Gənc pianoçumuzdan daha bir möhtəşəm qələbə

Beynəlxalq müsabiqələr laureatı, Qran Pri mükafatçısı Ayan Məmmədli Böyük BritaniyandaMelos” Mədəniyyət Assosasiyasının təşkilatçılığı ilə keçirilən, “Melos” -Beynəlxalq İnternet musiqi müsabiqəsinin qalibi olaraq, I yerə layiq görülüb. Müsabiqənin şərtlərinə görə, internet vasitəsilə göndərilən və münsiflər heyəti tərəfindən anonim şəkildə dinlənilən ifaya qiymət verilib mükafatlandırılma aparıldıqdan sonra, “C” qrupunda ifanın müəllifi aşkarlandığı zaman I yerin qalibi Ayan Məmmədli olduğu məlum olub.

Qeyd edək ki, bu müsabiqənin qalibi kimi Ayan Məmmədli 08 aprel 2016-ci ildə İtaliyada Roma şəhərinin Konservatoriyasının “Santra Ceciliya” möhtəşəm konsert zalında keçiriləcək Qala konserdə ifa etmək üçün dəvət də alıb.

Xatırladaq ki, A.Məmmədli Bakı şəhəri T.Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin VI sinifində, Q.Qarayev adına Dövlət kamera Orkestrinin direktoru, Nazilə Yaqubovanın sinifində təhsil alır. A.Məmmədli artıq bir neçə beynəlxalq müsabiqədə - 2013-cü ilin fevralında Estoniyanın Narva şəhərində ( I və III yerlər), 2013-cü ilin avqustunda İtaliyanın Rimini şəhərində ( I yer ), 2014-cü ilin fevralında Malta respublikasının Valetta şəhərində (III yer), 2015-ci ilin fevral ayında Malta respublikasının Valetta şəhərində ( II yer) keçirilən beynəlxalq piano müsabiqələrində iştirak edərək, beynəlxalq müsabiqələr laureatı adını qazanıb. 2015-ci ilin 01 noyabrında Avstriyanın Salzburq şəhərində keçirilən beynəlxalq musiqi yarışmasında isə Qran Pri mükafatına layiq görülüb.

Palitra.-2015.-24 dekabr.-S.16.