“Xaricdə təhsil mənə özümü dərk etməyə kömək
etdi”
Rəhim Məmmədov:“Xaricdə
tələbələr üçün çoxlu proqramlar var
və əgər aktivsənsə, proqramlardan yararlanıb təcrübə
qazana
bilirsən”
Müsahibimiz
Rəhim Məmmədov Litvanın Vilnüs Universitetinin Biznes
administrasiyası fakültəsinin 3-cü kurs tələbəsidir.
Bu il isə Erasmus proqramı çərçivəsində
Almaniyanın Karlsure şəhərindəki Karlshochschule
Universitetində 1 semestrlik təhsil alır. O həm Litva, həm
də Almaniya təhsili və mədəniyyəti haqqında
geniş məlumata malikdir. Onun əsas amalı xaricdə təhsil
almaqla yanaşı, ölkəmizi tanıtmaqdır.
-Necə
oldu ki, xaricdə oxumaq qərarını verdiniz?
-Xaricdə
təhsil üçün hər hansı əcnəbi dil,
xüsusən ingilis dilini bilmək əsasdır. 2010-cu ildə
düşündüm ki, dil öyrənsəm, bəlkə də,
iş tapa bilərəm, amma ailəm mənəvi və maddi
baxımdan şokda idi. Ailəm onların bu çətin vəziyyətində
hər şeyi atıb “dil öyrənəcəm” qərarımı
qəbul etmirdi, amma mən istədiyimi etdim. 9 aya ingilis dilini
öyrəndim və sonra kurslarda Dil dərsi verməyə
başladım. Necə deyərlər, bilik satmağa
çalışdım. Dərs dediyim müddətdə təhsil
və xaricdə təhsil planı düşüncəsi yox
idi. Müəllimlik dövrüm 2011-ci ilə təsadüf
edirdi. Bir gün bir SMS gəldi. Türkiyədəki menecer
dostum mənə yazdı və bir şəkil göndərdi.
O an artıq tələbə olmaq qərarına gəldim.
Risk etdim, həyatımın o vaxt dönüş nöqtəsi
oldu. 24 yaşımda Avropaya gəldim. İlk gecəni Litvada
ağlamışdım. Çünki qorxurdum, amma geri
dönüş yox idi; ya ölməli, ya da bacarmalı idim.
Amma mən bunu bacardım. 2012-ci ildə bakalavr təhsili
üzrə Litvanın Kaunas Texnologiya Universitetinə daxil
oldum.
-
Xarici tələbələrin arasında tanınmaq, fərqlənmək,
hər halda, asan deyil...
-Tələbələr
məni 2013-cü ildə keçirilən “Mr international of
Kaunas” yaraşıqlı oğlanlar yarışından sonra
tanımağa başladılar. Yarış universitetlər
arasında keçirilirdi. Mən də ispanlara inad olaraq
yarışa girmişdim. Yarışda 4 millət (ispan,
türk, azərbaycanlı və fransız) idik. Ümumiyyətlə,
mənim oxumağımın əsas səbəblərindən
biri özümü özümə sübut etmək və
xaricilərlə tez-tez mədəniyyət fərqliliyi
konfliktləri idi. Onlar bizə aşağı bir millət
kimi baxırdılar və bu da məni əsəbiləşdirirdi.
Yarışda
fransız 1-ci, mən isə 2-ci yerə çıxdıq.
Bu, çox önəmli bir yarış olmasa da, mən ondan
çox gözəl istifadə etdim. Bundan sonra tələbələr
arasında tanındım, proyekt və tədbirlərə
çağırıldım. Amma mənə 7-8 il bundan qabaq
desəydilər ki, Rəhim, sən vaxt gələcək 4
xarici dil biləcəksən, 16 yaşından bəri görmək
istədiyin Nyu-Yorkda olacaqsan, 11 il sonra işləyəcəksən,
tədbirlər təşkil edəcəksən, Almaniyada təhsil
alacaqsan və s. belə həyatı yaşayacağıma
heç vaxt inanmazdım. Və bəzən fəlakət
köhnələrin dağılmasına və yeniliklərin
yaranmasına səbəb olur... Onu da qeyd edim ki, Litvaya gələndə,
ancaq ingilis dilini bilirdim və geniş hədəflərim yox
idi. Məqsədim, sadəcə, diplom alıb geri qayıtmaq
idi.
-Xaricdə təhsilin hansı
üstünlükləri var?
-Çox
üstünlükləri var. Xaricdə təhsil mənə
özümü dərk etməyə kömək etdi. Kiməm?
(güclü və zəif tərəflərim), Nə iş
görürəm? (uzunmüddətli hədəflərə
çatmaq üçün aktivlər), Hara gedirəm? (hədəflərim
və həyatdan nə istəyirəm?). Burada tələbələr
üçün çoxlu proqramlar var və əgər, həqiqətən
də, bacarıqlısansa, aktivsənsə, proqramlardan
yararlanıb təcrübə qazana bilirsən. Rüşvət
yoxdur, amma güzəşt var. Yəni, əgər
görürlər ki, həqiqətən,
çalışırsan, bacardığını edirsən,
amma alınmır, müəllimlərdən sənə
individual dərs verməyi xahiş edəndə qəbul edirlər
və ya hansısa proqrama qatılmaq üçün xasiyyətnamə
istəyəndə canla-başla səni proqrama
hazırlayırlar. Yəni Avropa sənə yalnız
savadlı olmağı deyil, həm də savadı insanlara
satmaq qaydalarını da öyrədir.
