Təhsildəki islahatlar
bizə nə vəd edir?
2015-ci il
başa çatır
və cari ildə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilib. Mütəxəssislər ötən müddətdə
təhsil sistemində
baş verən yenilikləri necə dəyərləndirirlər? “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə
görə, arzulanan nəticələrin əldə
olunması üçün
isə şübhəsiz
ki, birinci növbədə təhsilin
səviyyəsi diqqət
mərkəzində
olmalıdır:
İqtisadiyyatın qeyri-neft sektorunun
inkişafı istiqamətində
dövlətin son iki ildə atdığı mühüm addımların
kifayət qədər
müsbət nəticələrin
əldə olunmasına
gətirib çıxardığını
deyən F.Yusifov bildirdi ki, dünyanı
iqtisadi böhran bürüdüyü, neftin
qiymətlərinin 3 dəfəyə
yaxın aşağı
düşdüyü bir
dövrdə neft ölkəsi olan Azərbaycan məhz qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi artımla başa vurur: “Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da yüksələcək
və Azərbaycan iqtisadiyyatın bütün
sahələrindəki uğurları
ilə öz şöhrətini daha da artıracaq. Bunun üçün ölkəmizin bütün
imkanları, dövlət
başçısının möhkəm iradəsi və buna söykənən
tarixi çağırışları
var. “Azərbaycanın gələcək
iqtisadi inkişafını
sənaye və kənd təsərrüfatı
təmin edəcək”
deyən Prezidentin Milli Elmlər Akademiyasının 70 illik
yubileyinə həsr olunmuş mərasimdəki
çıxışını yada salaq. Dövlət başçısı növbəti
mərhələdə qarşımızda
duran əsas fəaliyyət istiqamətlərini
elmi araşdırmalarla
zənginləşdirməyin vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tədqiqatlar üzərində işləməyə
çağırdı. Sözsüz,
Prezidentin bu çağırışlarında həm də təhsil işçilərinin
payı var. Azərbaycanın
yeni əsaslara və sahələrə söykənəcək gələcək
iqtisadi inkişafından
danışırıqsa, deməli,
birinci növbədə
təhsilin səviyyəsini
artırmağın yolları
barədə düşünməliyik.
Gələcəyin alimləri
indi ali
təhsil ocaqlarında,
orta məktəblərdədirlər.
Dövlətimiz də məhz
bu reallıqdan çıxış edərək
Azərbaycanda təhsilin
səviyyəsinin yüksəldilməsi
istiqamətində çoxsaylı
tədbirlər həyata
keçirir, bu sahədə davamlı islahatlar aparılmasına
xüsusi maraq göstərilir. Prezident
İlham Əliyevin təhsillə bağlı
çıxışlarına diqqət yetirsək, görərik ki, onun bütün fikirləri bir əsas hədəfdən
qaynaqlanır - Neft kapitalını insan kapitalına çevirmək!
Bu istiqamətdə son illər ərzində bir çox addımlar atılıb.
Elmin, təhsilin inkişafı üçün
dövlət büdcəsində
nəzərdə tutulan
vəsaitlərin ildən-ilə
çoxalması, müəllimlərin
əməkhaqlarının, tələbə, magistr və aspirantların təqaüdlərinin nəzərəçarpacaq
dərəcədə artırılması,
yeni-yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi,
dünya təhsil sisteminə inteqrasiya istiqamətində görülən
işlər və s. məhz yuxarıda qeyd etdiyimiz hədəfə hesablanmış
dövlət qayğısının
bariz nümunələridir”.
Ekspertin sözlərinə
görə, son dövrlər
təbii sərvətlər
ətrafında dünyada
cərəyan edən
hadisələr göstərir
ki, Prezidentin hələ 12 il
əvvəl müəyyən
etdiyi yeni inkişaf istiqamətləri
tamamilə doğrudur.
Bu istiqamətlər üzrə arzulanan nəticələrin əldə
olunması üçün
isə şübhəsiz
ki, birinci növbədə təhsilin
səviyyəsi diqqət
mərkəzində olmalıdır.
F.Yusifov
bildirdi ki, Prezidentin 24 oktyabr
2013-cü ildə imzaladığı
sərəncamla təsdiq
edilmiş “Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası”na
uyğun olaraq son iki ildə təhsil
sahəsində başlanan
islahatların mahiyyəti,
qısa müddətdə
ölkədə təhsilin
beynəlxalq standartlara
uyğun formalaşdırılmasını
və onun keyfiyyətinin müasir tələblərə cavab
verə biləcək
bir səviyyəyə
yüksəldilməsini nəzərdə
tutur: “Yola saldığımız il
ərzində təkcə
ölkə başçısı
təhsil sistemində
aparılan islahatları
sürətləndirmək və təhsilin keyfiyyətini artırmağa
yönəlmiş 10-a qədər
fərman və sərəncam imzalayıb.
Son iki il
ərzində aparılan
islahatların nəticələri
də kifayət qədər diqqətçəkəndir.
