Azərbaycan xarici
ölkələrə dərman ixrac edə
bilər...”
Musa Quliyev:
“Sahibkarların diqqətini dərman istehsal
edən zavodların tikintisinə cəlb etmək üçün dövlət bəzi güzəştlər
tətbiq
etməlidir”
İnsanların xəstəliklərini müalicə etmək üçün istifadə edilən farmakoloji vasitə olan dərman həm də onların sağlam olması, hətta ölüm təhlükəsindən belə xilas olmasında mühüm amildir. Dünyada dərman bazarı getdikcə daha da genişlənir, ənənəvi dərmanlarla yanaşı, yeni dərmanlar istehsal olunur. Ölkədə dərman bazarının tənzimlənməsi istiqamətində son vaxtlar bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar müəyyən addımlar atılıb. Belə ki, Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif Şurasının 2015-ci il 28 oktyabr tarixində keçirilmiş iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib. Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilkdə 96%-nin qiymətləri endirilib.
Dərman
istehsalı müəssisələrinin yaradılması nə
verə bilər?
Bu gün dərman bazarında qarşıda duran məsələlərdən biri də ölkədə dərman istehsalı ilə məşğul olan müəssisələrin yaradılmasıdır. Hazırda bu istiqamətdə tədbirlərin vacib olduğunu dövlət qurumları, mütəxəssislər də təsdiq edirlər.
Qeyd edək ki, baş nazirin müavini Əli Əhmədov Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaranmasının gündəmdə olan məsələlərdən biri olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu yöndə addımlar atılacaq: “Təbiidir ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu yöndə işlər aparılır və yaxın zamanlarda biz Azərbaycanda məxsusi dərman istehsal edən müəssisələrin yaradılmasına şahid olacağıq”.
Bu sahədə xarici ölkələr də ölkəmizlə iş birliyində maraqlıdırlar. Xatırladaq ki, Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu zamanı Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıb bildirmişdi ki, Azərbaycan və Rusiya müştərək müəssisələrin yaradılması üçün çalışmalıdır: “Bunlar xüsusilə Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müəssisələr olmalıdır".
Mütəxəssislərin fikirlərinə gəldikdə isə iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Rusiyanın Azərbaycana marağının səbəblərindən biri də ölkəmizdə dərman istehsalı üçün kifayət qədər münbit xammal ehtiyatının olmasıdır: “Praktiki olaraq, Azərbaycanda dərman istehsalı təşkil ediləndə xammal baxımından təminatda hər hansı çətinlik olmayacaq. Dərman istehsalında istifadə edilən bir çox bitkilər, yod kimi təbii maddələr Azərbaycanda mövcuddur. Ölkədəki iqlim şəraiti buna imkan yaradır. Şübhəsiz ki, əgər dərman preparatları Azərbaycanda istehsal edilərsə, bu, satılan dərmanların qiymətinə də təsir etməlidir; yerli xammal hesabına istehsal edilən dərmanların qiyməti də mövcud qiymətlərdən ucuz olmalıdır. Dərman istehsalı birmənalı şəkildə qiymətlərin tənzimlənməsinə və aşağı düşməsinə səbəb olacaq. Azərbaycan bazara yerli dərman məhsullarını çıxarmaqla daha ucuz qiymətə dərmanlar təklif edə biləcək. İlkin qiymətləndirmə onu göstərir ki, əgər Azərbaycanda əsas dərman məhsulları üzrə istehsal təşkil olunarsa, bu, həmin məhsulların qiymətinin orta hesabla 30 faiz ucuzlaşmasına gətirib çıxaracaq”.
“Dərman istehsal edən zavodların tikilməsi ilə
bağlı müzakirələr aparılır”
Azərbaycanda dərman istehsal
edən zavodların tikilməsi ilə bağlı müzakirələr
aparılır. Bunu dünən “Trend”ə
açıqlamasında Milli Məclisin Səhiyyə
komitəsinin sədr müavini, millət
vəkili Musa Quliyev deyib. Onun sözlərinə
görə, bu məsələ ilə
bağlı hökumətdə artıq müzakirələr
aparılır. Belə zavodların yaradılmasını təqdirəlayiq
hal hesab edən M.Quliyev qeyd edib ki, Azərbaycan bu vasitə ilə xarici
ölkələrə dərman ixrac edə
bilər: “Eyni zamanda,
dərmana verdiyimiz pulların əvəzinə
onu özümüz satmaqla da valyuta
qazana bilərik. Başqa
bir müsbət cəhət isə ondan ibarətdir ki, Azərbaycanda
çox zəngin dərman bitkiləri
ehtiyatı var. Bu
bitkiləri toplamaqla, bitki
mənşəli dərmanları hazırlamaqla, həm kənd
yerlərində məşğulluğu təmin edə bilərik,
həm də bu təbii sərvətdən
faydalı istifadə etmiş olarıq”. Bu cür zavodların tikintisi
üçün Azərbaycanın kifayət
qədər potensialının olduğunu
deyən millət vəkili qeyd edib ki, sahibkarların diqqətini
bu sahəyə cəlb etmək üçün dövlət bəzi güzəştlər
tətbiq etməlidir: “Dövlət müəyyən
güzəştlər tətbiq etməlidir ki,
sahibkarın da sözügedən məsələyə
marağı olsun. Birinci
növbədə dərmanın xammalını gətirərkən
gömrük rüsumundan
azad olunmalıdır. Bu
zavodlar işləyərkən isə bir neçə il onlara vergi güzəştləri
tətbiq edilməlidir. Çünki bu, çox maliyyə tutumlu məsələdir".
Nigar Abdullayeva
Palitra.-2015.-18 dekabr.-S.5.