“Xarici ölkələrdə
təhsil alan tələbələrimiz
kifayət qədər fəaldır”
Elvin Ağayev:“Elmi konfranslar, seminarlar, təlim proqramları və mədəniyyət
günləri kimi tədbirlər
keçirməyi planlayırıq”
T əhsil sahəsində
həyata keçirilən islahatlar nəticəsində
dünyada təhsil alan
və uğurlu fəaliyyət göstərən
gənclərimizin sayı gün-gündən artır. Belə
gənclərimizdən bir çoxu
fəallıqları, qurduqları təşkilatlar və elmi fəaliyyətləri ilə ölkəmizi
xarici ölkələrdə təmsil
edirlər. Müsahibimiz Türkiyədə
fəaliyyət göstərən Türkiyə-Azərbaycan Tələbə
Birliyinin (TATB) qurucusu,
hazırda quruluş mərhələsində
olan Azərbaycan Gənclər və Təhsil
Dərnəyinin sədri Elvin Ağayevdir. Xatırladaq ki, Elvin Ağayev
2003-2007-ci illərdə bakalavr təhsilini
Bakı Dövlət Universitetində alıb. 2007-ci ildə məzun
olduqdan sonra o zamanlar TCS imtahanı adlanan Türkiyə-Azərbaycan Dövlət
imtahanını qazanan 15 nəfərdən
biri kimi Türkiyədə
magistr təhsili haqqı qazanıb.
2008-2011-ci illərdə Türkiyənin Hacettepe
Universitetində magistr, 2011-2015-ci illərdə
isə doktorantura təhsili alıb.
Hazırda Hacettepe Universitetində elmi işçi kimi fəaliyyət göstərir.
-İctimai
fəaliyyətdə də kifayət qədər fəalsınız.
Gördüyünüz işlərlə
bağlı məlumat verə bilərsiniz?
-Mənim Türkiyəyə gəlişim məhz təhsillə bağlıdır. Türkiyənin ən prestijli universitetlərindən biri olan Hacettepe Universitetində magistr və doktorantura pillələrində təhsil almışam. Bu müddətdə sadəcə təhsillə deyil, eyni zamanda ictimai işlərlə də fəal məşğul olmuşam. Hacettepe Universitetində 98 ölkədən iki mindən artıq xarici tələbə təhsil alır. Mən 2012-ci ildə Hacettepe Universitetində xarici tələbələr arasında keçirilən Beynəlxalq Tələbə Nümayəndəsi seçkilərində qalib olmuşam. Ənənəyə uyğun bu seçimi qazanan xarici tələbələri universitetin ən yüksək idarə strukturu olan İdarə heyəti və Senatında təmsil edir. 2012-ci ildən bəri mən də universitetin İdarə heyəti və Senatının üzvüyəm. 2013-cü ildə universitetdə Beynəlxalq Tələbə Assosiasiyasını qurmuşam və bu qurum fəaliyyətini uğurla da davam etdirir. 2014-cü ildə seçkilərdə ikinci dəfə uğur qazanaraq mövqeyimi qorudum. Bu ildən isə artıq elmi fəaliyyətə başladığımdan işləri yeni gələn gənclərə təhvil vermişəm. Bu vəzifədə bir çox nailiyyətlərə imza atmışıq, I Dünya Gənclik Forumu, Hacettepe Dünya Kuboku, I Beynəlxalq Tələbə Simpoziumu və yüzlərlə tədbirlərin təşkilatçısı olmuşuq. Beynəlxalq tələbələr üçün nəzərdə tutulan bu tədbirlər Türkiyə mətbuatında geniş işıqlandırılıb.
-Türkiyədə Azərbaycanla bağlı fəaliyyətləriniz nələrdir?
