“Antropologiyayla bağlı insanlar
arasında yanlış düşüncə
formalaşıb”
Vüsal Həsənov:
“Azərbaycanda antropologiyanın inkişafında
maraqlıyıqsa, işlərimizi dünya elmində qəbul
olunmuş vahid standartlara uyğunlaşdırmalıyıq”
Layihə çərçivəsində
müsahibimiz antropoloq Vüsal Həsənovdur.
- Öncə
özünüz və aldığınız təhsil, elmi fəaliyyətiniz
barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Həsənov Vüsal Paşa oğlu 1981-ci ildə Gürcüstan Respublikasının Kaxeti bölgəsində, Qaraçöp mahalında doğulmuşam. Çoxuşaqlı ailənin sonuncu övladıyam. İbtidai təhsilimi anadan olduğum Düzəyrəm kənd orta məktəbində aldıqdan sonra ailəmizin Bakıya köçməsi səbəbindən təhsilimi Xətai rayonunda, 221 saylı orta məktəbdə davam etdirməli oldum. Humanitar fənlərə, xüsusən də tarixə və ədəbiyyata marağım daha çox olub. Kitablara bağlı ailə ortamında böyüdüyüm üçün çox erkən yaşlarımdan mütaliəyə atılmışam. Dünyagörüşümün formalaşmasında rus ədəbiyyatının çox güclü təsiri olub. Təzadlı xarakterə sahib olduğum üçün gələcəyimlə bağlı qərar verməkdə bır müddət tərəddüdlü olmuşam. Şərait elə gətirdi ki, 1999-cu ildə ali təhsil alma planımı bir müddətlik təxirə salıb hərbi xidmətə getməli oldum. Hərbi xidməti bitirdikdən sonra tarix üzrə təhsil almaq istəsəm də, həyat məni başqa istiqamətə yönəltdi. 2001-2005-ci illərdə Tiflis şəhərində ruhani təhsili almalı oldum, amma bu, arzularıma daxil deyildi. Bu illəri “özünü axtarma” mərhələsi hesab etmək olar. İkiillik fasilədən sonra 2006-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Bir elm sahəsi kimi antropologiya ilə tanışlığım da buradan başladı.Təəssüf ki, bu sahədə özümü inkişaf etdirmək üçün Azərbaycanda hər hansı bir perspektiv yox idi. Bu səbəbdən də antropologiya üzrə xaricdə master təhsili almaq qərarı verdim. Bu sahə üzrə özünü daha yaxşı inkişaf etdirmək üçün Fransa və ya Amerikada təhsil almaq daha məqsədəuyğun olsa da, kifayət qədər vəsait lazım idi. Bu səbəbdən də Türkiyənin üzərində dayandım. Gərəklı imtahanları uğurla verdikdən sonra 2015-ci ildə Ankara Universitetinin Paleoantropologiya bölümünü qazandım. Bu uğurumda dostlarımın da payı çoxdur. Hər zaman yanımda oldular və ruhdan düşməməyim üçün stimul verdilər.Tam əminliklə deyə bilərəm ki, sonunda özümü tapdığım bir işlə məşğulam və bu sahədə uğurlar əldə edəcəyimə çox inanıram. Düşünürəm ki,fəaliyyətimlə bağlı danışmaq üçün hələ çox tezdir. Edəcəyim işlər hələ qabaqdadır. Ailəliyəm,iki övladım var.
- Təhsil
aldığınız sahə üzrə qısa olaraq nə
deyə bilərsiz?
-
Adından da göründüyü kimi, antropologiya (“anthropos”
insan) insan haqqında elmdir. Sadə desək, təpədən-dırnağa
və keçmişdən bu günə insanı öyrənir.
