Gənc aktyorun sənət
uğurları
Naxçıvan
Dövlət Universitetinin İncəsənət
fakültəsi müxtar respublikada
milli mədəniyyətin, milli musiqi və teatr sənətinin inkişafında, ali təhsilli incəsənət xadimlərinin,
sənətşünasların hazırlanmasında
özünəməxsus rol oynayır. Yola salmaqda olduğumuz 2015-ci il fakültənin tarixində əhəmiyyətli
sənət uğurları ilə yadda qalacaq. Belə uğurlardan
biri də fakültənin
Teatrşünaslıq və mədəniyyət kafedrasının
müəllimi, C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrının gənc və istedadlı aktyoru Elnur Rzayevin
adı ilə bağlıdır.
Universitetin məzunu, 2012-ci ildən isə burada pedaqoji fəaliyyətə başlayan Elnur Rzayev hələ tələbəlik illərində Tələbə Teatr Studiyasında özünü istedadlı aktyor kimi tanıdıb. O, İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr Studiyasının hazırladığı Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasında Hacı Həsən ağa və Məşədi Oruc, Nazim Hikmətin “Qəribə adam” pyesində vəkil Əhməd, Adil Babayevin “Sarı gəlin” əsərində Ədalət müəllim obrazlarının mahir ifaçısıdır. Antik yunan dramaturgiyasının nadir nümunələrindən sayılan, Esxilin “Zəncirlənmiş Prometey” əsərindəki Prometey obrazı isə unikal, peşəkar ifa etibarı ilə Elnurun yaradıcılığında sənət zirvəsi sayıla bilər. 2010-2011-ci illərdə C.Məmmədquluzadə adına Naxşıvan Dövlət Musiqili Dram Teatrının nəzdində fəaliyyət göstərən “Təməl” Teatr Studiyasında sənət dərsləri alan Elnur Rzayev 2011-ci ildən Dram Teatrda aktyor kimi fəaliyyət göstərir. O, teatrın məşhur, zəngin sənət təcrübəsinə və karyeraya malik peşəkar aktyorlarla eyni səhnəni paylaşaraq M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərində Şahbaz bəy, İslam Səfərlinin “Göz həkimi” pyesində Rauf, akademik Şəfaət Mehdiyevin “Mirzə Fətəli Axundov” və Nəriman Nərimanovun “Nadanlıq” əsərlərində hər iki böyük mütəfəkkirin gənclik obrazlarını, habelə Nazim Hikmətin “Kəllə”, Henrix İbsenin "Kuklalar", A.P.Çexovun “Russayağı evlənmə” Ç.Aytmatovun “Gün var əsrə bərabər” kimi dünya dramaturgiyasına aid əsərlərdə də baş rolların mahir ifaçısıdır.
Elnur Rzayev öz istedadını rejissor və ssenarist kimi də uğurla sınamaqdadır. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “ASSİTEJ - Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalına təqdim edilən, Bakını və 4 regionu təmsil edən 12 tamaşa sırasında Elnur Rzayevin ssenarisi və onun rejissorluğu ilə hazırlanan “Boz” tamaşası festivalın ən uğurlu tamaşalarından biri kimi yadda qalıb. Təsadüfi deyil ki, tamaşadakı baş rolun ifaçısı, Naxçıvan Dövlət Universitetinin tələbəsi Nurbəniz Niftəliyeva festivalda “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub. Festivalın sloqanı “NARKOSTOP”a uyğun olaraq bəşəriyyət üçün böyük faciəyə çevrilən, canlar alan narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunan əsər müasir dramaturji üslubu, orijinal ideya və dəst-xətti ilə seçilib.