-2014-cü ildə Türkiyə-Azərbaycan Tələbə Birliyini (TATB) qurduq. İndiyə qədər olan müddətdə bir cox tədbir və fəaliyyətlə yadda qalmışıq. İlk ilimizdə Əhməd Cavadın 122 illik yubileyi ilə bağlı tədbir, bilik yarışı “Nə? Harada? Nə zaman?” və Şahmat turniri təşkil etdik. Bu yarışlar hər il mütamadi keçirilir. İkinci ilimizdə 9 noyabr -Dövlət Bayrağı Günü ilə bağlı flaşmob, 20 Yanvar “Şəhidləri anma” tədbiri, 12-dən çox ölkədən gənclərin qatılımı ilə Xocalı soyqırımı “Türk olmanın bedeli Xocalı” adlı tədbir keçirdik. 2015-ci il may ayının 27-də isə Respublika Günü ilə bağlı tədbir təşkil etmişdik. Bunun kimi çoxsaylı tədbirlər həyata keçirmişik. Bu il isə TATB olaraq son fəaliyyətlərimiz Dövlət Bayrağı Günü ilə bağlı videoflaşmob və tələbələr arasında “Nə? Harada? Nə zaman?” yarışının təşkili oldu.
-TATB fəaliyyətini
yekunlaşdırır?
-Xeyr. Əslində, bəli, yekunlaşdırır, ancaq bu TATB-in süqutu deyil, əksinə, TATB dərnəyə çevrilir. Biz birgə yola çıxdığımız dostlarla birlikdə belə qərara gəldik ki, artıq dərnəkləşmə zərurəti yaranıb. Dərnək hal-hazırda quruluş mərhələsindədir. Zənnimizcə, bir neçə günə qədər dərnəyin quruluşu müsbət olaraq nəticələnəcək.
-Dərnəyin
adı necə olacaq və bu
zərurət necə yarandı? Daha ətraflı
məlumat verə bilərsiniz?
-Təşkilatın adı Azərbaycan Gənclər və Təhsil Dərnəyi (AGE Der) olacaq. Xatırladım ki, Ankarada qurulan dərnək fəaliyyətini bütün Türkiyə üzrə davam etdirəcək. Yaranma zərurətimiz tədbirlərimizi daha geniş kütləyə çatdırmaq və Türkiyədə dövlət qurumlarından dəstək almaq oldu. Dərnəklərin bu kimi imkanları daha geniş olur. Biz də bu imkanları Azərbaycanın maddi və mənəvi dəyərlərinin, mədəniyyətini, tarixinin və dilinin Türkiyə daxilində doğru şəkildə tanıdılmasına töhfə vermək üçün istifadə edəcəyik. Əsas məqsədlərimizdən biri də Türkiyədə təhsil alan, eyni məqsədlə Türkiyədən Azərbaycana təhsil üçün gələn tələbələrin təhsilinə maddi və mənəvi dəstək olmaq, azərbaycanlı tələbələr, elmi işçilər və gənclərin elmi fəaliyyətlərinə dəstək olmaqla elmi seminarlar, konfranslar və təhsil sahəsində iş birliyini möhkəmlətməkdir.
-Xaricdə təhsil
alan gənclərimizin həmrəyliyi
hansı səviyyədədir?
-Bildiyim qədəri ilə Türkiyədə olduğu kimi, digər xarici ölkələrdə də tələbələrimiz kifayət qədər fəaldırlar. Türkiyədə təhsil alan tələbələrimizlə işlədiyim üçün onların fəallığını xüsusi qeyd etmək istəyərdim. Təbii ki, bütövlükdə həmrəyliyə nail olmaq çox çətindir. Ancaq biz çalışırıq ki, tələbələrimizlə ümummilli məsələlərdə birgə hərəkət edək. Hər zaman bütün platformalarda fərdi təşəbbüslərdən daha çox ümumi, birgə fəaliyyətlərin keçirilməsinin daha uğurlu nəticələnəcəyini müdafiə etmişəm və etməyə də davam edəcəm. Burada ölkəmiz və onun maraqları çərçivəsində olan hər bir addımda həmrəy olmalıyıq. Biz həm TATB, həm də yeni qurulan Azərbaycan Gənclər və Təhsil Dərnəyi olaraq bu yolda əlimizdən gələni edəcəyik ki, Türkiyədə yaşayan həmvətənlərimiz hər zaman həmrəy və mehriban olsunlar.
