Tibbi- sosial ekspertizada
elektron informasiya sisteminin tətbiqi vacibdir
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
(ƏƏSMN) respublikada tibbi-sosial ekspertiza sisteminin
avtomatlaşdırılması sahəsində görülən
işlərin və qarşıda duran vəzifələrin, əlillik
müayinələri ilə bağlı göndəriş
formalarının elektronlaşdırılması məsələlərinin
müzakirəsinə həsr olunmuş müşavirə
keçirilib. Müşavirədə ƏƏSMN-nin
Tibbi-sosial ekspert komissiyalarının sədrləri, Səhiyyə
Nazirliyinin nümayəndələri, müvafiq icra hakimiyyəti
orqanlarının tibb xidmət rəisləri və Hərbi həkim
komissiyalarının sədrləri iştirak ediblər.
Əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümov tədbiri giriş sözü ilə
açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə
sürətli inkişaf dövrünü yaşayan ölkəmizdə
sosial müdafiə sisteminin müasir və şəffaf fəaliyyət
mexanizmləri əsasında təkmilləşdirilməsinin
prioritet təşkil etdiyini vurğulayıb. Dövlət
başçısının tapşırığına əsasən,
nazirliyin fəaliyyət sahələrində aparılan
islahatlardan söz açan S.Müslümov bu islahatların
bir istiqamətinin də tibbi-sosial ekspertiza və əlillərin
reabilitasiya sahəsi ilə bağlı olduğunu bildirib:
“Ölkədə əlillik təyinatı prosesinin tam
avtomatlaşdırılması, beləliklə, bu sahədə
neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının
minimuma endirilməsi və şəffaflığın təmin
olunması məqsədilə ötən il Əmək və
Əhalinin Sosial Müdafisəi Nazirliyinin Mərkəzləşdirilmiş
İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya
alt sistemi yaradılıb. ƏƏSMN-nin Kollegiyasının qərarına
əsasən, 2014-cü ilin iyul ayının əvvəlindən
həmin sistemin pilot olaraq tətbiqinə başlanıb. Yeni
sistem əlillik müayinələrinin aparılması ilə
əlaqədar müvafiq qurumlar arasında elektron məlumat
mübadiləsini təmin edir”.
Nazir
bildirib ki, bu islahat tədbiri səhiyyə müəssisələri
tərəfindən əlillik vəziyyətlərinin müəyyən
olunması üçün göndəriş
formalarının (88 nömrəli forma) Tibbi-sosial ekspert
komissiyalarına (TSEK) elektron qaydada göndərilməsini,
kağız daşıyıcılardan istifadə
praktikasına son qoyulmasını nəzərdə tutur:
“Bununla yanaşı, qeyd olunan sistem vasitəsilə əlillik
müayinələrinin nəticələri ilə
bağlı elektron məlumat bazası yaradılıb.
Artıq TSEK-lər tərəfindən bütün əlillik
müayinələrinin nəticələri barədə məlumatlar
həmin bazaya yerləşdirilib. Bu baza əlillik təyinatı
barədə aidiyyəti dövlət orqanı tərəfindən
məlumatın artıq kağız arayış formasında
deyil, elektron qaydada əldə edilməsinə imkan verir”.
S.Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti
əməkdaşlarının bu sistemdə işləmək
üçün elektron imzalarla təmin olunduqlarını və
müvafiq bacarıqlara malik olmaları üçün
treninqlərə cəlb edildiklərini bildirib: “Səhiyyə
Nazirliyinin 27 noyabr 2014-cü il tarixli əmri ilə TSEK-lərə
göndərişlərin elektron registrinin yaradılması ilə
bağlı “Tibbi-sosial ekspert komissiyasına göndəriş”
və “Uşaqlar üçün Tibbi-sosial ekspert
komissiyasına göndəriş” formaları təsdiq olunub.
2015-ci ilin 01 yanvarından TSEK-lər tərəfindən
yalnız həmin göndəriş formaları qəbul
edilir. Bu göndəriş formalarının daha təkmilləşdirilməsi
və ümumi elektron informasiya sisteminə interasiyası bizim
diqqətimizdə duran məsələlərdən biridir”.
Müşavirədə
tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin
avtomatlaşdırılması sahəsində qarşıda
duran vəzifələr, eləcə də TSEK-lərə
ayrı-ayrı mərkəzi icra hakimiyyəti
orqanlarınının aidiyyəti qurumları tərəfindən
təqdim olunan göndəriş formalarının
elektronlaşdırılması məsələləri ətraflı
müzakirə olunub. Bu sahədə işlərin təkmilləşdirilməsi
üçün nazirliyin müvafiq struktur bölmələrinin
rəhbər şəxslərinə tapşırıqlar
verilib.
İlkin
Palitra. - 2015.- 10 fevral.- S. 10.