“Təhsil verənlər sağlam şəkildə
rəqabət apararaq yüksək əməkhaqqı ala biləcək”
Könül Əliyeva: “Sınaq qiymətləndirməsi müəllimlər arasında rəqabətin güclənməsinə, təhsilin keyfiyyətinin daha da artmasına səbəb olacaq”
Layihə çərçivəsində növbəti müsahibimiz Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Könül Əliyevadır:
-Bu gün Azərbaycan bir çox sahələrdə sürətlə inkişaf edir və dünya dövlətləri arasında böyük yer tutur. Eyni zamanda da ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Belə ki, dünya təhsil sisteminə inteqrasiya və beynəlxalq təcrübənin Azərbaycan təhsilində tətbiq edilməsi təhsil sahəsində uğurların əldə edilməsinə imkan verir. Yeni təhsil müəssisələrinin, yeni məktəblərin tikilməsi, təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilib. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və məktəblərdə müasir texnologiya ilə təmin olunması bu inkişafın bariz nümunəsidir. Şagirdlərə yaradılan imkanlar, müasir şagirdlərin bilik səviyyəsinin daha da təkmilləşməsi ilə bərabər, bacarıqların formalaşmasına da səbəb olur. Mən bütün bu inkişafı çox yüksək səviyyədə qiymətləndirir və təhsildən daha böyük uğurlar gözləyirəm.
- Təhsilin
inkişafı üzrə Dövlət Strategiyası təhsilin
inkişafına hansı töhfələr verə bilər?
- Bildiyimiz kimi, Prezidentin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edilib. Bu gün mən bu strategiyadan bir müəllim və vətəndaş kimi çox şeylər gözləyirəm. Əsas da keyfiyyətli təhsil, yüksək intellektual səviyyədə biliyə, bacarığa, XXI-əsrin keyfiyyətlərini özündə birləşdirən şagird, səriştəli, yüksək texnologiyaya qadir olan müəllim. İnanıram ki, strategiyada nəzərdə tutulan müddəalar həyata keçirilərsə bu gün təhsilimiz keyfiyyət nəticələrinə görə dünya ölkələrində qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq olar. Belə ki, təhsilimizdə beynəlxalq təcrübənin tətbiq edilməsi təhsil alanlar üçün yeni imkanların yaradılmasına və bu imkanlardan səmərəli istifadə edilməsinə şərait yaradar.
-Müəllimlərin əməkhaqqının artırılması barədə fikirlərinizi bilmək istərdik...
- Müəllimlərin əməkhaqlarının artırılması ilə qərar qəbul edilib. Təəssüf ki, bu qərar bütün Azərbaycan üçün hələlik qüvvədə deyil. Düzdür, yaxın vaxt ərzində bölgələrdə də müəllimlərin bilikləri sınaq qiymətləndirmə vasitəsilə aparılacaq. Bu qərarı müəllimlər çoxdan gözləyirdi. Belə ki, dünyada baş verən böhrana baxmayaraq, Azərbaycanın bu böhrandan alnıaçıq çıxması bunun bariz sübutudur. Müəllimlərin qiymətləndirilməsi və maaşlarının bu meyarlar əsasında ala bilməsi təhsilin daha da inkişafına və müəllimlərin öz üzərində işləyərək yüksək nəticələr əldə olunmasına şərait yaradacaq. Təhsil verənlər sağlam şəkildə rəqabət apararaq yüksək əməkhaqqı ala biləcək. Güman edirəm ki, tezliklə bu qərar bizim üçündə qəbul ediləcək.
-Strategiyada öz
əksini tapan məsələlərdən biri də 12 illik təhsilə
keçidlə bağlıdır. Bu sistemə keçid təhsilin
inkişafında hansı rol oynaya bilər?
