“Avropalı gəncləri üstələyə
bilərik”
Hollandiyada təhsil alan Tural Mustafayev: “Azərbaycanın
inkişafının davamlı olması biz gənclərin əlindədir”
Müsahibimiz Avropanın ən
yaxşı hüquq təhsili verən universitetlərindən
birində oxuyan Tural Mustafayevdir.
-Özünüz barədə məlumat
verərdiniz.
-Mən, Mustafayev Tural
Mahir oğlu 1992-ci ilin 12 mart tarixində Şəki səhərində
anadan olmuşam. 1998-ci ildə Şəki şəhər
fizika-riyaziyyat və humanitar təmayüllü liseyə qəbul
oldum və 2009-cu ildə həmin təhsil ocağını
bitirdim. Orta təhsil illərində bir neçə dəfə
şəhər, regional və respublika səviyyəsində
tarix olimpiadalarında birinci yeri tutdum. Elmlə yanaşı,
idman yarışlarına, xüsusilə komanda oyunlarına
marağım olub. Voleybol üzrə regional səviyyədə
məktəblərarası yarışda birincilik əldə
etmişik. Bundan əlavə, rəqsdə də öz
bacarığımı yoxlamışam, Şəki Milli Rəqs
qrupunda da çıxış etdim. Məktəbi bitirdikdən
sonra 2009-cu ildə 630 bal ilə Dövlət İdarəçilik
Akadamiyasının (DİA) Hüquqşünaslıq
fakültəsinə qəbul oldum. Universitet illərində
akademik fəaliyyətlə yanaşı ictimai fəaliyyətlə
də məşğul olurdum, ELSA Azərbaycanın (Avropa
Hüquqşünas Tələbələr Birliyinin) idarə
heyətində olmuşam. Bir sıra uğurlu layihələrdə
təşkilat komitəsində yer aldım (“İnsan
Hüquqları üzrə Beynəlxalq Hüquq Tələbələrinin
Qış Məktəbi”, “Gənc
Hüquqşünasların Beynəlxalq Bakı Forumu” və.s).
Bakalavr təhsilimi başa vurduqdan sonra Vətənə borcumu
yerinə yetirdim-hərbi xidmətimi Daşkəsəndə
başa vurdum. Əsgərlikdən sonra Hollandiyanın Maastrixt
Universitetinin “Korporativ və Kommersiya hüququ” fakültəsinə
magistr pilləsinə qəbul oldum. Hazırda burada oxuyuram.
- Hərbi xidməti bitirəndən sonra gənclərimiz
iş axtarışında olurlar. Siz daha da irəli gedərək
təhsilinizi davam etdirmək qərarı verdiniz. Sizə bu
işdə kimlər dəstək oldular?
-Haqlısınız.
Əsgərlikdən sonra yenidən təhsilə qayıtmaq
çox çətin olur və adətən əksər gənclərdə
yenidən elmə, təhsilə dönməyə həvəs
olmur. Amma mən xaricdə təhsil barədə qərarımı
məktəb illərindən vermişdim. Belə ki, hələ
ikinci sinifdə bizə orta məktəbdə ingilis dili dərsi
tədris olunmağa başlayanda anamla aramızda keçən
söhbət hələ də yadımdadır. Anam demişdi
ki, “Tural, mənim arzum sənin gələcəkdə təhsilini
xaricdə davam etdirməyindir”. Məndə o an yaranmış
bu fikir daha sonra məqsədə çevrildi. Nəhayət
ki, bu il məqsədimə nail oldum. Məncə,
ən doğru zaman elə bu il olması idi. Çünki
artıq Azərbaycanda bakalavr təhsilimi başa vurmuşam və
Vətənə xidmətimi çox ağır, bir o qədər
şərəfli bir şəkildə Daşkəsənin
dağlarında yerinə yetirmişəm. Bununla belə
fikirləşirəm ki, valideynlərə və Vətənə
xidmət ömür boyu davam etməlidir. Ona görə ,indi
burada da öz ailəmi və Azərbaycanı layiqli şəkildə
təmsil etməyə çalışaraq, xidmətimə
davam edirəm. Qeyd etdiyim kimi, xaricdə təhsilimi davam etdirməyimdə,
heç şübhəsiz ən böyük dəstəyi
ailəm verdi. Başqa sözlə, valideynlərimin arzusu, mənimsə
arzu və məqsədlərim üst-üstə
düşdü.