İnsanın yaranışından bu yana
keçirdiyi bioloji və mədəni dəyişiklikləri
özünəməxsus metodlarla ələ alır. İlkin yaranma tarixi 17-ci əsrə gedib
çıxır. 18-ci əsrdə fransız təbiətşünas
alim Georges Cuvierin nəsli tükənmiş heyvan fosilləri
üzərində apardığı tədqiqatlarla bu sahədə
bir canlanma baş verdi. Beləliklə,
təbiət elmlərinin içərisində antropologiyanin
bir alt qol kimi bünövrəsi atıldı.19-ci əsrin
sonlarında isə müstəqil bir elm kimi fəaliyyətə
başladı. Bəzi Qərb ölkələrində
bizdən fərqli olaraq arxeologiya və etnoqrafiya da
antropologiyanın içində yer alır.Yaranma tarixi Avropayla
bağlı olsa d, antropologiya bir pozitiv elm sahəsi kimi
Amerikada özünün ən yüksək inkişaf mərhələsindədir.
Müasir antropologiyanın tədqiqat sahəsi
xeyli genişlənib. Buna görə də
bir çox alt qollar meydana gəlib. Mənim
oxuduğum ixtisas isə paleoantropologiyadır. Bir az yumoristik desək, Afrikadan tapılan “meymun”əcdadlarımızla
məşğul olan elm. Təbii ki,bu, bir
zarafatdır. Paleoantropologiya arxeoloji qazıntılar zamanı
aşkar olunan fosil və sklet parçaları üzərində
incələmələr aparır və bunun nəticəsi
olaraq o dövrün insanlarıyla bağlı əsaslı
bilgilər ortaya qoyur.Təbii ki,əlaqəli
digər elm sahələrindən də
faydalanır.Paleoantropologiya prinsipcə daha çox arxeologiya
ilə əlaqəlidir. Çöl şəraitində
aşkar olunan materiallar (skelet və fosillər) daha sonra
labaratoriya şəraitində tədqiq olunur. Daha az qazanclı və çətin bir peşə
olduğu üçün bu işlə məşğul olmaq
fədakarlıq tələb edir.
- Bu sahə üzrə xarici ölkələrdə
aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar
arasında hansı fərqli və ümumi cəhətlər
var?
-
Düzü, bilmirəm, bu suala necə cavab verim. Çünki ortada müqayisə ediləcək bir
şey yoxdur. Azərbaycanda etnografiya
adı altında aparılan bütün tədqiqatlarla Qərbdə
sosial antropologiya məşğul olur. Bu,
bizdə bir sovet ənənəsi olaraq davam edir. Buna görə də kimin etnoqraf, kimin antropoloq
olduğu məlum deyil. Fiziki və
Paleoantropologiyanın tətqiqat sahəsi isə etnografiya və
sosial antropologiyadan tam fərqlidir. Əgər
biz Azərbaycanda antropologiyanın inkişafında
maraqliyıqsa, o zaman işlərimizi dünya elmində qəbul
olunmuş vahid standartlara uyğunlaşdırmalıyıq.