- 12 illik təhsilə keçidlə əlaqəli uzun müddətdir ki, təcrübələr toplanır, müşahidələr aparılır. Sözsüz ki, bu sistemin nəticələrini araşdırarkən əksər ölkələrin təhsilində bu sistemin çoxdan mövcudluğunu görmək olur. Artıq bu sistemi dünyanın, demək olar ki, bir çox ölkələrində görmək olur. Azərbaycanda da bu sistemə keçid olarsa, məncə, təhsildə çox böyük uğur əldə etmək olar. Bu sistemə keçirilərsə, əsasən də dərsliklər hazırlanmalı, şagirdlər bu sistemə uyğunlaşmalıdır. Belə olan halda şagirdlərin yükü qismən azalar, çətin fənlər daha da yaxşı mənimsənilməsinə yol açar. Məncə, bu sistemdə diferensial təlimə daha geniş yer verilər. Yəni qayğıya ehtiyacı olan uşaqlarla xüsusi diqqət və təlimi qavratmaq üçün xüsusi metodlar nəzərdə tutular. İstedadlı şagirdlərə isə digər şagirdlərdən fərqlənən tədris proqramı nəzərdə tutularsa, məncə, təhsilimizdə daha böyük irəliləyişlər əldə etmək olar.
- Müəllimlərin
Sınaq qiymətləndirməsini necə dəyərləndirirsiniz?
- Şübhəsiz ki, bu sərəncam müəllimlər üçün stimulverici və həvəsləndiricidir. Sınaq qiymətləndirmə artıq müəllimlər arasında rəqabətin güclənməsinə, təhsilin keyfiyyətinin daha da artmasına səbəb olacaq. Bu qiymətləndirmə müəllimlərdə məsuliyyət, işinə daha diqqətlə yanaşma tələb edəcək. Bu sərəncam son illərdə imzalanmış və təhsildə müəllimlər tərəfindən arzulanan və gözlənilən bir sərəncamdır.
-Uşaqların təhsil səviyyəsini necə dəyərləndirirsiniz, onları təhsilə olan marağı sizi qane edirmi?
- Bu gün şagirdlərin təhsil səviyyəsinə görə qruplaşdırsam yəqin bunu bir neçə qrupa bölə bilərəm. Fikirləşirəm ki, şagirdin təhsilə marağını artıran əsas amil müəllimdir. Müəllimin rolu burada əvəz edilməzdir. Müasir şagirdlər artıq daha çox öyrənmək və tətbiq etmək istəyirlər. Daim onlarda öyrənmək həvəsi var. Əsasən də elektron resurslardan, veb alətlərdən, İKT-dən qurulan dərs o şagirdlərdə yüksək maraq yaratmaqla yanaşı, yüksək dəyərlər və bacarıqlar formalaşdırar. Şübhəsiz ki, bunu bir qrup şagird üzün nəzərdə tutmuram. Bəzi hallarda şagirdlər üçün yenilik o qədərdə maraqlı deyildir. Məncə, ailənin də çox böyük rolu var. Valideyn -müəllim münasibətləri düzgün qurularsa şagirdlərin təhsilə olan maraqlarını daha da artıra bilərik.
- Bu gün orta məktəblərdəki
tarix fənni dərslikləri ilə bağlı vəziyyət
necədir? Hansı problemlər var və onların aradan
qaldırılmasını istərdiniz?
- Bu bizim üçün ən vacib məsələlərdən biridir. Dərsliklərə gəlincə mətbuatda bu məsələ tez-tez işıqlandırılır. Mən, sadəcə, öz fikrimi bildirmək istəyirəm. Bu gün 7-ci siniflərə qədər dərsliklərə nəzər salsaq çox aşağı səviyyədə yazıldığını demək olar. Bəzi dərslər sıxışdırılaraq bir mövzunun içərisində verilməsi şagirdləri çətinə salır. Ümumiyyətlə, bu mövzu bütün tarix müəllimləri üçün yaralı yerdir. Mən fikirləşirəm ki, şagirdlər öz tarixlərini mükəmməl öyrənsələr digər dünya dövlətləri üçün sadələşdirilmiş bilik alsalar daha keyfiyyətli olardı. Daha geniş mövzuda isə ali məktəbə tarix fənnini seçən tələbələrə daha geniş şəkildə tətbiq olunardı. Bu gün bu səbəbdən də şagirdlərin bir çoxu tarix fənnini sevmir , hətta qəbulda tarix olan qruplara getmək istəmir. İnanıram ki, mütəxəssislərimiz tezliklə kitabları yenidən işləyib hazırlayacaq, şagirdlər üçün daha vacib mövzular tədris olunacaq.
