“Balıq ovunun intensiv aparılması balıq
ehtiyatının kəskin azalmasına səbəb olub”
Sara Əliyeva: “Balıqların
növ tərkibi, fəsillər üzrə yayılması,
mühüm vətəgə əhəmiyyətli növlərin
və onların körpələrinin biologiyasının
öyrənilməsi sahəsində tədqiqat aparmaq
üçün müəyyən avadanlıqlar
lazımdır”
Biomüxtəlifliyin
qorunması və növlərin sayının
artırılması təbiətin qorunması və
iqtisadiyyatın da inkişaf
etdirilməsi üçün vacib məqamlardandır. Bu
mövzuda müsahibimiz
elmi tədqiqatçı Sara
Əliyevadır:
-Mən - Əliyeva Sara İsmayıl qızı 27 iyun 1981-ci ildə Qubadlı rayonunda anadan olmuşam. İlk təhsilimi Səbail rayonunda yerləşən H.Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər liseyində almışam. 1999-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub, 2003-cü ildə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2007-2009-cu illərdə AMEA Zoologiya İnstitutunda doktorantura pilləsində təhsilimi almışam. 2012-ci ildə “Şəmkir su anbarı vətəgə balıqları (çəki, çapaq, sıf) körpələrinin biologiyası” mövzusunda dissertasiyanı müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi adını almışam. 2012-ci ildə elm sahəsində əldə etdiyim nailiyyətlərə görə ”Zirvə” Ziyallılar Təşkilatının təşkil etdiyi “Nurlu Zəka Sahibi” diplomuna layiq görülmüşəm. Zoologiya İnstitutu Gənc Alimlər və Mütəxəssislər Şurasının katibiyəm. 2007-ci ildən AMEA Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasında kiçik elmi işçi, 2013-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışıram. 16 elmi əsərim yerli və xarici jurnallarda dərc edilibr. Tədqiqat apardığım elmi istiqamət Mingəçevir su anbarı balıqlarının bioloji xüsusiyyətləri, yayılması və bioloji göstəricilərində baş vermiş dəyişikliklərin öyrənilməsidir.
- Təhsil
aldığınız və ya tədqiqat
apardığınız sahə barəsində hansı fikirləriniz
var?
- Zoologiya vahid bir elm deyil. Tədqiqat vəzifələrinə görə
Zoologiya elmi bir sıra sahələrə
bölünür. Bu sistemə daxil olan elm sahələri heyvanat aləmini ayrı-ayrı nöqteyi-nəzərdən
öyrənir. Bu sahələrdən biri də İxtiologiya adlanır. İxtiologiya onurğalılar zoologiyasının bir bölməsi olub, yunanca «ixtis» - balıq sözündən
götürülmüş; balıqları, onların
quruluşunu, biologiyasını,
sistematikasını, təkamülünü,
yayılmasını, ekologiyasını
öyrənir. Balıqlar insanların
həyatında mühüm
əhəmiyyətə malikdir.
Balıq
əti, tərkibində,
əsasən, çoxlu
miqdarda tam keyfiyyətli,
həyat üçün
zəruri olan amin turşuları ilə zəngin zülallara malik bioloji qiymətli yeyinti məhsuludur. Bundan başqa, insanlar balıqlardan dekorativ bəzək kimi, həmçinin balıq ovu ilə idman
və əyləncə
məqsədilə məşğul
olurlar.
- Bu sahə üzrə xarici ölkələrdə aparılan
tədqiqatlarla Azərbaycandakı
tədqiqatlar arasında
hansı fərqli və ümumi cəhətlər var?
- Azərbaycanın bioloji müxtəlifliyində dünyanın
ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Bildiyimiz kimi, Azərbaycan
nərə balıqları
və qara kürü istehsalına görə bütün dünyada məşhurdur.
Vaxtilə dünya üzrə
nərə ehtiyatlarının
80-90 %, bəzi məlumatlara
görə isə hətta 95 % Xəzər dənizində cəmləşmişdi.
Bizim apardığımız ixtioloji
tədqiqatlar stasionar xarakterlidir və fasiləsiz olaraq su anbarında balıqların növ tərkibi, fəsillər üzrə yayılması,
mühüm vətəgə
əhəmiyyətli növlərin
və onların körpələrinin biologiyasının
öyrənilməsi sahəsində
tədqiqat aparmaq üçün müəyyən
avadanlıqlar (qayıq,
gəmi) lazımdır.