Keçmiş sovet imperiyası, o cümlədən
Cənubi Qafqazda antropologiya bir elm sahəsi kimi daha çox
irqşünaslıq və ya kəlləşünaslıq
mahiyyəti daşıyıb. Birdəfəlik
anlamaq lazımdır ki, antropologiyanın vəzifəsi
insanı öyrənməkdir, millətləri və ya irqləri
deyil. Bu gün bioloji xüsusiyyətlərini
qoruyub, saxlamış hər hansı bir saf irqdən söhbət
belə gedə bilməz. Xalqlar arasında mələzləşmə
dərəcəsi o qədər güclüdür ki, farsı ərəbdən və ya kürdü
türkdən seçmək, az qala,
mümkünsüzdür. Kəllə ölçülərindən
yola çıxaraq dolixokefalların (uzun baş) türk və
ya ali irq olması düsüncəsi isə
tam əsassızdır. Sadəcə, dil və kültür birliyi
var. Azərbaycanda aparılmış antropoloji (paleontoloji) tədqiqatlara
gəlincə isə 20 əsrin əvvəllərində rus
mütəxəssislər qısa dönəmli “kəllə
axtarışları” həyata keçirib. Bildiyimə görə,
sovet dövründə Azərbaycanda yeganə paleoantropoloq Rəbiyə
Qasımova olub.Təəssüf ki,bu
xanımın elmi fəaliyyətiylə bağlı ətraflı
məlumata sahib deyiləm. Son illər Azərbaycan
Arxeologiya və Etnoqrafiya İnstitutunun tabeliyində
aparılan arxeoloji qazıntılara xaricdən antropoloqlar dəvət
olunur. Eyni zamanda, bir çox abidələr
Almaniya və Fransa Arxeoloji ekspedisiyalarıyla birlikdə tədqiq
olunur. 2012-2014-cü illərdə arxeoloq Bəxtiyar
Cəlilovun rəhbərliyi ilə tədqiq edilən Uzun Rəmə
kurqanlarından aşkar olunmuş toplu skeletlər Hacəttəpə
Unversitetindən dəvət olunmuş paleoantropoloqlar tərəfindən
öyrənilib. İnanıram ki, yaxın
illərdə xarici mütəxəssislərə ehtiyac
olmayacaq.
- Bu ixtisasınız yönündə
Azərbaycan təhsilində və ya elmində hansı
islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Bu barədə
indidən danışmaq hələ tezdir, deyə
düşünürəm.Təbii ki, yerinə yetiriləsi
çox şey var. Öncə özümü inkişaf
etdirmək istəyirəm. Öyrənmək və
da daha çox öyrənmək. Dərslər
çox ağırdır.Təsəvvür edin ki, kiçik
bir detalı qavramaq üçün günlərlə eyni mətni
təkrarlamalı olursan. Antropologiyanın
özəyində skelet bilgisi dayanır (osteologiya). İnsan anatomiyası və skelet sistemini
yaxşı bilmək lazımdır. Azərbaycanda
antropologiyayla bağlı insanlar arasında yanlış
düşüncə formalaşıb .Elə başa
düşürlər ki, antropologiya soykökün və ya
milli kimliyin təsbit olunmasıyla məşğul olan elm sahəsidir.
Öncə bu yanlış təsəvvür
aradan qalxmalıdır. 2010-cu ildə
Bakı Dövlət Universitetinin Tarix fakültəsi ilə
bağlı antropologiya bölümü açılıb.
Təəssüf ki, bölümdə tələbələr
yalnız nəzəri bilgilər almaqla kifayətlənməli
olur. Laboratoriya yoxdur. Əsas
problem isə gərəkli mütəxəssislərin
olmamasıdır.Yenə də başlanğıc
üçün pis deyil. Artıq ilk məzunlarından
3 nəfər təhsilini xaricdə davam etdirir.Gələcəkdə
antropologiyanın inkişafı naminə əl-ələ
verib, faydalı işlər görmək olar, deyə
düşünürəm.
- Türkiyəli və azərbaycanlı
tələbərin arasında oxsar və fərqli cəhətlər
hansılardır?
-
Çox da kəskin fərq yoxdur.Burda da təki diplom olsun
düşüncəsiylə formal təhsil alan
gənclər var. Türkiyədə tələbələr
daha cox aktivdirlər.Tələbə təşkilat və dərnəklərinin
sayı-hesabı yoxdur. Hər gün divarlara
yapışdırılmış etiraz plakatlarıyla
qarşılaşmalı olursan.Ümumi götürsək, azərbaycanlı
tələbələr daha məlumatlıdir, məncə.Türkiyədə
orta məktəblərdə dünya tarixi və
coğrafiyası, demək olar ki, tədris olunmur. Ən yaxşı bildikləri Osmanlı tarixidir.
Elə tələbələrlə söhbətim
olub ki, Azərbaycan haqqında hər hansı bir məlumatı
yoxdur. Sanki söhbət Qvatemaladan gedir.
Amma özlərini daha yaxşı ifadə edirlər.