-Hazırda gənclər bu fənni yetərincə mənimsəyə bilirmi, yoxsa, sadəcə, yaxşı qiymət almaq məqsədilə oxuyurlar?
- Mən deyərdim ki, tarix fənninə qismən maraq azalıb, yalnız müəyyən səbəblər üzərindən oxuyurlar. Səbəbini isə məlumatların çox olmasını, onların beyinlərini yorması ilə əlaqələndirirlər. Azərbaycan tarixinə müəyyən qədər maraq olsa da, dünya tarixinə isə tam əksinə söyləmək olar. Belə halda da şagirdlərin çoxu qiymət xətrinə oxumağı üstün tutur.
- Bugünkü gənc
müəllimlərin fəaliyyəti ilə bağlı nə
deyərdiniz? Yəni bu gün məzun olaraq məktəbə
çalışmağa gələn müəllimlərin tədris
səviyyəsi sizi qane edirmi?
- Düzdür, bir qisim müəllimlər var ki, müasir texnologiyadan istifadə etmək istəmirlər. Bəzən də demək olar ki, tam məlumatsızdırlar. Gərək biliklə yanaşı, bu kimi bacarıqlar da müəllimlərimizdə olsun. Texnologiya ilə tanışlıq və müasir metodlardan istifadə etməyi hər bir müəllim bacarmalıdır.
Mən bu gün müəllim olmaq istəyən insanları az görürəm. Demək olar ki, artıq bu sahəyə maraq azalır. Amma bir fakt da var ki, bugünkü gənc müəllimlər çox həvəskar və yenilikləri öyrənməklə dərslərinə tətbiq etməyə hazırdır. Artıq müəllimlər öz üzərində həddən çox çalışır, yüksək intellektual və savadlı kadrlar yetişdirməyə çalışırlar. İşlədiyim liseydə demək olar ki, müəllimlərin gənc olması bir daha bunu sübuta yetirir. Məncə, müəllimləri həvəsləndirmək, onların zəhmətini qiymətləndirmək lazımdır. Görülən işə dəyər, qiymət verildikdə bu işin nəticəsi də yüksək səviyyədə olur. Gənc nəsli daha da məlumatlandırmaq, müəllim olmağın gözəl tərəflərini gənclərə aşılamaq lazımdır. Hər bir yeni gələn gənc müəllimə dəstək olmalı , ona yardım etmək hər bir təcrübəli müəllimin, mən deyərdim ki, borcudur.
-Yeri gəlmişkən, bu gün ölkədə məktəblərdə çalışan qadın müəllimlərin sayı üstünlük təşkil edir. Müəllimlik peşəsini həqiqətən sevirsinizmi?
- Doğrudan bu gün məktəblərdə daha çox qadın müəllimlər üstünlük təşkil edir. Bizim rayonumuzda da bu belədir. Kişi müəllimlərin olmasının oğlan şagirdlərin formalaşmasına çox köməkliyi dəyir. Müəllimlik peşəsi mənim üçün ən gözəl peşədir və qürurla deyərdim ki, təkrar dünyaya gəlib seçim etsəydim yenə müəllim olardım. Mən birinci fənnimi sevirəm. Fənnimi çalışıram ki, şagirdlərimə sevdirim. Onlarda tarixə maraq hissi yaradım. Mən şagirdlərimi də çox istəyirəm. Onlarla yalnız müəllim yox həm yoldaş və dostam. Belə olduğu halda öz fənnimi də sevdirmək, daha rahat olur. Mən hətta istəyirəm ki, şagirdlərimin hamısı tarixçi olsun. Çalışıram ki, bunu edim.
