“Gənclərimiz onlar üçün nəzərdə
tutulan layihələrdən istifadə etməyi bacarmalıdırlar”
Suma Hüseynova: “Akademiya əməkdaşlarının
sosial və mənzil problemlərinin həll edilməsi gənclərimizin
elmə axınına stimul ola bilər”
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər
Şurasının sədri, fizika üzrə fəlsəfə
doktoru Suma Hüseynovadır.
- Gənc alimlərin
Fizika İnstitutunda iş fəaliyyəti haqqında nə deyə
bilərsiniz?
- AMEA-nın Fizika
İnstitutunda 35 yaşına qədər 155 nəfər gənc
fəaliyyət göstərir. İnstitutda 4 sektor var:
innovasiya sektoru, fənlərarası sektor, ümumi sektor və
informasiya sektoru. Bu gün gənclər görkəmli alimlərdən
elmin sirlərini öyrənir və müstəqil olaraq
öz araşdırmalarını aparırlar. Fizika İnstitutunun
rəhbərliyinin gənclər üçün
yaratdığı şəraitdən və dünya
standartlarına cavab verən laboratoriyalardan istifadə edirlər.
Laboratoriyalara tez-tez xarici və ölkədaxili universitetlərdən
qonaqlar gəlir. Hər il olduğu kimi, 2014-cü ildə də
institutumuzun gəncləri Yaponiya, Almaniya, Fransa,
İsveçrə, Rusiya, Türkiyə, Xorvatiya, Belarus və
s. kimi ölkələrdə treninq, konfrans və yay məktəblərində
iştirak etmişdilər. Bununla yanaşı, gənclərimiz
həm də ictimai işlərdə fəal iştirak edirlər.
Məktəblərdə elmin təbliği məqsədilə
“Əyləncəli Elm” adlı layihədə gənc alimlərimiz
şagirdlərin elmə marağını artırmaq məqsədilə,
əyləncəli fiziki təcrübələr
nümayiş etdiriblər. Noyabrın 11-də keçirilən
Bakı Elm Festivalında gənclərimiz həm təşkilati,
həm də səgrilərin nümayişində fəal
iştirak ediblər. Həmçinin, ilk dəfə olaraq
Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər
şurasının təşkilatçılığı ilə
2014-cü ilin aprel ayında Yasamal rayonu üzrə fizika fənnindən
olimpiada keçirilib. Sualları institutun pedoqoji təcrübəsi
olan professorları tərtib etmişdilər.
-Fizika İnstitutunda
çalışan gənc alimlər hansı istiqamətdə
daha çox elmi işlər aparırlar?
- Son illər
institutumuzda çalışan gənclərin işlərində
çox böyük canlanma müşahidə edilir. Elmin istər
təcrübi, istərsə də nəzəri sahələri
ilə məşğul olan gənclər çox
böyük nailiyyətlər eldə ediblər. Müasir
laboratoriyalarımız imkan verir ki, dünya elminə cavab verə
biləcək işlər görülsün. Çox yüksək
dəqiqliklə təcrübi ölçmələri nəzəriyyə
ilə uyğunlaşdırmağı bacaran gənclərimiz
nəzəriyyə ilə ən müasir proqramlarla (wien2k,
AtomistikToolKit və s.) işləyirlər. Xaricdə impakt
faktoru yüksək olan nüfuzlu jurnallarda məqalələri
dərc edilir. Aldıqları nəticələri istər
yerli, istərsə də beynəlxalq konfranslarda çox
uğurla təqdim edirlər. Mən deyərdim ki,
hal-hazırda Fizika İnstitutunda aparılan işlər həm
nəzəri, həm təcrübi olaraq çox yüksək
səviyyədədir.
-Son 10 ildə fəaliyyət göstərdiyiniz
elm sahəsində baş verən uğurları necə qiymətləndirirsiniz?
- Mən xüsusi olaraq
nəzərinizə çatdırmaq istərdim ki, son 10 ildə
respublikamızda bir çox sahələrdə olduğu kimi
AMEA-da da bir sıra islahatlar aparıldı və hal-hazırda
bu islahatlar davam etdirilir. Alimlərimizin əldə etdiyi nailiyyətlərin
xaricə inteqrasiyası artdıqca, müstəqil ölkəmizin
adının elm sahələrində də bir daha yüksəklərə
qalxmasına kömək oldu. Xarici ölkələrlə birgə
əməkdaşlıq etmək və ən son texnologiyaya
malik cihazlarla işləmək bacarığını Fizika
İnstitutunun əməkdaşlarının, xüsusilə də
gənclərimizin uğurları kimi qiymətləndirmək olar.
-Azərbaycan gənc
fizikləri dünya arenasında necə qiymətləndirilir?
- Bizi xarici ölkələrə
elmi ezamiyyətə göndərdikdə həmin dövlətlərin
alimləri institutumuzda yaradılmış elmi mühiti, kadr
hazırlığını yüksək qiymətləndirir.
Qeyd edirlər ki, Azərbaycandan gələn alimlərin elmi
biliyi çox yüksək səviyyədədir. Həmçinin,
aparıcı Avropa ölkələrində olmayan maddi-texniki
bazanın müstəqil dövlətimizdə
yaradılmasına həsəd aparırlar.
-Fizika İnstitutunun xarici ölkələrə
göndərdiyi gənc alimlərin elmi işləri barədə
nə deyə bilərsiniz?
