“Gənclərin xaricdə təhsil
alması dövlətimizin inkişafını daha da sürətləndirəcək”
Aygün Məmmədova:
“Azərbaycan gəncliyi bütün dövrlərdə
savadı, fəhmi, istedadı ilə seçilib”
Layihə çərçivəsində Şimali Kiprin Doğu Akdeniz Universitetinin tələbəsi Aygün Məmmədova ilə müsahibəni təqdim edirik. Xatırladaq ki, A.Məmmədova 1990 - cı ildə Gəncədə anadan olub. 1997- ci ildə Gəncədə bir saylı orta məktəbə daxil olub. 2008 - ci ildə Göygöl rayonu Ərşad Məmmədov adına məktəbin 11 - ci sinfini bitirib. Elə həmin ildə də Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. 2013 -cü ildə isə Doğu Akdeniz Universitetinin magistr pilləsi üzrə ingiliscə Biznesin idarə olunması və təşkili fakültəsinə qəbul olunub. Hal-hazırda təhsilini davam etdirir.
- Doğu Akdeniz Universitetinin təhsil proqramından razısızmı?
-İlk olaraq qeyd edim ki, Doğu Akdeniz Universiteti Şimali Kiprin yeganə dövlət universitetidir. Burada 70-ə yaxın ölkədən 17 000 - ə yaxın tələbə təhsil alır. Bu göstərici hər il artmaqdadır. Təhsil proqramının çətinliyi tələbələrin daha savadlı kadr kimi yetişməsinə xidmət etməklə yanaşı, onlara gələcəkdə dünyanın hər bir yerində işləyə bilmə bacarıqlarını aşılayır. Bu baxımdan burdakı təhsil proqramından çox razıyam.
-Gənclərin xaricdə təhsil alması ölkəmiz üçün hansı perspektivi vəd edir?
-Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər və digər şəxslər xaricdə təhsil almağa can atır. Ümumilikdə xaricdə təhsil almaq istəyənlərin əsasını gənclər təşkil edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi dünyaya inteqrasiya edir. Gəncliyin normal formalaşması, intellektual təbəqənin yaranması, dünyagörüşünün formalaşması üçün xaricdə təhsil alması vacib məsələlərdən biridir.
Azərbaycan günü-gündən inkişaf edir, dünyada gedən bütün texnoloji yeniliklərlə ölkənin hərtərəfli inkişafına zəmin yaradır. Bu da daha savadlı kadrların çalışması, onların gedən bu proseslərin güclü izləyicisi olub, yeniliklərə ayaq aça bilmə, ölkənin iqtisadi, sosial, müdafiə və s. digər sahələrində lazımınca bilik, bacarıq, qabiliyyət göstərməsi və artan bu inkişafın ən böyük xidmətçisi olmağı tələb edir. Bu baxımdan yalnız ölkə daxilində deyil, eyni zamanda ölkədən kənarda təhsil almaq istəyi dövlətin əsas prinsiplərindən birini təşkil edir ki, hər il dövlətimiz tərəfindən 100-lərlə tələbə dövlət xətti proqramı üzrə müxtəlif ixtisaslarda xarici ölkələrdə təhsil almaq üçün göndərilir. Düşünürəm ki, bu, dövlətimizin gələcək inkişafını daha da sürətləndirəcək. Ancaq kompüter, atom texnikası, kosmik tədqiqatlar, elektronika ilə bağlı elə sahələr var ki, həmin ixtisaslar üzrə gənclərin xarici ölkələrin məşhur ali məktəblərində təhsil almasına ehtiyac var. Bütün bunlarla yanaşı, bir şeyi də unutmaq olmaz ki, xaricdə oxumaq istəyən gənclər arasında ciddi seçim olmalıdır. Elə gənclər olmalıdır ki, gedib xaricdəki dəbdəbəli həyata meyil göstərib, onu təhsildən üstün tutmasın. Eyni zamanda vətəndaşlıq hissini unutmasınlar. Onlar yaddan çıxarmasınlar ki, azərbaycanlıdırlar. Unutmasınlar ki, ölkənin gələcəyi üçün onların fəaliyyətinə böyük ehtiyac var.
-Dövlətin
inkişafında təhsilin nə kimi rolu var?
-Hər
bir dövlətin gücü onun ilk olaraq təhsili ilə əlaqədardır.