Ünsiyyət qurma bacarıqları
güclüdür. Bir çox azərbaycanlı
gənclər üçün Türkiyədə oxumaq, sadəcə,
bir avantajdır. Elə ixtisaslar var ki, bizdə
daha keyfiyyətli tədris olunur. Müəllim-
tələbə münasibəti isə Türkiyə
universitetlərində olduqca səmimidir.
- Türkiyədə tələbə
həyatı yaşamaq çətindirmi və insanların
xarici tələbələrə münasibəti necədir?
-
Türkiyədə oxuyan tələbələrin çoxu təqaüdlüdür.Yəni
təhsillərini davam etdirmək üçün bəzi
qurumlardan təqaüd alırlar. Təqaüd alan
tələbələr üçün çətinliyin
olmasına inanmıram. İlkin mərhələdə müvəqqəti
darıxma ola bilər.Öz hesabına oxuyanlar
üçün, təbii ki,vəziyyət
fərqlidir. Xərclər kifayət qədərdir.
Nəqliyyat və kommunal ödəmələr
çox bahadır. Nə qədər qənaət
etsən də, aya azı 600 dollar xərcləməli olursan.
Üstün tərəflərindən biri odur
ki, dövlət universitetləri yeməkxanalarından gündə
iki dəfə güzəştli yararlana bilirsən. Kitablara çox pul verməli olmursan. Universitetin kitabxanası 24 saat açıq olur.
Xarici tələbələrə olan münasibətə
gəldikdə isə hər şey çox normaldır.
Azərbaycanlı tələbələr burda özünü
qərib hiss etmir. Bu günə kimi özümə
qarşı hər hansı bir aşağılayıcı
münasibət görməmişəm. Ankara
əhalisinin çoxu məmurdur. İnsanları
çox mədənidir. Kirayədə
qaldığım binada qonşuların bizə münasibəti
olduqca yaxşıdır.Tələbə olduğumuz
üçün tez-tez bizə yeməklər gətirirlər.
Bir sözlə, özünü Azərbaycandakı kimi rahat
hiss edə bilırsən …
- Xaricdə təhsil alan
gənclərimizə nələri tövsiyə edərdiniz?
- Təbii
ki, tövsiyəm özümə də aiddir. Düşünürəm
ki, zamanımdan və potensialımdan yetərincə istifadə
etməmişəm. Dahi rus yazarı
Dostoyevski deyir ki, həyata yenidən gəlmə fürsətim
olsaydı, hər saniyəni belə dəyərləndirərdim.Vaxtı
boşa vermək olmaz. Eyni fürsətlər
insana təkrar verilmir. Bundan maksimum
yararlanmaq lazımdır. Gənclikdə
buraxdığın boşluqların yerini sonradan doldurmaq
olmur. Otuz yaşdan sonra insanın enerjisi
getdikcə tükənir, qavrama qabilliyyəti azalır. Tövsiyəm odur ki, daha cox oxumaq və öyrənmək
lazımdır. Hərə öz
ixtisası üzrə yaxşı bir peşəkar olsa,
qazanan ölkəmiz və xalqımız olacaq. Acı bir həqiqətdir ki, Azərbaycan elm sahəsində
dünyada ciddi bir imicə sahib deyil. Bizim
alimləri nəinki dünyada, heç Türkiyədə belə
tanımırlar.Yaxın gələcəkdə vəziyyəti
xeyrimizə dəyişmək lazımdır. Hər bir
azərbaycanlı tələbə bunu özünə vəzifə
borcu bilməlidir.Bizim mənfi tərəflərimizdən biri
də odur ki, əksər gənclər ali
təhsili daha cox pul qazanmaq vasitəsi kimi görür. Pozitiv elm sahələrinə maraq yoxdur. Bu düşüncəmizin də dəyişəcəyinə
inanıram.
İlkin
AĞAYEV
Palitra.-2015.-11 dekabr.-S.11.