Tədqiqat apardığımız Mingəçevir su anbarında xüsusi tədqiqat gəmisi olan “Zərdabi” adlı gəmi demək olar ki, istismara yararsız
hala düşmüş
və ciddi təmirə ehtiyac duyulur. Materiallar toplamaq üçün
qurma və sürütmə torlardan istifadə edirik. Bu da su anbarında dərinliklər
üzrə materialların
toplanmasında müəyyən
çətinliklər yaradır.
Xarici mütəxəssislərin apardıqları
tədqiqat işləri
ilə müqayisə
olunduqda, xarici mütəxəssislər çöl
şəraitində tədqiqatların
aparılması üçün
lazım olan avadanlıqlarla tam təmin
olunublar.
- Təhsil aldığınız ixtisasın
və elmi sahənin Azərbaycan üçün aktuallığını
necə ifadə edərdiniz?
- Bildiyimiz kimi, Kür çayı üzərində hidrotexniki
qurğuların yaradılması
Kür-Xəzər hövzəsinin
balıqçılıq təsərrüfatında
ciddi dəyişikliklərin
baş verməsinə
səbəb olub. Son illərdə ətraf
mühitə antropogen
təsirin qlobal xarakter alması və bu təsirin
ilbəil güclənməsi
ilə əlaqədar
su mühitində yaşayan canlılar üçün tamamilə
yeni ekoloji şərait yaranmış,
hər bir canlının, o cümlədən
balıqların davranışında
və onların bioekoloji xüsusiyyətlərində
müəyyən dəyişikliklərə
səbəb olub.
Uyğunlaşma xarakterli bu cür dəyişikliklərin
öyrənilməsi mühüm
elmi əhəmiyyət
daşımaqla yanaşı,
böyük təcrübi
əhəmiyyət də
kəsb edir. Bu baxımdan su
anbarlarının mühüm
vətəgə balıqlarından
olan çapaq, çəki, sıf, külmə, şəmayı
balıqlarının həyat
tərzində (xüsusilə
onların erkən inkişaf mərhələlərində)
baş vermiş dəyişikliklərin tədqiq
olunması xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə aparılan tədqiqatlar su anbarlarının balıq məhsuldarlığının
artırılması və
ondan səmərəli
istifadə olunması
istiqamətində əməli
təkliflərin hazırlanmasına,
orada məskunlaşmış
qiymətli vətəgə
balıqlarının bioloji
strukturunun, çoxalma
şəraitinin yaxşılaşdırılmasına,
ehtiyatlarının əsaslı
dərəcədə yüksəldilməsinə
imkan verir. Qeyd olunanları nəzərə
alaraq sənaye balıq ovu aparıldığı bir
vaxtda balıq ovunun dinamikasına təsir edən ekoloji və antropogen amillərin müəyyən edilməsini,
hövzənin balıq
ehtiyatının formalaşmasında
mühüm rol oynayan vətəgə əhəmiyyətli balıqların
bioekoloji xüsusiyyətlərinin
öyrənilməsi vacib
məsələlərdən biridir.
- Bu ixtisasınız
yönündə Azərbaycan
təhsilində və
ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Maraqlı sualdır. Davamlı inkişafın əsas tərkib hissələri ətraf mühitin mühafizəsinin təkmilləşdirilməsi,
maddi rifahın yaradılması və sosial ədalət prinsiplərinə nail olmaqdır.
Bu üç tərkib
hissələri arasında
tarazlığa nail olmaq
davamlı inkişaf sahəsində uğurların
açarıdır. İqtisadi rifah
olmadığı halda,
ətraf mühitin mühafizəsi sahəsindəki
yüksək nəticələrin
heç bir mənası yoxdur. Davamlı inkişafın bir hissəsi olan bioloji müxtəliflik hal-hazırda sürətlə
məhv olur. Bioloji müxtəlifliyin sabitliyinin
pozulmasının əsas
səbəbləri torpağın
düzgün istismar olunmaması, ətraf mühitin çirkləndirilməsi,
təbii sərvətlərdən
həddən artıq
istifadə edilməsidir.