- Fizika İnstitutunun gənc
alimləri Yaponiyanın, Fransanın, İsveçrənin,
Rusiyanın, Belarusun elmi mərkəzlərinə uzunmüddətli
elmi ezamiyyətlərə göndərilir. Həmin gənclər
aldıqları elmi nəticələri qeyd etdiyim dövlətlərin
aparıcı elmi mərkəzlərində birlikdə
müzakirə edirlər. Həmçinin
qarşılıqlı elmi işlər, birgə layihələr
həyata keçirirlər. Elmi rəhbəri xaricdə
çalışan aspirant və dissertantlarımız
oradakı tələblərə cavab vermək
üçün daim öz üzərlərində
çalışırlar. Gənclərimizin xarici dil səviyyəsi
də son illərdə daha da təkmilləşib.
- Gənclərin layihələrinin
dövlət tərəfindən qrantlar şəklində dəstəklənməsinə
münasibətiniz?
- Azərbaycan
Respublikası Prezidentinin yanında Elmin İnkişafı
Fondunun yaradılması dövlətimizin elmə göstərdiyi
qayğının yüksək formasıdır. İnstitutda
alimlərimiz tərəfindən təqdim olunmuş qrant layihələrinin
əksəriyyətinin iş icraçılarının 50%-dən
çoxu gənclərdir. Bununla, gənclərin həm elmə
marağını, həmçinin iqtisadi durumunu elə vəziyyətə
çatdırmaq istəyirlər ki, onlar bilsinlər ki,
elmimizin gələcəyi olan gənc kadrlar daim öz üzərində
çalışmalıdırlar. Onlar üçün
yaradılan elmi mühiti yüksək qiymətləndirməlidirlər.
Həmçinin gənclərimizə institutun müdiriyyəti
və həmkarlar təşkilatı (istər maddi, istər
kooperativ mənzil və s.) problemlərinin həllində hərtərəfli
köməklik edir.
-Hazırda elmi fəaliyyətiniz nə
yerdədir?
- Elmi fəaliyyətimə
gəlincə, 10 ildən çoxdur ki, Fizika İnstitutunda
çalışıram. 2012-ci ildə fizika üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi almışam. Fizika
İnstitutunda Gənc Alim və Mütəxəssislər
Şurasının sədriyəm. Mən fəxr edirəm ki,
elmdə öz dəst-xətti olan görkəmli nəzəriyyəçi
alimlərlə birgə elmi araşdırmalar aparıram. Elmi
araşdırmalarımı, əsasən, kompüter modelləşdirmə,
simulyasiyalar və nəzəri hesablamalar, Danimarkanın
lisenziyalı Quantum Wise Atomistix Toolkit proqramlar paketi istifadə
olunmaqla həyata keçiririk. Hazırda Elmin
İnkişafı Fondu ilə Belarus Fundamental Tədqiqatlar
Fondunun birgə 1-ci Azərbaycan-Belarus beynəlxalq qrant layihəsinin
iştirakçısıyam. 2014-cü ildə Belarus Dövlət
İnformatika və Radiotexnika Universitetində təşkil
olunmuş görüşdə Azərbaycan tərəfdən
olan layihə rəhbəri, professor Hüseyn Orucov ilə
universitetin rektoru, professor Mixail Pavloviç Batura, həmçinin,
beynəlxalq əlaqələr şöbəsinin rəis
müavini İrina Vasilyevna Letkovskaya ilə də
görüşlər keçirib, magistr və aspirantların
mübadiləsi ilə bağlı məsələləri, həmçinin
gələcəkdə birgə əməkdaşlığın
inkişaf planlarını müzakirə etdik. Bir daha bu
görüşdə ölkəmizdən gedən tələbələrin
dəqiq elmlər sahəsindəki bilikləri digər ölkələrdən
gələn tələbələrlə müqayisədə
yüksək səviyyədə olduqları vurğulandı.
-Gənc fizik olaraq arzularınız...
- Gənc fizik olaraq,
arzum aldığımız elmi nəticələrlə
respublikamızı dünya ölkələri səviyyəsində
təmsil etməkdir. Əldə edilən elmi nəticələrin
istehsalata tətbiqi geniş vüsət alsa,
iqtisadçıların elmə marağının artması
və elmə sərmayə yatırması respublikamıza,
iqtisadiyyatımıza daha da xeyir gətirər. Məncə,
elmin iqtisadiyyatla birlikdə inkişafı alimlərin maddi vəziyyətinin
yaxşılaşmasına, həmçinin gənclərin
elmə marağının artmasına gətirib
çıxarar. Yaşından asılı olmayaraq, hər bir
alim üçün elə bir şərait yaradılsın
ki, o maddi durumunu yox, yalnız elmlə məşğul
olmağı əsas meyar hesab etsin. Akademiya əməkdaşlarının
sosial və mənzil problemlərinin həll edilməsi gənclərimizin
elmə axınına stimul ola bilər. Gənclərimiz onlar
üçün nəzərdə tutulan layihələrdən
istifadə etməyi bacarmalıdırlar. Xaricdə yaşayan
həmkarları ilə əlaqə qursunlar və birgə əməkdaşlıqlar
vasitəsilə digər ölkələrdə olan yenilikləri
vətənimizə gətirsinlər. Mən inanıram ki,
bizim elmimiz gələcəkdə də etibarlı əllərdə
olacaq.
Xəyalə GÜNƏŞ
Palitra.-2015.-17
fevral.-S.13.