Zakir Nəbizadə: “İstənilən dövlət elm və təhsilə xüsusi diqqət ayırmalıdır”

 

Gənclərimizin xaricdə təhsil alması ölkəmizin elm və təhsilinin inkişafına böyük perspektiv vəd edir. Məhz buna görədir ki, dövlət tərəfindən gənclərin xaricdə təhsili üçün geniş imkanlar yaradılır. Elə müsahibimiz Zakir Nəbizadə də bu imkandan yararlanan gənclərimizdəndir. Qeyd edək ki, Zakir Nəbizadə Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetini bitirib. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyət Təşkilatı yanında Azərbaycan Gənclər İttifaqının sədridir. Eyni zamanda Gənclərin Ümumrusiya Millətlərarası İttifaqında Azərbaycan gənclərini təmsil edir.

 

- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Bu, indiki vaxtda mühüm məsələdir. Mən hesab edirəm ki, təhsilə və elmə istənilən dövlət xüsusi diqqət ayırmalıdır. Dünyada baş verən son hadisələrlə əlaqədar Rusiya elmi fəaliyyətin nəticələrinin reallaşdırması problemi ilə rastlaşdı. Buna görə mən hesab edirəm ki, ölkədə təhsilin və elmin inkişafının təminatı belə, əhəmiyyətli deyil. Azərbaycanda elm və təhsilin inkişafı dövlətin diqqətindədir. Elə ildən-ilə xaricdə təhsil alan gənclərimzin sayının artması buna bir nümunədir. Bu gənclər Azərbaycanın gələcək kadrlarıdır. Hər biri gəlib öz elmi bilik və təcrübələrini ölkəmizdə tətbiq edəcəklər.

-Xaricdə təhsilin hansı üstünlükləri var?

- Əgər inkişaf etmiş ölkələrin ali məktəblərini nəzərdə tuturuqsa, onda bu, qeyri-adi təcrübədir. Çünki xarici ölkə ali məktəblərinin əksəriyyətində təlimin müxtəlif metodikaları; ən yeni avadanlıqla ; böyük, nüfuzlu şirkətlərə təcrübə keçməyə tələbələrin cəlb edilməsi, orada qalmaq imkanı, yaxşı nəticələr göstərib. Xarici ali məktəblərdə ciddi intizam var. Belə ki, qaydanı pozanlar cəzalandırılır və tamamilə rüşvətxorluq yoxdur. Bunu xaricdə təhsilin ən böyük üstünlüklərindən biri hesab edirəm.

-Kənardan Azərbaycan təhsilinin inkişafı necə görünür?

- Ali təhsil müəssisələrində təhsil səviyyəsi mənim xoşuma gəlir. Bundan əvvəlki sualda mən təhsilin praktiki olmasını qeyd etdim. Hesab edirəm ki, Azərbaycan tələbələri Rusiyada səmərəli elmi biliklər və təcrübə qazanırlar. Buna istənilən arzu edən tələbə nail ola bilər. Azərbaycanda tələbkar hazırlıq olmalı və tədris ədəbiyyatı çoxalmalıdır.

-Azərbaycan elm və təhsilinin inkişafında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın nə kimi rolu var?

- Azərbaycanlı gənclərin dövlət dəstəyi ilə xarici ölkələrdə təhsil alması prosesi müstəqilliyin ilk illərindən başlayıb. Bu prosesdə dövlətin iştirakı ikitərəfli müqavilələr əsasında azərbaycanlı gənclərin xarici ölkələrin təhsil müəssisələrinə göndərilməsi ilə xarakterizə olunub. Qloballaşma proseslərinin fəal iştirakçısı olan ölkəmizin dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi üçün yeni mütəxəssislərə daim ehtiyacı olub. Azərbaycanın dünyaya inteqrasiyasından sonra bu ehtiyac xeyli artıb. Gənclərin ölkəmiz üçün lazımi ixtisaslar üzrə xaricdə təhsil alması prosesi bu gün cəmiyyətimizin ən mühüm amilinə çevrilib. Bu səbəbdən ölkəmiz xarici ölkələrlə təhsil əlaqələrini genişləndirməyə başladı. Bildiyimiz kimi, azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Prezident tərəfindən sərəncam imzalanıb. Həmin sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb.

-Öyrəndiyiniz sahə ilə bağlı Azərbaycanda hansı yeniliklər etmək istərdiniz?