Yeni növ canlıların ekosistemə daxil olması, iqlim dəyişməsi də bioloji müxtəlifliyə
təsir edən amillərdəndir. Son illərdə su hövzələrində balıq
ovunun intensiv aparılması vətəgə
əhəmiyyətli balıqların
ehtiyatının kəskin
surətdə azalmasına
səbəb olmuşdur.
Bu azalmanın qarşısını almaq
və su anbarlarında balıq ovunun tənzimləmək
məqsədilə bir
çox tədbirlər
görülməlidir. Bu tədbirlər nədən ibarətdir?
Məlum
olduğu kimi, balıqlar çoxalma vaxtı, əsasən, kürüləmə yerlərinə
toplanırlar və elə bu vaxtda
da balıqçılar
tərəfindən həmin
sahələrdə balıq
ovu aparılır.
Bu isə balıqların
su anbarında miqdarının getdikcə
azalmasına səbəb
olan ən başlıca amillərdən
biri hesab olunur. Digər tərəfdən ov alətlərindən düzgün istifadə edilmədiyindən ovlanma ölçüsünə çatmayan
balıqlar ovlanılır
ki, bu da
balıqların miqdarının
sürətlə azalmasına
gətirib çıxarır.
Balıqların çoxalma yerlərinin
məhdud olduğunu nəzərə alaraq bəzi meliorasiya işlərinin aparılması
məqsədə uyğun
hesab edilməlidir.
Verdiyimiz
bu təkliflər aidiyyəti qurumlara təqdim olunub.
- Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Azərbaycan öz müstəqilliyini əldə
etdikdən sonra təhsildə müəyyən
islahatlar aparıldı.
Aparılan bu təhsil
islahatları elmi-nəzəri
əhəmiyyəti ilə
fərqlənir. Təhsil
və elm müəssisələrinin
maddi-texniki bazası ən müasir avadanlıqlarla təmin olunsa da, müəyyən
çatışmazlıqlar hələ də var. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin
daha da artırılması,
ölkənin digər
elm müəssisələrində və ali
məktəblərində aparılan
fundamental və tətbiqi
araşdırmaların əlaqələndirilməsi,
elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə
müəyyən tədbirlər
görülür. Bir gənc
mütəxəssis kimi
təklif edərdim ki, təhsil müəssisələrində şagirdlərin əldə
etdikləri elmi-nəzəri
biliklər praktikada tətbiq olunmalı, mütəmadi ekuskursiyalar
təşkil olunmalıdır.
- Xaricdə təhsil alan
gənclərimizə və
elmi tədqiqatçılarımıza
nələri tövsiyə
edərdiniz?
- Ölkəmizin dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi üçün
yeni, yüksəkixtisaslı
mütəxəssislərə daim ehtiyacı olub. Azərbaycanın dünyaya inteqrasiyasından
sonra bu təlabat xeyli artıb. Gənclərin ölkəmiz üçün
lazımi ixtisaslar üzrə xaricdə təhsil alması prosesi, bu gün
cəmiyyətimizin ən
mühüm amilinə
çevrilib. Xaricdə
təhsil alan
gənclərin ölkəyə
qayıdıb işləməsi
əsas problemlərdən
birinə çevrilib.
Baxmayaraq ki, gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı qəbul olunub, bu proqrama
əsasən, dövlət
hesabına xaricdə təhsil alanlar 5 il müddətində
Azərbaycanda işləməlidirlər.
Xaricdə təhsil almış
tələbənin burda
qalıb işləməsini
istəyiriksə, lazımi
şərait yaradılmalı,
yüksək əməkhaqqı
olan işlə təmin edilməlidir.
Öz töhfələrini bu ölkəyə verməli,
müasir, demokratik Azərbaycanınımızın çiçəklənməsində yaxından iştirak etməlidirlər.
-Gələcək
plan və fəaliyyətinizlə
bağlı nələri
bölüşərdiniz ?
İnşallah, məqsədim elmi fəaliyyətimi davamlı
olaraq inkişaf etdirmək və Azərbaycan elminə öz töhfəmi verməkdir.
İlkin AĞAYEV
Palitra.-2015.-26 dekabr.-S.7.