Çünki, insanın formalaşmasında təhsil və təhsil
işçilərinin rolu böyükdür. Buna əsaslanaraq
onu bildirmək istəyirəm ki, təhsil dövlətin, millətin
ən böyük qalxanıdır. Bildiyimiz kimi, gənclərin
hərtərəfli şəxsiyyət kimi yetişməsində,
cəmiyyətdə özünə layiqli yer tutmasında
keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz dövlət
başçısının təhsilə diqqət və
qayğısının nəticəsi olaraq, Azərbaycanda təhsil
infrastrukturunun müasir tələblərə uyğun
qurulması, təhsilin məzmununun yenilənməsi, yeni dərslik
siyasətinin reallaşdırılması, təhsil
alanların nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni model və mexanizmlərin tətbiqi və s.
uğurlar əldə olunub.
-Ölkədən
kənarda təhsil almağın hansı müsbət tərəfləri
var?
-Bunun bir
çox özəlliyi var. Məsələn, fərqli mədəniyyətə
sahib insanların bir arada olduğu geniş ortamda ünsiyyət
qurmaq bacarığı və öz ölkən ilə digər
ölkə insanlarının etik, estetik və s. digər mədəniyyətlərini
müqayisə etmə imkanı, başqa bir ölkədə
adaptasiya ola bilmə bacarıqlarını inkişaf etdirmək,
fərqli ölkələrdən gələn tələbələrin
ən çox hansı ixtisasları seçməkləri və
bunun səbəbi ilə maraqlanıb fikir mübadiləsi
aparmaq imkanı, daha çox tələbələrlə
bağlı təşkil olunmuş elmi konfranslarda iştirak
edib dünyanın bir çox universitetlərindən gələn
professor-müəllimlərin seminarlarında ola bilmək və
s. Xaricdə təhsil alan gənclərin həmrəyliyi
onların ölkəmizin təbliği istiqamətində
vacib amildir. Xaricdə təhsil alan gənc ilk növbədə
öz ölkəsini təbliğ etməyi bacarmalıdır.
Əsil təhsildən danışırıqsa, məncə,
xaricdə təhsil almaq çox fərq etmir.
Çalışıb oxuyan insan dünyanın hansısa tərəfində
olursa olsun oxuyacaq, lazım olan biliyə sahib olacaq.
Azərbaycan
gəncləri çox istedadlıdır. Gənclərimiz
yarışlarda iştirak edib çox- çox birinci yerlərə
layiq görülürlər. Xaricdə təhsilin özəlliklərindən
biri odur ki, Vətənimizin inkişafını xarici ölkədə
təbliğ etmək imkanı əldə edirik. Bir çox
Azərbaycan tələbələri xaricdə təhsil almaq
istədikdə çox uzaqlarda yox, elə məhz doğma
qardaş Türkiyə və Şimali Kiprə müraciət
edirlər. Azərbaycan tələbələrinin Şimali
Kiprə üz tutmasının bir neçə səbəbi
var. Bunlarda ən başlıca səbəb qonşu Türkiyə
və Şimali Kipr dövlətlərinin Azərbaycanla
qardaş ölkə olmasıdır. Ulu öndər Heydər
Əliyevin “bir millət, iki dövlət” kəlamı ilə
çıxış edərək deyə bilərəm ki,
Şimali Kiprdə təhsil almaq mənim üçün
çox şərəflidir. Məhz bir millət, üç
dövlət- Azərbaycan, Türkiyə və Şimali Kipr
arasında münasibətləri xarakterizə etmək
üçün istifadə edilən milli konsepsiyanı
özümə şüar etmişəm.
-Dövlət
tərəfindən təhsilin inkişafı
üçün lazımi diqqət göstərilirmi?
-Xaricdə
təhsil alan tələbə kimi onu qeyd etmək istərdim
ki, ölkəmizdə təhsilin inkişafı
üçün Prezident İlham Əliyev tərəfindən
çox böyük diqqət göstərilir. Amma buna
baxmayaraq təhsilimizdə bəzi geriliklərin də
müqayisə zamanı fərqinə varmamaq mümkün
deyil. Bu gün Şimali Kipr dövləti təhsil adası kimi
gəlirlərini və iqtisadiyyatını təhsil üzərindən
irəlilədir. Burada olan 12 universitet nəinki müəssisə
daxilində, həm də məsafədən təhsil ilə
uğurlu nəticələr əldə etməkdədir.