-Oxuduğunuz ali məktəb barədə
söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi
qane edirmi?
-Maastrixt Universiteti Avropanın ən
yaxşı hüquq təhsili verən universitetlərindən
biridir. Belə ki, universitetin hüquq tələbələri
keçən il və bu il “Moot Court” (Səhnələşdirilmiş
Məhkəmə Prosesində) dünya birinciliyinə layiq
görülüblər. Mən burada “Corporate
and Commercial law” (Korporativ və Kommersiya hüququ) üzrə
magistr təhsili alıram. Təhsilin səviyyəsi
çox yüksəkdir. Ən vacibi isə tədrisdə
praktikaya ən az nəzəriyyə qədər
önəm verilməsidir. Əgər Azərbaycanla
müqayisə etsək, deyə bilərəm ki, burada tətbiq
olunan üsul “Problem Based Learning” (problem əsasında öyrənmə)
daha effektiv, işləməyə hazır kadrların
yetişməsinə şərait yaradır. Belə ki, tələbə nəzəriyyəni
öyrənmə ilə yanaşı, həmin nəzəriyyəni
necə tətbiq etməyi öyrənir. Dərslər
leksiyalar və məşğələlərdən təşkil
olunur. Məşğələlərdə
qarşıya qoyulan məsələlər müzakirə
olunur və müəllim sadəcə istiqamət verir, tələbələr
özləri məsələni həll edərək, nəzəriyyəni
necə tətbiq edə biləcəklərini öyrənirlər.
Məncə, Azərbaycanda da bu sistemə
keçilsə, xaricə təhsil almağa gələn tələbələrimiz
adaptasiya olmağa çətinlik çəkməzlər, bəlkə
də təhsil üçün başqa ölkəyə getməyə
ehtiyac qalmaz.
-Holland xalqını necə
xarakterizə edərdiniz?
-Ümumiyyətlə, holland xalqı çox
istiqanlı, pozitiv və yardımsevərdir. Burada hər səhər
yürüşə çıxanda və ya dərsə gedəndə
tanıdığınız və ya
tanımadığınız hər bir kəs sizə
gülümsünə və salam verərək
hal-əhvalınızı soruşa bilər. Mənə
elə gəlir ki, bu da onların həyat səviyyəsinin
çox yaxşı olmasından irəli gəlir,
çünki çox düşünəcəkləri
yaşayış problemləri yoxdur. Dövlət
hər bir holland ailəsini normal yaşayış səviyyəsi
ilə təmin edir. Bundan əlavə,
universitetdə və ya başqa bir yerdə bir problemlə
qarşılaşanda sizə maksimum kömək etmək, yol
göstərmək istəyirlər. Mənim
ən çox xoşladığım şey, günlərini
edəcəkləri işlərə görə çox
yaxşı planlaşdırmalarıdır. Belə ki, yatma saatlarını, işləmə və
ya oxuma saatlarını, əyləncə vaxtlarını
çox yaxşı planlaşdırırlar. Həftəiçi günlərdə gecə 12-dən
gec yatmırlar, səhər isə çox erkən
qalxmağa önəm verirlər. Səhər
gəzintilərinə xüsusi diqqət yetirirlər. Bundan başqa, əhalinin əksər hissəsi
velosipeddən istifadə edir və bu da həm onların
sağlamlığına böyük kömək edir, həm
də nəqliyyatın sıxlığını əhəmiyyətli
dərəcədə azaldır. Bütün
həftə çalışan və ya oxuyan əhali
üçün həftənin ən gözəl günü
cümə və şənbə günləridir. Xüsusilə, cümə axşamları hər kəs
dostları ilə görüşərək, bütün həftənin
yorğunluğunu çıxarmağa çalışır
və həmin günlər hollandlar üçün heç
bir plan yoxdur. Həftənin son iki
günü ancaq əylənir və ya səyahətlər
edirlər. Bazar günü isə artıq
normal planlı günlərinə qayıdırlar. Bundan
əlavə mən hələ də kiməsə “Hollandiyada
təhsil alıram” deyəndə hər kəsin
ağlında başqa fikirlər olduğunu hiss edirəm, ən
azından gəlməmişdən qabaq məndə də belə
şübhələr qismən var idi. Amma burada
gördüyüm mənzərə tamamilə fərqlidir, yəni
hər şeyin azad olması insanların digər şəxslərin
hüquqlarını pozması anlamına gəlmir. Bildiyimiz kimi, bir şəxsin azadlığı
başqa bir şəxsin hüquqlarının sərhədinə
qədərdir. Burada da hər kəs
bütün bunlara əməl etməyə maksimum
çalışır. Ümumiləşdirsək,
deyə bilərəm ki, cəmiyyət
özü-özünü idarə edir, dövlət
orqanları, məsələn polislər, yardıma
ehtiyacınız olduğu anda da, çox
yaxınınızda olurlar.