Hər kəsə bəllidir ki, təhsildə ən ciddi məsələlərdən
biri və bəlkə də, birincisi yüksək peşə hazırlığı
olan müəllimlərin
seçilməsidir ki,
bu işin də təməli başlanan islahatlarla çox fundamental şəkildə
qoyulub. Bu gün yaxşı müəllim o müəllimdir
ki, o, hər gün öz peşə hazırlığını
artırmağa və
bununla da şagirdlərə və
tələbələrə yüksək biliklər verməyə qadir olsun. Burada ən öncül
məsələlərdən biri isə budur
ki, islahatlar belə müəllimin əməyinin lazımınca
dəyərləndirilməsini nəzərdə tutur.
Bu yolda atılan
addımlar və ilkin nəticələr artıq ortadadır.
Prezidentin “Dövlət
ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
dərs yükünün
və əməkhaqqının
artırılması haqqında”
16 yanvar 2015-ci il tarixli sərəncamına
əsasən diaqnostik
qiymətləndirmədən keçən müəllimlərin
həftəlik dərs
yükü norması
1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. İlkin
olaraq 8965 nəfər
müəllimin əməkhaqqı
500-1000 manat, 476 nəfər
müəllimin əməkhaqqı
isə 1000 manatdan yuxarı olub. Gəlin razılaşaq ki, islahatların ilk mərhələsində
əldə olunan nəticələr kifayət
qədər yüksəkdir.
Bundan sonrakı mərhələdə yüksək
əməkhaqqı alan müəllim belə öz peşə hazırlığını
artırmaq hesabına
daha yüksək əməkhaqqı almaq şansına malik olacaq. Bu şərait
mövcud müəllim
heyəti arasında ciddi rəqabətin yaranmasına gətirib çıxaracaq ki, bu yarışda da yalnız yüksək bilik və peşə hazırlığına malik
olan müəllimin qalib gəlməsi mümkündür. Şagirdi bilik
və peşə səviyyəsi aşağı
olan müəllimə
etibar etmək, xəstəni tibbi təhsili “3” qiymətə
“başa vurmuş” həkimə etibar etmək kimidir”.
Təhsil
sistemində aparılan
islahatların artıq
ölkədə müəllim
peşəsinə marağın
kifayət qədər
yüksəlməsinə səbəb
olduğunu deyən ekspertin sözlərinə
görə, cari ildə müəllimlik ixtisaslarını seçən
abituriyentlərin orta balı artıb, 500 və daha yuxarı
bal toplayan abituriyentlərin
sayı isə ötən ilə nisbətən 37 faiz çox olub: “Müşahidələrimiz göstərir
ki, müəllim işləmək istəyənlərin
sayı ildən-ilə
artır. Əgər iki il əvvəl
müəllimlərin işə
qəbulu üzrə müsabiqəyə müraciət
edənlərin sayı
17 min nəfər idisə,
cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olub. Digər tərəfdən, islahatlara
uyğun şəffaf,
obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi də müəllim peşəsinə
marağın artmasına
bilavasitə təsir edib. Bütün bunların nəticəsidir
ki, cari ildə vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb. Apardığımız araşdırmalar kənd məktəblərindəki
vəziyyətə də
işıq salır.
Kənd məktəblərində
işə qəbul olunmuş 1729 nəfər
gənc mütəxəssisə
Nazirlər Kabinetinin qərarına əsasən
həvəsləndirmə tədbirləri
tətbiq edilmişdir
ki, bu da
kənd məktəblərini
seçənlərin ötən
dərs ilinə nisbətən 25 faiz artması deməkdir”.
F.Yusifovun
fikrincə, bu il ali məktəblərə qəbul
imtahanlarının nəticələri
də gələcəyə
ümidlə baxmağa
imkan verir: “Ötən illə müqayisədə kifayət
qədər ciddi keyfiyyət dəyişikliyi
müşahidə olundu.
Misal üçün,
700 bal toplamış abituriyentlərin sayının
ötən illə müqayisədə iki dəfə artmasını,
keçid ballarının
200-ə yüksəldilməsini və ayrı-ayrı bölgələr üzrə
ali məktəblərə
qəbul sayında nəzərəçarpan yüksəlişi
göstərmək olar
ki, bütün bunları da Azərbaycanın təhsil
sahəsində son iki
ildə aparılmış
islahatların nəticəsi
kimi qiymətləndirə
bilərik. Bu sıraya şagirdlərimizin
beynəlxalq elmi yarışalar və olimpiadalarda əldə etdikləri yüksək nəticələrin getdikcə
artmasını da əlavə etsək, Azərbaycanın gələcəyindən
narahat olmaya bilərik. Təhsil sistemimizdə aparılan
islahatlar yaxın gələcəkdə milli-mənəvi
və ümumbəşəri
dəyərləri qoruyan,
onları inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüskar
və yeniliklərə
meyilli, nəzəri və praktiki biliklərə yiyələnmiş,
müasir təfəkkürlü
və rəqabətqabliyyətli
kadrlar hazırlamağa
imkan verəcək.
Bu isə cəmiyyətin
inkişafını təmin edən əsas məsələdir”.
Nigar Abdullayeva
Palitra.-2015.-19 dekabr.-S.11.