Psixoloqun məsuliyyəti böyükdür

 

Fidan Azərqızı: “Özümüzü nə qədər sosial şəbəkələrə qapayacağıqsa, insanlardan və reallıqdan bir o qədər uzaq olacağıq”

 

Psixologiya ən çətin sahələrdən biri kimi qeyd olunur. Təsadüfi deyil ki, çətin durumda, ağır mənəvi pozuntu, depressiyastress kimi arzuolunmaz vəziyyətlərdə olan insanlarla işləməyi, ünsiyyəti seçən bu sahənin adamlarında güclü iradə olur. Belə psixoloqlardan biriFidan Azərqızıdır. Yaxşı psixoloqun özünün psixoanalizini keçməsini vacib sayan Fidan xanımla olan maraqlı müsahibəni oxuculara təqdim edirik:

-Öncə özünüz barədə ətraflı məlumat verərdiniz.

-              Öncə vurğulamaq istəyirəm ki, “Palitra” qəzetində mütəmadi olaraq gənclərin müsahibələrinin verilməsini təqdirəlayiq hesab edirəm və sizə təşəkkür edirəm. Mən, Fidan Azərqızı (Ağayeva) 1992-cı Masallı rayonunun Şərəfə kəndində doğulmuşam. İbtidai təhsilimi doğulduğum rayonda aldım, daha sonra təhsilimi Bakı şəhəri, Səbail rayonunda 190 saylı məktəbdə davam etdirdim və yaxşı qiymətlərlə oxuduğum məktəbdən məzun oldum. Daha sonra Bakı Qızlar Universitetində Psixologiya ixtisasında təhsil almağa başladım. Birinci kursun ilk günlərindən psixologiya sahəsini professional şəkildə öyrənməyə başladım. Artıq birinci kursun sonunda mən psixologiyanın yeddidən artıq istiqaməti üzrə kurslarda iştirak etmiş və nailiyyətlər əldə etmişdim. Universitet nəzdində keçirilən elmi konfranslarda tələbə olduğum müddətdə hər psixologiya sahəsi üzrə birinci yerə layiq görülürdüm. Şanslı idim ki, müəllimlərim mənə yalnız bu ixtisasımı hər gün daha çox sevdirirdi.

-              Gənclər sektorunda aktiv olmusunuz. Bu barədə də söz açardınız.

-              Mən passiv həyatı təsəvvür edə bilmirəm. Aktiv olmağı sevirəm və universitetə daxil olduğum gündən öz ixtisasım üzrə təlimlərdə iştirak edirdim, öyrəndiklərim yeniliklərdən qrup yoldaşlarımı, bu ixtisasda təhsil alan dostlarımı da xəbərdar etmək istəyirdim. Mütəmadi olaraq təhsil aldığım universitetdə psixoloji seminarlar təşkil edirdim. İkinci kursa başladığım ilk günlərdə universitetdə Tələbə Gənclər Təşkilatına sədr seçimlərinin olacağını dedilər və mənim bu seçkidə iştirak etməyimi təklif etdilər. Tələbələrin səs çoxluğu ilə Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri seçildim. 3 il müddətində TGT sədri olaraq fəaliyyət göstərdim. Azərbaycan Tələbə Gənclər Təşkilatının mükəmməl komandası ilə birlikdə çalışaraq bu sahədə çox təcrübə qazandım. İslahatçı Gənclər İctimai Birliyinin Psixologiya Mərkəzinin rəhbəri kimi də fəaliyyət göstərirdim. Eyni zamanda İrəli İctimai Birliyində Psixologiya Akademiyası layihəsini yaratdım və iki il müddətində Psixologiya Akademiyası layihəsinin rəhbəri kimi çalışdım. Hazırda “LoqosPsixolojiNitq İnkişaf Mərkəzində psixoloq kimi fəaliyyət göstərirəm. Artıq iki dəfə həyata keçirdiyim Psixologiya Akademiyası layihəsini də növbəti dəfə “LoqosPsixolojiNitq İnkişafının təşkilatçılığı və 159 iştirakçı ilə artıq iki aydır həyata keçiririk.