Xaricdə
təhsil, həmçinin özünü dərketmə və
müxtəlif mədəniyyətlərin bir parçası
olmaq, əcnəbi dilləri daha tez öyrənmək
bacarığı, erkən karyera qurmaq və müxtəlif
proyektlərdə iştirak edib təcrübə
yığmaq imkanı verir. Sərbəstliyi, məsuliyyətli
olmağı, büdcənin idarəsi, tək
yaşamağı öyrənirsən. Artıq kiminsə
övladı olmursan, bir fərd olursan və öz həyatın,
öz problemlərin olur və həllini yalnız özün
bilirsən. Heç kəsi günahkar hesab edə bilmirsən.
Bir sözlə, həyatla tam mübarizə aparırsan.
Yaradıcılıq
və düşüncə qabiliyyətin artır.
Çünki hər gün yeni bir şey öyrənirsən.
Daha vətənpərvər olursan. Bir azərbaycanlı olaraq
özünü Qarabağın təmsilçisi hesab edirsən.
Hər azərbaycanlının yaratdığı imic bizi
Qarabağa daha yaxın və ya uzaq edir. Yəni, həqiqətən,
daha da vətənpərvər olursan. Eyni zamanda insanda
pozitivlik, həyata daha fərqli baxış yaranır.
-Almaniyada çalışan
çoxlu alimlərimiz də var. Alman cəmiyyəti azərbaycanlı
alimlərin əməyini lazımi olaraq qiymətləndirirmi?
- Təəssüf
ki, mən çox kiçik bir şəhərdə təhsil
alıram və burada heç Azərbaycanı
tanımırlar. Burada heç bir Azərbaycan tələbə
təşkilatı da fəaliyyət göstərmir. Mən
bildiyim qədər Berlində təşkilatlarımız var
və təbliğatımız da çox gözəl
aparılır. Universitetdə mən birinci azərbaycanlıyam
ki, tanış olublar.
-Diaspor fəaliyyətində
hansı aktivlik göstərirsiz?
-İlk
olaraq dərsdaxili proyektlərdə təqdimatlarımın
üz qabığında Azərbaycan bayrağı olur və
ilk olaraq qısa da olsa, Azərbaycan haqqında məlumat
verilir. Artıq bu bir imic, adət formasını alıb.
İlk vaxtlarda əcnəbi tələbələr tərəfindən
qəribə qarşılansa da, sonradan, həqiqətən də,
bayrağımızın fanatı olduğumu
yavaş-yavaş anladılar və hörmətlə
yanaşmağa başladılar. Bayrağımızın təbliğini
və ölkəmizin uğurlarını sadalamağı
çox sevirəm. “Avroviziya” musiqi yarışması, İlk
Avropa Oyunları Azərbaycanda keçiriləndən sonra
xaricdə bizə münasibət tamamilə dəyişib.
Artıq Azərbaycanın gücünü, qüdrətini
görürlər. Xüsusən Litvada hər şey
yaxşıdır. Çünki ölkəmizin gözəl
imici formalaşıb. Litvada səfirliyimiz tərəfindən
tez-tez tədbirlər təşkil olunur. Hətta Litvada Azərbaycan
tələbə təşkilatı (AYOL) var. Azərbaycanın
tanınmağı üçün AYOL sözün əsl mənasında
kifayət qədər əziyyət çəkir və azərbaycanlı
tələbələr də mümkün qədər aktiv
olmağa çalışır.
Bayram
və anım günləri üçün hazırlanan sərgilərdə
aktiv olub, daha çox xarici tələbələri dəvət
edib, özümüz ilə gətiririk. Milli
bayramlarımız və xüsusilə də milli rəqs və
şirniyyatlarımızı çox bəyənirlər. Bir
sözlə, bir azərbaycanlı kimi harada oluramsa öz
davranışlarımla, bacarıqlarımla gözəl bir iz
buraxıb getməyə çalışıram və orada
qısa da olsa Azərbaycan haqqında məlumat verilir.
Bayrağım hər zaman otağımda və hər zaman hər
yerə əyani olaraq mənimlə gedir. Bu mənim
üçün ən gözəl təbliğat hesab olunur.
-Gənclərimiz
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
lazımi qədər çatdıra bilirmi?
-Artıq
proses başlayıb. Çünki getdikcə xaricdə
çoxalırıq. Çünki əvvəllər
yalnız tələbələr oxumaq üçün Avropaya
gəlirdilər. Şükür, indi Erasmus proqramı
başlayıb və artıq azərbaycanlı tələbələrin
sayı xaricdə artır.
-Gələcək
planlarınız haqqında nələri əlavə edə
bilərsiz?
-Planım yoxdur, amma məqsədim var. Çox uzunmüddətli
plan qurmağı sevmirəm.
Həyat
təsadüf və möcüzələrlə doludur.
Yetər
ki, təsadüf və möcüzələri
ağıllı şəkildə
istifadə edərək
risk etməyi bacarasan.
Çox
şeyi zamana və qismətə buraxmaq lazım deyil. Gözəl deyim var: “Şanslar
insanları, insanlar da şansları gözləyir və çox zaman bəhanələr (qismət
deyilmiş) qazanır”.
Ən böyük rəqəmlər
belə, 0-dan başlayır
və o böyük rəqəmə çatmaq
üçün yeganə
tələb, sadəcə,
bircə addım atmaqdır.
Hal-hazırda məqsədim alman dilini mükəmməl
öyrənmək, universiteti
bitirmək, magistraturada
oxumaq (Almaniyada ) və qısamüddətli
Almaniya şirkətində
çalışmaq, yəni
alman iş mədəniyyətinin bir
parçası olmaqdır.
Fuad Hüseynzadə
Palitra.-2015.-26 dekabr.-S.11