Vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərilir

 

 

Dünən Bakıda Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda ikigünlük IV vergi forumu öz işinə başlayıb. Forumun plenar iclasında Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edib. Plenar iclas Vergilər Nazirliyinin 15 illik fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov forum iştirakçılarını salamlayaraq bildirib ki, hər il vergi xidməti işçilərinin peşə bayramı günü ərəfəsində keçirilən vergi forumu bu dəfə həm də Vergilər Nazirliyinin yaradılmasının 15-ci ildönümünə təsadüf edir: “15 il əvvəl Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılmış Vergilər Nazirliyi müstəqil qurum kimi böyük bir inkişaf yolu keçib.

Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın vergi xidmətinin modernləşdirilməsi istiqamətində islahatlar aparılıb, vergi inzibatçılığı modernləşdirilib, vergi sisteminin texnoloji bazası gücləndirilərək, biznes və dövlət strukturları arasında yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına başlanılıb ”.

Vergi xidməti orqanlarının 15 illik fəaliyyətinə diqqət çəkən vergilər naziri bildirib ki, Azərbaycanda çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid vergi qanunvericiliyi bazası yaradılıb. Bu qanunvericilik təkcə fiskal deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması və sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə xidmət edir.

Nazir qeyd edib ki, vergi sistemində geniş diapazonlu texniki imkanlara malik texnoloji baza mövcuddur. Onun sözlərinə görə, bu gün Azərbaycanda sahibkar vergi orqanına getmədən bütün öhdəliklərini internet vasitəsilə yerinə yetirə bilər: "Vergi bəyannamələrinin təqdimatı, vergi öhdəliklərinin icrası, istifadəçiləri vergi orqanı ilə bağlayan bütün proseslər elektronlaşdırılıb. Vergiödəyicilərin təxminən 90 faizi vergi bəyannamələrini elektron formada təqdim edir. Mövcud olduğu 15 il ərzində Vergilər Nazirliyində ölkənin uzunmüddətli strateji inkişafının planlaşdırılması hədəflərinə cavab verən davamlı vergi sistemi yaradılıb. Azərbaycanın vergi sistemi əsaslı modernləşdirmə prosesindən keçib, vergi sisteminin texniki imkanların geniş diapazonuna malik texnoloji bazası yaradılıb. Bu gün Azərbaycanın vergi sistemi vergiödəyicilərə dünyanın ən qabaqcıl ölkələrində tətbiq edilən vergi xidmətləri göstərir”. Nazirin qeyd etdiyi kimi, ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində innovasiya uğurları tətbiq edilib: "ƏDV depozit hesabının, elektron hesab-fakturaların tətbiqi, real vaxt rejimində banklarla inteqrasiya, nəzarət-kassa aparatlarında məsafədən ötürmə qurğularından istifadə, vergi orqanları və vergiödəyicilər arasında elektron yazışma sisteminin təmin olunması, vergilərin elektron ödənişinin aparılması sisteminin tətbiqi onların arasındadır. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan vergiödəyicilərin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqinə görə dünyanın 12 lider dövləti sırasındadır”.

O, əlavə edib ki, görülən tədbirlər nəticəsində dövlət büdcəsinə vergi və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfə, qeyri-neft sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar 14,8 dəfə artıb: “Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. Bu, respublikamızda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusudur. Vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılıb. Vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Son bir neçə ildə ƏDV inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin - onlayn kargüzarlığın təmin edilməsi, vergilərin elektron qaydada ödənilməsi kimi bir çox innovativ-texnoloji yeniliklər tətbiq edilib”.

Azərbaycanın vergitutma sahəsində mövqeyinin beynəlxalq reytinqlərdə ildən-ilə irəlilədiyini deyən nazir vurğulayıb ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi nəticəsində dünyanın 12 aparıcı dövləti sırasındadır. Son bir neçə ildə yeni nəsil texnologiyalara söykənən ”Elektron audit” və “Asan İmza” kimi mühüm layihələr həyata keçirilib. Ölkəmizin “Asan İmza” təcrübəsi ötən il Avropa Parlamentində də uğurla təqdim edilib.

Forumda qeyd edilib ki, ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı, bu inkişafa adekvat olan vergi inzibatçılığının formalaşdırılması nəticəsində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək, qeyri-neft-qaz sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artıb.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Maliyyə Nazirliyinin Gəlirlər İdarəsinin başqanı Adnan Ertürk çıxış edərək Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndiriblər.

Tədbirdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) prezidenti Hans Blokpoelin ölkəmizin vergi xidməti əməkdaşlarına video təbriki nümayiş etdirilib, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Daulet Yerqojin, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Dainoras Bradauskas, Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəis müavini Natalya Zavilova, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın çıxışları dinlənilib.

Forum çərçivəsində vergilər naziri Fazil Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib və jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Jurnalistlərin suallarını cavablandıran nazir bir sıra məqamlara da toxunub. O deyib ki, “Bakı 2015” I Avropa Oyunlarınadək POS-terminalların sayı 95 minə artırılacaq. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda təqribən 40 min POS-terminal fəaliyyət göstərirdisə, 2014-cü ilin sonuna onların sayı 82 minədək artıb. F. Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi ölkədə POS-terminalların quraşdırılması sahəsində Azərbaycan Mərkəzi Bankı və digər banklarla fəal işləyir: "Məqsədimiz 2015-Avropa Oyunlarınadək onların sayını 95 minə çatdırmaqdır".

Forumda Prezidentin sərəncamı oxunub. Bildirilib ki, Prezident Fazil Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Prezident Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında da sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib:

Əhmədov İlqar İsmayıl oğlu - Azərbaycan Respublikası vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri;

Eyyubov Şahin İslam oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin rəisi;

Məmmədov Elçin Fərrux oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi.

Sərəncamla Azərbaycan Respublikasının vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri Namiq Məhi oğlu Quliyeva 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin digər əməkdaşları da təltif ediliblər.

Günün ikinci yarısında forum öz işini sessiyalarda davam etdirib.

 

Tural

 

Palitra.- 2015.- 10 fevral.- S. 5.