-İctimai
işlərdə necə, aktivsinizmi?
- Maastrixtə yenicə gəldiyim gündən burada Azərbaycan
diasporundan nümayəndələrlə tanış
oldum və dərslərdən imkan tapdıqca onların tədbirlərində
iştirak etməyə çalışıram. Bundan əlavə, dərs müddətində
tanıdığım xarici tələbələrə də
Azərbaycanı tanıtmağa və tariximizin şanlı səhifələrini,
tarixi həqiqətlərimizi onlara çatdırmağa
çalışıram. Artıq
buradakı bir çox tələbə yoldaşım təhsilimizi
başa vurduqdan sonra görmək istədikləri ölkələr
siyahısına Azərbaycanı da əlavə etdiklərini,
bəziləri isə məndən onları Azərbaycana dəvət
etməyimi xahiş edirlər. Təbii ki,
bu da məni çox sevindirir ki, Azərbaycanı layiqincə
təmsil edə bilirəm.
-Azərbaycanlı tələbələr
necə, aktivdirlərmi?
-Mənim olduğum şəhərdə həmyerlililərimiz
olduqca azdır. Burada 3 nəfər azərbaycanlı
tələbə təhsil alır. Onlar da
olduqca layiqli bir şəkildə ölkəmizi təmsil edirlər.
Tez-tez görüşürük və
bir-birimizə dayaq olmağa çalışırıq.
-Aktiv gənc kimi Azərbaycan
gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Son illərdə Azərbaycan gənclərinin aktivliyi əhəmiyyətli
dərəcədə artıb. Belə ki,
dövlətimizin iqtisadi cəhətdən güclənməsi,
cəmiyyətimizin davamlı olaraq inkişafı təbii ki,
gənclərimizin də aktivliyini hər bir sahədə
artırır. Lakin bu aktivlik çox
yüksək səviyyədə olmalıdır. Çünki Azərbaycanın inkişafının
davamlı olması biz gənclərin əlindədir.
Onu da qeyd etmək istərdim ki, gənclərimizdə ən
böyük problem araşdırmaq, daim yeni bir şey öyrənmə
həvəsinin Avropadakı gənclərə nisbətən
daha az olmasıdır. Burada
qarşılaşdığım insanlar hər insandan, hər
getdikləri yerdən yeni bir məlumat əldə etməyə
çalışırlar və bundan əlavə, əgər
yeni bir məlumat eşidirlərsə, onu hərtərəfli
araşdıraraq həmin mövzu haqqında müəyyən
bir fikrə sahib olmağa çalışırlar. Bu da onların dünyagörüşünü
artırır. Bununla belə, mən Azərbaycan
gəncliyinin potensialının çox yüksək
olduğunu düşünürəm. Əgər
daim öz üzərimizdə çalışsaq istənilən
mübarizədə Avropadakı gənclərdən
üstün olacağımıza əminəm.
-Son illərdə tələbələrimizin
xarici ölkələrdə təhsillərini davam etdirməsi
hallarının çoxalmasını necə dəyərləndirərdiniz?
-Təhsilini xaricdə davam etdirən tələbələrimizin
sayının artması çox müsbət haldır. Çünki etiraf etmək lazımdır ki, bu
gün xaricdəki təhsillə Azərbaycandakı təhsil
arasında müəyyən fərqlər var. Dövlət
proqramının qəbul olunması da bu məsələnin
vacibliyini bir daha sübut edir. Dövlət
proqramı sayəsində yüzlərlə həmyerlimiz
öz təhsillərini xaricdə davam etdirmək şansı
əldə edirlər. Bu baxımdan belə
proqramların olmasını çox yüksək qiymətləndirirəm.
