Ceyhun Eminli: “Cənub bölgəsindəki arxeoloji abidələr yaxşı öyrənilməyib”

 

Müsahibimiz AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Antik Dövr üzrə Lerik Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlidir.

 

-Ceyhun müəllim, rəhbərlik etdiyiniz Lerik rayonunda arxeoloji ekspedisiyanın gördüyü işlər hansı istiqamətdədir? Bu barədə nə deyə bilərsiniz?

- Lerik rayonu ərazisində arxeoloji tədqiqatlara 2012-ci ildən başlandı. Üç il ərzindəki tədqiqatlarımızın nəticələrini uğurlu saymaq olar. Ekspedisiya bir neçə istiqamətdə fəaliyyət göstərsə də, bunu mərhələli şəkildə həyata keçirməyi nəzərdə tutub. Əsas tədqiqat istiqamətimiz antik dövr qəbir abidələri və yaşayış yerlərinin kompleks öyrənilməsi, həmçinin, qeyd olunan dövr abidələrində Əhəməni, ParfiyaAtropatena dövlətlərinin maddi-mədəni təsirlərinin müəyyənləşdirilməsidir.

- Apardığınız arxeoloji araşdırmalar hansı dövrü əhatə edir?

- Hazırda bir abidədə əsaslı tədqiqatlar aparmaqdayıq və bu abidə eramızdan əvvəl V-III əsrləri əhatə edən nekropoldur. Nekropol dedikdə yəni, bir qəbiristanlıqda müəyyən xronoloji çərçivə daxilində müxtəlif formalı və dəfn adətli qəbirlərdir.

- Arxeoloji materialların tədqiqi zamanı hansı nüanslara daha çox diqqət ayırırsınız?

- Suala daha ətraflı cavab verim: Arxeoloq tədqiq etdiyi obyektdə hər bir nüansa diqqət ayırmalıdır. Bunun üçün də hər hansı bir abidədə tək bir arxeoloq yox, arxeoloji ekspedisiya da fəaliyyət göstərməlidir. Hər bir abidənin öz tələbləri var. Nəzərə alaq ki, arxeoloji abidələr torpaq altındadır və yerüstü əlamətləri yoxdur. Buna görə də ataların “iynə ilə gor qazmaq” məsəli tam yerinə düşür.

Qədim qəbirlərin tədqiqində skeletlərin, qəbirdə olan bəzək əşyaları, silahlar, dəri və parça qalıqlarının olması ehtimalına əsasən, onların zədələnmədən üzə çıxarılması dəqqət mərkəzindədir.

- Lerik rayonu ərazisindən başqa, hansı ərazilərdə araşdırmalar aparmağı düşünürsünüz?

- Hal-hazırda tədqiqat apardığımız nekropolla (qəbiristanlığın) sinxron dövr olan yaşayış yerinin dəqiq yerinin müəyyənləşdirilməsi istiqamətində də araşdırmalar aparırıq. Bundan əlavə, gələcəkdə tədqiq etdiyimiz dövr ərzində qəbir abidələri, maddi-mədəniyyət nümunələrinin yayılma arealını müəyyənləşdirmək və xəritələşdirməkdir.

Lerik rayonu özlüyündə 5 zonaya bölünür. Mənim rəhbərliyim altında tədqiq olunan abidə Dırıx zonasında (Gürdəsər kəndi ərazisində Piboz Təpə abidəsi) yerləşir. Ümumilikdə götürdükdə isə Lerik rayonunda yerləşən digər abidələrdə İnstitutumuzun əməkdaşı Abuzər Ələkbərovun rəhbərliyi altında arxeoloji tədqiqatlar aparılmaqdadır.

- Sizcə, cənub bölgəsində arxeoloji araşdırmalar geniş vüsət alıbmı?

- Təəssüflə deyərdim ki, geniş füsət almayıb. Sadəcə, öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bir ekspedisiya tədqiq etdiyi dövr ərzində (həyatı boyu) əgər bir abidənin, heç olmasa 50 faizini öyrənməklə 3-4 abidədən artıq tədqiq edə bilmir. Regionda isə abidələr yüzlərlə və minlərlədir. Hətta düşünürəm ki, gələcəkdə arxeoloqlarımız üçün arxeoloji tədqiqatlar aparmaq daha da çətinləşəcək. Arxeoloji abidələr müxtəlif səbəblər üzündən çox sürətlə məhv olunur.

- Cənub bölgəsində arxeologiya sahəsini cəlb edən daha çox hansı dövrlərdir?

- Tarixin bütün dövrləri, arxeoloji abidələr dövrlərindən asılı olmayaraq, hamısı əhəmiyyətli və cəlbedicidir. Bu suala subyektiv yanaşmaq lazımdır. Abidənin cəlbediciliyi onu tədqiq edən arxeoloqun qarşısına qoyub, araşdırmaq istədiyi elmi problemdən asılıdır. Bəzən isə çoxtəbəqəli və müxtəlif dövrləri əhatə edən bir abidə ola bilər. Belə halda, əlbəttə ki, bütün dövrlər öyrənilməli və sənədləşdirilməlidir.

- Gənc arxeoloq olaraq, elmi tədqiqatlarınızda, arxeoloji işlərinizdə Azərbaycan tarixinin hansı dövrlərini vərəqləyib, dünya tarixinə qızıl hərflərlə yazmaq istəyirsiniz?

- Əlbəttə, bütün arxeoloqların arzusudur ki, maraqlı və dünya əhəmiyyətli abidə aşkarlasın. Qızıl hərflərlə olmasa da, əhəmiyyətli abidəni dünya arenasına çıxartmaqla, onun müəllifi ilə yanaşı, təmsil etdiyi ölkənin də tanıtımıdır.

Xəyalə GünƏş

Palitra.-2015.-4 fevral.-S.13.