-              Psixoloq kimi fəaliyyət göstərdiyinizi dediniz. Belə çətin sahəni seçməyiniz təsadüfdən yaranıb, ya marağınız olub bu işə?

-              Mən universitetdə oxumağa başladığım ilk gün müəllimimizin “bu ixtisası sevərək seçdiniz, yoxsa çox yaxında yerləşən Tibb Universitetinin arzusunda idiniz?” sualına bütün qrup yoldaşlarımın cavabından sonra bir daha anladım ki, mən şanslıyam. Çünki bu sahəni sevərək gəlmişəm. İnsanın seçdiyi ixtisasın onun şəxsi keyfiyyətləri ilə əlaqəsi var və mən insanları öyrənməyi, ən başlıca isə özümü kəşf etməyi, özümü tanımağı sevirəm. Fikrimcə, bu şəxsi keyfiyyətləri olan bir insan üçün psixologiya təsadüfi ola bilməz. Digər önəmli məqam odur ki, insanlara kömək edə, onlara bir güzgü ola bilirsən və onların özlərini tanıması üçün yardım edirsən. Həyatlarını onlara uzaqdan göstərə və izləmələri şansını yarada bilirsən. Fikrimcə, insanın ixtisasına sevgisi olmazsa, o, heç vaxt yaxşı mütəxəssis ola bilməz. İnsanlara sevgi kimi peşəyə də sevgi lazımdır. Hər çətinliyini, kaprizini çəkib irəliləmək üçün.

-              Azərbaycanda psixologiyanın nisbətən zəif inkişaf etməsinin səbəblərini nədə görürsünüz? məsələn orta ali məktəblərdə yerlərində və sair sosial obyektlərdə psixoloqlar, demək olar ki, yoxdur.

-              Psixologiya qədim tarixə malik olsa da, qısa inkişaf yolu var. Azərbaycan üçün isə yeni inkişafda olan sahədir. Lakin əvvəlki dövrlərə nisbətən, günümüzdə psixologiya inkişaf prosesindədir. Təbii ki, bu prosesi ləngidən səbəblər var. Bunlar psixologiyada müxtəlif istiqamətlər üzrə kadr çatışmazlığı, praktik psixologiyanın inkişaf etməməsi, qeyri-peşə sahiblərinin psixologiyaya axın etməsi, vəsaitlərin olmaması və sairdir.

Arzu edirəm, qısa zamanda psixologiya ölkəmizdə də müəyyən inkişaf etapını keçsinqeyri –peşə sahiblərinin bu sahədə fəaliyyəti müəyyən qanunlarla tənzimlənsin. Çünki psixoloqun məsuliyyəti böyükdür. Hər qeyri-professional addım insanların həyatına mənfi təsir edə bilər.

-Yaxşı psixoloq olmaq üçün nələri bilmək gərəkdir. Bir qədər də psixologiyanın sirlərindən söz açardnız.

- Öncə psixoloji təhsil və yüksək analiz qabiliyyəti olmalıdır və psixoloq bir çox nüansları özündə cəmləməlidir. Məsələn, bir neçəsini sadalaya bilərəm. Özünü psixoloji olaraq tanımalıdır(Bunun üçün özü də digər bir kolleqasına müraciət etməli-öz psixoanalizini keçməlidir), mütəmadi olaraq bu sahədə baş verən yeniliklərlə tanış olmalı, empatiya hissi güclü olmalıdır(özübaşqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi) psixoloqun peşə etikasına riayət etməlidir və sair.

-Bu günlərdə maraqlı bir konfrans da düzənlədiniz. Bu haqda da söz açardınız.

