Zoologiya nəzəri elm olmaqla yanaşı, həm də praktik elm sahəsidir”

 

Səbinə Bünyatova: “Hal-hazırda, əfsus ki, təhsildə çatışmayan əsas nöqsanlardan biripraktik istiqamətə az yerin verilməsidir”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səbinə Bünyatovadır.

 

- Öncə özünüz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz?

- Mən - Bünyatova Səbinə Nizami qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Xətai rayonunda yerləşən 287 saylı “Gələcək zəkalar” liseyində almışam. 2000-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub, 2004-cü ildə bakalavriat pilləsini, 2006-cı ildə isə magistratura pilləsini bitirmişəm. 2007-2011-ci illər ərzində AMEA Zoologiya İnstitutunda doktorantura pilləsində təhsilimi bitirdikdən sonra, 2012-ci ildə “Cənub-şərqi Azərbaycanda yayılan təlxələrin (Colubridae) bioekologiyası” mövzusunda dissertasiyanı müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi adını almışam. Həmin ildən Zoologiya İnstitutunun Herpetologiya laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışıram. 2013-cü ildən Zoologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, həmçinin institutun Elmi Şurasının üzvüyəm. Bu ilin oktyabr ayından isə Zoologiya İnstitutunun nəzdində olan Zooloji muzeyə direktor vəzifəsinə təyin olunmuşam. Tədqiqat apardığım elmi istiqamət sürünənlərin, o cümlədən ilanların faunistik xüsusiyyətlərinin, biologiyasının, ekologiyasının öyrənilməsinə, həmçinin nadir növlərin qorunması məsələlərinə həsr olunub. 35-dən çox elmi əsərin, o cümlədən 2 dərs vəsaitinin müəllifiyəm.

-Təhsil aldığınız və ya tədqiqat apardıınız sahə barəsində hansı fikirləriniz var?

- Ümumiyyətlə, çox maraqlı elm sahəsidir. Böyük fədakarlıq, vaxt və zəhmət tələb edən tədqiqat istiqaməti olduğundan, düşünürəm ki, yalnız daxilində təbiətə qarşı maraqsevgi olan insan, zoologiya elmi ilə məşğul olmalıdır. Əgər tədqiqatçıda bu keyfiyyətlər yoxdursa, o, ən kiçik çətinlik zamanı belə ruhdan düşər və hədəflərini heç zaman gerçəkləşdirə bilməz. Müasir dövrdə, texnologiyanın inkişaf etməsinə və innovativ tədqiqat sahələrinə üstünlük verilməsinə baxmayaraq, fundamental elm sahəsi kimi zoologiya öz aktuallığını heç zaman itirmir. Əksinə, təbiətə olan müdaxilələr və təzyiqlər artdığından, son on ildə, növlərin yaşayış yerlərinin insanlar tərəfindən dağıdılması və mənimsənilməsi nəticəsində təbiətdə növ müxtəlifliyinin kəskin dərəcədə azalması qlobal problemə çevrilib. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda bu istiqamətdə geniş mühafizə tədbirləri görülür. Nadir növlərin yayıldığı ərazilərdə Xüsusi Mühafizə olunan Təbiət Əraziləri (milli parklar, qoruqlar və yasaqlıqlar) yaradılır, qanunsuz ova qarşı cəza tədbirləri sərtləşdirilir. Biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi, heyvanlar aləminin müasir vəziyyətinin öyrənilməsi, populyasiyaların say və sıxlıq vəziyyətinin qiymətləndirilməsi, təsərrüfat əhəmiyyəti olan növlərin səmərəli istifadəsi, iqtisadi cəhətdən faydalı heyvanların çoxalma texnologiyasının hazırlanması tədbirlərinin həyata keçirilməsi zoologiya elminin əsas tədqiqatları sahəsində reallaşır.

- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- Qeyd edim ki, fundamental istiqamətdə aparılan tədqiqatlarda böyük fərqlər mövcud deyil. Bizdən fərqli olaraq, xarici mütəxəssislərin çöl şəraitində tədqiqatların aparılması üçün lazım olan avadanlıqlarla təminatı daha yüksək səviyyədədir. Qrantlar və şəxsi büdcəmiz hesabına bu çatışmazlıqları ödəsək də, müəyyən avadanlıqları əldə etmək mümkün olmadığından, hələ də çətinliklər və çatışmazlıqlar mövcuddur. Digər tərəfdən xarici mütəxəssislər öz ölkələrindən başqa digər ölkələrdə də asanlıqla çöl tədqiqatları aparırlar. Bizim mütəxəssislər isə mövcud şəraitdə yalnız Azərbaycan daxilində aparılan tədqiqatlarla kifayətlənmək məcburiyyətindədirlər. Uzun illər ərzində təməli qoyulan əməkdaşlıqlar, onların kompleks işlər aparmasına və yüksək nəticələr əldə etmələrinə köməklik edir. Hazırda bizim alimlərdə xarici əməkdaşlıqların yaradılması və genişləndirilməsi istiqamətində böyük səylər göstərirlər.

- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Zoologiya, bildiyiniz kimi, heyvanlar aləmini öyrənən elm sahəsidir. Zoologiya heyvanların biomüxtəlifliyini, növlərin morfologiyasını, yayılmasını, sayını və sayın dinamikasını, yaşayış yerlərini, populyasiyalarının quruluşunu, qidalanmasını, çoxalmasını, təsərrüfat əhəmiyyətini əks etdirir. Bu məsələlərin öyrənilməsi, dünyada problemə çevilən ərzaq təminatı problemlərinin həlli baxımından əhəmiyyətlidir. İqtisadi, təsərrüfat və tibbi əhəmiyyəti olan növlərin çoxalma texnologiyalarının hazırlanması və həyata keçirilməsi ölkəmizin keyfiyyətli və təhlükəsiz xammallarla təminatını ödəyə bilər. Məsələn, xəz-dərili heyvanların çoxaldılması, balıqçılığın inkişafı üçün xüsusi balıqyetişdirmə təsərrüfatlarının yaradılması və mövcud təsərrüfatların genişləndirilməsi, tibbi-farmaseptiv əhəmiyyəti olan ilan zəhərinin əldə edilməsi üçün serpentarilərin fəaliyyəti, tibb zəlisinin artırılması və s. Bir sözlə, düşünürəm ki, milli sərvətlərimizi qiymətləndirmək və mümkün olduğu qədər onlardan maksimum dərəcədə və səmərəli faydalanmaq lazımdır.

- Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Zoologiya fundamental elm kimi bütün dünyada tədris olunan və aktuallığını itirməyən elm sahəsidir. Lakin unutmayaq ki, zoologiya nəzəri elm olmaqla yanaşı, həm də praktik elm sahəsidir. Hal-hazırda, əfsus ki, bu sahədə təhsildə çatışmayan əsas nöqsanlardan biripraktik istiqamətə az yerin verilməsidir. İnstitutda təhsil aldığım dövrdə mən də bu istiqamətdə çətinliklərlə qarşılaşmışam. Nəzəri dərslər məni qane etsə də, praktiki dərslərə vaxt az ayrılırdı. Lakin son illərdə ali təhsil ocaqlarının tədris-təcrübə bazalarının fəaliyyətinin bərpa olunması və burada praktiki tədris işlərinin aparılması, bu istiqamətdə təhsilimizdə irəliləyişlərin olduğunu göstərir. Elmdə ehtiyac duyulan əsas islahat isə tədqiqat işlərinin nəticələrinin istehsalata və təsərrüfata tətbiq olunmasıdır. Bunun üçün, ilk növbədə dissertantaya doktoranta dissertasiya mövzusu verilərkən, onun plan-proqramının ən azı bir bəndində bu istiqamətli işlər olmalıdır. Lakin bunu etməklə də problem həll olunmur. Çünki bunun üçün qanunvericilik olmalı və mövcud qanunverilicilik bu prosesləri tənzimləməlidir.

- Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Son illərdə Azərbaycanda təhsil və elm sahəsində böyük dəyişikliklər edilib. Lakin dəyişikliklər tədricən edildiyindən, hələ ki, yüksək dərəcədə hiss edilən nəticələri görmək, hesab edirəm ki, tezdir. Bunun üçün zaman və maliyyə lazımdır. Hazırda təhsil və elm sahəsi keçid mərhələdədir. Gənclərimiz də bu səbəbdən çətinlik çəkirlər. Xaricdə əldə etdikləri təcrübə və bilikləri Azərbaycan şəraitində gerçəkləşdirmək çox zaman maneələr səbəbindən mümkün olmur. Bu həm institutlarda lazımi maddi-texniki bazanın olmaması, həm də mövcud stereotiplər səbəbindən baş verir. İlk növbədə təklifim bu ola bilər ki, təhsil istiqamətləri mövcud əmək bazarının tələblərinə uyğun şəkildə müəyyən edilməlidir. Tələbə xaricdə təhsilini bitirdikdən sonra, Azərbaycanda tapmaq kimi problemlə qarşılaşmamalıdır. Doktorantlara və dissertantların elmi rəhbər seçimlərinə tələblər yüksək olmalıdır. Biri yerli, biri xarici mütəxəssis olmaqla, iki elmi rəhbərin verilməsi dissertasiya işinin keyfiyyətinin yüksəldilməsinə köməklik edərdi. Yerli rəhbər fundamental istiqamətli, xarici rəhbər isə innovativ istiqamətli tədqiqatlarda dissertanta daha yaxşı yol göstərər.

- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Xaricdə təhsil alan gənclərə və tədqiqatçılara, ilk tövsiyəm odur ki, vətənlərinə qayıdıb, müəyyən müddətdə olsa, Azərbaycanın təhsil və elminin inkişafı üçün səylərini əsirgəməsinlər. Keçid dövrünü yaşayan ölkəmizdə, təhsil və elm sahəsində olan boşluqlar, xarici standartlarla tanış olan gənclərimizi qane etməyə bilər. Ancaq, unutmayaq ki, Azərbaycanın gələcəyini quran biz gənclərik və imkanlarımız daxilində vətənimiz üçün çox cüziolsa, nə isə etməliyik. “Mövcud şəraitə yalnız tənqidi yanaşmamalı, həm də onu necə düzəldə bilərik?” sualını özümüzə həmişə verməliyik. Eyni zamanda əldə etdikləri bilik və təcrübələri paylaşmaq üçün könüllü şəkildə təşəbbüs göstərməli və xaricdə təhsil almaq istəyən gənclərə istiqamət verməlidirlər.

- Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Gələcək planlarımdan biri, ilk növbədə zoologiyanın perspektivli sahələrinə potensiallı gənclərin cəlb olunması, imkan daxilində gənclərə normal şəraitinin yaradılması və onların elmi fəaliyyətini stimullaşdırmaqdır. Qeyd edim ki, bu istiqamətdəki ilk işlərdən biri, ilk dəfə 2014-cü ildə institutumuzun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov tərəfindən müəyyən edilən “İlin ən fəal gənc alimi” müsabiqəsi olub. Digər planımız, xarici əməkdaşlığın genişləndirilməsi, xarici qrantlar hesabına tədqiq olunmamış sahələrin araşdırılmasıdır. Hazırda yerli qrantlar vasitəsilə alimlərimiz xaricdə ezamiyyətlərdə oluryeni təcrübələr qazanırlar. Lakin məncə, xarici mütəxəssislərin Azərbaycana dəvət olunması və yerli mütəxəssislərlə birgə tədqiqatlara cəlb olunması da səmərəli nəticələr verər. Son bir neçə ildə, biz bu istiqamətdə işlər aparmışıq. Bunu gələcək illərdə daha da genişləndirmək niyyətindəyik. Qeyd edim ki, öz unikallığı ilə seçilən Azərbaycan faunası həmişə xarici mütəxəssislərin diqqətini cəlb etdiyindən, onlar bizim təkliflərimizi yüksək qiymətləndirirlər.

 

İlkin AĞAYEV

Palitra.-2015.-15 dekabr.-S.11.