-Xaricdə təhsil
alıb, eyni zamanda fəal
olan gənclərə tövsiyələriniz
nədir?
-Son zamanlar müşahidə edirəm ki, xaricdə, xüsusilə də Türkiyədə təhsil alan tələbələrimiz fərdi işlər görüb bunların reklamı ilə məşğuldurlar. Əlbəttə, bunu bütün gənclərimizə şamil etmirəm. Çox ciddi uğurlar qazanan gənclərimiz də kifayət qədərdir. Edilən hər hansı bir uğuru və ya fəaliyyəti ilk dəfə olmuş kimi göstərmək doğru deyil. Təəssüf ki, gənclərimiz bu barədə araşdırma etmədən kiçik ambisiyalar uğruna belə hərəkətlərə yol verirlər. Əlbəttə, hər görülən iş dəyərlidir, lakin bunu fərqli şəkildə çadırmaq və ya başqalarının əməyini əzərək etmək doğru deyil. Mən məsləhət görərdim ki, fərdi fəaliyyətlər yerinə, birləşib daha böyük uğurlara imza atsınlar. Hər bir gənc getdiyi xarici ölkədə ilk olaraq fəaliyyət göstərən qurumlar və ya birlikləri araşdırıb onlara töhfə verməyə çalışsa, birliyə də nail ola biləcəyik. Fürsətdən istifadə edib indiyə qədər bu işlərdə çox fəal olan, vətənimizi burada layiqincə təmsil edən Kamran İbiyevə, Söhrab İsmayılova, Hüseyn İsayevə, Sevinc Ömərliyə, Azər Haqverdiyevə, Günel Zülfəliyevaya, Asiman Alhəsənova, Sabina Ağayevaya, Həsən Süleymanlıya, Polad Sabizova və digər adını çəkə bilmədiyim gənclərə təşəkkürümü bildirirəm.
Unutmamalıyıq ki, ölkə daxilində hər bir şəxs ailəsinin aynası olduğu kimi, xaricdəki hər bir şəxs də ölkəsinin aynasıdır. Hər kəs ölkəsini necə görmək istəyirsə, o cür də təmsil etməlidir.
-Perspektiv
planlarınız nədən ibarətdir?
-AGE Dərnəyi olaraq fəaliyyət
planımızı və fəaliyyət sahələrimizi
genişləndirmək fikrindəyik. Daha
öncə tələbələrin elmi-intellektual
fəallığına yönəlmişdik. Bundan
sonrakı planlarımızda bununla birlikdə
elmi konfranslar, seminarlar, təlim proqramları və mədəniyyət
günləri kimi tədbirlər
keçirməyi planlayırıq. Planlarımız
arasında Türkiyəyə yeni gələn
və ya gəlmək arzusunda
olan gənclərimizə məsləhətçilik
xidməti vermək də var. Bununla yanaşı, Türkiyədəki bir çox
tanınmış quruluş, dərnək
və universitetlərlə əməkdaşlıq edəcəyik.
Bu istiqamətdə
danışıqlara bir neçə ay öncədən başlamışıq və
uğurla davam etdiririk. Şəxsi planlarım arasında isə
hazırda elmi işçisi
olduğum Hacettepe
Universitetində elmi və praktiki
biliklərimi təkmilləşdirib öz
peşə sahəmdə ən yaxşılardan olmaq var. Beynəlxalq
indeksli elmi jurnallarda məqalələrim artıq dərc
edilib. Hazırda ətraf mühit
mühəndisliyi sahəsində ana dilində
kitab yazmaq üçün çalışmalarım davam edir. Eyni
zamanda bir çox layihəyə məsləhətçilik
edirəm.
Fuad Hüseynzadə
Palitra.-2015.-12 dekabr.-S.11.