-Bəzən
bölgələrdə şagirdlərin təhsil səviyyəsinin
aşağı olması ilə bağlı fikirlər səslənir.
Sizcə, bu nə ilə bağlıdır və bu istiqamətdə
hansı tədbirlər həyata keçirmək olar?
- Bu hallara çox rast gəlinir. Amma mən deməzdim ki, bu belədir. Bu fikirlə razılaşmaq istəmirəm. Çünki yüksək bal toplayan daha çox rayon şagirdləridir. Düzdür, ola bilər rayonlar bu nəticəyə görə dəyişsin. Amma mən fəxrlə deyə bilərəm ki, Zaqatalada bu vəziyyət tam əksidir. Rayonumuzda təhsilə dəyər və qiymət verilir. Buna baxmayaraq çətinliklərimiz var. Bu danılmazdır. Mərkəzdə baş verən yeni təlim kursları, seminarlar, konfranslar yaxşı olardı ki, məsafəni nəzərə alaraq bölgələrdə həyata keçirilsin. Düzdür, bu gün mən yeni təlimlərə qatılmaq üçün daim kurslarda, təlimlərdə oluram. Amma bəzi müəllimlər bu yenilikləri öyrənmək istəsələr də yol baxımından çox çətinlik çəkirlər. Əgər nazirlik bu və digər yenilikləri nəzərə alsa belə tədbir və layihələri həyata keçirmək üçün bölgələrdə mərkəzlər açarsa, məncə, bu biz müəllimlərə daha çox bacarıq gətirər. Mən çox istərdim ki, bizim rayonumuzda da belə mərkəzlər açılsın. Bu zaman müəllimlərimiz daha çox beynəlxalq və yerli müsabiqələrdə iştirak edə bilər, təhsildə olan yeni texnologiyaları öz dərslərində daha çox tətbiq edər.
-Bəzi müəllimlər kurikulumun tətbiqini etirazla qarşılayırlar. Sizin buna münasibətiniz necədir?
- Mən tam əksinə olaraq bu yeniliyin tərəfdarıyam. Qəbul etməyən müəllimlər bu sistemi ya tam qavramır və ya öz üzərində işləmək istəməyən müəllimlərdir. Kurikulumun əsas məqsədi bilikdən əlavə şagirdə müəyyən bacarıq və vərdişlər aşılamaqdır.
-Bu gün bəzi
hallarda ağıllı lövhələr, kompüter kimi yeni
tədris vasitələrindən istifadə qəbul edilmir.
Buna münasibətiniz necədir?
- Mən deyərdim ki, bu gün şagirdlərimizin
nəticəsinin daha yaxşı olmasını istəyiriksə
mütləq tədris vasitələrdən, İKT-nin verdiyi
imkanlardan istifadə etmək lazımdır. Artıq
şagirdlər yenilik axtarır. Yeni kəşflər istəyir.
Müasir texnologiya da buna imkan yaradır. Şagirdlərimiz
gözünü açandan bu texnologiyaların içində
böyüyür. Lazım olan informasiyanı bəzən
müəllimlərdən daha tez əldə edə bilir. Buna
görə də biz şagirdlərə daha
artığını verməliyik. Ağıllı lövhələrin
tətbiqi, kompüteri tədrisdə rolu çox yüksək
inkişafa və biliyin qavranılmasına şərait
yaradır. Mən bu texnologiyaların hər birindən istifadə
edirəm. Çox gözəl nəticələr də
alıram. Çox istərdim ki, müasir müəllimlər
bu texnologiyalarla tanış olsun, dərslərində tətbiq
etsin. Nədə olsa biz XXI əsrin şagirdlərinə dərs
deyirik.
Nigar Abdullayeva
Palitra.-2015.-14 fevral.-S.11