Elnurun ən mühüm uğurlarından biri “Anamın Kitabı” Ədəbi Mükafatının “Pyes Müsabiqəsi-2015”-də müəllif kimi əhəmiyyətli qələbə qazanmasıdır. Xatırladaq ki, “Anamın Kitabı” Ədəbi Mükafatı milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideya və təşəbbüsü ilə Hədəf Nəşrləri tərəfindən təsis edilib, “Kitabevim. Az” və Dövlət Gənc Tamaşıçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilir. Layihənin rəhbəri yazıçı Müşfiq Xandır. Müsabiqəyə təqdim olunan əsərlər içindən Ekspertlər Şurasının seçdiyi əsərlər onlayn səsverməyə buraxılan zaman paralel olaraq Münsiflər Heyəti tərəfindən də qiymətləndirilir. 2015-ci ildə keçirilən müsabiqənin ilk turunda 16 əsərdən Elnur Rzayevin “Qar gözləyərkən” pyesi də daxil olmaqla 8 ən yaxşısı seçilərək müsabiqəyə buraxılıb. Növbəti turda - onlayn səsvermə zamanı Elnurun əsəri 10 maksimum baldan 8 bal toplayıb. Münsiflər heyəti tərəfindən isə əsər 25 balla qiymətləndirilib. Münsiflər Heyətinin qərarı ilə müsabiqədə I yer verilməmiş, II yerə isə Elnur Rzayevin pyesi layiq görülüb. Gənc Tamaşaçılar Teatrında keçirilən qaliblərin mükafatlandırma mərasimində çıxış edənlər - layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, müsabiqənin Münsiflər Heyətinin sədri, akademik İsa Həbibbəyli çıxışında teatrların repertuarlarının müasir və yeni dram əsərləri ilə zənginləşdirilməsi, gənc dramaturqların yetişməsi baxımından müsabiqənin mühüm əhəmiyyətini vurğulamaqla yanaşı, Elnur Rzayevin “Qar gözləyərkən” adlı birpərdəli absurt pyesinin orijinallığı, mövzu və ideya əhəmiyyəti barədə də yüksək rəy bildiriblər. Akademik İsa Həbibbəylinin dediklərindən: “Naxçıvan Dövlət Universitetinin müəllimi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Elnur Rzayev M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində Şahbaz bəy obrazının öhdəsindən çox məharətlə gəlib. Elnur Naxçıvan Dövlət Universitetinin səhnəsində Esxilin “Zəncirlənmiş Prometey” əsərindəki Promotey rolunu bütün gərginliyi ilə əks etdirib. Və zamanla başqa obrazları da məharətlə yaradıb. O, əsl mənada teatr fədaisi, sənət fədaisidir. Onun müsabiqəyə təqdim etdiyi əsər tamamilə yeni dramaturji metodla yazılmış qeyri-adi bir əsərdir... Elnur dramaturgiyamız üçün, səhnəmiz üçün əhəmiyyətli addır, yeni addır. Yeni baxışların, yeni düşüncənin, yeni imkanların, yeni fədailiyin adıdır. Ərəblinski ənənəsini yaşadan, bəzi məqamlarda meydana çıxaraq bu məşəli çiynində aparmağa həvəsli olan, güclü adamlardan biridir”.
Pyes, mənən zəngin, ruhən saf, kövrək və həssas olan bir insanın mənəvi paklıq, halallıq axtarışından bəhs edir, insanları mənəvi saflığa, humanizmə, ali insani hislərə yaşamağa, həyata daxili aləmin, mənəvi dünyanın gözü ilə baxmağa, şərəfli və mənalı ömür sürməyə səsləyir. Müəllifin özünəxas müşahidəçilik qabiliyyəti, saflıq, halallıq rəmzi olan arılarla insan həyatı arasında paralel müqayisələri də maraq doğurur.
Gənc yaşlarında artıq yetərincə
tamaşaçı rəğbəti qazanan
istedadlı aktyor Elnur
Rzayev həm də gözəl
fotoqrafdır. Onun fotoobyektivinin
yaddaşına köçən gözəl fotoetüdlər
bir neçə dəfə uğurla sərgilənib. Elnur
muxtar respublikada
teatrın çiçəklənməsinə, gənc istedadlara hərtərəfli dövlət
qayğısından ürəkdolusu danışaraq
qazandığı uğurlara görə
sənət müəllimlərinə borclu
olduğunu söyləyir. O,
yaradıcılıq taleyində AMEA-nın vitse-prezidenti,
görkəmli akademik İsa
Həbibbəylinin, Tələbə Teatr
Studiyasının rəhbəri, İncəsənət
fakültəsinin Teatr və mədəniyyətşünaslıq
kafedrasının müdiri, Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə
Əhmədovanın, kafedranın müəllimi və rejissor Tofiq Seyidovun, Xalq artistləri Kamran Quliyev və Rza Xudiyev, Əməkdar artist Xəlil Hüseynov,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar artisti Vüsal
Rzayev, aktyor Nəsimi
Məmmədzadə kimi sənətkarların
əvəzedilməz rolunu minnətdarlıqla
xatırlayır. Tamaşaçısını
hələ neçə-neçə obrazla
görüşdürmək, neçə-neçə ədəbi
qəhrəmana yeni nəfəs, yeni ruh, yeni
ömür bəxş etmək, müxtəlif
səhnə əsərlərini öz
prizmasında, orijinal üslubda
yenidən tamaşaçısına qaytarmaq
arzusunda olan Elnur sənətin nahamar,
çətin, məsuliyyətli, həm də şərəfli
yolunda inam və iradə
ilə, əzmlə irəliləyir. Bu yolda sənə uğurlar,
Elnur!
Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Naxçıvan Mətbuat
Şurası İdarə Heyətinin üzvü
Palitra.-2015.-25 dekabr.-S.13.