-Dekabrın 20-də “LOQOS” PsixolojiNitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan: Gənclər və Psixologiya” I konfransı keçirildi. Fairmont OtelinNizami Gəncəvi” zalında keçirilən konfransda dövlət rəsmiləri, millət vəkilləri, təhsil işçiləri, tanınmış psixoloq və psixoterapevtlərlə yanaşı tələbələr, eləcə də psixoloji maarifləndirmə həvəsində olan sıravi vətəndaşlar iştirak edirdilər. Konfransın sonunda layihə rəhbəri olduğum iki ay müddətində 159 iştirakçı ilə həyata keçirilən Psixologiya Akademiyası layihəsinin bağlanış mərasimi keçirildi, 159 iştirakçıya sertifikat təqdim olundu. Bu cür tədbirlərin mütəmadi keçirilməsi lazımdır.

-Sosial şəbəkələr insanların həyatının vacib hissəsinə çevrilib. Bunun hansı müsbət və mənfi tərəfləri var? Bəzən insanlar psixoloji problemlərin çoxunu məhz burada tapırlar və ya əksinə öz sirr, dərdlərini paylaşmaqla rahatlamış olurlar.

-Haqlısınız. Sosial şəbəkələr, mənim fikrimcə, bir alətə bənzəyir. Məsələn, bıçaq əvəzedilməz bir mətbəx əşyasıdır. İnsanların işini asanlaşdırır, amma bir qrup insan bundan silah kimi istifadə edirbir insanın həyatına, öz gələcəyinin məhvinə aparır. Sosial şəbəkələr də buna bənzəyir, insanların istifadə səbəblərinə görə dəyişir. Bir qrup insanlar üçün dostlarla əlaqə vasitəsi kimi şəxsi inkişaf, digər insanlar üçün bizneslərini asanlaşdıran bir şəbəkə və çox təəssüf ki, bir qrup insan üçün də vaxtlarını boşa keçirdikləri və etikadan kənar davranışları ilə digər insanlarda da qıcıq yaradan bir şəbəkədir. Əlbəttə ki, şəxsi inkişaflarına zaman ayırmayan insanları, inkişafları üçün çalışmağa səsləyirəm. Düzgün məqsədlər üçün istifadə edən istifadəçilərə də asılı olmamağı məsləhət görürəm. Özümüzü nə qədər sosial şəbəkələrə qapayacağıqsa, insanlardan və reallıqdan bir o qədər uzaq olacayıq.

Digər bir məqama gəlincə, insanların profillərinə baxanda çox çətinlik çəkmədən onlar haqqında müəyyən psixoloji portret yaratmaq mümkündur. Məsələn, yalnız böyük şriftlərdən istifadə edək statuslar yazan insanlar diqqət çəkməyi sevən və adətən aqressiv kəslər olurlar. Profil rəsmini və statuslarını tez-tez yeniləyən insanlar diqqət mərkəzində olmağı sevən insanlardır və özlərini təsdiq hissinə ehtiyac duyurlar. “Layklar” bəyənilmək istəyindən doğan tələbatdır. Bu qrup insanların şəklini, yaxud da statusunu nə qədər çox insan bəyənəcəksə, onlar özünü bir o qədər xoşbəxt hiss edəcəklər. “Facebookla bağlı psixoloji analizlər böyük bir müsahibənin mövzusudur.

-Gənclərə hansı tövsiyələriniz olardı və psixoloq olmaq istəyənlər üçün hansı məsləhətləriniz var?

-Gənclərə günümüzdə yaranan çətinliklərdən qorxma sindromundan uzaq durmağa çağırıram. İnsanlar çətinliklərin pozitiv tərəfini görməli və irəliləməlidir. Bu zaman psixoloji olaraq daha möhkəm olacaqlar. İnsanın uğurunun arxasında onun, ilk növbədə, özünə güvəni dayanır. Onlar çalışdıqları qədər ictimai aktiv olmalıdırlar. Özünüzə güvəninizi artırın və bu sahədə professional yardım almaqdan çəkinməyin.

Psixoloq olmaq istəyən insanlara, ilk növbədə, bu sahədə təhsil almağı və öz üzərlərində mütəmadi və əzmlə işləməyi tövsiyə edə bilərəm. İnsan hansı sahədə olursa-olsun, peşəkar olmalıdır.

 

 

Tural TAĞIYEV

Palitra.-2015.-25 dekabr.-S.7.