Universitetlərin dünyanın bir çox böyük
universitetləri ilə əlaqələrinin geniş
olması, qlobal təhsil proqramlarını yaxından izləyib
onların imkanlarından maksimum inkişaf etdirmək istəyinə
nail olub, bunu öz müəssisələrində uğurlu
bir formada tətbiq edə bilmələri yetişən kadrlar
üçün geniş qapılar açır. Hər
birimizə də bəllidir ki, universitet tələbə məzun
etmək ilə deyil, məzun etdiyi tələbələrin gələcəkdə
hansı böyük mövqedə
çalışmağı ilə ucalır,
qürurlanır.
- Yəqin
ki, təhsilinizi bitirdikdən sonra ölkəmizə
qayıdıb əmək fəaliyyətinə
başlayacaqsınız...
- Təbii
ki, məqsədim burada öyrəndiklərimi gələcəkdə
öz ölkəmdə tətbiq etməkdir. Oxuduğum ixtisas
mənə bir çox imkanlar qazandırır ki, xarici ölkələr
ilə ticarət əlaqələrini qurum. Bu əlaqələrdən
ölkəmə böyük gəlirlər qazandırmaq mənin
ixtisasımdan və əldə etdiyim biliklərdən qaynaqlanan
bir xəyaldır. Xəyallar bizim ən böyük
dostumuzdur. Hər bir iş ilk olaraq xəyal edilər,
sonrası bizim istəyimiz və təcrübəmizdən
asılıdır. Hər zaman yeniləşən və
modernləşən ölkəmizdə işləmək, Vətənimdə
xidmət etmək mənim ən böyük arzumdur.
-Yerli gənclərlə
hansı layihələr həyata keçiribsiniz?
-Doğu
Akdeniz Universitetində 500 - ə yaxın azərbaycanlı tələbə
təhsil alır. Burda olan azərbaycanlı tələbələr
bir çox klublarda fəaliyyət göstərib istər
ölkəmizin mədəniyyətini tanıtmaq, istərsə
də qardaş ölkələrin, yəni Türkiyə və
Şimali Kipr dövlətlərinin tələbələrinin
bir çox tədbirlərində yaxından iştirak etməklə
"Biz bir millət, üç dövlətik"
şüarı altında layihələr həyata
keçiririk.
- Azərbaycanlı
tələbələr öz istedad və savadı ilə
seçilirmi?
-
Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə
daha məsuliyyətlə, daha vicdanla xidmət edər.
Savadlı insan hər şeyi ağlının süzgəcindən
keçirib icra edir. Azərbaycan gəncliyi bütün
dövrlərdə savadı, fəhmi, istedadı ilə
seçilib. Hələ qədim zamanlarda məntiqə
söykənən bilik, bilməcə yarışları
keçirilib. Ağıllı gənclər öz biliyinə
və hissiyyatına arxalanaraq ən çətin suallara cavab
tapıb. Elm və texnika inkişaf etdikcə, gənclərin
bilik və bacarığını təkmilləşdirən
meyillər də meydana çıxıb. Gənclərin daha
savadlı olması üçün onların intellekt
oyunlarına cəlb edilməsi çox uğurlu bir
addımdır. Hesab edirik ki, bunun uğurlu nəticələri
daha çox olacaq. Azərbaycan intellektləri zaman-zaman
özünü göstərib və hətta beynəlxalq
bilik yarışlarından qalib ayrılıb.
-Gözlənilən
hansı tədbirləriniz var?
-Mən
xaricdə təhsil alan bir tələbə kimi
çalışacam ki, qarşıdan gələn 8 Mart Beynəlxalq
qadınlar bayramı ilə bağlı gözəl tədbir
keçirilsin. Onun ardınca Novruz bayramı tədbiri
keçiriləcək. Xalqımızın gözəl adət-ənənəsi
olan Novruz bayramını, yazın gəlişini, gözəl
bayramımızı təbliğ edəcəyik. Biz xaricdə
təhsil alan Azərbaycan gəncləri burda təhsil alan
başqa ölkələrin gəncləri ilə
çalışacağıq ki, həmrəy olaraq Xocalı
soyqırımını bütün dünyaya
tanıtdıraq və böyük aksiya keçirək. Davamlı
olaraq müxtəlif layihələrə dəvət olunuruq.
Sevə-sevə bu dəvətləri qəbul edib, iştirak
edirəm. Təcrübə üçün Avropa ölkələrinin
birində olacağam və gələcəkdə
doktoranturanı da xaricdə davam etdirmək planlarım var.
Fuad Hüseynzadə
Palitra. - 2015.- 10 fevral.- S. 11.