- Mən 2014-cü ildə diplom aldım, amma ixtisasım üzrə işləmək hələ alınmır. İndi bütün dünyadakı Azərbaycan gənclərinin birləşməsi üzrə aparırıq, güclü təşkilatın yaradılması əsas məqsəddir. Biz beynəlxalq aləmə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulması problemini çatdırmaq istəyirik. Bunun üçün birləşdirici informasiya resursunun yaradılması planlaşdırılır. Əlbəttə, bizim hədəfimiz tək bu deyil, amma mən hesab edirəm ki, yenə də bu bizim əsas məqsədimizdir.

-Yerli Rusiya gəncləri ilə hansı layihələr həyata keçiribsiniz?

- Biz Rusiya ictimai təşkilatları ilə sıx əməkdaşlıq edirik. Mən Millətlər Evinin gənclər şurasının həmsədriyəm. Ona görə bizim layihələrimizə Rusiya ilə yanaşı başqa ölkələrin də gəncləri cəlb edilir. Daha konkret desəm, biz xeyriyyə konsertləri, idman yarışları, həftəsonu məktəbi, xeyriyyə aksiyaları və bir çox başqa tədbirlər keçiririk. Biz Azərbaycan mədəniyyətini başqa millətlərin nümayəndələrinə tanıtmağa çalışırıq. İstəyirik ki, Azərbaycanın adı daim yüksəklərdə olsun.

-Gənc nəslin elm və təhsilini artırması üçün marağı necədir?

-Düşünürəm ki, avadanlıqları öyrənmə prosesində müasir informasiya kommunikasiya texnologiyalarından istifadə əsas stimulyatordur. Həmçinin təlimin metodikası marağın artmasına təsir edir. Təcrübə mübadiləsi, həmçinin marağı yüksəldə bilər. Bu baxımdan Qərbdə iki metodika əsasdır: təcrübəkeçmə, mübadilə üzrə təlim. Əsas işə düzgün yanaşmaqdır.

- Tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?

- Özünü inkişaf etdirməklə məşğul olmaq, öz qarşına hədəf qoymaqona doğru getmək lazımdır. Hədəflər obyektiv olmalıdır, öz qarşında qeyri-real məsələləri qoymaq məna daşımır. Ən sadədən başlamaq daha yaxşıdır. Və nə vaxt ki, sən nəticəni alırsan, onda nəzərdə tutduğuna nail olursan. Hesab edirəm ki, bu metodla gənclər öz intellektual qabiliyyətlərini yüksəldə bilərlər. Həmçinin breyn-rinq, şahmat oynamaq, müxtəlif elmi yarışlarda iştirak etmək də bu baxımdan faydalıdır. Ən vacibi isə elmi ədəbiyyatı mütaliə etməkdir. Çünki mütaliə insanın dünyagörüşünü, düşüncə və qavrayış qabiliyyətini daha yaxşı artırır.

- Perspektivdə hansı işləriniz gözlənilir?

- 26 fevralda Xocalı faciəsi haqqında beynəlxalq aləmlə videobağlantı yaradacağıq. Bu layihəyə dünyanın müxtəlif yerlərindəki Azərbaycan gəncləri cəlb edilib. Planlarımızdan biri də Azərbaycan gəncləri üçün vahid informasiya bazasını yaratmaqdır. Əlbəttə, bizim gələcəkdə Bakıda forum keçirmək fikrimizvar. Ümid edirik ki, bunun üçün dəstək alacağıq və Azərbaycanda forumu keçirə biləcəyik. Bu foruma müxtəlif ölkələrdən Azərbaycan gənclərini çağıracağıq.

Əgər Piter üzrə keçirilən tədbirlər haqqında danışırıqsa, gənclər arasında maarifləndirci , dama yarışları, breyn-rinq, xeyriyyə konsertləri və sair keçirəcəyik. Millətlərarası layihələrdən ən böyükləri isə beynəlxalq kino festivalıdır. Azərbaycan filmini gənclərin müzakirəsinə təqdim etmək istəyirik. Bununla yanaşı, miqrantların uşaqları üçün Dünyanın Uşaqları məktəbini açmaq istəyirik. Bunda da məqsəd uşaqları Sankt-Peterburqun sosiomədəni mühitinə uyğunlaşdırmaqdır. Bütün bu layihələri 2015-ci ilin birinciikinci rübü ərzində reallaşdırmağı planlaşdırırıq.

Fuad Hüseynzadə

Palitra.-2015.-6 fevral.-S.11.