindən bu istiqamətdə atılan addımlardan biri kimi 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Mütəxəssislər də ölkədə sahibkarlığın inkişafını yüksək qiymətləndirməklə yanaşı, bu sahədə müvafiq öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu bildirirlər.

Son vaxtlar sahibkarlığın inkişafı istiqamətində tədbirlərə gəldikdə isə millət vəkili Tahir Rzayev bildirdi ki, Prezidentin tapşırığına əsasən bu sahədə həyata keçirilən tədbirləri də alqışlamalıyıq: “Cari ilin 6 ayının, həmçinin 9 ayın yekun hesabatına dair Nazirlər Kabinetinin iclasında da ölkə başçısı bu məsələyə toxunub. Bəziləri elə bilir ki, sahibkarlara hər yerdə təpkilər var. Əslində, bu inkişafla əlaqədardır. Əgər sahibkarlıq inkişaf edirsə, orada müəyyən neqativ hallar da baş verir. Ancaq çox təəssüflər olsun ki, onların sırasında bizim vəzifəli məmurlar da var. Məlum oldu ki, onlar sahibkarları necə incidiblər. Ancaq bu yolverilməzdir. Ölkədə orta sahibkarlıq inkişaf etdirilməsə sosial-iqtisadi inkişafı təmin etmək mümkün deyil. Bu dünyada, beynəlxalq aləmdə belədir. İnkişaf etmiş ölkələrin təcrübəsi, inkişafı da onu göstərir ki, mütləq müstəqil dövlətlərdə, irəliyə getmək istəyən dövlətlərdə mütləq orta sahibkarlıq inkişaf etdirilməlidir. Hər bir insan özünü sahibkar hesab etməlidir. Kiçik bir sahəsi, emal müəssisəsi olsa da özünü onun sahibi hesab etməlidir və inanmalıdır ki, oradan götürdüyü qazanc onun ailəsini dolandıracaq. Nəinki onun ailəsini, həmin sahibkarlığı az da olsa artırarsa bir neçə nəfərin maddi təminatına imkan yaranacaq. Bu əhalinin işlə təmin olunmasıdır, ölkənin sosial inkişafının yaxşılaşdırılmasıdır, insanların rifah halının yüksəldilməsidir, yoxsulluğun aradan qaldırılmasıdır. Digər tərəfdən ölkənin ixrac məsələlərində önəmli faktordur, məhsullarımızın xarici bazarlara çıxmasıdır. Elə sahibkarlıq formalaşmalıdır ki, əgər bir sahibkar bu gün xırda sahibkarlıqla məşğul olurdusa, bir neçə ildən sonra orta sahibkara, daha yüksək məhsul istehsal edən sahibkara çevrilməlidirlər. Onlar nəinki istehsal etdiyi məhsulları ölkə daxilində satmalıdırlar, həmçinin xarici bazarlarda satmalıdırlar. Ona görə də sahibkarlığın inkişafı çox vacibdir. Buna olan maneələrin aradan qaldırılması üçün maneələr aradan qaldırılmalıdır. Bu istiqamətdə həyata keçirilən qətiyyətli tədbirlər mütəmadi olaraq davam etdirilməlidir”.

Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, sahibkarlığın inkişafına hər zaman dəstək verilməlidir və verilir: “Biznes mühitinin yaxşılaşdırılması üçün addımlar atılır, xüsusən elektron xidmətlərin təşkilində çox böyük irəliləyişlər müşahidə edirik. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması ilə bağlı yeni yanaşmaların tətbiq edilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də mühüm nailiyyətlər kimi qiymətləndirilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında qanunun qəbulu çox vacib təşəbbüs oldu. Eyni zamanda sahibkarlara güzəştli kreditlərin verilməsinin genişləndirilməsi də mütərəqqi addım kimi dəyərləndirilməlidir. Ölkə başçısı hər dəfə sahibkarların hüquqlarının müdafiəsini hökumətin əsas prioritetlərindən biri kimi qeyd edib. Sahibkarlara dövlət başçısı kimi dəstəyini bəyan edib”.

Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir.

Beləliklə, qlobal iqtisadi böhranın davam etdiyi bir şəraitdə ölkəmizdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaq.

 

Nigar Abdullayeva

Palitra.-2015.-10 dekabr.-s.7.