Bununla belə, qeyd edim ki, seçimlərdə
üstünlük daha çox texniki sahələrə
verilir. Ancaq mən düşünürəm ki, dövlətin
güclü mühəndisə ehtiyacı olduğu qədər,
güclü hüquqşünasa da ehtiyacı var. Qloballaşan,
ticarətin liberallaşdığı, dövlətlərarası
mübahisələrin beynəlxalq hüquq normalarına
uyğun həll olunduğu dünyada dövlətimizin
maraqlarını beynəlxalq arenada müdafiə edə biləcək
peşəkar hüquqşünaslara ehtiyac var. Bu baxımdan həm
texniki, həm də humanitar ixtisaslara fikir vermək
lazımdır.
-Bəs ümumilikdə ölkədə gənclərimiz,
tələbələr üçün yaradılan şərait
sizi qane edirmi?
-Ölkəmizdə tələbələr
üçün günbəgün artan şərait məni
də bir gənc kimi çox sevindirir və ruhlandırır.
Ümumiyyətlə, gənclər siyasəti dövlətimizin
siyasətinin əsas hissəsini, özəyini təşkil
edir. Bunu qəbul olunan konsepsiyalar, proqramlar bir daha təsdiq
edir. Dövlətimizin əsas məqsədi neftdən gələn
gəliri insan kapitalına, dolayısıyla gənclərimizin
yüksək biliyə, savada malik olmasına sərf edilməsidir.
Bu sahədə müvafiq qurum olan, Gənclər
və İdman Nazirliyinin tələbələrin aktivliyinin
artırılması, onların inkişafı yolunda həyata
keçirdiyi tədbirlər, dövlətimiz tərəfindən
qəbul olunan “Gənclər siyasəti haqqında” qanun, “Azərbaycan
Gəncliyi” haqqında dövlət proqramı, bu barədə
normativ hüquqi bazanın yaradılması, habelə Azərbaycan
gənclərinin forumlarının keçirilməsi gənclərlə
iş sahəsinin hüquqi əsaslarını və icra
mexanizmini müəyyən edib. Dövlətin
qayğısı sayəsində gənclər təşkilatlarının
dövlət gənclər siyasətində
iştirakını təmin edən hüquqları genişləndirilib,
onların layihə və proqramlarına mütəmadi dəstək
verilib. Gənclər və İdman Nazirliyinin
fonunda yaradılan bir çox tələbə təşkilatları
tələbələrin inkişafı üçün əvəzolunmaz
rol oynayır. Ən yaxşı nümunə kimi Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqını (ATGTİ) göstərmək olar. Tələbələr
burada öz bacarıqlarını kəşf edə bilirlər.
Həyata keçirilən tədbirlər – seminarlar, yay və
qış məktəbləri, tariximizin
işıqlandırılması ilə bağlı tədbirlər,
hər biri gəncliyimizin irəli getməsinə öz
töhfəsini verir. Bütün bunları nəzərə
alıb deyə bilərəm ki, hazırda dövlətimizin gənclərə
qayğısı olduqca yüksəkdir. Ona görə də,
burada daha çox məsuliyyət biz gənclərin üzərinə
düşür. Bu şəraitdən maksimum yararlanıb, cəmiyyətdə
özümüzə layiqli yer tutmaq, dövlətimizin bu
uğurlu siyasətinə adekvat olaraq layiqli vətəndaş
olmaq biz gənclərin öz əlindədir.
-Gələcək
planlarınız barədə də söz
açardınız.
-İlk növbədə
qeyd etmək istəyirəm ki, Maastrixt Universitetində mənim
ixtisasım “Globalisation and Law” (Qloballaşma və Hüquq)
başlığı altında tədris olunur. Dünyanın
qloballaşması hüquqi məsələlərin öz həllini
tapmasına da bir başa öz təsirini göstərir. Mənim də gələcək planlarım
arasında əsas yeri burada qazandığım bilikləri Azərbaycanı
qloballaşan dünyada təmsil etmək, dünyanın ən
böyük ticarət birliyi olan Ümumdünya Ticarət Təşkilatına
üzvlüyünü, Avropaya inteqrasiya prosesini sürətləndirməkdir.
Bundan başqa, gələcək planlarım arasında təhsilimi
daha da artırmaq var.
Tural Tağıyev
Palitra.-2015.-19
fevral.-S.6.