“Talassemiyasız həyat naminə“

 

Daim yeni tamaşalar, maraqlı səhnə əsərləri ilə yanaşı, sosial baxımdan vacib mövzulu layihələrə də imza atan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də maraqlı aksiyası ilə yadda qaldı.

Yetişən nəsillərin estetik tərbiyəsi, mənən mükəmməl yetişməsi, incəsənət sevgi ruhunda formalaşması ilə yanaşı onların fiziki sağlamlığı, eləcə də müəyyən irsi xəstəliklərin daşıyıcısı olan bir qrup uşaqların cəmiyyətə inteqrasiyası işinə də dəstək vermək kimi bir missiyanı da uğurla yerinə yetirməkdədir.

Belə xeyirxah tədbirlərdən biri də fevral ayının 5-də baş tutdu. Belə ki, teatr Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyası ictimai birlikləri ilə birgə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2005-ci il fevralın 8-də imzalanmış “Talassemiyasız həyat naminə” layihəsinin 10 illik yubileyi münasibətilə eyniadlı xeyriyyə aksiyasını keçirdi.

Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin də dəstək verdiyi tədbirdə bir sıra birliklərin də fəal iştirak etdiyi aksiyanın təşkilində məqsəd irsi qan xəstəlikləri, onların profilaktikası və ümumilikdə cəmiyyətin bu problemə diqqət yönəltməsini təmin etmək idi. Bu yolda maarifləndirmə işinə də öz töhfəsini verən tədbirdə 100-nəfərdən artıq bu irsi qan xəstəliyinin daşıyıcısı olan uşaq və yeniyetmə də iştirak edirdi.

Ölkənin aparıcı səhiyyə qurumları, idarə və təşkilatlarının təmsilçilərinin, mədəniyyət və incəsənət adamlarının, ictimaiyyət nümayəndələrinin fəal iştirak etdiyi tədbirdə çıxış edənlər belə aksiyaların cəmiyyətimiz üçün önəmlindən danışdılar

Bildiriblər ki, hər 12 nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır. Buna görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində bu xəstəliklə mübarizə üçün “Talassemiyasız həyat naminə” layihəsi hazırlanıb və əsas məqsəd cəmiyyətdə talassemiyanın həllolunmaz problem olmadığını göstərmək, xəstələrə qayğı və diqqəti əsirgəməməkdir.

Bu məsələni daim diqqətdə saxlayan Heydər Əliyev Fonduna təşəkkürümü bildirən Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrda belə tədbirlərin baş tutmasının artıq ənənəvi halı aldığını və mədəniyyət ocağının bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirdi.

Tədbirdə çıxış edən Əməkdar artistlər Hüsniyyə Mürvətova, Səlim Abbasov, aktyorlar Elnur Kərimov və Ülviyyə Əliyeva, eləcədə qurum təmsilçiləri də dövlətimiz tərəfində talassemiyalı xəstələrə göstərilən diqqət və qayğıdan danışdılar. Bildirdilər ki, hər bir təşkilat könüllü şəkildə belə xəstələrin müalicəsinə qoşulmaq üçün öz səylərini səfərbər etməlidir.

Maraqlı və rəngarəng konsert proqramının ardınca tədbir teatrın nəzdində fəaliyyət göstərən “Oyuq“ teatr-studiyasının balaca istedadlarının ifasında təqdim olunan “Şah və onun xudpəsənd oğlu” (müəllif Səidə Haqverdiyeva) tamaşasının nümayişi ilə davam etdi.

Komik hadisələr fonunda uşaqlara dürüstlük, dostluq və səmimiyyət aşılayan tamaşa balaca izləyicilər tərəfindən sürəkli alqışlarla qarşılandı.

Qeyd edək ki, tədbirin sonunda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara xatirə hədiyyələri də təqdim olundu

 

Təhminə

 

Palitra. - 2015.- 10 fevral.- S.15.